Elektron ədəbiyyat və sənət portalı

Əbülqasim Nəbati

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 15.04.2019

 

Əbülqasim Nəbati
(1812-1873)

XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi. Güney Azərbaycanın Qaradağ vilayətində ruhani ailəsində dünyaya gəlib. “Məcnun ” və “Məcnunşah” təxəllüsləri ilə klassik şərq və aşıq şeiri üslubunda orijinal əsərlər yaradıb. Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, bəhri-təhvil janrlarına üstünlük verib. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə nəşr olu­nub. Bir neçə il sonra şairin 7500 misradan ibarət “Nəbati” divanı işıq üzü görüb.

 

 

***

Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox!

Səndən özgə neyləsin, bir qəmküsarı yoxdu, yox!

 

Dərdi-hicran çarəsin hərçənd bildim səbr imiş,

Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox!

 

Leyli! Leyli! - söyləyib çoxlar deyir kim, aşiqəm,

Leyk Məcnuntək onun bir dağdarı yoxdu, yox!

 

Hər xəzanın bir baharı onsuz olmaz, olmasın,

Bu çöl olmuş gülistanın, bir baharı yoxdu, yox!

 

Gülləri, bülbülləri, abü havası çox gözəl,

Heyif kim, bu gülşənin bir gülüzarı yoxdu, yox!

 

Hiç eybin yox, gözəllik hamı səndə cəmdir,

Neyləyim amma ki, əhdin etibarı yoxdu, yox!

 

Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb?

Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox!

 

***

 

Canə od vurdum özüm, pərvanələrdən küsmüşəm,

Ta ki, Məcnun olmuşam, divanələrdən küsmüşəm.

 

Bir qələt sözdür ki, derlər, gənc olur viranədə,

Gənc yox, viranə çox, viranələrdən küsmüşəm.

 

Hasilim oldu təhəzzübdən nədamət tuşəsi,

İndi ol baş ağrıdan əfsanələrdən küsmüşəm.

 

Mən eşitdim ol gülün meyxanələrdir mənzili,

Əsli gördüm yox, gəlib meyxanələrdən küsmüşəm.

 

Xanimanımdan məni saldı Nəbati dərbədər,

Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm!

 

***

 

Susuyubdur genə kimin qanına,

Xumar-xumar baxar hara gözlərin?

Nola, bir də dolanaydım başına,

Qurbanı olaydım qara gözlərin!

 

Müqəvvəs qaşların etginən kaman,

Çəkginən müjgandan tiri-cansitan,

Bu xəstə canımı qılginən nişan,

Qoy etsin köksümü para gözlərin.

 

Sənubər qamətin, ey sərvi-rəftar,

Şümşadü ərəri etdi şərmsar,

Nə yalqız etmisən məni xarü zar,

Çoxları gətirib zara gözlərin.

 

Arizin dövründə zülfi-müşginab,

Qoymaz şəfəq salsın qürsi-afitab,

Hökm qıl götürsün sayəsin səhab,

Bu dərdə eyləsin çara gözlərin.

 

Üzün şəşəəsi, ey şəmi-Çəkil,

Xurşidi-xavəri etdi münfəil.

Belə ki, eşq odu oldu müştəil,

Çəkdirə həqq məni dara gözlərin.

 

Xədəngi-xunrizin, ey şirin mənzər,

Xosrovu təxtindən etdi dərbədər.

Həlqə edib əldə zülfi müənbər,

Nə sehr oxur genə, mara gözlərin?

 

Təzə gültək açılısan səhərdən,

Müzəyyən olursan ləlü gühərdən,

Yaxşı saldın Nəbatini nəzərdən,

Əcəb mail olmuş xara gözlərin!

 

***


Səba, məndən söylə ol gülüzarə,

Bülbül gülüstanə gəlsin, gəlməsin?

Bu hicran düşkünü, illər xəstəsi

Qapına dərmanə gəlsin, gəlməsin?

 

Mən qurbanı olum ənbər tellərin,

Qönçə dodaqların, püstə dillərin,

O lalə rüxsarın, mişkin xalların

Oduna pərvanə gəlsin, gəlməsin?

 

Gözüm çox həsrətdir xumar gözünə,

Günəş camalına, şəkər sözünə,

Utanıram, necə deyim üzünə,

Dərdin xəstə canə gəlsin, gəlməsin?

 

Dolaşdır boynuma şümşad qolunu,

Qucaqlayıb qucum incə belini,

Ləli-ləbin əmim, sorum dilini,

İstər ölü canə gəlsin, gəlməsin?

 

Nəbati istəməz sənsiz dünyanı,

İzzəti, hörməti, şövkəti, şanı,

Bir zada qalmayıb daha gümanı,

Bu baş o meydanə gəlsin, gəlməsin?

 

***

Şeyda bülbül, fəğan etmə, qəm yemə,

Bu gün, sabah gül açılır, yaz olur.

Əziz saxla, qənimət bil vücudun,

Vəfası yox gülün, ömrü az olur.

 

Deginən Fərhada, ey möhnətpişə,

Şirindən incimə, çal daşa tişə.

Aşiq məşuq arasında həmişə

İşvə olur, qəmzə olur, naz olur.

 

Gedər, candan çıxar daği-həsrətin,

Artar gündən-günə şanü-şövkətin,

Sübhi-vəslə yetər şami-firqətin,

Diləyin, mətləbin hamı saz olur.

 

Xədəmələr durar sağü-solunda,

Cəvahir bazubənd iki qolunda,

Fəvvarələr işlər daim gölündə,

Yaşılbaşlı ördək olur, qaz olur.

 

Nəbati, sevmişəm bir dilsitanı,

Bir sözü gülşəkər, qönçə dəhanı,

Daha faş eyləmə sirri-nihanı,

Aşiqin könlündə yüz min raz olur.