Elektron ədəbiyyat və sənət portalı

Kuba yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 03.05.2019

 

Bizim Onelio

 

Sergey Zalıgin Çexov haqqında essesində yazırdı: “Artıq çox mətləblərin deyildiyi yerdə fikir yarımçıq da kəsilə bilər. Bu zaman yarımçıqlıq haradasa həmin o çoxluğa əlavə təsir gücü verir, hətta məzmun daha geniş forma alır”.
Kubalı yazıçı Onelio Xorxe Kardosonun (1914–1986) sözə münasibətdə bu xəstəhal həssaslığı, güman ki, özünün də çox sevdiyi rus yazıçısının ona təsirindən qaynaqlanır.
Kardoso heç vaxt uzun hekayə yazmayıb. Bir dəfə özünü roman janrında sınamaq istəsə də, yeddi hissə yazdıqdan sonra yandırıb. Əslində, onun hekayələrində də hadisələrin geniş təsviri yoxdu. Görünür, yazıçı buraxılmış, sonacan deyilməmiş fikirləri doldurmağı, mənalandırmağı oxucunun öz öhdəsinə buraxır. Təbii ki, bu da onun oxucusuna olan inamından irəli gəlir.
Yazıçının yaradıcılığı ətrafında uzun illərdən bəri davam edən mübahisə bu gün də səngimir. O, sadə, yoxsa mürəkkəbdi? Onda başlanğıc nədi: ilahi vergi, yoxsa ustalıq? Aydın məsələdi ki, yaradıcılıq prosesində ilham, təcrübə və ustalıq ayrı-ayrılıqda deyil, bir-biriylə vəhdətdədi. Amma bu məlum formul Onelionun timsalında bir qədər fərqli məna kəsb edir. Özünün etiraf etdiyi kimi, o qədər də geniş erudisiyaya, mütaliəyə malik olmayan yazıçı ən adi süjetə müraciət edərkən qarşıya bədii yaradıcılığın elə qəliz düyünlərini açmaq məqsədi qoyur ki, bu texnikaya hətta ən intellektual yazıçı belə heyrətlənməyə bilməz.
Onelionun hekayələrini oxuyarkən yazıçının yaratdığı həyata kənar müşahidəçi qismində qalmaq mümkün deyil. “Mənə qulaq as və sən hər şeyi başa düşəcəksən!”, “İstəyirsən inan, istəyirsən inanma, amma olan budu!..”. Bəli, hər hekayə yazıçıyla təmasa girən oxucuya bu fikirləri təlqin edir. Və oxucu istər-istəməz təxəyyüldən qurulan bu məkana biganə qala bilmir, hadisələrin canlı iştirakçısına çevrilir.
İspan sözü olan “kuentero” tərcümədə “hekayətçi” mənasını verir. Amma kubalılarda bu ifadə daha geniş çalarlıdı. Sağlığında hamının sevimlisi olan Onelionu da “Kuentero” çağırırdılar. Öləndə qəzetlərin çoxu bu başlıqla çıxmışdı: “Baş Kuentero həyatdan köçdü”. Həm də ispandilli ölkələrin çoxunda ən sevimli insanları sadəcə, adıyla çağırırlar; məsələn, Kubada Çe Gevara xalqın dilində Çe, Fidel Kastro Fideldi. Onelio Xorxe Kardosoya gəlincə, yazıçı hətta onun haqqında yazılan akademik məqalələrdə belə eləcə Onelio kimi təqdim olunur. Bu həmin şəxsin öz xalqına doğmalığına bir işarədi. Yəni o bizim adamdı. Ümid edirik ki, hekayəsini oxuduqdan sonra kubalıların bu doğma adamı azərbaycanlı oxucu üçün də daha yad olmayacaq.

 


Onelio Xorxe Kardoso

MEME
(hekayə)

 

Trinidadda yaşayan bir qadın  hazırladığı məlhəmlə bütün xəstəliklərə çarə eləyərdi.

