Elektron ədəbiyyat və sənət portalı

Mirzə Şəfi Vazeh

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 16.04.2019

 

Mirzə Şəfi Vazeh
(1794-1852)

XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış Azər­baycan şairi. Tiflis ədəbi mühitində tanış olduğu alman alim Fridrix Bodenştedt tərəfindən al­man dilinə tərcümə edilən “Mirzə Şəfi nəğmə­ləri" kitabı ilə Avropada məşhurlaşaraq, təkcə Almaniyada 169 dəfə nəşr edilib. Qısa müddətdə fransız, ingilis, isveç, holland, Danimarka, is­pan, portuqal, rus, çex, macar, yəhudi dillərində nəşr olunan bu kitab müəllifinə dünya şöhrəti qazandırıb.

 

 

***

Nə qədər kim, fələyin sabitü-səyyarəsi var,

Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

 

Deyil əflakdə kövkəb görünən, çərxi-bülənd

Olubsan didə, sərapə sənə nəzzarəsi var.

 

Ruzigarı tirə, daim ki şəbi tar keçər,

Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.

 

Necə xun cuşə gəlib, eyləməsin ahü fəqan?

Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

 

Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,

Zahirən lalə otağında qonaq-qarəsi var.

 

 

***

 

Gəl, ey canım ki, hicrində dodağa çatdı bu canım,

Dodağın qoy dodağıma, özün al canı, cananım.

 

Sənin atəşli çöhrəndən iki xislət doğub məndə.

Gözüm ağlar, özüm yannam, inan ey çeşmi-məstanım.

 

Xoşam, qəmlə sevinc tutsa əgər dünyanı hər yandan,

Nə onla, nə bununlayam, mənim eşq oldu ürfanım.

 

Tacım ah, göz yaşım təxt, ləşkərim dərddir, qəmim ölkəm,

Mən eşqə sultan olsam da sənin eşqindi sultanım.

 

Fənayə uğrasam da bil, fəqət məhv olmaram, canan,

Bu müşkül hikməti özgə təbibdən sorma, loğmanım.

 

O şirin ləlidən şəhdü şəkər hərgah nəsib olsa,

Mələklər nuşi-can söylər, mən göylərdən, ey xanım.

 

Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,

Mən öylə xəstəyəm, yalnız sənin vəslindi dərmanım.

 

Kim eşqin dərdinə yansa, o nalə eyləyər hər dəm,

Mən öylə gizli yannam ki, nə naləm var, nə əfqanım.

 

O mişkin zülflərin şövqü, o ay tək çöhrənin mehri

Gecəylə gündüzü almış əlimdən, mahi-təbanım.

 

O yarın zülfü ruyindən sən ümmid gözləmə,

Vazeh, Tutarsan Çinü Maçini, əlində vardır imkanın.

 

***

 


Xoş olsun ol könül, eşqə məkandır,

Var olsun ol fikir, eşqə həyandır.

 

Susuz çeşməyə bənzər ol ürək kim,

Nə eşqin dərdini, nə qəm duyandır.

 

Bax, öyrən gör necə pərvanə, bülbül

Olublar eşq şeydası nə zamandır.

 

Məhəbbət əhlinə bu kafidir kim,

Öz eşqiylə o, rüsvayi-cahandır.

 

Məhəbbət mürği cövlan etsə harda,

O, eşq ovlar, xəbərdar ol, amandır.

 

İki dünyanı verrəm sən baxanda,

Mənə eşqin bu sövdası əyandır.

 

Necə, Vazeh, əsiri olmayım mən

Bu eşqin qarşısında Qaf yalandır.

 

***

Bizə həmsöhbət olan özgə kitab almaz ələ,

Sən də zahidliyin ol dəftərini tulla selə.

 

Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz,

Məni dildarımın eşqi, beləcə saldı çölə.

 

O zamandan ki, mənim qəlbimə yol tapdı o yar,

Unuda bilməyirəm mən onu bir an da belə.

 

Bu fələk kim, sənə ulduzla bəzənmiş görünür,

Bəlkə, aşiqdir o da sirrini faş etməz hələ?

 

İndi gül fəslidi, çöllərdə tamaşa dəmidir,

Çıx çəmən seyrinə, mey məclisi qur, şadlıq elə.

 

Yardan versə xəbər Vazehə o badi-səhər,

Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə.

 

Tulla gəl çadranı...

 

Tulla gəl çadranı... görünsün üzün

Gül də gizlədərmi de bağda özün?!

Səni qadir Allah, ey incə çiçək,

Yaratmış dünyaya verməkçün bəzək.

 

De, bunca lətafət, bunca məlahət,

Solsun dar qəfəsdə neyçün, nəhayət!

Tulla gəl çadranı... bilsin ki, dünya

Yoxdur yer üzündə sənintək afət.

 

Qoy sənin nəzərin hər yana baxsın,

Baxışın qəlbləri yandırıb-yaxsın.

Pəmbə dodaqların təbəssümləri

Ətrafa nur yaysın, açsın səhəri.

 

Sənə çadra kimi, ey incə mələk,

Tək gecə zülməti olsun bürüncək.

Tulla gəl çadranı... hüsnüntək hüsnü

İstanbul soltanı görməmiş belə!

 

Uzun, sıx kirpiklər arasındakı,

O aydın gözlərin - nurlu piyalə.

Aç qara gözünü, çadranı tulla!

Həyatda cəsur ol, yaşa qürurla.