Məsafələrin şeiri...
Ən gözəl qadınlar uzaqlarındı,
Uzanır yollar da, yaxına gəlmir.
Aldana bilmirsən ayaq səsinə,
Daha kölgələr də yuxuna gəlmir.
Ən gözəl qadınlar uzaqlarındı,
İsidə bilmirsən buz əllərini.
Gəlin köçürürsən “Vağzalı” üstə,
Divarda rəqs edən şəkillərini.
Ən gözəl qadınlar uzaqlarındı,
Uzaqlar öyrədir uzaq baxmağı.
Yox, sənə ürəyin ağrı vermirsə,
Heç nəyi dəyişmir solda olmağı.
Ən gözəl qadınlar uzaqlarındı...
Gəl hərdən, gəl həddi aşıb darıxaq.
Burda dadı yoxdur tək darıxmağın,
Gəl birlikdə qoşalaşıb darıxaq.
Ən gözəl qadınlar uzaqlarındı,
Ömründən vaxt saxla qonaq olmağa.
Daha darıxmağın sonuncu günü,
Gəlirəm, mən sənə uzaq olmağa...
Mənə bel bağlama...
Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Birgünlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam.
Ömründə dəvətsiz qonaq bil məni,
Əbədi yanında qala bilmərəm.
Bu evdən, ocadan uzaq bil məni,
Qəlbinin sakini ola bilmərəm.
Gedərəm həsrətlə sıxıb köksünü,
Axar göz yaşların, kiriyə bilməz.
Gülüm, ayağından şikəst sevginin
Əlindən tutsan da, yeriyə bilməz.
Ömrünə yeni bir sevgi soraqla,
Demə ki, bağlanıb bütün qapılar.
Saxla, ürəyində məhəbbət saxla,
Sənin də üzünə gülən tapılar.
Yandır bu tilsimi, qır bu tilsimi,
Düşünmə əlində çıraq olacam.
Bəlkə də, yanından ayrılan kimi,
Kiminsə ömründə qonaq olacam.
Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Birgünlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam.
Ağrıların şeiri...
Sən getdin, ömrümdə tufan qopardın,
Boğuldum ayrılıq dənizlərində.
Eh, nəyin vardısa yığıb apardın,
Bir məni unutdun cehizlərində.
Bəxtimiz gülmədi ikimizin də,
Bizimki evliykən, subaylıq oldu.
Bətnində böyüyən körpəmizin də
Ömrü qısa oldu, üçaylıq oldu.
Ayrıldıq, bəlkə də, şeytana uyub,
Bəlkə, bir işinə yaramamışdım.
Saçını doyunca öpüb-oxşayıb,
Saçını doyunca daramamışdım.
İndi yaşamağa gərək tapmıram,
Həyatım gözünün yaşında gedib.
Gəzirəm, sinəmdə ürək tapmıram,
Ürəyim sən gedən maşında gedib.
Çiləndim su kimi, yoluna axdım,
Sənin gedişinə qarşılıq idi.
Sən getdin...
Arxanca doyunca baxdım,
İlahi, nə gözəl ayrılıq idi...
İlk məhəbbətin...
Gözlərin gülürmü, üzün gülürmü,
Köçdüyün ünvanın, yerin necədir?
Mənimtək qadanı ala bilirmi,
Nazına dözürmü, ərin necədir?
Özünü çox üzmə, başına dönüm,
Göndər, mənə gəlsin qəmin, həsrətin.
Əzəldən belədir, ay ömrüm-günüm,
Ömrü uzun olmur ilk məhəbbətin.
Hərdən xatırlayıb nişanda, toyda,
Doymazsan adımı əzizləməkdən.
Mənimsə gözlərim pəncərə boyda
Böyüyər hər axşam yol gözləməkdən.
Gözləmək əbəsdir, əbəs, bəlkə də,
Bu gün də xəyaldır dünən dediyim.
Bu şanlı-şöhrətli böyük ölkədə,
Tək sizin küçəymiş vətən dediyim.
Cavandıq, bilmədik bir həqiqəti,
Dedilər, ümidlər sonunda ölür.
Bütün oğlanların ilk məhəbbəti
Qızların gəlinlik donunda ölür.