Sevdiyin kitabı göstər, deyim sən kimsən. Həqiqətən də, bir insanı yaxından tanımaq üçün onun hansı əsərlərə üstünlük verdiyini bilmək heç də az əhəmiyyət kəsb etmir. Təxəyyül məhsulu olan ədəbiyyatı dünyaya təqdim edən yazıçı üçün isə kitab həm də ən yaxın dost, məsləkdaşdı.
Bu səbəbdən əksər yazıçılar onların yaradıcılığına təsir edən əsərlərin siyahısını hazırlayıblar. Məşhur “Yüz ilin tənhalığı” romanının müəllifi, Nobel mükafatçısı Qabriel Qarsia Markesin də belə bir siyahısı olub. “Həyat haqqında söz demək üçün yaşamalısan” əsərində Markes onu heyrətləndirən və yazıçı edən 24 kitabın adını qeyd edib.
- Frans Kafka – “Çevrilmə”. Kafkanın “Metamorfoz”unu oxuyandan sonra məndə dəhşətli dərəcədə həmin o yad aləmdə yaşamaq istəyi yarandı. Səhəri gün artıq borca götürdüyüm yazı makinasının arxasında oturub Kafkanın kitabında nəhəng həşərata çevrilmiş o zavallı bürokratın həyatına bənzər nəsə bir şey yazmağa cəhd etdim. Təsəvvürümdəki bu sehrli aləmin qeyb olmaması üçün bir neçə gün universitetə də getmədim. Müəllifə qarşı içimdə baş qaldıran paxıllıqdan hətta sifətim də tərləmişdi.
- Tomas Mann – “Sehrli dağ”.
- Aleksandr Düma – “Dəmir maskalı adam”.
- Uilyam Folkner – “Hay-küy və hiddət”.
- Uilyam Folkner – “Mən öləndə”.
- Uilyam Folkner – “Vəhşi palmalar”. “Əvvəllər Folknerdə dərk olunması mənə qəliz görünən aləm bu dəfə bütün gözəlliyi və səmimiyyəti ilə qarşımda dayanmışdı”.
- Xorxe Luis Borxes – “Alef” və başqa əsərləri.
- Ernest Heminquey – “Hekayələr toplusu”.
- Oldos Haksli – “Kontrapunkt”.
- Sofokl – “Çar Edip”. “Çar Edip” elə ilk oxunuşdan mənə mükəmməllik təsiri bağışladı”.
- Nataniel Hotorn – “Yeddi cəbhəli ev”. “Bu kitab yaddaşımda əbədi iz buraxdı”.
- Harriet Biçer-Stou – “Tom dayının koması”.
- Herman Melvill – “Mobi Dik”.
- Devid Herbert Lorens – “Oğullar və məşuqlar”.
- “Min bir gecə”.
- Con Steynbek – “Siçanlar və adamlar haqqında”.
- Con Steynbek – “Qəzəb salxımı”.
- Erskin Kolduell – “Tütün yolu”.
- Katrin Mensfild – “Hekayələr”.
- Con Dos Pasoss – “Manhetten”.
- Virciniya Vulf – “Missis Dellouey”. Markes yazırdı ki, bu əsəri əzbər bilir. Elə ilk oxunuşdaca özünü sanki “dünyanı kəşf etmiş” bir insan kimi hiss edib.
- Virciniya Vulf – “Orlando”.
- Robert Natan – “Cenninin portreti”.
- Ceyms Coys – “Uliss”. “Uliss” təkcə o vaxtacan varlığından özümün də xəbərsiz olduğum daxili dünyamı açmaqla kifayətlənmədi, yazmağın zəngin üsullarını dərk etməkdə, dili artıq yükdən azaltmaqda, zamanla lazımi təmas qurmaqda, əsərə quruluş vermək bacarığını mənimsəməkdə mənə yardımçı oldu”.