Rodriqo Labardini
Yoxluq
(hekayə)
Sevgisiz yaşamaq olmaz. Odur ki sənin də, mənim də daha çox yaşamağımız üçün səni həmişə sevəcəyəm. Hətta istəyirəm, əsir götürənlər sənə işgəncə də versinlər – bu zaman, hər halda, biləcəyəm ki, ən azından sorağın gəlir, sağ-salamatsan.
Düz iyirmi ildir, hər səhər otağının qapısını qorxa-qorxa açıram. Otaqda olmadığını bir daha görəcəyimdən içimi parçalayan yoxluğunla nəfəs almaqdan qorxuram. Yeddi min dörd yüz otuz yeddi səhər etdiyimi bir də edirəm – əyləşdiyin yerdə oturur və başa düşürəm ki, sənə yalnız tənha keçən günlərini yenidən saymağı təklif edə bilərəm. Beləcə, əyləşib o soyuq noyabr səhəri stola qoyduğun qələmə baxıram. O qələm bir ay öncə zəlzələ vaxtı yerə düşmüşdü: “Getmə, Roberto. Yağış yağacaq. Hava soyuqdur. Heç olmasa, əynini qalın elə, isti geyin”.
Qorxularıma gülümsədin, çünki on doqquz yaşlı bir oğlan üçün bunlar heç bir əhəmiyyət kəsb etmirdi – nə Ağ briqadalar, nə “Tupamaros”, nə də Federal Təhlükəsizlik İdarəsinin hərbi qüvvələri. Yox, əsas məsələ burjuylara, kommunistlərə, kapitalistlərə qarşı çıxmaq, yeganə çıxış yolu isə Valentina Elorduyun tapdalanmış hüquqlarını müdafiə etmək idi.
Buludlu bir cümə axşamıydı, güman ki, yağış yağacaqdı.
Mərkəzi meydanda olan çadır sökülən zaman zəncirdən qopan əcaib səslər... Festivalın, bayramın, sevincin və kədərin sonu. Adamlar artıq dağılışıb, üzərində Mikki Mausun şəkli olan qələm yerə düşüb. Yerdə çoxlu zibil, xeyli də kağız var. Meydanın mərkəzində ətrafına yaşıl oturacaqlar düzülən qırmızı örtüklü ağ köşk gözə dəyir. Rep və breyk ifaçısı olmağı arzulayan Enrike bu səhnəni görəndə dərhal oradan uzaqlaşır. Nömrə nişanı olmayan ağ maşından səliqəylə geyinmiş dörd nəfər çıxır. Saçları qısa vurulmuş bu adamlardan ikisinin sol qulağından ağ ip sallanır. Enrike onların cins salvar və göy sviterli, uzun saçları çiyninə tökülən bir oğlanı necə qamarladıqlarını görür. Hər şey çox sürətlə, bir göz qırpımında baş verir. Oğlanın yan-yörəsindəki adamlar düşünürlər: “Bu zavallının əcəb dostları varmış, hamısı qaçıb!”
O vaxt dostların səndən xəbərsiz olublar. İndi sənə salam söyləyirlər. Hər şeydən xəbərim var – rəfiqən, ya da adaxlın olan Uksua səni bir neçə dəfə soruşub.
Səhərlər meydan təmiz olur. Ağ rənglə boyanmış dəmir oturacaqlar yüz il əvvəlki kimidir. Günortaya yaxın səyyar satıcılar gəldi. Onları hələ də belə adlandırırlar. Satış yerinin işıqlandırılması üçün fənər və işıq dirəyinə məhəl qoymayan birlik nümayəndəsindən kirayə götürdükləri bir kvadrat metr ərazidə metal konstruksiyanı hər gün özləri quraşdırırlar. Bu səyyar satıcılar vergi ödəmədiklərini yaxşı bilirlər, odur ki gündüzlər sakitcə alış-verişlərini edir, ayda 25.000 peso qazananlara tətbiq olunan yeni vergi rüsumlarını müzakirə eləyirlər. Alver etdikləri yeri axşamlar yığışdırır, yerə düşən çurro, tamal, memela, hot-doq və ponçikləri isə ac küçə itləri üçün saxlayırlar.
Axtarışlarımı davam etdirdim. Bir müddət sonra köşkə gəldim. Əvvəl-əvvəl don Lupe israrla susdu, amma ucu dişlənmiş Mikki Maus qələmini soruşanda etiraz edə bilmədi. Neçə dəfə demişəm ki, o mürəkkəbin, o qələmin dadına baxmayasan! Sənin uzun saçını, cins şalvarını tanıdı.
