Elektron ədəbiyyat və sənət portalı

1 aprel – yazıçı Aqil Abbasın doğum günüdür

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 01.04.2019

 

Aqil Abbas

 (1953)

Yazıçı, publisist, kinodramaturq. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Elm və həyat” jurnalının şöbə müdiri, “Sovet kəndi” qəzetinin xüsusi müxbiri, “Ədalət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Bədii yaradıcılığa 1970-ci ildə qələmə aldığı hekayələrlə başlayıb. “Şirinlik” adlı ilk hekayəsi 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. “Qiyamət gecəsi”, “Qapqara uzun saçlar”, “Batmanqılınc”, “Ən xoşbəxt adam” kitablarının, “Evləri köndələn yar”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” kimi roman və povestlərin müəllifidir. “Dolu” romanının motivləri əsasında eyniadlı tammetrajlı bədii film çəkilib.

Şəbədə Nazim

(hekayə)

 

Kəndin yuxarı başında toy vardı. Və toyçular mağara gücləndirici qoyduqlarından klarnetin səsi kəndi götürmüşdü başına.

Nazim, adəti üzrə, yenə oturmuşdu çayın kənarındakı söyüdlərin kölgəsində. Bakıdan alıb gətirdiyi sombreronun (hansı ki bizim şlyapalardan bir az böyük) arxasını bir balaca qaldırmışdı. Özünün dediyi kimi, getmişdi çorta.

Körpünün altında çay kiçik bir göl yaratmışdı, əgər bunun adına göl demək olardısa. Nazim Bakıya gedib həqiqi çimərlik görəndən sonra bu kiçicik gölün adını qoymuşdu “plyaj”. Gölün bir tərəfində istidən təntimiş camışlar sərinlənir, dərin yerlərində isə uşaqlar çimirdilər. Əvvəllər Nazim də bu plyajda tumançaq o qədər çimmişdi! İndi suda oynaşan uşaqlara elə həsrətlə baxırdı ki, utanmasaydı, soyunub özünü verərdi suya! Bəh, bəh! Nə sərinlərdi!

Nazimi axtaranlar bilirdi ki, bu vaxtlar o, söyüdün kölgəsində olur və həmin müddətdə iki dənə də siqaret çəkir. Gözləyir ki, Ülkər qoltuğunda xalat körpüdən keçib-gedəcək o biri taydakı xəstəxanaya və ondan sonra Nazim tənbəl-tənbəl qalxıb ya gedəcək poçta, ya da kluba vaxtını öldür­məyə.

Nazimin kənddə bilmədiyi işə qurd düşərdi: kimin oğlu kimin qızı ilə görüşür; kimin toyuğuna kim daş atır; sədr kimdən çəkinir; kim kimdən anonim yazır və s.

Kənddə hərəyə bir ləqəb qoymuşdu: Qıyıqgöz Allahverdi, Çolpa Hüsü, Lüt İbrahim... Və bütün kənd də yığışıb ona bir ad qoymuşdu Şəbədə Nazim!

İndi Şəbədə Nazim oturmuşdu, uşaqlar səs-küylə çimişirdi, camışlar da sərinləyirdi.

Bax, o ağbaş müəllim Nazimə bir ölüvay “üç” yazsaydı, əli qurumazdı ki?! Nə olsun ki, Nazim suallara yaxşı cavab vermədi. Guya institutda oxuyanların hamısı elm dəryasıdı? Odur ey, Hüseynqulunun oğlu Huşsuz Bəşir, necə girib məktəbə? Nazim o ağbaş müəllimi nə döyərdi! Kəsdi onu, qoymadı kosmonavt olsun. Əgər axırıncı imtahandan bircə “üç” alsaydı, mütləq kosmonavt olacaqdı! Bəs Jolobov niyə oldu?!

