Türkcədə sual cümlələri dilimizdəki kimi, əsasən, sual əvəzliklərinin, sual ədatlarının və sual intonasiyasının köməyi ilə düzəlir. Türkcə şifahi nitqdə və yazılı tərcümədə diqqət etmək lazımdır ki, xüsusi sual intonasiyası ilə əmələ gələn sual cümlələri müasir türk ədəbi dili üçün xarakterik deyil. Azərbaycan dilində nəqli cümlələrin intonasiyasını dəyişmək, yəni cümlənin sonunda tonu yüksəltməklə (yazıda isə sual işarəsi qoymaqla) sual cümləsi əmələ gətirmək mümkün olduğu halda, türkcədə bu, mümkün olmur. Bu məqsədlə türk dilində çox geniş yayılan sual ədatından (mı, mi, mu, mü) istifadə edilir:
Səlim evdədir. – Səlim evdədir? – Selim evde mi?
Atam gəldi. – Atam gəldi? – Babam geldi mi?
Müasir türkcədə sual cümlələrinin əmələ gəlməsində xüsusi sual intonasiyasının rolu nə qədər azdırsa, mı, mi, mu, mü sual ədatının rolu bir o qədər çoxdur. Dilimizdən fərqli olaraq bu ədatın şifahi və yazılı ədəbi türkcədə işlənmə tezliyi və dairəsi, məna çalarları daha geniş, cümlədə yeri daha çevikdir. Müqayisə məqsədilə Səbahəddin Alinin “Xəz paltolu Madonna" povestinin orijinalından gətirdiyimiz cümlələrə və bunların dilimizə tərcüməsindən götürülmüş qarşılıqlarına nəzər salmaq kifayətdir:
Hep bankada mısın? – Yenə də bankda işləyirsən?
Yazı filan yazıyor musun? – Yazıdan-zaddan yazırsan?
Bir faydası oluyor mu? – Bir faydası olur?
Raif Efendi sizsiniz, değil mi? – Raif əfəndi sizsiniz?
Kalabalık mısınız? – Çoxsunuz?
Misalların sayını artırmaq olar. Lakin sadəcə bunu qeyd etməklə kifayətlənək ki, əsərin türkcəsindəki mı, mi, mu, mü ədatlı 100-dən artıq sual cümləsinin bir neçəsi istisna edilməklə hamısı dilimizə sual intonasiyası vasitəsilə tərcümə edilib.
Əlbəttə, müasir türkcədə xüsusi sual intonasiyası ilə düzələn sual cümlələri də var, lakin bunların işlənmə dairəsi çox məhduddur və müəyyən şərtə bağlıdır. Hər şeydən əvvəl, yarımçıq cümlələrdə səs tonunu dəyişməklə sual vermək mümkün olur. Bu zaman həmin cümlədə işlənməyən, lakin asanlıqla təsəvvür edilən sual əvəzliyinin varlığı nəzərdə tutulur:
-Kaç yaşındasınız?
Böyle şey sorulur mu? Ama neyse, yirmi altı... Siz? (Buradakı "Siz?" sualı "Siz kaç yaşındasınız?" yerinə işlədilib.)
Kalkıyor musun?
Kalkacağım... Sen?(Sen kalkmıyor musun?)
İsminiz? (İsminiz nedir?).
Raif
Mesleğiniz? (Mesleğiniz nedir?)
Muharrir
Türkcədə ehtimal bildirən bəzi ədatların (demek, galiba, anlaşılan) işləndiyi cümlələrdə xüsusi sual intonasiyasının köməyi ilə sual verilə bilir:
Demek bir anneniz var?
Şerifin yaptığı nakışlardı onlar galiba?
Hala bu olayın acısını unutmadın anlaşılan?
Xəbəri feilin şərt şəklində işlənmiş cümlələr də xüsusi sual intonasiyasının köməyi ilə sual cümləsi kimi işlədilə bilir:
İnanmaya inanmıyoruz, ama doğruysa?
Ya öğretmen gelmezse?
İsterseniz gidelim?
