Elektron ədəbiyyat və sənət portalı

“Köçürülmə” mənim uşaqlığımın tarixçəsidir”

Bölmə: Müsahibələr 22.04.2019

 

Ömrü boyu yazsa da, hər bir yazıçının yaradıcılığında seçilən, digərlərindən fərqlənən bir və ya bir neçə şah əsəri olur ki, bu da onun ədəbiyyatda yerini və mövqeyini müəyyənləşdirir. Tanınmış yazıçı Məmməd Orucun yaradıcılığında “Köçürülmə” romanının xüsusi yeri var. Müəlliflə onun 1948–1951-ci il­lərdə Qərbi Azərbaycan torpaqlarından zorla köçürülən həmvətənlərimizin fa­ciəsindən bəhs edən “Köçürülmə” romanı haqqında söhbətləşdik:

– Məmməd müəllim, öncə “Köçürülmə”nin mövzusu və ya­ranma tarixçəsindən danışaq. Əsəri nə vaxt yazmağa başla­dınız? 1980-ci illərin sonlarında Ermənistanda yaşayan soy­daşlarımızın başına gətirilən faciələrin romanın yazılması­na nə dərəcədə təsiri oldu?

– “Köçürülmə” mənim uşaq­lığımın tarixçəsidir və əslində, bu romanımda Amerika-zad açmamışam, uşaqlıq il­lərimi xronoloji ardıcıllıqla “ipə-sapa” düzmüşəm. Niyə? Çünki acınacaqlı məqamlarla dolu bu hadisələr məni həmişə düşündü­rüb. Səksəninci illərin sonlarında “Köçürülmə”ni tamamlamaqla sanki ürəyimi boşaltdım. Əsərin yazılma tarixinə gəlincə, bunu müəyyən bir çərçivəyə sala bilmərəm. Çünki “Köçürülmə”ni bir roman kimi başlayanda bu əsərdə motivlərindən ara-sıra istifadə etdiyim “Göz dağı” povestini bitirmişdim və “İntizardan sonra” kitabımı da çap etdirmişdim, romana ayrıca fəsil kimi əlavə etdiyim “Şanqo” povesti də artıq hazır idi. Yeri gəlmişkən, “Şanqo” povest kimi yalnız Moskvada rus dilin­də çıxan “Rəqs melodi­yası” kitabımda çap olunmuşdu. Yəqin ki, “Şanqo” vaxtında Azərbay­canda, Azərbaycan dilində çap olunsaydı, mən onu ayrıca fəsil kimi “Köçürülmə” romanına daxil etməzdim. Ermənis­tanda yaşayan soydaşlarımızın dədə-baba yurdlarından didərgin salınması isə məni neçə illərdən bəri rahatlıq verməyən əhvalatları bədii əsər kimi yazmağa istiqamətləndirdi. Yeri gəlmişkən, bu zaman artıq Krım tatarlarının Krımdan, Ahıska türklərinin Ahıska ellərindən sürgün olunması sovet mət­buatı üçün yasaq mövzu sayıl­mırdı. Qorbaçovun “yenidən­qurması” sel kimi gəlirdi. Sel isə, təəssüf ki, yalnız səngiyəndən sonra durulur və yalnız onda bi­lirsən ki, bu sel özüylə nə aparıb, nə gə­tirib...

– Romanın yazılma prosesi necə oldu? Onu nə qədər müd­dətə tamamladınız?

– İki aylıq məzuniyyət götürüb Yurmalaya – Yaradıcılıq evinə getdim və elə bu iki ay ərzində də romanı tamamladım. Yadım­dadır, hətta elə gün olurdu ki, 10-15 səhifə yazırdım. Çün­ki nəsə uydurmağa ehtiyac yox idi – gördüklərimi, yaddaşımda olanları yazırdım. Buna ruslar “povestvovaniye” deyirlər. Amma əlyazmanı “Karvan” jurnalında oxuyanlar janrı həcminə görə müəyyən­ləşdirib “bu, romandı” dedilər.

– “Köçürülmə” bir xalqın, et­nosun dərdini əks etdirən ağrı romanıdır. Hə­min ağrını romanlaşdırmaq sizin üçün nə dərəcədə çətin oldu?

– Məncə, insanı iş-gü­cünü atıb yazmağa vadar edən elə ağrıdı. O cümlədən məni də qələmi əlimə almağa həmişə yalnız ağrı vadar eləyib.

– Oxucuların çoxu ən uğurlu əsərinizin “Oyun havası” ol­duğunu düşünür. “Köçürül­mə”, sizcə, o biri əsərlərinizə nisbətən diqqətdən kənar qal­mayıbmı?

– Bəzi oxu­cularla müəyyən mənada həmrəyəm. “Köçürülmə”yə gəlincə, roman, güman etdiyiniz kimi, o qədər də diqqətdən kənar qalmayıb – “Karvan” jurnalında çap olu­nan il M.F.Axundov müka­fatına layiq görülüb. Bu, sıradan bir təltif deyildi. Arxasında 2500 manat pul du­rurdu və o dövr üçün bu heç də az məbləğ deyildi. İkincisi, Azərbaycan yazıçılarının X qurultayında roman təqdir olundu. Nəsr üzrə məruzəçi Vilayət Quli­yev onun haqqında ətraflı bəhs elədi.

