Ağa Mehdiev ölkəmizin ən gözəl guşələrindən biri olan İsmayıllı rayonun Lahıc qəsəbəsində anadan olub. Lahıc özünün təbii gözəllikləri, göz oxşayan mənzərəli təbiətilə seçilir, adət-ənənələrimizin xüsusi şövqlə yaşatdırıldığı bölgələrimizdən biridir. Lahıcda məxsusi ustalıqla hazırlanmış sənətkarlıq nümunələri ölkəmizdən uzaqlarda da şöhrət qazanıb. Təbii ki, rəssamın ilahinin ecazkar gözəlliklər bəxş etdiyi belə güşədə böyüyüb, boya-başa çatması, onun sənət seçiminə və sonradan sənət dünyasının formalaşmasına heç də az təsir etməyib. A.Mehdiyev ali rəssamlıq təhsili almayıb. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra (1938) fəal yaradıcılıq aləminə qədəm basıb. Qeyd etmək lazımdır ki, xüsusi yaradıcılıq bacarığı tələb edən sənət növlərini hər hansı bir məktəbi bitirməklə əldə etmək olmaz. Sadəcə bu, sənət adamının yaradıcılıq dünyasını təkmilləşdirmək üçün bir vasitə ola bilər.
A.Mehdiyev dəzgah rəssamlığının bütün janrlarında xüsusi bədii yaradıclıq təxəyyülü ilə əsl sənət inciləri yarada bilib. Onun istər süjetli tablo və portret, istərsə də mənzərə və natürmort janrlarında yaratmış olduğu sənət nümunələri özünün bədii ifadə həlli, özünəməxsus işlənilmə xüsusiyyətləri, forma-məzmun ahəngdarlığı və bədii təsir qüvvəsi ilə tamaşaçı və mütəxəssislərin nəzər diqqətini cəlb edir.
A.Mehdiyev Azərbaycan təsviri sənət tarixində öz dəstxətini, öz yaradıcılıq üslubunu yaradıb. Rəssam kompozisiya quruluşunda əlavə detallardan imtina edir, əksər hallarda qəhrəmanlarını, əşya və predmetləri açıq təbiət fonunda təsvir edir. O, kolorit həllində daha çox təmiz rənglərə üstünlük verir və təmiz rəng keçidlərinin kontrastlığı vasitəsi ilə əsərlərində perspektiva və işıq-kölgə münasibətlərini yaradırdı. İstər mövzu seçimində, istərsə də bədii texniki işlənilmə xüsusiyyətlərində rəssam ənənələrə söykənirdi. Onun bilərəkdən perspektiva və kolorit həllindən imtinası və eləcə də əyri, dalğalı xətlərlə işləmə xüsusiyyətləri, təbii ki, qədim miniatür sənətimizdən qaynaqlanırdı.
Bəlkə də A.Mehdiyevin milli motivli əsərlər işləməsi və işlənilmə texnikasında mövcud qaydalardan kənar, qədim miniatür üslubuna meyilliyi sənətinin layiq olduğu mərtəbəyə uyğun dəyərləndirilməsinə və qiymətləndirilməsinə mane olub. A.Mehdiyevə 1988-ci ildə, ömrünün 68-ci ilində Əməkdar Rəssam fəxri adı verilib. 2003-cü ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə rəssamın yaradıcılığı yüksək qiyməndirilmiş və o, müstəqil Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülmüşdür. Rəssamın 1961, 1970, 1981 və 1988-ci illərdə Bakı şəhərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. A.Mehdiyevin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində və eləcə də digər muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
A.Mehdiyevin süjetli tabloları yüksək bədii və estetik təsir gücünə malikdir. Rəssamın təsvir etdiyi hadisələrdə insan seyrçi deyil, sanki iştirakçı qismində çıxış edir. Onun süjetli tablolarına “İntizar” (1975), “Xalq bayramı” (1976), “Günəşli gün” (1976), “Eyvanda” (1977), “Yaylaqda” (1977), “Analıq” (1977), “Güləş” (1979), “Xalçaçı” (1979), “Lahıc qadınları” (1979), “Tikişçi” (1982), “Nar yığımı” (1984), “37-ci il” (1987), “Səhər” (1987), “Bahar” (1987), “Təndir başında” (1988), “Qaçaq Nəbi və Həcər” (1988), “Şərq” (1989), “Ailə” (1989), “Bazar günü” (1990), “Qanlı gecə” (1990) və başqalarını aid etmək olar. Sadalanan əsərlərin hər birinin ayrı-ayrılıqda bədii təhlilinə ehtiyac duyulur. Rəssam ana məhəbbətini, qadın əməyini, qadınlrın gündəlik ailə-məişət qayğılarını, xalçaçıların, pəhləvanların, kəndirbazların, heyvandarların iş şəraitlərini, yaradıcı, zərif peşə sahiblərinin iş prosesini bütün incəlikləri ilə yüksək yaradıcı zövqlə və xüsusi ustalıqla romantik biçimli lövhələrdə əbədiləşdirmişdir.