Oturub pult arxasında, qarşısında kosmik cihazlar. Kosmik pəncərədən kosmosa baxır. Deməli, o görünən planet Yerdir. O planetin harasındasa kiçicik bir kənd var. Və bu dəqiqə o kənddə hamı futbola baxırmış kimi otu­rub televizorun qarşısında, Nazimdən danışırlar. Danışırlar ki, ayə, gör bizim Mirzənin (indi Mirzə hamının olub) oğlu hara gedib çıxıb, pah atonnan! Guya Mirzənin oğlu kosmonavt ola bilməzmiş?

Yəqin ki, Ülkərin atası haçansa Nazimi döydüyünə görə xəcalət çəkir. Nazim televizorla çıxış edir. Maraqlıdır, demək, bu dəqiqə kənd ona baxır, amma o heç kəsi görmür. Qəzetlər elə hey ondan yazır: Marsa uçan ilk kosmonavt azərbaycanlıdır. Heç kəsin bəyənmədiyi Nazimdir.

Marsa uçmağı Nazimə nənəsi məsləhət görmüşdü. Demişdi ki, daha amerikalılar Aya uçub, bəsdi. Onların da ki ayağı dəyən yerdə xeyir-bərəkət olmaz.

Rayonda hamı əl-ayağa düşüb. Qara “Volqa”lar düzülüb sıraya. Kənd elə bil Nazimin qoyub getdiyi tozlu-torpaqlı kənd deyil. Nə yaxşı Nazim kosmonavt oldu, yoxsa kəndə heç belə yol çəkərdilər?!

– Nə yaxşı ki...

– Ay bala, bala!

– Ay bala, sənnən deyiləm?

Nazim başını qaldırdı və yandı-töküldü. Naxırçı Hüseyn:

– Ayə, dur get evinizdə yat dana. Yoxsa gün səni lap gic eləyər.

– Əşi, get inəyini otar, rəhmətliyin oğlu!

Sonra Nazim başını bulayıb gedən Hüseynin arxasınca baxıb-baxıb:

– Sənə elə yaxşı ad qoymuşam: Mərdimazar Hüseyn!

– Nazim dayı!

Çevrildi, önündə ayaqyalın bir uşaq durmuşdu, qucağında da bir qutu peçenye.

– Nədir, ə?

Uşaq burnunu çəkə-çəkə peçenyenin birini dişlədi:

– Qağam deyir, dükana mal gəlib, boşaltmaq lazımdır.

– Get denən işim var, bu dəqiqə gəlirəm.

Uşaq bir az aralanıb:

– Onsuz da Ülkər xala bayaqdan gedib, sən yatmışdın, – dedi və götürüldü.

Nazim əlinə keçən kəsəyi uşağın arxasınca atıb qışqırdı:

– Dayan... – və dodağının altda nə isə acı bir söz dedi.

 

                            ***

Nazim malı təzəcə daşıyıb qurtarmışdı ki, Vəli gəlib çıxdı və Nazimi çəkdi kənara. Bu o Vəli idi ki, kənddə onun bacısının toyu çalınırdı. Nazim bilirdi ki, bu dəqiqə Vəlinin əlində imkan olsa, toyu darmadağın edər. Nazim onu da bilirdi ki, Gülbala (o Gülbala ki, Nazimə görə, gərək onun adını “itburnuçiçəyi” qoyaydılar) üçüncü dəfədir ki, evlənir. Vəli də başqa oğlanlar kimi razı ola bilməzdi ki, gözəl-göyçək bacısı Gülbalaya qismət olsun. Amma Vəli gücsüz idi: qız bəyənmişdi və qoşulub qaçmışdı. Gülbala da kimlərinsə acığına mağara səsgücləndiricilər qoydurmuşdu.

Və səhər-səhər anası Nazimə on üç manat pul vermişdi ki, getsin toya. On manat nəmərə versin, üç də aşığa.

Vəli Nazimin cibinə nə isə basdı:

– Mən ölüm, sən Mizinin canı, qaytarma. Sənə bir işim düşüb, heç ol­masa, tay-tuşuq.