– Bəzi oxucuların fikrincə, əsərin müəyyən yerlərində sanki bir qədər uzunçuluq var; məsələn, sovet buğası – Şanqo ilə bağlı hissədə sovet hökumətinin mahiyyətini ifşa edən təfərrüatları nümunə gətirə bilərik...

– Bu gün özüm də romanı yeni gözlə varaqlayanda lüzumsız parça­lar görürəm, amma sovet buğa­sı – Şanqo ilə bağlı fəsil, məncə, romanın ən uğurlu yeridir.

– “Köçürülmə”ni indi yazsa­nız, orada nələri dəyişər, nələri əlavə edərdiniz?

– “Köçürülmə”ni indi yaz­saydım, üç paralel aparardım: azərbaycanlılarla yanaşı, Krım tatarlarının, Ahıska türkləri­nin deportasiyasını da bu ro­manda qələmə alardım və bu üç toplumun nümayəndələ­rini Orta Asiya çöllüklərində görüşdürərdim. Çünki hər üç deportasiyanın səbəbi eynidi. Səbəb eynidirsə, nəticə fərqli ola bilməz.

– Əsas obrazlardan biri olan Almurad əsərdə deyir ki, Vedi torpağı əvvəl-axır bu gün zor­la köçürülən adamları yenidən başına yığacaq. Ümumiyyət­lə, torpağın, məkanın hansısa mistikası ola bilərmi?

– Hər şey göz qabağında­dır. Bu gün sonsuz çətinliklə­rə baxmayaraq Krım tatarları, Ahıska türkləri yurd-yuvalarına qayıdırlar... Elə isə Azər­baycan türkləri nədən Qərbi Azərbaycana qayıtmasınlar? Krım tatarlarını, Ahıska türk­lərini bu gün doğma ocağa qaytaran nədir? Məncə, qan yaddaşı heç də gəlişigözəl bir söz deyil, gerçəklikdi.

– Vedidən çıxanda neçə yaşı­nız var idi və yadınız­da ən çox nələr qalıb?

– Mən 1947-ci ilin martında doğulmuşam. Bizi Vedidən 1951-ci ilin payızında depor­tasiya eləyiblər. Bu fəslin də­qiq yadımda qalması atamın köç-külfətimizlə bir yerdə Daşburun stansiyasına gətirdi­yi armud yeşikləri ilə bağlıdır. Atam o armuddan bizə vermirdi, stansiyada satırdı ki, dolanışıq üçün pul eləsin.

– “Köçürülmə” romanının gi­rişində bir daşdan söz açırsı­nız. O daş indi də sizə nələrisə yazdırır?

– O daş yazıçı təxəyyülü­nün bəhrəsi – uydurma-filan deyil. Həqiqətən, köçürülmə ərəfəsində deyirdilər ki, ge­dəcəyiniz yerdə daş yoxdur. Mən də o daşı götürmüşdüm ki, yeni məkanımızda əlimə qoz, fındıq düşsə, sındıra bi­lim. Amma doğrusu, ümumiyyətlə, daha heç nə yazmaq istəmi­rəm, bir ağac böyütmək mə­nim üçün hər şeydən maraqlıdı.

– Romanın motivləri əsasın­da film çəkilsə, sizcə, nə dərə­cədə uğurlu olar?

– Məncə, bu, rejissordan ası­lıdı. Türklərin eyni mövzuda çəkdikləri “Sürgün” serialı çox maraqla qarşılanmışdı. Yeri gəlmişkən, hələ roman gündəmdə olanda rejissor Ra­sim İsmayılov romanın ssena­ri variantını yazıb ovaxtkı bədii şuraya təqdim etmişdi, amma ömür ona aman vermədi. Ssenari, yəqin, indi arxivində qalar. Hər halda, film çəkilsə, yaxşı olardı. İnternet və telekanallar, təbii olaraq, oxucuları əlimizdən aldı, elə bizim özümüzü də tamaşaçıya çevirdi.

– Bir qədər öncə dediniz ki, daha heç nə yazmaq istəmir­siniz, bir ağac böyütmək sizin üçün da­ha maraqlıdı, amma son üç ildə iki roman çap etdirmisiniz: “Qısa qapanma” və “Qa­ra güzgü”...

– ...“Qara güzgü”, əslində, “Köçürülmə”nin əvvəli, “Qı­sa qapanma” isə müəyyən mənada ardıdır. Amma gəlin görək, bu iki romanı redaktorları, korrektorları çıx­maq şərtiylə on-on beş adam oxuyubmu? Hərdən fikirləşi­rəm, görən, biz niyə yazırıq? Necə deyərlər, əgər qaloş geyinən yoxdur­sa, qaloş fabriki nəyə lazımdır? Amma yox, mən bədbin deyiləm, söz dünyası xiridarlardan xali deyil. Bir də ki yalnız yazılan qalır. Əbədi olan da yalnız ədəbiyyatdır.

 

Elmin NURİ