Enrikenin mənə göstərdiyi yeri nəzərdən keçirdim. Hər yan tərtəmiz idi. Don Lupe istiyə görə hər gün sübh tezdən, saat yeddidə sərin havada meydanı günbatandan gündoğanacan süpürürdü. Heç nəyə ümidim qalmasa da, yenə axtarışları davam etdirdim.
Meydanın mərkəzindəki ot örtüyünü əhatəyə alan kolluqların yanında fərqli bir şey gözümə dəydi – düymə idi. Yadıma düşdü, zənnim məni aldatmırdı, inanmaq istəməsəm də, belə idi. Bəli, o səhər sənin əynində göy sviter vardı – nənənin babanla tanışlığı zamanı alınan və onlara dənizi xatırladan, sonradan isə sənə hədiyyə etdikləri dəniz rəngli sviter. Bir az irəlidə o biri iki düyməni də gördüm. Artıq şübhə qalmırdı: bu düymələr səninki idi. And içdim, söz verdim ki, onları heç vaxt itirməyəcəm, həmişə özümdə saxlayacam.
Ayağa qalxıb hər yerə baxdım, səni axtardım, elə bil hər ikimiz uşaqlığındakı kimi qizlənpaç oynayırdıq. İndi səndən mənə qalan siman, izlərin, bir də bu üç düymədir.
Meydanın qarşısındakı kilsəni, bələdiyyə sarayını diqqətlə nəzərdən keçirdim. Küncdəki evdə qarşıma əli əsalı bir qoca çıxdı; iki gün qabaq pilləkəndən yıxıldığına görə sağ ayağı axsayırdı. Astaca mənə yaxınlaşdı. Artıq hər şeydən xəbəri vardı, cavabını qabaqcadan bildiyi sualı verib gözümün içinə baxdı:
– Bu düymələr sizə nəsə deyir?
– Bəli, – dedim. – Oğlumu tapa bilmirəm, evdən hirsli çıxıb, çünki ona mütləq sviter geyinməli olduğunu demişəm.
– Niyə axı? – soruşmuşdu, – düymələr, bu düymələr onundur.
– Siz bu barədə nəsə bilirsiniz? – soruşdum.
– Ağ, nömrəsiz maşında gəldilər, onları pəncərədən gördüm. İstədim, çıxıb bu dəli de Manzanoya yumurta atım. Nolub axı, özünü nə sayır? Biz hamımız işləyirik, o isə gününü seçkilər haqqında mübahisə etməklə keçirir, yadından çıxarır ki, hər kəs zəhməti hesabına, namusla yaşayır. Bəli, iş. İstədiyim budur! Bir də yaşıma hörmət qoysunlar. İndi necəyəmsə, mənim yaşıma çatanda özləri də belə olacaqlar. Bunu fikirləşən vaxt qəfil küçədə ağır-ağır irəliləyən böyük, ağ maşın gördüm. Ordan bir-birinin ardınca dörd cavan oğlan çıxdı. Sanki nəsə bir planları vardı və ona hazırlaşırdılar.
Qoca barmaqlarını şıqqıldadıb əlavə elədi:
– Maşından necə düşdülərsə, o cür də cəldliklə uzunsaç bir oğlanı qamarlayıb maşına basdılar.
Qocadan maşının markasını, nömrəsini, adamların adlarını, hara getdiklərini, hansı tərəfdən keçdiklərini soruşdum. Əvvəlcə şübhəli nəzərlərlə gözümün içinə, sonra yan-yörəyə baxıb qorxa-qorxa dedi:
– Bilirsiz ki, tindəki polis çəkiliş aparır, mənə başqa sual verməyin. Sadəcə, meydanda baş verənlərdən qısaca danışmaq xoşuma gəlir.
Meydandakı adamları dilə tutmağa başladım. Amma hamının üzündə nəsə anlaşılmaz, ümumi bir qorxu hiss olunurdu, “yox” deyə-deyə baxışlarını məndən gizləyirdilər.