Florentino Martinesin
“Santa-Klaranın keçmişi” kitabından

Bir xəbər dərhal hər tərəfi bürüdü – künc-bucaqda danışmağa başladılar:
– Meme şəfa tapıb, ayağa qalxıb?
İnana bilmirdilər. Bir də ki necə inanasan? Neçə illərdi, kresloya pərçimlənmiş bu qadın evinin qapısı ağzında keşikçi kimi oturub çayın sahiliylə yuxarı-aşağı gedənlərə baxa-baxa qalmışdı. Göyün səhərlər nə rəngdə, axşamlar nə rəngdə olduğunu əzbər bilirdi. Onun bu otuz yeddi illik ömrünün iyirmi ili kresloya pərçimli halda keçmişdi. Meme ərə erkən getmişdi, amma düz üç aydan sonra onu iflic vurmuşdu, ayaqları tutulmuşdu və heç bir dava-dərman dərdinə çarə olmurdu.
Camaat:
– Ata necədisə, qızı da elə olacaq, – deyərdi, – əgər büsbütün ona çəkibsə, burda təəccüblü nə var?
Amma məsələ burasındadı ki, Meme çox sağlam idi, o vaxtacan bir kərə də yatağa düşməmişdi. Atası ona ürəyinin yağını yedirərdi, təkcə ərə getməyini istəmirdi. Amma Meme bildiyini elədi və üç aydan sonra atası qəfil canını tapşırdı. Elə bu üç ayın içində də Memenin ayaqları gün-gün təpərini itirdi. Ürəyinin bir yerində Meme hətta sevindi. Anladı ki, atasına qulaq asmamasının, onun iradəsinə qarşı getməsinin cəzasını çəkir. Deməli, bu əzab ona atasının əzablarına cavab kimi gəlmişdi. Əlbəttə, nadir, görünməmiş bir hadisəydi, necə deyərlər, Tanrı lənətiydi.
Meme bütün gününü atasından danışmaqla keçirərdi: necə yaşamışdı, nə eləmişdi, nəyi bəyənərdi, nəyi bəyənməzdi, necə zəhmətkeş insan idi, at belində gəzməyi necə xoşlayardı, atı necə seçərdi... Atasını elə hey tərifləyərdi, amma əri haqqında bir kəlmə də xoş söz deməzdi. Əslində, əri kimisini çıraqla da gəzsən, tapmazdın. Cəmi üçcə ay yaşamışdılar ki, başlarına bu bəla gəldi. Əri az qala havalanmışdı, arvadını bilmirdi necə ovundursun. Ona dərd-sərini unutdurmaq üçün lap canını da verərdi. Beləcə, il ili əvəzlədi, sonra onun da ürəyi xəstəlik tapdı. Nə lazımdısa elədi və elə bil yavaş-yavaş dərdinə də öyrəşdi.
İyirmi ildə bu yerlərdə elə bir hadisə baş vermədi. Təkcə Belikonun o biri sahilində yol çəkildi və camaat onu Sahilyanı adlandırdı. Memenin gördüyü yeniliklər də, təbii ki, bu yolla şütüyən maşınlar oldu. Bir sözlə, günlər sakit-sakit ötüşürdü ki, qəflətən bir xəbər mərmi kimi partladı.
– Meme özü yeriyir, Meme şəfa tapıb!
Gözüyaşlı Meme Eduvixesin qapısına gəldi:
– Əzizim, görürsən də... trinidadlı təbib qadının gücünü!
Eduvixes özünü elə itirmişdi ki... Memeyə baxıb gözlərinə inanmırdı: nə tutub saxlayan var, nə də arxasında, qabağında, sağında, solunda kreslo gözə dəyir. Özü dayanıb durub.
– Meme! Tanrının kölgəsi həmişə üstündə olsun, Tanrı mərhəmətini səndən əsirgəməsin!
– Trinidadlı təbib, müqəddəs quyunun sahibi olan həmin trinidadlı təbib! – insanlar səs-səsə verib Memenin evinə sarı qaçışırdı – hətta Memenin üzünü belə görməyənlər də – Kaybarien, Manikaraqua, Yaquaxaye camaatı da ancaq bu möcüzədən danışırdı.
– Meme sağalıb, özü yeriyir! İyirmi il idi, kreslodaydı, indi elə bil təzədən doğulub: gözləri qaynayır, yanaqları qızarıb.
– Meme, siftə Trinidada get, ən əvvəl Trinidada get, o qadının ayağını öp, müqəddəs suya səcdə elə.
– Məgər Memeni o sağaldıb? Tanrının iradəsi belə olub.
– Ona da pay düşür. Gör nə boyda xeyir iş görüb.
– Amma pul olmaz, pul götürən deyil. Nəsə bir qiymətli hədiyyə vermək lazımdı. Elə bir şey ki, onun ürəyincə olsun. Hamıya şəfa versə də, özünə bir gün ağlamayıb, həm də tək-tənhadı. Onu bu yoxsulluqdan nə quyusu, nə də duaları çıxara bilib.
Gələnlərin səsi evi başına almışdı. Memenin gözü bu sadə, ciddi görkəmli insanların arasında ancaq bir nəfəri – əri Ernestonu axtarırdı. Harada itib-batıb? Ondan savayı hamı məsələdən halidi. İyirmi il əvvəlki kimi Memenin ərini gözləməkdən gözü saralıb, amma gəlib çıxmır ki, çıxmır. Və Meme bu möcüzəni, kim bilir, neçənci dəfədi danışır:
– Mənə onun barəsində çoxdan demişdilər. Ən əvvəl Xuliya danışmışdı. Demişdi, bəs, Trinidadda möcüzəli quyusu olan bir qadın yaşayır. O qadın gün batanda quyuya gəlib dibinə baxa-baxa dua oxuyur, sonra da vedrəylə ordan su çıxarır. Əgər üç gün dalbadal acqarına bu sudan damcı-damcı içsən, azar-bezarın qalmaz. Hə, mənə onu barəsində çoxdan demişdilər, amma nəsə inanmağım gəlmirdi.
Meme dil-boğaza qoymurdu, yalnız qonaqlara qəhvə dəmləyəndə, hə, bir də ayaqlarına baxanda dilinə dinclik verirdi. Sən dünyanın işinə bir bax, gör neçə ildi ki, plitənin kənarında dayanmamışdı! Sonra təzədən ağzı açılırdı:
– Ernesto Trinidada getməliydi. Onun da öz azarı var – xoruz döyüşdürmək. Baxarsız, bir gün başına hava gələcək. Hə, mən də dedim ki, Ernesto, əgər gedirsənsə, o qadına baş çək, ondan bir şüşə su istə. Sözü deyə-deyə də bilirəm ki, yadından çıxacaq. Birinci dəfə deyil ki... Amma yox, bir şüşə suyla qayıtdı. Budu, bir az içində qalıb. İndi necə olsun? Özüm içim, yoxsa trinidadlı qadına qaytarım?
– Əzizim, ehtiyacı olana ver.
Ernesto gəlib çıxanacan ağız deyəni qulaq eşitmirdi. Onu görən kimi hamı aralandı. Çoxlarının gözü yaşarmışdı. Zarafat deyil, indi o, Memenin otağın ortasında dayanıb gülə-gülə ona baxdığını görəcəkdi.
– Ernesto, gör bir sən nə su gətirmisən. Görürsən, indi sapsağlamam.
Ernestodan səs gəlmədi. Dərhal çölə çıxdı, qaçıb getdi: bircə bu insanlardan uzaq olsun.
– Ernesto, axı bu, həqiqətdi. Bu ki sənin arvadındı, Memedi.
Heç kim, hətta Meme də onu saxlaya bilmədi. Sonra aralarında olan bir ağıllısı belə güman elədi:
– Zarafat deyil, yəqin, özünü itirib... Qoy ayılsın, özünə gəlsin.
Ernesto hər addımını elə bil ayağıyla yox, başıyla atırdı.
Kimin ağlına gələrdi! Həyatında illərlə hər şey tərsinə gedirdi. Dözürdü. İndi hər şey dəyişib, necə olmalıydısa, elə də olub. Özü də hansı möcüzənin gücünə? Bu möcüzə haradan gəldi? Ernesto tozlu, çınqıllı nazik cığırla, demək olar ki, artıq qurumuş Belikona sarı addımlaya-addımlaya bunu heç cür anlaya bilmirdi. Axı necə oldu? Axı kim də olmasa, o özü məsələnin nə yerdə olduğunu yaxşı bilirdi... Ayağındakı köhnə, cırıq başmaqlarla suya necə girdiyindən xəbəri olmadı. Sahildə oturub suya baxa-baxa fikrə getdi. Əgər məsələdən tək özü agahdısa, indi necə olsun? Meme onu lap boğaza yığmışdı: dava-dərman, falçı, təbib... Axır üç ayda zülm çəkə-çəkə qalmışdı. Arvadı nə istəyirdisə, yerin dibindən də olsa, tapıb gətirirdi. Düz bir həftə Memenin ayaqlarını acı quironun yarpaqlarıyla sarıdı. Amma nə xeyri? Ay bədirlənəndə bu yarpaqları qırıb dərman düzəltdi. Yenə xeyri olmadı. İndi buyur, Trinidada getdi, bu da nəticəsi.
Deməli, Ernesto Trinidada özünün aman-zaman bircə xoruzunu aparmışdı. Evdən az-maz pul götürüb, xoruzunu da həsir şlyapasının içinə basmışdı. Memenin üstünü yazdığı kağız da cibindəydi. “Bax ha, su yadından çıxmasın”. Xoruzun işini yarımca saata bitirdilər, yazığı pis günə qoydular. Dörd pesosu da elə o qədər yaşadı. Olub-qalanı ancaq geriyə bileti, bir də xoruzun dərdi idi. Bütün yol boyu fikirliydi. Ölmüş xoruzunun, əldən çıxmış pullarının əhvalatını Memeyə hansı üzlə danışacaqdı. Doğrudan da, o necə də bədbəxt idi. Başını aşağı salıb addımlayırdı ki, qəflətən, eynən elə indiki kimi başmaqlı-başmaqlı suya girdi:
– İlahi, bəs müqəddəs su?
Unutmuşdu. Ən birinci ağlına o gəldi ki, nə yolla olsa da, geri qayıtsın, sonra fikrindən daşınıb Sahilyanına, həmin o şəhərciyə sarı qaçdı və oradan bir qab tapıb götürdü. Sonra çaya qayıdıb dizi üstə düşdü, şüşə qabı suya salıb onun necə dolduğunun səsini eşitdi. İlahi, həyatında ilk dəfəydi ki, Memesinə kələk gəlirdi. Bir gör, neçə illərdi, onun yolunda canını fəda eləmişdi.
İndi Ernesto gözlərini qırpmadan sakit-sakit axan çaya baxırdı və külək uzaqdan gələn səsləri onun qulağına pıçıldayırdı:
– Get, Meme, Trinidada get, borcundan çıx, lap onun ayağından öp...



Tərcümə edən: Yaşar