A.Mehdiyev “37-ci il” adlı əsərini repressiyaya uğradılmış Azərbaycan ziyalılarının ölməz ruhlarına ithaf etmışdir. Möhürlənmiş qapının çərçivələrinə yöndəmsiz taxtaların x şəklində mıxcalanmış görüntüləri seyrçidə olduqca ağır hisslər yaradır.
Qeyd olunmalıdır ki, bu, repressiya mövzusunda işlənilmiş ilk təsviri sənət nümunəsi hesab olunur.
Rəssam 1990-cı ilin qanlı 20 yanvar faciəsinin dəhşətlərinə biganə qalmamış, “Qanlı gecə” adlı əsərində faciənin acılarını bədi biçimdə əbədiləşdirmişdir.
A.Mehdiyev eyni zamanda portretlər qalereyası da yaratmışdır : “Qoca kişi başı” (1975), “Avtoportret” (1979), “Lahıclı qız” (1980), “Qız surəti” (1980), “Çobanın portreti” (1982), “İki ay” (1984), “Kamança çalan” (1984), “Qoca qadın” (1984), “Dağlı qadın” (1985) və s. Rəssam təsvir etdiyi qəhrəmanlarının surətlərini ümumiləşdirilmiş şəkildə, bir növ rəmzi xarakterli yaradıb. Bunu, rəssam bilərəkdən edirdi.
A.Mehdiyev təbiətin ecazkar gözəlliklərini mənzərələrində təsvir etməkdən yorulmurdu. Çoxsaylı mənzərələrində ilahi gözəlliklər, Abşeronun, İsmayıllının, Lahıcın və Azərbaycanın digər bölgələrinin səfalı təbiəti, əzəmətli dağları, mənzərəli meşələri, çayları rəssamın fırçası ilə kətana köçürülərək əbədiləşdirilir. Mənzərə əsərlərinə rəssamın “Qayıqlar” (1966), “Bürkü” (1977), “Qızmar gün” (1977), “Qayıq” (1978), “Keçid” (1978), “Abşeron” (1979), “Dağlar” (1979), “Dağlarda” (1980), “Günorta. Lahıc” (1982), “Köhnə həyət” (1982), “Uca dağlarda” (1985), “Kiçik həyət” (1985), “Yağışdan sonra” (1985), “Sakitlik” (1985), “Şər qarışanda” (1986), “Payız” (1989) və başqalarını aid etmək olar. Avropanın sənət mərkəzində yaşayıb-yaratmış, postimressionizm cərəyanının məşhur nümayəndəsi olmuş Pol Qoqen (1848-1903) və Fovizm cərəyanın banisi olmuş Anri Matiss (1869-1954) yaradıcılıqlarında bilərəkdən perspektiva və işıq-kölgə həllindən imtina edir, kolorit həllində daha çox təmiz rəng yaxılarından istifadə edirdilər. Təbbi ki, bu rəssamların üslubunun formalaşmasına, yaradıcılığına Şərq incəsənətinin güclü təsiri olub. Maraqlısı budur ki, Azərbaycan təsviri sənətində formalaşmış bu ənənəyə sovetlər dönəmində bir basqı var idi. Buna baxmayaraq A.Mehdiyev özünün yaradıcılığında bu istiqaməti həmişə ana xətt kimi götürmüşdür. Demək olar ki, rəssam bütün ömrü boyu öz sənət prinsiplərinə sadiq qalaraq, tamaşaçının zövqünü oxşayan, forma-məzmun dolğunluğu ilə seçilən, güclü bədii-estetik təsir qüvvəsinə malik sənət əsərləri yaratmışdır.
Rəssam həmçinin maraqlı natürmortların müəllifidir. “Qəhvədanla natürmort” (1984), “Natürmort palitra ilə” (1984), “Natürmort” (1985) və s.
A.Mehdiyevin xarici ölkələrə yaradıcılıq ezamiyyəti rassam üçün həm maraqlı və həm də çox yaddaqalan olub. Qardaş Türkiyə Cumhuriyyətinə yaradıcılıq səfərində rəssam gördükləri, duyduqları və müşahidələri nəticəsində maraqlı tablolar yaratmışdır. Bu səfərdən sonra Bakıda rəssamın Türkiyəyə həsr edilmiş əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuş və sərgi tamaşaçı və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir. Rəssamın, tarixi minilliklərlə ölçülən qədim İstanbul şəhərinə həsr etdiyi mənzərələr tamaşaçının qəlbində xoş hisslər yaradır. “İstanbul duman içində” (1960), “Bosfor yağışdan sonra” (1960), “Axşama doğru. İstanbul” (1961) və s. rəssamın belə əsərlərindəndir.
A.Mehdiyevin özünəməxsus yaradıcılıq dəstxəti və güclü müşahidə qabiliyyəti ilə yaratdığı sənət nümunələri Azərbaycan təsviri sənət tarixindən əbədi yaşayacaq.
Əsəd QULİYEV, sənətşünas