Elektron ədəbiyyat və sənət portalı

Seymur Su - Alın yazısı əməliyyatı

Bölmə: Yeni imzalar 16.04.2019

 

Alın yazısı əməliyyatı

Diqqətlə, lap diqqətlə bax ürəyimə.

orda qara nöqtələr var, cərrah bəy.

Bıçağı sal, oy onları,

sonra bir qulağıkəsik itin

qarşısına qoy onları.

Dərhal ölər gözüaçıq halda.

Bıçağı sal, oy onları,

məni udan “Böyük Qara Dəliy”ə dönmədən...

 

Adsız əlaqələrin şeiri

 

Sevgi səhradırsa, sən

hardasan, zəmzəm suyu?

Gəl ki, bu susuzluğu

gəzdirdim illər boyu..

Mən kiçik toz dənəsi

gözlərinə küləklə

qoynumu gətirmişəm..

...kirpiyini ələklə!..

Bizdə alınmayacaq –

mən daş heykəl, sən insan.

Söylə, yaşayarsanmı

bu heykəltək tanınsan?

Çox çətindi dəyişib,

keçmişini boşamaq..

Silib, boşluq içində

qırx-əlli il yaşamaq.

Səni həsrət yoluma

toxuyuram həvəslə...

Sənsə uzaqda dayan,

baramaqurdu bəslə..

 

Zaman, ya mən?

 

Əslində zaman dediyimiz

bizdən qaçır

dabanına tüpürüb.

Sən də onun ardınca.

Əslində sən zamanı sevirdin,

məni isə əsla..

Mənsə ayrılıqdan

illərcə yazdım,

həmin dayanacaqdakı önünə

heç vaxt yağış düşməyən

köhnə kafenin içində

şeirləri ilahi ehtirasla...

görmədin ki...

Məni atdın,

danışdığımız xəyalları

zamanla reallaşdırasan deyə.

O, səndən qaçır,

Bil ki, o,

ən gözəlləri də görməzdən gəlib həmişə.

özü qeyb olanda

səni qeyb etdirəcək

üzü enişə...

Mən səni axtarıram,

sən zamanı...

hərəmizi bir cür üyüdüb,

dayanacaq sonunda bu yel dəyirmanı..

Öləcəksən, xeyri nə...

Amma heyif bilirəm ki,

bir də çətin qayıdasan yanıma,

çiynimdəki yerinə...