Elektron ədəbiyyat və sənət portalı

Gənclərin mütaliəsi üçün məsləhət görülən 7 əsər

Bölmə: Art 15.04.2019

 

Horatsi Uolpol: “Otranto qəsri”

1764-cü ildə yazılmış bu qotik roman XVIII əsrə aid olsa da, müasir oxucu onu qavramaqda çətinlik çəkməyəcək. Belə ki, əsərdə baş verən hadisələr olduqca axıcı və sadə dillə təsvir olunur. Müəllifin incə üslubu, təsvirlər, bəzi  köhnəlmiş ifadələr isə oxucunun zövqünü və söz ehtiyatını zənginləşdirəcək.

Romandakı hadisələr İtaliyanın adlı-sanlı sülalələrindən birinin qədim qəsrində cərəyan edir.

Fyodor Dostoyevski: “Cinayət və cəza”

Dünya ədəbiyyatının incilərindən sayılan bu roman mütaliəli, hazırlıqlı gənclərin dünyagörüşünün inkişafına ciddi təsir göstərə bilər.

Kitab insanın öz qüsurlarını dərk etməsi üçün ibrətamiz əhəmiyyət daşıyır. Bununla yanaşı, əsər oxucuya təlqin edir ki, hətta həyatın dibinə düşmüş insan da cəmiyyət üçün faydalı ola bilər.

Cek London: “Martin İden”

Roman 1909-cu ildə yazılıb. Yazıçı əsərdə adi bir dənizçinin həyatında baş vermiş hadisələri təsvir edir. Varlı və savadlı bir qadına olan məhəbbət qəhrəmanın baxışlarını büsbütün dəyişir. Ədəbiyyatla maraqlanan Martin özünü yazıçı kimi təsdiq edir.

Romanı oxuyarkən, məqsədinə çatmaq naminə bütün maneələri dəf edən qəhrəmanın yaşantılarına biganə qalmaq mümkün deyil. Bu romanı mütaliə edən gənc oxucu əsərin qəhrəmanı ilə yanaşı, həyat dərsi keçir.

Emil Zolya: “Tereza Raken”

Bu məşhur roman məşuquyla birlikdə rahat yaşaması üçün öz ərini öldürmək qərarına gələn qadının həyat tarixçəsindən bəhs edir. Amma məqsədlərinə çatandan sonra onlar əməllərindən peşman olurlar: ölənin siması heç cür gözlərinin qabağından getmir və hər ikisi əzab hissi keçirir.

Əsər oxucuya başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmağın mümkünsüzlüyünü təlqin edir.

Dante Aligyeri: “İlahi komediya”

1321-ci ildə yazılan bu əsər ölümün ayırdığı zavallı sevgililərin nakam məhəbbəti haqqındadır. Ölən arvadı Beatriçeylə görüşmək üçün Dante yeraltı dünyaya səyahət edir.

Bu əsəri oxuyan gənc, yazıçının axirət dünyasını necə təsvir etməsiylə tanış olacaq. Diqqətli oxucu xəyali aləmlə real aləmin qüsurları, günahları, naqislikləri arasında xeyli oxşar cəhətlər tapa biləcək.

Rey Bredberi: “Farenheytlə 451 dərəcə”

Əsərin qəhrəmanı Qay Monteqin işi bütün anlaşılmazlıqların və bədbəxtliklərin mənbəyi olan yasaq kitabları aşkara çıxarıb yandırmaqdan ibarətdir. Amma Monteq tapdığı kitabları evində gizləyir...

Yanğınsöndürmə Departamentinin mexaniki köpəyi vertolyotların müşayiətiylə cəmiyyətə və rejimə meydan oxuyan dissidentlərə qənim kəsilib. Qay hiss edir ki, özü də izlənir – hansısa bir səhv hərəkəti ona baha başa gələ bilər. Amma artıq çoxdan çürümüş bir cəmiyyətdə canı qorumağın nə mənası?

Stendal: “Qırmızı və qara”

Roman kübar cəmiyyətdə mövqe sahibi olmaq məqsədilə öz görkəmindən və ağlından istifadə edən Jülyen Sorelin həyat tarixçəsindən bəhs edir. Əsər gənc oxucunun cəmiyyət haqqında təsəvvürlərinə aydınlıq gətirir. Oxucu romanın riyakar və xudbin qəhrəmanının ətrafındakılardan bir o qədər də fərqlənmədiyi qənaətinə gəlir.