Bazar günləri pansita bişirib satan qadın (hərçənd camaat ondan daha çox pozolen istəyir) isə belə dedi:
– Bura qısasaçlı cavan oğlanlar gəlmişdi, əyinlərində təptəzə köynəklər vardı. Köynəklərinin yaxasında, qollarında hətta qat yerləri də görsənirdi, deyəsən, qutusu indicə açılmışdı. Fikirləşdim ki, yəqin, köynəyi hamısı eyni yerdən alıb, hansısa rok, ya da pank qrupunun üzvləridilər. Bir müddət burada dayanıb qaldılar. Mənə verdikləri pullar da təptəzə idi, ona görə o oğlanlar yadımda yaxşı qalıblar. Bir-birinə nəsə cəfəng şeylər deyirdilər, onlar da başqa cavanlar kimi gözlərini tindəki qıza zilləyib durmuşdular. Əyninə bir-birinə uyğun gəlməyən qara pencək, göy köynək geyinmiş qısa saçlı müəllim gələndə səslərini kəsdilər. Müəllim danışanda hamı kirimişcə dayanıb qulaq asırdı. Bu, hörmətə yox, qorxuya görə idi. Onlara dedi ki, aldıqlarının pulunu ödəyib getsinlər. Cavanların ikisi gözləri ilə hazır pansitaya işarə edib onu özləriylə aparacaqlarını dedi, şax pulları verib qalığı gözləmədən çıxıb getdilər.
Polis məntəqəsinə üz tutdum. İctimai Asayiş Nazirliyi məsələdən agah olmalı idi. Bəli, düşünürdüm ki, onlar sənədləri eşələyib köhnə istintaq işlərini qaldıracaq, qısa saçlı cavanları tapıb gətiricək, ədalət öz yerini tutacaq. Polisə salam verdim, ona nizamsız cümlələrlə ağ ofroaderdən, polkovnikdən, düymələrdən, Valentinadan danışdım. Soruşdu:
– Nömrəsiz ağ ofroader?
– Hə, hə, – deyib gördüm ki, məni anlayır. Ardınca isə məndən nəyə görə yalan ifadə verdiyimi soruşdu. Nə maşın, nə nömrə, nə adlar – birini də soruşmadı. Ona təsvir lazım idi, çünki əks halda rəis onu işdən qova bilərdi:
– İndi sözünüz nədir, kimə qarşı ittiham irəli sürək? Saçı qısa vurulmuş cavanlara qarşı?
Polis mənə özümü ələ almaqda kömək etdi. Dodağım səyirirdi.
Polis:
– Cənab, xahiş edirəm, evə gedin. Artıq danışmaq istəmirəm, – deyib üzünü çevirdi.
Amma mən axı Prezidentin təhlükəsizlik xidmətinin məxfi əməkdaşlarını tanıyan jandarmın qardaşı oğlu ilə tanışam. Məni heç kəs ələ sala bilməz! Hərbçilərlə, polislərlə, casuslarla görüşdüm. Kimsə mütləq polkovniki və onun dörd mühafizəçisini tanımalı idi!
Valentina ilə tanış oldum. Kaş ki vaxtında sənə qulaq asaydım, ideyalarını, fikirlərini, gələcəyə baxışlarını bölüşəydim. Bunları sənin yoxluğunda düşünməli oldum. Torpağı yenidən canlandırmaq, qarğıdalı əkmək, üç keçini otlağa buraxmaq... Valentina cənubi verakruzlu kimi bir onu bilir ki, hər şeyin bir tanrısı və bir səbəbi var. Niyə axı səndən nəylə maraqlandığını soruşmadım? Sviter bundan vacib idimi?
Valentina ilə necə söhbət etməyin və sənin barəndə ona nələri deməyin lazım olduğunu müəyyən etdim. Səni ona təsvir etdim, istəklərini, ideallarını başa saldım, anlatdım ki, dünya düzələcək, xeyir şərə qalib gələcək. Onun hüquqlarını qorumaq üçün hər zaman köşkün yanında dayanıb ucadan danışır, amma ondan çox sənin adını çəkirdim. Maşının aşkarlanmasını tələb etmişəm, itkin düşənlərə görə səsimi qaldırmışam, bar-bar bağırmışam ki, sən nə inqilabçı, nə terrorçu, nə də cinayətkarsan – sən, sadəcə, problemləri həll etmək istəyən bir gəncsən, vəssalam. Axırda bir nəfər qorxa-qorxa mənə bir neçə ad pıçıldadı: “FTİ”. “Polkovnik”. “Qara canavar”.
Ötən hər il məni sənə daha da yaxınlaşdırırdı. Mən övladları inqilabçı olan valideynlərlə birləşdim. Onların da uşaqları yanlarında deyildi – hamısının da baiskarı maşın və qısa saçlılar idi. Onlardan nə qədər çox ismarıc alırdımsa, səsimi bir o qədər çox qaldırırdım. Məni qorxudurdular, döyəcəkləri, qanımı tökəcəkləri, evimi dağıdacaqları ilə hədələyirdilər. Mənsə susmurdum, daha bərkdən qışqırırdım – öz aləmində yaşayan və daim “Tuerkas, çəhrayı pantera, Uesosa, Qara canavar, qum, on dörd” sözlərini təkrarlayan dilənçiyə qulaq asa-asa axtarışları davam etdirirdim.
