Kristofer Marlo (1564–1593)
Böyük ingilis dramaturqu, Şekspirin müasiri olan (hətta “VI Henrix” tarixi dramının birinci hissəsini onlar müştərək yazıblar) Marlo 29 yaşında qəlyanaltıxanada baş verən dalaşmada ölüb. Əslində, dramaturqun günü belə yerlərdə keçər, o, tez-tez xoşagəlməz hallarla üzləşərmiş. İlk baxışdan belə görünə bilər ki, bu bədbəxt hadisənin baş verməsində də qeyri-adi nəsə yoxdur – amma əgər ortada bir məsələ olmasaydı. Belə ki, dramaturq ingilis kəşfiyyatı ilə əməkdaşlıq edirdi. İstintaqın bilərəkdən dolaşığa salınması belə qənaətə gəlməyə əsas verir ki, bu ölüm hadisəsi xüsusi xidmət orqanları tərəfindən etibarsız casusdan xilas olmaq məqsədilə planlı şəkildə təşkil olunub.
Novalis (1772–1801)
Görkəmli alman yazıçısı və filosofu Novalis də cəmi 29 il yaşayıb. Erkən ölüm “Henrix fon Orterdingen” və “Gecənin himni” kimi məşhur əsərlərin müəllifinə yaradıcılıq ideyalarının əksəriyyətini həyata keçirməyə aman verməyib. O, həyatının son illərində Fridrix Şillerlə yaxın dostluq münasibətlərində olub. Çox güman ki, vərəmə də uzun illər bu xəstəlikdən əziyyət çəkən Şillerdən yoluxub.
Persi Bişi Şelli (1792–1822)
“Frankenşteyn” romanının müəllifi Meri Qodvinin əri olan məşhur ingilis şairi Persi Bişi Şelli də 29 yaşında faciəvi şəkildə həlak olub.
Ona qarşı yönələn siyasi təzyiqlərə və ədəbi tənqidlərə dözməyən şair doğma vətənini tərk edərək xanımıyla İtaliyaya mühacirət edib və həyatının son illərini burada keçirib.
Şelli üzə bilməsə də, dənizi dəlicəsinə sevirdi. O özünə balaca bir bərə alıb sahilboyu üzmək qərarına gəlir. Və günlərin bir günü şairin bərəsi özüylə birlikdə sulara qərq olur.
Con Kits (1795–1821)
Digər böyük ingilis şairi Con Kits də faciəvi həyat yaşayıb. Mürtəce düşüncəli həmkarları şairin “Endimon” poemasını və ilk qələm təcrübəsi olan şeirlər toplusunu tənqid atəşinə tuturlar. Bu da gənc şairin onsuz da zəif olan sağlamlığını daha da ağırlaşdırır. O, 1818-ci ildə keçirdiyi güclü streslərdən vərəmə tutulur. Bununla belə, Kits yaradıcılıqdan uzaqlaşmır: ömrünün qalan son üç ilində sonralar XIX əsr ingilis poeziyasının klassikasına çevrilmiş şah əsərlərini yazır. 1821-ci ildə İtaliyada vəfat edən şairin cəmi 25 yaşı var idi.
Mixail Lermontov (1814–1841)
Böyük rus şairi Lermontovun ölüm tarixçəsi hamımıza hələ məktəbli vaxtlarımızdan məlumdur. O, 26 yaşında dueldə öz hərbçi yoldaşı Nikolay Martınov tərəfindən öldürülüb. Aralarındakı münaqişənin yaranmasına səbəb gənc şairin hər dəfə əynindəki çərkəzi geyimə görə hərbçi yoldaşına lağ etməsi olub. Martınov bir neçə dəfə ondan buna son qoymağı tələb etsə də, Lermontov xüsusən də adamlar qarşısında məsxərələrinə davam edib. Nəticədə iş dueləcən böyüyüb. Şahidlərin sözlərinə görə, ilk atəşi şair açıb. Lermontov tapançasını yuxarı qaldıraraq havaya güllə atıb. Rəqibi isə bu barışıq jestinə məhəl qoymadan şairin düz ürəyini nişan alıb.
Lotreamon (1845–1870)
Qraf Lotreamon XIX əsrin ən sirli fransız yazıçısı, şairi kimi qəbul olunur. Simvolistlərin və sürrealistlərin yaradıcılığına böyük təsir göstərmiş məşhur “Maldororanın nəğmələri”nin müəllifinin həyatı haqqında çox az məlumat var.
Onun ölümü də müəmmalarla doludur. 24 yaşlı gənc yazarı Paris otellərindən birində ölmüş halda aşkar edirlər. Səhərisi gün onu şəhər qəbiristanlığında dəfn ediblər. Bir ildən sonra isə onun nəşini qəbirdən çıxarıb başqa yerdə basdırıblar. Həyatı sirlərlə dolu yazarın basdırıldığı yer də bilinmir.
Alen-Furnye (1886–1914)
1913-cü ildə nəşr etdiyi debüt romanı olan “Böyük Moln” fransız yazıçısı Alen-Furnyeyə dünya şöhrəti qazandırdı. Ədəbi tənqidçilərin yekdil qənaətinə görə, əsərin müəllifini parlaq gələcək gözləyirdi. Amma bir il sonra I Dünya müharibəsi başlandı və 27 yaşlı yazıçını orduya çağırıb cəbhəyə göndərdilər. Alen-Furnye müharibənin elə ilk günlərində həlak oldu – tərkibində vuruşduğu hərbi hissə Sen-Remi meşəsində alman əsgərlərinin mühasirəsinə düşüb məhv edildi.