– Eşidirəm.

– Elə et ki, bu toyun səsini atam eşitməsin.

– Ə, mən kiməm ki?!

– Vəli Nazimə balaca bir dürtmə vurdu:

– Mənə də yox, dana! Bilirəm kimə ağız açıram.

Dayısının mağazasından bir “Ekstra” götürüb özünü verdi montyor Usufun yanına. Montyor Usuf da bir az turş xiyar çıxartdı, bir-iki baş soğan, pendir... Və vurub dəmlənəndən sonra dedi:

– Nazim, sənin xətrinə, kəndi lap iki gün işıqsız qoyaram.

Sonra da əlini atıb darvazadakı qırmızı düyməni basdı və o dəqiqə də toyun səsi eşidilməz oldu.

Bir az keçmiş toy evindən tövşüyə-tövşüyə gələn adama montyor Usuf qısaca cavab verdi:

– Pavrijdeniya!

Bu da o demək idi ki, bu gün işıqdan gözünüzü yığın.

Nazim hiss elədi ki, kefi yuxarıdır, yollandı kluba. Körpüdən keçəndə gördü ki, yenə ahıllar yığışıb söyüdün altına. Hansı ki həmişə yığışırdılar. Burda söhbət futboldan başlayıb gedib çıxırdı siyasətə. Belə söhbətlər də Nazimə ləzzət eləməzdi. Bir dəfə az qalmışdı yapışsın Politik Mirzənin yaxasından ki, ay kişi, dəlləksən, get dəlləkliyini elə, sənin siyasət ilə nə işin.

Gördü ki, Politik Mirzə yenə əl-qolunu ölçə-ölçə kimi isə asıb-kəsir. İstədi bir özünü versin ora, Mirzəni fitilləsin, sonra fikrindən vaz keçdi.

Çatdı kluba. Haçansa bu klubun qapısına Nazim belə bir elan yazıb vurmuşdu: “Bu klubda 1980-ci il Moskva Olimpiadasına stolüstü oyunlar üzrə idmançılar hazırlanır!”

Elan klub müdirinin xoşuna gəldiyindən toxunmamış və Nazimin dolağını başa düşməmişdi.

Dayandı elanın önündə. Oxudu, bir də oxudu və birdən-birə ona elə gəldi ki, kəndlərindən heç kəs ömrü boyu gedib Olimpiya oyunlarına çıxa bilməyəcək.

Dartıb elanı qopartdı.

...Həmişəki kimi içəri tünlük idi. Məktəbli uşaqlar Nazimi görən təki sivişib aradan çıxdılar. Bilirdilər: Nazim tutacaq qulaqlarından, deyəcək ki, a bala, gedin kitab oxuyun, elm öyrənin, klubdan – özü də belə klubdan sizə xeyir gəlməz. Xeyir gəlsəydi, Gövdə Elşən çoxdan alim olmuşdu.

Nazimi çəkib oturtdular domino stoluna.

– Oynamaq istəmirəm!

– Bəlkə, pulun yoxdur?

Nazim əlini saldı cibinə, bayaq Vəlinin qoyduğu iyirmibeşliyi çıxarıb çırpdı stolun üstünə.

Gövdə Elşən:

– Boy! Ə, sən sədrin qızına elçi gedə bilərsən ki!

Yarım saat çəkmədi ki, “sədrin kürəkəni” iyirmibeşliyi də, üstəlik, anasının toy üçün verdiyi on üç manatı da verdi fələyin badına, uduzdu.

Tay-tuşları bir-bir başladılar çıxmağa ki, toya getsinlər. Nazim isə pulları uduzmuşdu.

– Elşən, mənə on üç manat ver də!

– Qəpik də!

– Elşən, sən canın, iki-üç günə qaytaracağam.

Elşən getdi fikrə:

– Bir şərtnən!

