Elektron ədəbiyyat və sənət portalı

Markesin son məktubu  

Bölmə: Azad ərazi 01.04.2019

  

Qabriel Qarsia Markes

(Kolumbiya)

Son məktub

(esse)

 

Tanrı bir anlıq indiki vəziyyətimi – sanki bələyə bürünmüş körpə kimi olduğumu unudub, canıma can verə-verə məni mükafatlandırsa, ağlımdan keçən hər şeyi dilə gətirə bilməzdim, amma ən azı dilə gətirdiklərimi təfərrüatıyla ağlımdan keçirər və düşünərdim. Hər şeyin maddi tərəflərinə deyil, mənasına dəyər verərdim. Az yatar, az yuxu görər, gözümü yumduğum hər dəqiqədə 60 saniyə işıqdan məhrum olduğuma təəssüflənərdim. İnsan bu həyat eşqindən imtina etsə, qocalar. Başqaları dayananda yeriməyə davam edər, başqaları yatanda oyaq qalmağa çalışardım. Başqaları danışanda susub qulaq asar, şokoladlı dondurmanın dadından zövq alardım.

Əgər Tanrı mənə azca ömür versə, sadə geyinər, üzümü Günəşə sarı çevirər, yalnız vücuduma yox, ruhumu da bütün çılpaqlığıyla nəzər yetirərdim. Tanrım, əgər imkanım olsaydı, içimin bütün nifrətini buzun altında basdırıb, Günəşin çıxmasını gözləyərdim.

Göy üzünə Van Qoqun rəsmlərini çəkər, Benedettinin şeirlərini söyləyər, serenadalar oxuyardım. Göz yaşlarımla gülləri sulayar, vücuduma batan tikanların ağrısını hiss eləyə-eləyə, dodaq qırmızısına oxşayan tac yarpaqlarını öpmək istərdim.

Tanrım, bir qurtumluq həyatım olsaydı... Elə gün olmazdı ki, qarşılaşdığım bütün insanlara sevgimi bildirməyim. Bütün qadın və kişiləri ən sevdiyim insanlar olduqlarına bir-bir inandırardım. Özüm də sevgi içində yaşayardım. Kişilərə qocalanda sevgidən imtina etməklərinin nə qədər səhv hərəkət olduğunu başa salardım. Çünki insan eşqsiz qalan andan qocalır. Uşaqlara qanad verər, uçmağı isə özlərinin öyrənmələrinə şərait yaradardım. Ahıllara ölümün qocalıq yox, unutqanlıqla bağlı bir xəstəlik olduğunu izah edərdim.

Ey insanlar, sizlərdən çox şeylər öyrəndim. Sən demə, yeni doğulan körpə atasının barmağını sıxanda, əslində, onu əbədi qandallayıb özünə məhkum edirmiş.

Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim daha nəyəsə yaramayacaq. Çünki hamısını bir çantaya yığıb qıfılladım.

Daha ölə bilərəm.