Elektron ədəbiyyat və sənət portalı

Həyatına intiharla son verən yazarlar

Bölmə: Art 03.04.2019

 

Stefan Sveyq (1881–1942)

Avstriya yazıçısı Stefan Sveyq Hitler rejiminin ən təlatümlü dönəmlərində yəhudi olması səbəbindən amansız təqiblərə məruz qalmışdı.

Sonralar mühacir həyatı yaşayanda belə o heç harada rahatlıq tapa bilmirdi: nə Böyük Britaniyada, nə ABŞ-da, nə Latın Amerikasında, nə də, təbii ki, proletariatın diktaturası olan SSRİ-də.

Bədbinliyə qapılmış yazıçı həyatının son günlərini xanımı Lotto Sveyqlə birlikdə Braziliyada yaşayır. Dostlar və doğmalar tərəfindən heç bir dəstək görməyən cütlük həyata intiharla son verməyi qərara alaraq ölümcül dozada yuxu dərmanı qəbul edir.

Virciniya Vulf (1882–1941)

İngilis yazıçısı Virciniya Vulf hələ uşaqlıqdan ağır həyatla barışmalı olmuşdu. Ögey qardaşları ona qarşı əxlaqsızlıqlar edir, əzazil və hökmlü atası isə hər şeyə göz yumurdu. Uşaqlıqda yaşadığı streslərə görə psixi sarsıntılar keçirmiş yazıçı yaşa dolandan sonra da keçmişin fəsadlarından azad ola bilmədi…

Virciniya daim depressiyalardan əziyyət çəkir, qulağına səslər gəlirdi. Ölmüş atası onun üçün sanki dəhşətli bir kabusa çevrilmişdi. Bütün bu məşəqqətlərə dözən ərinə yazığı gəldiyindən o, ölümqabağı məktub yazıb özünü Ouz çayına ataraq həyatına son verdi.

Akutaqava Rünöske (1892–1927)

Yapon yazıçısı Akutaqava Rünöske “Dosta məktub” əsərində intiharın üsulları barədə fikirlərini tam təfərrüatıyla qələmə alır. Qəhrəman intiharın yerini dəqiq müəyyənləşdirmişdi. Bu onun evi olmalıydı. Bu məsələdə xarakiridən söhbət belə gedə bilməzdi. O həmçinin özünü asa, güllələyə, suda boğa, damdan ata bilməzdi. Həmçinin qəhrəman intihara qədər düz bir ay “Bibliya”nı mütaliə edir…

Akutaqava xristianlığı dərindən bilirdi, iblisin mövcudluğuna inansa da, Tanrıya şübhəylə yanaşırdı. Yəqin, elə buna görə də intihar onun anlamında günah sayılmırdı.

Yazıçı 35 yaşında ölümcül dozalı veronol içərək özünə qəsd etdi.

Marina Svetayeva (1892–1941)

Ziyalı ailəsində dünyaya gələn rus şairəsi Marina Svetayeva Sorbonna Universitetində təhsil almışdı. Onun ilk şeirlər toplusu 18 yaşında işıq üzü görmüşdü. Belə görünə bilərdi ki, tale bu yaradıcı xanıma xoşbəxt həyat yazıb.

Amma Vətəndaş müharibəsi hər şeyi alt-üst etdi. Əri Sergey Berlinə sürgün olundu, Ariadnadan sonra dünyaya gətirdiyi ikinci qızı aclıqdan öldü, mühacirətdə keçirdiyi illər isə onun yaradıcılıq həvəsini tamamilə məhv etdi.

17 ildən sonra Moskvaya qayıdanda burada növbəti faciələrlə üzləşdi: qızı Ariadnanın həbsi, ərinin güllələnməsi, oğluyla birlikdə Tatarıstana sürgün olunması...

Doğmaların itkiləriylə barışa bilməyən Svetayeva məskunlaşdığı Yelabuqada özünü asaraq həyatla vidalaşdı.

Ernest Heminquey (1899–1961)

ABŞ yazıçısı Ernest Heminquey uzun müddət əqli problemlərdən əziyyət çəkib. Yazıçı elə düşünürdü ki, guya Federal Təhqiqatlar Bürosunun casusları daim onu izləyir, telefon zənglərinə qulaq asır, evinə səsyazan qurğu qoyur…

Nəhayət, yazıçını ruhi xəstəxanaya yerləşdirdilər. Burada ədəbiyyatdan uzaq olan “təbiblər” onun beynini elektroşoka məruz qoydular. Və Heminquey xəstəxanadan çıxandan sonra sevimli tüfəngiylə özünə qəsd etdi. Çünki həmin o “müalicəvi” seanslardan sonra nəinki yazmaq, hətta yaşamaq belə onun üçün məşəqqətə çevrilmişdi.

 

Tərcümə edən: Yaşar Əliyev