Elektron ədəbiyyat və sənət portalı

Patrik Modianonun ədəbi düşüncələri

Bölmə: Azad ərazi 29.03.2019

 

 2014-cü ilin Ədəbiyyat üzrə No­bel mükafatı laureatı, fransız yazıçısı Patrik Modiano keçmişindən yaradıcılıq stimulu kimi istifadə etsə də, tez-tez ona şamil edilən “nostalji” yarlığından xoşlanmır. Onun ciddi, son dərəcə orijinal əsərləri illərə meydan oxuyur. Bu da yazarın ədəbiyyatda yerini və mövqeyini təmin edir.

...Detektiv romanlar yazmağa böyük həvəsim var idi. Hər ay yeni bir ki­tab çap etdirən Jorj Simenon kimi, silsilələr qələmə almağı arzu edir­dim. Əslində, yazacağım detektiv romanla­rın başlıca mövzuları həmişə xəyalımda canlandırdıqlarımdan çox da fərqli deyildi – itkilər, şəxsiyyət problemi, yaddaşsızlıq, sirli keçmişə qayı­dış... Keçmişə nəzər sa­landa uşaqlığımın detektiv romana bənzədiyini görürəm. Həyatımın bəzi məqamlarında son dərəcə sirli insanlar və hadi­sələrlə əhatələndiyim yadıma dü­şür. Uşaqlar yaşadıqları anla bağlı özlərinə çox sual vermirlər, hər şey onlara təbii görünür. Amma daha sonra, zaman sel kimi axmağa başlayanda, insan keçmişinə boylanıb özündən soruşur: görən, o vaxt nə baş vermişdi?

Detektiv roman haradasa rea­lizm, hətta naturalizm tələb edir, son dərəcə sərt struktura malikdir. Burada xəyal axınına yer yoxdur, realist, hətta didaktik olmaq lazımdır ki, tap­macanın cavabları bir-birinə uyğun gəlsin. Detektiv romanın sonunda izah, həll var. Odur ki, bu iş naməlum, xəyali keçmişin rəsmini çəkmək istəyən mənim kimilər üçün deyil.

...Bir gün 12-13 yaşlarımda yazdığım bir qeydi tap­dım. Orada, Peter Çeneylə Qrand Meaulnesin yazı üslubunun sintezindən nəsə bir şey yazmaq istədiyimi qeyd etmişdim. Bu, problemlərlə dolu uşaqlıq çağlarımda olmuşdu. Onda Paris ətrafında yerləşən xaraba bir qəsrin yaxınlığında yaşayırdıq. Valideyn­lərim yanımda deyildi, evlərində qaldığım insanlardan da nəsə qor­xurdum, şəraitimiz də ürəkaçan deyildi.

Tərcümeyi-hal müstə­visindən çıxaraq özümü xəyali, poetik olanlarda tapdım, bu zaman uşaqlı­ğımda baş vermiş bir neçə hadisədən də istifadə et­dim. Bunlar öz-özlüyündə bəzən komik, əhəmiyyətsiz, heç də sirli olmayan hadisələr idi. Məsələn, 10 ya­şımda gizlicə oxuduğum bir jurnalda sevgili­sini öldürdüyü üçün ağır cəzaya məhkum edilən tibb fakültəsinin tələbəsi olan gənc qadının fotoşəklinə rast gəlmişdim. Həmin sima yaddaşıma elə hopmuşdu ki, illər sonra Parisin Draqon prospektiylə yol gedən­də onu görən kimi tanıdım.

Eləcə də uşaqlığımdakı ailəm, onla­rın anlaşılmaz münasibətləri, ətraflarındakı cansıxıcı tiplər, bilmədiyim, amma bütün nəslim kimi, mənim üçün də son dərəcə ağır olan iş­ğal haqqında soruşduqlarım... Bütün bunları izah eləməyə yox, yal­nız poetik müstəviyə daşımağa çalışıram. Hadisələr öz-özlüyündə elə bir əhəmiyyət kəsb etmir, sadəcə, xəyallar aləmindəki kimi əksolunmalar var.

Bəzən əvvəllər yazdığınız mövzuları, obrazları təkrar işlədiyinizi anlayırsınız. Bu, təhtəlşüuru­nuzla reallaşır, amma bir mə­qam gəlir ki, bu üst-üstə düşmələr səbəbindən artıq işlərin yaxşı getməyəcəyindən qorxursunuz.

Folkner deyirdi ki, yazmaq insanın təxəyyülünü qu­rudur. Amma bunun qarşısını almaq mümkündür. Beləcə, yaradıcılığımdakı “məni” öldürüb üçüncü şəxsin dilindən bir povest yazdım.