– Şərt nədir, ə?

Elşən cibindən bir kağız çıxartdı.

– Bunu apar ver Həsrət müəllimə.

Həsrət müəllim kənddə təzə işləyirdi. Əvvəllər hərdən kluba da gələrdi şahmat oynamağa.

Sonralar gördü ki, burda “maraqlı” etmək üçün nərdin, dominonun altına üçdən-beşdən qoyurlar. Bu da müəllimin xoşuna gəlməmişdi. Kolxoz iclasında istəmişdi durub danışsın, klubun müdiri də iki nəfərlə kəsmişdi qabağını ki, müəllimsən, get dərsini de, maaşını al. Nazim də bilirdi ki, bu cılız müəllim kəndə gələndən sədr Əlişin qızı Əzizənin oxumadığı sevgi-məhəbbət kitabı qalmayıb. Əzizə də o Əzizə idi ki, hələ neçə il əvvəl Elşən onun adını yazmışdı qoluna. Nazim onu da bilirdi ki, Elşən klub müdiri ilə müəllimin qarşısını kəsəndən sonra, necə deyərlər, ondan bir balaca silir. Sonralar, lap sonralar öyrəndi ki, həmin gecə o cılızca müəllim Elşəni götürüb atıbmış çaya.

– Niyə özünüz vermirsiniz?

– Biznən arası yoxdur. Sənin xətrini çox istəyir.

Nazim kağızı alıb baxdı:

– Axı nə yazılıb burda?

– Əşi, nəyinə lazım? Sən apar ver, vəssalam. Biz də qaytaraq pullarını.

– Hamısını?

– Lap hamısını!

* * *

Nazim kağızı verib qayıdan kimi Elşən kişi təki durdu sözünün üstə, qaytardı pullarını.

Dəstə-tifaq yığışıb getdilər toya. Hərəsi bir onluq atıb keçdilər yuxarı başa.

Bir azdan başlar dumanlandı, gənclərin səs-küyü mağarı götürdü başına.

– Bilirsən nə qiyamət qopacaq! Ha, ha, ha!

Ədalət:

– Kənddən başını götürüb qaçar.

– Hi, hi, hi! Gələcək görüşə! Vallah, Əliş dayı onu danaboyun edəcək.

Elşən əlindəki arağı birnəfəsə çəkdi başına, ağzına da bir tikə ət qoydu:

– Eybi yox, Əzizə, mənə avara deyirsən. Görün ha, kimə deyir? Elşənə! Kənddə luboy cayıla cavab verərəm! Verərəm, ya vermərəm?

– Verərsən!

– Verərsən!

Hüseynqulu oğlu Bəşir əlini uzatdı Elşənə:

– Mən ölüm, bir bura vur! Vur də! Bax belə! Necə yazmışdın, sənsiz mənim gecəm-gündüzüm yoxdur! Bəh, bəh! İndi Əliş dayı onun gündüzünü gecə eliyəcək!

Nazim atmacalardan hiss elədi ki, Elşəngil Həsrət müəllim üçün nə isə bir tələ qurublar. Özü də, deyəsən, müəllimi tələyə onun əliylə salıblar.

Niyə Həsrət müəllim kənddən qaçaq düşsün. Niyə, Əliş dayı o fağır müəllimi danaboyun eləsin? Əzizə! Görüş, məktub!

Nazim ha fikirləşirdi, axırını bir yana çıxara bilmirdi.

Bəlkə, bəlkə, müəllimi görüşə çağırıblar. Əliş dayıya da xəbər veriblər? Yox, bu boyda zarafat olmaz. Elşən elə namərdlik etməz. Yox, Nazim bu boyda zarafat görməyib.

 

                    ***

– Həsrət müəllim, Həsrət müəllim! Darvaza cırıltı ilə açıldı.

– Nazim? Bu gecə vaxtı xeyir ola?