Türkcədə mı, mi, mu, mü ədatı ilə yanaşı, ya ədatı da sual cümləsi yaratmaqda geniş istifadə edilir. “Ya" ədatı Azərbaycan dilinin “bəs" sözünə uyğun gəlir. Bununla yanaşı, türk dilində “ya" həm də qüvvətləndirmə ədatı, eləcə də bağlayıcı kimi çıxış edir:
Ben gidiyorum. Ya sen? – Mən gedirəm. Bəs sən?
Dedim ya! – Mən ki dedim! (Mən artıq dedim.)
Türkcədə mı, mi, mu, mü sual ədatının ən mühüm məziyyətlərindən biri budur ki, bu ədat qoşulduğu sözdən ayrı yazılır, zaman şəkilçilərindən sonra işlədilir və onlarla bitişik yazılır:
Sen Ankara'ya mı yarın gidiyorsun?
Sen Ankara'ya yarın mı gidiyorsun?
Sen mi Ankara'ya yarın gidiyorsun?
Sen Ankara'ya yarın gidiyor musun?
Mı, mi, mu, mü sual ədatı türkcədə ritorik sual cümlələrinin əmələ gəlməsində də ən mühüm komponent kimi iştirak edir. Bəzən cümlənin inkarlıq bildirən xəbəri ilə işlənərək təsdiq, bəzən də təkzib bildirən xəbəri ilə qoşa gələrək inkar mənalarını bildirir:
Buralarda ne sürünüyorsun, paran mı yok, aklın mı? (Paran da var, aklın da!)
Sanki giyecek elbisen mi yok? (Var!)
İhtiyarlıkta rahat etmek için gençlikte çalışmamış mıydık? (Çalışmıştık!)
İnsanlık mı, arkadaşlık mı bu? (Değil!)
İç şunu be, zehir mi bu? (Zehir değil!)
Təsviri feillərin tərcüməsi
Türkcədə dilimizdə olmayan bir sıra təsviri (analitik, perifrastik) feil formaları var ki, onların cümlədə ifadə etdikləri məna çalarlarına tərcümədə diqqətlə yanaşılmalı, bunların adekvat formaları tapılmalıdır. Məsələn, türkcədə geniş şəkildə işlədilən və adına tezlik feili deyilən təsviri feil forması var. Vermək feili başqa feil əsaslarına birləşərək cümlədə ifadə edilən iş, hal, hərəkətin tez, sürətli, ani olaraq baş verməsini və ya verməsinin səbəbini göstərir:
Kuduz köpek alçakça ısırır adamı. Sessisce yanaşır arkanızdan, sol bacağınızın baldırını ısırıverir. – Quduz it adamı alçaqcasına dişləyir. Arxanızdan səssizcə yanaşır. Sol baldırınızı birdən dişləyir.
Orijinal cümlədəki ifadə edilən hərəkətin aniliyini, gözlənilmədən baş verdiyini nəzərə çatdıran ısırıverir təsviri feili mütərcim tərəfindən dilimizə doğru olaraq birdən (qəflətən) dişləyir şəklində tərcümə edilib. Aşağıdakı cümlələrdə də vermək feili hərəkətin başvermə intensivliyini, işin sürətlə edildiyini bildirir:
Fakat o anda 25 kuruşu görerek duasını unutuverdi. – Fəqət o anda 25 quruşu görüb duasını (tələm-tələsik) unutdu.
Ali iki adımda onu yakalayıverdi. – Əli onu cəld (iki addımda, həmin dəqiqə) yaxaladı.
Türkcədəki təsviri feillərdən biri də kalmak feili ilə düzəlir. Bu feil qoşulduğu feil əsasının ifadə etdiyi iş, hal və hərəkətə mat qalma, quruyub qalma (təəccübdən, qorxudan) məna çalarları verir:
İnce İmam gözlerinin üstünden bakakalır.
Orağın sırtını kafasına indirecekken eli kalakaldı.
Türkcədə iş, hal, hərəkətin sürəkliliyini, davamlılığını ifadə etmək üçün istifadə edilən feili bağlama şəkilçisi və durmak təsviri feilinin məna çalarları da dilimizdəkindən qismən fərqlidir:
Konuşmadan avluda dolaşıp duruyordu.
Sen yaza dur, ben gider gelirim.
Her zaman beni sevdiğini söyler durursun.
Gözlerini bana yiyecek gibi dikmiş duruyor.
Bütün gün yazdı durdu.
