Azala-azala yox olur adam
Başqasının bətnində yaransa da,
öz içində doğulur adam...
Yaşayır...
Havası çatmır,
həm istidən,
həm soyuqdan,
vardan,
yoxdan,
sevgidən,
sevgisizlikdən,
kədərdən,
sevincdən...
bir sözlə,
içdən-içdən əzab çəkir, boğulur adam...
Ancaq ən pisi, dostların,
yaxınların sevgisindən yıxılır adam.
Elə yıxılır ki,
çilik-çilik olub öz içinə dağılır adam.
Sonra da
qırıntılarını yığıb toplamağa çalışır öz içində.
Neyləsə də,
bir qırıntısı da olsa, kəm gəlir hər dəfə.
Hər dəfə bir qırıntı, bir hissə azalır, çıxılır adam.
Hər dəfə bir az kiçilir, sıxılır adam...
Azala-azala,
nəhayət, bir gün tükənir öz içində...
Beləcə, yox olur adam...
Otuz ildir Sənə tərəf gəlirəm
Ömrü-günü bağışlayan Allahım,
Sən verdiyin günə tərəf gəlirəm.
Dənləyirəm dəqiqələri, anları,
Sən səpdiyin dənə tərəf gəlirəm.
Gündə min yol düşüb haldan-hala mən,
Yüngülləşdim daim dola-dola mən.
Uzaqlardan çıxmışam ey, yola mən,
Yavaş-yavaş mənə tərəf gəlirəm.
Bilmirəm ki, yüyürüm mən, uçum mən,
Tələsirəm nəfəsini qucum mən...
Otuz ildir bir səs gəlir içimdən,
Həmin səsə, ünə tərəf gəlirəm.
Nə dərdim var? Ürək açıq, əl açıq,
Sevgi böyük, vüsal sonsuz, yol açıq...
İlk dəfədir, nabələdəm, yola çıx,
Otuz ildir Sənə tərəf gəlirəm...
Gözə gəlir
Ha ölçürəm, nəsə çölüm
İçərimdən qısa gəlir.
Qəm də məndən əl çəkmir ki,
Köhnə gedir, təzə gəlir.
Dərdlərim var dağdan ağır,
Hamısı da kövrək, fağır.
Gizləsəm, qəlbimi sıxır,
Deyirəm də, gözə gəlir.
Ana, könlüm sözə möhtac,
Gözüm toxdur, ürəyim ac.
Bir yaxşı can süfrəsi aç,
Bu gün ölüm bizə gəlir...