Nazim bilmədi nə cavab versin, tərlədi, saldı başını aşağı:

– Bağışlayın, bilməmişəm, xəbərim olmayıb, müəllim.

Müəllim:

– Bir içəri gir görüm. Axı nə olub, nəyi bağışlayım?

– Getməyin, görüşə getməyin. Sizi biabır etmək istəyirlər, tələ qurublar.

Müəllim Nazimi zorla otağa çəkdi, bir stəkan çay töküb qabağına qoydu.

Bayaq Nazimin gətirdiyi məktub stolun üstə idi.

Müəllim özünə də bir çay tökdü və gəlib Nazimlə üzbəüz oturdu.

– Nazim, mən onsuz da getməyəcəkdim. Mənim şəhərdə nişanlım var. Bu yaxınlarda toyumuz da olacaq. Hələ səni də çağıracağam toyuma. Çayını iç, soyutma.

Nazimi yola salarkən müəllim onun içmiş olduğunu nəzərə alıb:

– Bəlkə, səni evinizəcən ötürüm?

– Yox, yox! Özüm gedəcəm!

Nazim bir az aralanan kimi bayaq stolun üstündən götürdüyü məktubu açıb oxudu. Evə getmədi, getdi Əzizənin gözləyəcəyi yerə. Gedirdi deyə ki, müəllim heç zaman səni sevməyəcək, nişanlısı var. Özü də bugün-sabah toyu olasıdı. Nazimə elə gəldi ki, Elşən dünyanın ən pis adamıdır. Axı Əzizə yaxşı qızdır! Amma Ülkər ondan da yaxşıdır.

Gəlib çatdı bağın başına. Ora-bura baxdı, heç kəsi görmədi.

– Əzizə! Əzizə! – deyə bir-iki dəfə Əzizəni səslədi. Ağaclıqdan kim isə çıxdı və Nazim yerindəcə qurudu, gecikmişdi:

– Əliş dayı?

– Zəhrimar, Əliş dayı, çor, Əliş dayı! Ə, heç bu sir-sifətindən, boy-buxunundan utanmırsan? Ə, niyə ölmürsən?

– Əliş dayı, Həzrət Abbas haqqı...

– Həzrət Abbas qənimin olsun! Ə, niyə gedib boğazına çatı salmırsan? Mənim qızım sənin tay-tuşundur?

Üzünə dəyən qəfil şillədən Nazim səndirlədi və yıxıldı.

– Əliş dayı, bir qulaq as də! Bir...

– Heç nəyə qulaq asmıram, asmaq da istəmirəm. Düş qabağıma!

Nazim hiss elədi ki, Əliş dayı onu bu görkəmdə atasının yanına aparmaq istəyir.

Gördü ki, kişi bərk dirənib, yalvarmağın xeyri yoxdur.

Düşdü sədrin qabağına.

Nə etsin? Desinmi ki, bunlar hamısı Elşənin, Ədalətin tələsidir. Necə desin? Bəs kişilik? Bir də ki lap Qurandan don geysə, Əliş dayı inanmaz! Yer yarılsa, girərdi yerə. O gecə atası səhərəcən həyətdə oturub siqareti siqaretin oduna yandırdı.

Nazim də yatmadı o gecə. Fikirləşdi səhərəcən. Ona elə gəldi ki, heç zaman kosmonavt ola bilməyəcək. Heyif! Görəsən, Jolobov ömründə bircə dəfə də olsa, belə dolaşıqlığa düşüb?

Səhər atası traktoru işə salıb həyətdən çıxanda Nazim onu saxladı.

– Qağa, inanmırsan?

Atası baxdı, baxdı və sonra Nazimin saçını qarışdırdı:

– Yox! Mən oğluma inanıram. Nazim qalxıb oturdu traktorda.

O gün söyüd ağacının altı boş qaldı. O gün Ülkər işə gedəndə Nazimi söyüdün altında görmədi və ilk dəfə darıxdı.