Türkcədəki təsviri feillərdən biri də yazmak sözü ilə düzəlir. Bu söz qoşulduğu feil əsasının ifadə etdiyi iş, hal və hərəkətə az qala, az qaldı ki məna çaları verir:
Sokak ortasında düşeyazdı. – Küçənin ortasında az qala (az qalsın) yıxılacaqdı.
Bölüşdürmə saylarının tərcüməsi
Türkcədə morfoloji yolla yaranan bölüşdürmə sayları Azərbaycan dilinə ya sintaktik yolla – eyni bir sayın təkrarı ilə, yaxud da həmin sayların əvvəlinə “hərəyə", “adambaşına" və s. sözlər əlavə edilməklə tərcümə olunur:
Bize onar lira yol harçlığı verdiler. – Bizim hərəmizə (adambaşına) on lirə yol xərci verdilər.
Uçaklar üçer, beşer havalanıyordu. – Təyyarələr üç-üç, beş-beş havaya qalxırdılar.
Kızlar ikişer, erkekler dörder dizilsinler. – Qızlar iki-iki, oğlanlar dörd-dörd düzülsünlər.
Orhanla ben mağazadan birer kurşunkalem, beşer defter aldık. – Orxanla mən mağazadan hərəmizə bir karandaş, beş dəftər aldıq.
Basamakları ikişer ikişer atlıyarak bahçeye doğru koşuyorum. – Pillələri iki-iki düşərək bağçaya tərəf qaçıram.
Milyon və milyard sözləri ilə düzələn saylarda bölüşdürmə şəkilçiləri yalnız həmin sözlərdən əvvəl gələn saya artırılır:
Personele yedişer milyon yeni türk lirası dağıtıldı. – İşçilərə adambaşına yeddi milyon yeni türk lirəsi paylandı.
Birer milyar değerinde altın bilezik, kırkar baş koyun, ikişer milyarlık inci gerdanlıkla başlık meselesini çözeriz. – Adambaşına (hərəsinə) bir milyard dəyərində qızıl bilərzik, qırx baş qoyun, iki milyard qiymətində mirvari boyunbağı ilə başlıq pulu məsələsini həll edərik.
Türkcədə yarım, az, tek, kaç, çift, birkaç sözləri də ar, er, şar, şer şəkilçiləri qəbul edib bölüşdürmə sayı kimi işlənə bilir: yarımşar, azar azar, çifter çifter.
Sofradakilere yarımşar ekmekle azar azar peynir, çifter çifter domates ve salatalık servis yapıldı. – Süfrə başındakıların hər birinə yarım çörək, bir az pendir, bir cüt pomidor və iki xiyar paylandı.
Kahvaneye girip birkaçar bardak çay içtik. – Qəhvəxanaya girib hərəmiz (adambaşına) bir neçə stəkan çay içdik.
Çocuklar teker teker sıraya geçtiler. – Uşaqlar bir-bir (tək-tək) sıraya keçdilər (girdilər).
Herkes ekmeği çifter çifter alıyordu. – Hər kəs çörəyi cüt-cüt alırdı.
Kaçar kişilik timlər oluşturuldu? – Neçə nəfərlik qruplar (briqadalar) təşkil edildi?
Matarada su çok azdır, azar azar için çocuklara da kalsın. – Qumqumada su çox azdır, az-az için ki, uşaqlara da qalsın.
Ca/ce şəkilçili sözlərdə leksik-qrammatik əvəzlənmə
Türkcədə işlədilən ca/ce şəkilçisinin dilimizdəkindən fərqli funksiyası da var. Tərcümə zamanı bu şəkilçi ilə işlədilən sözlərin ifadə etdiyi mənaya görə Azərbaycan dilində leksik-qrammatik əvəzlənməsi (məsələn, "tərəfindən" sözü ilə) doğrudur:
Bakanlar Kurulunca alınmış karar doğrultusunda hareket edilmelidir. – Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara uyğun (şəkildə) hərəkət etmək lazımdır.
Türkiye Anayasasma göre Başbakan, Cumhurbaşkanınca atanır. – Türkiyə Konstitusiyasına görə Baş nazir Prezident tərəfindən təyin edilir (Baş naziri Prezident təyin edir).
Əsgər RƏSULOV,
filologiya elmləri doktoru, professor