Elektron ədəbiyyat və sənət portalı

Xurşidbanu Natəvan

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 15.04.2019

 

Xurşidbanu Natəvan
(1832-1897)

XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi. Qarabağ hökmdarı Mehdiqulu xan Ca­vanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Doğma dili ilə bərabər, ərəb və fars dillərini mükəmməl öyrənib, Şuşada “Məclisi-üns” ədəbi məclisinin təşkilatçısı olub. XIX əsrin 50-ci illərindən şeirlərini “Xurşid”, 1870-ci ildən isə “Natəvan” (köməksiz, zəif, xəstə) təxəllüsü ilə yazıb. Əsər­lərinin cüzi hissəsi əldə edilib.

 

 

***

Vanmdı sinədə dərdü-qəmü-nəhan, ölürəm.

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

 

Fəraqdan gecələr yatmaram səbahə kimi,

Xəyali-zülfünə bağlı gedibdi can, ölürəm.

 

Bəhari-hüsnün əra gör necə xəzanəm mən,

Bahar laləsitək bağrım oldu qan, ölürəm.

 

Vərəq-vərəq dilü can hicrin içrə odlaşdı,

Misali-kəncəfə sədparə oldu can, ölürəm.

 

O xaki-payini mən aşiyanə etmiş idim,

Vətəndən ayri düşüb, indi laməkan, ölürəm.

 

Dedin ki, çək əlini damənimdən, əl çəkdim,

Tərəhhüm eyləmədin axır, ey cəvan, ölürəm.

 

Çəkirdim həsrətini, görmədim, xudahafiz!

Olubdur indi işim naləvü fəğan, ölürəm.

 

Fəraqdan tükənib tabü taqətim, billah,

Vüsalə yetməz əlim, zarü-Natəvan, ölürəm.

 

***

 

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!

 

Səni gülşən əra aşuftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

 

Belə pəjmürdə hal ilə durubsan,

Düşər güllər əra qovğa, qərənfil!

 

Driğa kim, vəfasızdır bu gülşən,

Gedər bu tələti-ziba, qərənfil!

 

Üzündən pərdeyi-nazın kənar et!

Unutma aşiqi, haşa, qərənfil!

 

***

 

Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,

Varmadım meyxanəyə, sındırmadım peymanə mən.

 

Əhdlərdən keçmədim, peymanlər sındırmadım,

Lacərəm bimehrlə tək, olmuşam əfsanə mən.

 

Tərki-gülzar etmişəm, bülbül kimi mən, ey rəqib,

Aqibət bir guşə içrə gəlmişəm əfqanə mən.

 

Eşq rüxsarında bir dəm vəslilə şad olmadım,

Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən.

 

Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,

Hərçi cəhd etdim, nə hasil, yetmədim cananə mən.

 

Duş gördüm kim, gəlibsən külbeyi-ehzanıma,

Ol zaman nəzr eylədim canü dilim qurbanə mən.

 

Görməyim düşvardır, vallah, səni, bil, ey rəqib,

Zülfə bağlı qoy gedim, axır düşüm zindanə mən.

 

Dövrü dönmüş dövr dövran etmədi kamımca, ah!

Düşmənimdir, bilməzəm kim netmişəm dövranə mən.

 

Varü yoxumdan qalan, ancaq mənim bir can idi,

Natəvan, daxi dedim: sərf eyləyim mehmanə mən.

 

***

 

Şuri-eşqin başıma axırı sövda gətirir,

Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir.

 

Tari-zülfündü məni böylə giriftar eləyib,

Nə gələ başıma, ol zülfi-mütərra gətirir.

 

Gül üzün görmək əgər mümkün olaydı bir dəm,

Hər zaman görmək onu nuri-mücəlla gətirir.

 

Qaşü göz, novki-müjə fitnə üçün cəm olmuş,

Ox atıb, tiğ çəkib, hər biri dəva gətirir.

 

Könlümü qarət edir öylə ki, tari-zülfün,

Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.

 

Naqənin varmı şüuru bula aşıq guyin,

Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.

 

Yusifin sanma, dübarə görə Yəqub üzünü,

Mehr bazarına gər getsə, Züleyxa gətirir.

 

Yusifi Misirdə gər aldı Züleyxa nəqdə,

Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.

 

Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,

Natəvan, müjdə bu gün, qətlinə fərma gətirir.

 

***

 

Keçibdi mövsimi-gül, getdi novbahar, əfsus!

Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!

 

Riyazi-izzü şərafətdə bir gül açmışdı,

Qopardı ol gülü gülçini-ruzigar, əfsus!

 

O gül ki, qibtə edərdi ona behişti-çəmən

Tutubdu indi yer altında o, qərar, əfsus!

 

O gülbədən ki, ipək köynək incidərdi onu,

Olubdur indi o, torpaqla xakisar, əfsus!

 

Sən Allah, ey qara torpaq, onu əziz saxla!

Odur mənim gözümün nuru, ey məzar, əfsus!

 

O taza ay hələ bədr olmamış tamamü-kamal

Batırdı ol ayı bu çərxi-ruzigar, əfsus!

 

O pak olan uca göylərdə bürci-Xurşiddən

Parıldadı uca bir ulduz, oldu tar, əfsus!