Elektron ədəbiyyat və sənət portalı

Molla Vəli Vidadi

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 19.04.2019

 

Molla Vəli Vidadi
(1708-1808)

XVIII əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi. Əvvəl Şəmkirdə, sonra Qazaxda təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Əruz və heca vəznində, əsasən qoşma və qəzəl janrında yazıb. Bədii irsinin çox az qismi əldə olunub. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsi hesab edilir. Şairin böyük ustalıqla qələmə alınmış “Dəli könül, gəl əylənmə qür­bətdə”, “Xəstə düşdüm, gələn yoxdur üstümə”, “Ağlamazmı”, “Durnalar” və sair şeirləri Azər­baycan dilinin və klassik poeziyasının inciləri sı­rasına daxil edilib.

 

 

***

Ey məni qınayan, ağlama deyib,

Ağlar yan gedən bəs ağlamazmı?

İllər ilən həmdəmindən ayrılıb,

Xoş nigarı gedən bəs ağlamazmı?

 

Olmaya yanında yarı, cananı,

Puça çıxıb gedə ömri-cavanı,

Günbəgün əksilib sövkəti, şanı

İxtiyarı gedən bəs ağlamazmı?

 

Bəxti çönüb, çünki zəmanə dönüb,

Şadü xürrəm işi fəğanə dönüb,

Ömrünün gülzarı xəzanə dönüb,

Novbaharı gedən bəs ağlamazmı?

 

Ərz elərəm sən xasların xasına,

Səbr eləyim mən bu dərdin hasına,

Göz yollarda, can gedincə ta sinə

İntizarı gedən bəs ağlamazmı?

 

Vidadi xəstəni gəl indi tanı,

Hanı o sən görən şəklü nişanı?

Rəngü, rüyi, cismi, taqəti, canı,

Külli-varı gedən bəs ağlamazmı?

 

***

 

Dəli könül, gəl əylənmə qürbətdə,

Bir gün olur vətən deyib ağlarsan.

Yadlar ilə ömür çürür həsrətdə,

Bir gün olur vətən deyib ağlarsan.

 

Yaxşı gündə yarü yoldaş çox olur,

Yaman gündə heç bulunmaz, yox olur.

Yad ellərin tənə sözü ox olur,

Bir gün olur vətən deyib ağlarsan.

 

Mən görmüşəm bu qürbətin dadını,

Yanıb-yanıb çox çəkmişəm odunu.

Qəmlənirsən hər görəndə şadını,

Bir gün olur vətən deyib ağlarsan.

 

Oxuduqca qəmgin şeri-qəzəli,

Köhnə yaraların bir-bir təzəli,

Yada düşər keçən günün əzəli,

Bir gün olur vətən deyib ağlarsan.

 

Yada düşər bağçaların, bağların,

Ala qarlı, boz dumanlı dağların,

Qocalarsan, keçər cavan çağların,

Bir gün olur vətən deyib ağlarsan.

 

Keçən günü bir-bir xəyal eylərsən,

Dolar qəm könlünə məlal eylərsən.

Gələndən-gedəndən sual eylərsən,

Bir gün olur vətən deyib ağlarsan.

 

Hər məzara düşər olsa güzarın,

Yada düşər ata-ana məzarın.

Vidadi, xəstə tək artar azarın,

Bir gün olur vətən deyib ağlarsan.

 

***

 

Gecə-gündüz oda düşüb yanaram,

Siyah telli bir sonanın ucundan.

Nə dil deyə bilir, nə qələm yazır

Hər nə ki çəkmişəm onun ucundan.

 

Qəm ki gəlir mənə firqəbəfirqə,

Nə Məcnun çəkibdir, nə görüb

Vərqə, Neçə mərdümləri vermişəm qərqə

Çeşmimdən tökülən qanın ucundan.

 

Nə xoş olur eşq əhlinin bu halı,

Şəmə yanan pərvanənin misalı,

Gəldikcə xəyala yarın xəyalı

Yanar odlar düşər canın ucundan.

 

Könül düşüb hər havadan enərmiş,

Şişə təki hər nə dəysə sınarmış,

Səməndərtək özbaşına yanarmış

Hicran günü can cananın ucundan.

 

Bivəfa dünyada, dəhri-fənada,

Fələk məni yetirmədi murada.

Vidadi xəstəyəm, ömrümü bada

Verdim axır bu sevdanın ucundan.

 

 

***

Qatar-qatar olub qalxıb havaya,

Nə çıxıbsız asimana, durnalar!

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,

Üz tutubsuz nə məkana, durnalar?

 

Təsbih kimi qatarınız düzərsiz,

Havalanıb ərş üzündə süzərsiz,

Gah olur ki, danə-xuriş gəzərsiz,

Gah düşərsiz pərişana, durnalar!

 

Ərz eyləyim, bu, sözümün sağıdır,

Yollarınız haramıdır, yağıdır,

Şahin-şonqar sürbənizi dağıdır,

Boyanarsız qızıl qana, durnalar!

 

Əzəl başdan Bəsrə, Bağdad eliniz,

Bəylər üçün ərməğandır teliniz.

Oxuduqca şirin-şirin diliniz,

Bağrım olur şana-şana, durnalar.

 

Bir baş çəkin dərdməndin halına,

Ərzə yazsın, qələm alsın əlinə.

Vidadi xəstədən Bağdad elinə,

Siz yetirin bir nişana, durnalar!