Köşkdə Valentinanın digər adamının oğurlanması maşının, əlbəttə ki, ağ maşının təkərinin partlaması səbəbindən baş tutmamışdı. Daha günləri saya bilmirəm, öz otağındaca sənə xəyanət etmişəm: sayı itirmişəm...
Başımı qaldırıb ağ, bəli, həmin o nömrəsiz ağ maşını görürəm. Maşının banında çuxura oxşayan açıq dəlik var, amma qısa saçlılar yoxdu. Köşkün yanındakı pilləkəni qaça-qaça düşürəm, arxamca qəttəzə köynəkli, qısa saçlı iki nəfər gəlir, məni itələyir, qarşımı kəsirlər. Əl-qol atıram. Qəttəzə köynəkli iki nəfər ayaqlarımdan, qollarımdan tutub məni qaldırır, kartof çuvalı kimi maşına atır. Salonu qapqara olan maşında zülmət qaranlıqdı. Yalnız əynimdəki köynək ağarır. Bu köynək Valentinanındır.
Narahatam. Ona görə yox ki, anan mənə evdən çıxarkən əynimi qalın eləməyi tapşırıb, ona görə yox ki, gedəcəyim yeri bilmir, ona görə yox ki, olduğum yeri heç vaxt bilməyəcək. Qorxuram, məni sənin yanına – Las-Arenasdakı həbsxanaya aparmasınlar. Ora aparsalar, səni görəcəyəm, səsini eşidəcəyəm, səni qucaqlayıb deyəcəyəm ki, bütün bu müddətdə yadıma düşmədiyin, səni xatırlamadığım bir günüm belə olmayıb. Deyəcəyəm ki, yeddi min dörd yüz otuz yeddi gecədən sonra burada – sənin yanındayam.
Üstümü yoxlayıb üç düymə tapırlar. Onlar mənimdir, mənimdir! Düymələri götürmürlər, mənə saxlayırlar, çünki bu düymələrlə heç kəsi öldürə bilmərəm. İndi mən onların nəzərində adi bir dərziyəm.
Yüngül cismani təzyiq, aqressiv dindirmələr, yüz səkkiz saat yatmamaq, qulaqbatırıcı səs, elektrik cərəyanı. Yox, onlar məni başçılarının yanına aparmalıdırlar, çünki ayrı planetdən gəlməmişəm, sənin atanam, oğlumu axtarıram.
Bu kamera mənim qəfəsimdir. Qapı qanıma bulaşır. Məni bir də döydükləri üçün təşəkkür edirəm. Çarpayının altında yerindən qopmuş bir kərpic var. Sınmış barmaqlarım kərpici saxlaya bilmir. Cəhd edirəm. Bir də cəhd edirəm. Axırda götürürəm. Lap dibdə gözümə pas atmış nəsə sataşır. Əlimi irəli uzadıram, sınıq barmaqlarımla həmin əşyanı özümə tərəf çəkirəm... Üzərində lövbər əks olunmuş düymədir.
Düyməni götürüb öpürəm, bağrıma basıram. Sən buradasan, mən də buradayam. Yenə birlikdəyik, yenə birgəyik. Bədənim ağrıyır, elektrik cərəyanını artıq xatırlamıram. Sənin tərinin qoxusunu hiss etməyin həsrətindəyəm.
Bu zindanda son dəfə nə vaxt olmusan? Ümid edirəm ki, sənin yerini tutmağıma görə narahat olmazsan. Görəsən, böyümüsən? Üzün tüklənib? Özün öz qayğına qala bilirsən?
Səndən bundan sonra nə edəcəyini soruşmalıyam. Hə, yersiz sualdır, hələlik yeganə işimiz nəfəs almaq və sağ qalmaqdır. Başqa çıxış yolumuz yoxdur – nəfəs almaq, ya da ölmək. Sənə bütün məhəbbətimi, bütün ümidimi, bütün varlığımı göndərirəm. Qışqırıram:
– Auuuu!
Adını səsləyirəm. Hə, yaşayırsan!
Mən buradayam. Kamerana qayıdanda özün də biləcəksən... Həmin o düymələri görəndə hər şey sənə aydın olacaq.
İspan dilindən tərcümə edən: Günel Hacıyeva