...1960-cı illərin sonlarında təmsil olun­duğum ədəbi nəslin nümayəndələri romanla ma­raqlanmırdılar. Mən yazmağa baş­layanda daha çox ictimai elmlərə maraq var idi.

...Psixoanaliz bəzən detektiv romanı xatırladır. Yəni burada da məxfi və ya bilmədiyiniz nəsə bir müəmma var və prosesin sonun­da onu kəşf edəcəyinizi düşünürsünüz.

...“Gizli xatirələr”də bəzi anlayış­lardan xeyli təsirlənmişdim. Bu zaman çox acı xatirəni, yaşanması daha asan olan başqasıyla əvəz etməlisiniz. Amma bura romançının dünyagö­rüşü də əlavə olunur.

...Oxuduqlarım arasında əsasən mənə yad olan, tanımadığım aləmlərə, məsələn, çöllərdən yazan böyük rus, yaxud ingilis romançılarına doğru getdim. Amma in­san bəzən kifayət qədər müşahidə etmədiyinə, ya da müşahidə etdiklərindən kifayət qədər yazmadığına görə peşman olur. Gəncliyimdə bir internat məktəbdən digərinə ge­dəndə ətrafda hə­yatı bütün xırdalıqlarına qədər müşahidə edirdim. Artıq həmin həyat yoxdur. Bunları yaza bilərdim, amma yazmadım. Bunun üçün da­ha klassik roman formasından, məsələn, Moriak üslubundan istifadə etməliydim. Amma insan, o cümlədən təbii ki, həm də yazıçı məhz öz keçmişinə, uşaqlığına, gördüyü şeylərə və yaşadığı yerlərə qayıtmağa məhkumdur.

...İşə başlayarkən daha çox sevdiyim, yazı öncəsi düşüncələrə dalmaqdır. Yazmağın özü o qədər də xoş proses deyil. Təxəyyülü kağız üzərində təcəssüm etdirmək, necə deyərlər, ondan qurtulmaq lazımdır. Bəzən başqalarının necə yazdığı barədə düşünürəm. Floberin XIX əsrdə yazdığı kimi, dönə-dönə işləyən, yenidən təməl qoyan, inşa edən, ilk layihəsini kitabın son versiyasına, az qala, lap axıra sıxışdıran yazıçılar necə edir? Bu, mənə çox vahiməli görünür. Şəxsən mən qələmin bircə hərəkətilə çəkilən şəklə oxşar o ilk şablona düzəlişlər etməklə kifayətlənirəm. Bu düzəlişlər sayca çox olsa da, mikrocərrahiyyə müdaxilələrinin nəticəsi kimi ümumiləşir. Bəli, bəzən nəyinsə müsbətə doğru köklü dəyişməsi üçün səhifədəki bir-iki sözü pozmaq da kifayət edir.

...İlk kitablarımda hissələr, nəfəs alacaq yerlər yox idi. Daha sonra özümdən səbəbini soruşdum və anladım ki, yazıçılıq gəncliklə qəti uyuşmur. İstedadı erkən oyanan poetik dühalar, əlbəttə, bu məsələdə istisnadır. Gənc yaşında yazmaq, hakim ola bilmədiyimiz gərginliyə məruz qalmaq deməkdir. Kürəklərində və çiyinlərində heyvan kimi yük daşıyan hamballara baxın. Onlar bunun üçün bədənlərini hansı vəziyyətə gətirməli olduqlarını yaxşı bilirlər. Yazmaq da belədir. Başlanğıcda bunu bilmirdim, gərgin idim, diqqəti cəmləşdirmək o qədər də asan deyildi. Sanki beyin və əl arasındakı axında itən nələrsə var idi. Sizə agah olan şeylər barədə düşünürsünüz, amma yazmağa oturanda gec olur, əlaqə itir. Başı kəsilmiş halda olsa da, qaçmağa davam edən ördəyin vəziyyətinə düşürsünüz. Ancaq illər keçdikcə, bu vəziyyəti idarə etməyi öyrəndim. Yazmaq, həqiqətən də, asan deyil, amma daha yaxşı yazmağa imkan yaradan üsullar da var.

...Oxucularınızın olması gözəl şeydir, kimlərləsə ünsiyyət qura bildiyinizi hiss edirsiniz. Əslində, qəribədir, hər kitabın doğulmasında gözləmədiyiniz məqamlar da az olmur. Bitirdikdə isə kitabın körpüləri qırmaq, sizdən xilas olmaq istədiyi dəhşətli ayrılıq anı gəlir. Və bu kitabı artıq oxucu dünyaya çıxarmalıdır, eynilə fotoqrafiyada olduğu kimi. Odur ki, kitab öz ömrünü yaşamağa başlayanda, artıq yazana deyil, oxuyana məxsus olur.

Tərcümə edən: NƏRİMAN