Elektron ədəbiyyat və sənət portalı

Uruqvay yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 06.05.2019

 

 

Mario Benedetti

(1920–2007)

 

ƏVƏZ-ƏVƏZƏ

(hekayə)

 

Pedro Luis qardaşı Xuan Tomasdan bir yaş böyük idi, amma bir-birinə o qədər oxşayırdılar ki, hamı onları əkiz bilirdi. Üstəlik, uşaqlıqda keçirdiyi skarlatin xəstəliyinin fəsadları ucbatından Pedro Luis hələ ibtidai məktəbdə bir il sinifdə qalmışdı və o vaxtdan kollecdə də, liseydə də birlikdə oxumuş, arxitektura fakültəsinin hazırlıq bölməsində də iki il bir yerdə təhsil almışdılar. Beləcə, hamı onları qoşa görməyə alışmışdı. Oxşarlıq o dərəcədə idi ki, yoldaşları da, müəllimləri də onlara müraciət edəndə kiminlə, hansıyla danışdıqlarını qabaqcadan soruşub öyrənirdilər. Hazırlıq kurslarında oxuyarkən etdikləri fırıldaqlar tələbə folkloruna dönmüşdü. Sessiyadan qabaq qardaşlar fənləri öz aralarında iki yerə bölürdülər – hərəsi bir dəfə öz yerinə, bir dəfə qardaşının yerinə imtahana girirdi. Bir elə əziyyət çəkmədən beləcə kursdan-kursa adlayırdılar. Aralarındakı qardaş həmrəyliyi o qədər güclü idi ki, hətta dəfələrlə hansısa sadəlövh qızın başını bişirib nazını növbəylə çəkmələri də olmuşdu.

Amma fakültədə dərsə başlayanda siyasi motivlərə görə qardaşların yolları ayrıldı. Pedro Luis sola meyilləndi, Xuan Tomas – sağa. Heç biri də nəzəriyyədə ilişib qalmadı, qısa müddətdə hər ikisi praktikaya keçdi. Xuan Tomas antikommunist dəstələrə qoşuldu, Pedro Luis – gizli fəaliyyət göstərən ifrat solçu hərəkata. İşin başlanğıcında yalnız bir dəfə qardaşlar öz aralarında anlaşmaq istədilər, ancaq bir-birini başa düşməyib heç cür dil tapa bilmədilər. Bundan sonra anlaşma mövzusunun özü də yasaq edildi. Bu kəskin fikir ayrılığını ağıllarına da gətirməyən yaşlı valideynlərinə hörmət xatirinə ikisi də ata evində yaşamağa davam edirdi. Aralarında da razılaşma vardı ki, bu münasibəti evdə büruzə verməsinlər.

Xuan Tomas böyük qardaşının qeyri-leqal əlaqələri barədə öz dostlarından eşidib bilir, Pedro Luisə də kiçik qardaşının polis orqanlarına göstərdiyi xidmətlər barədə məslək yoldaşları məlumat çatdırırdı.

Bir ildən sonra Xuan Tomas təhsilin daşını biryolluq atıb polisə işə düzəldi. Pedro Luis qardaşının məhbuslara şəxsən işgəncə verdiyi barədə də eşidirdi. Böyük qardaş isə yaxşı oxumasa da (təşkilatdakı iş vaxtını çox alırdı), hər halda, təhsilini davam etdirirdi. Qardaşların bir-birinə etibarı qalmamışdı, yolları isə o dərəcədə ayrılmışdı ki, daha əkizləri qarışıq salmırdılar. Pedro Luisin yoldaşlarını polis qardaşın zahiri maraqlan­dırmırdı – Xuan Tomasın çirkin işlərindən xəbərdar olsalar da. Xuan Tomasın polis həmkarları da əkizlərin inanılmaz dərəcədə oxşarlığına zərrə qədər məhəl qoymurdular – Pedro Luisin fəaliyyətindən xəbərdar olsalar da (ola bilsin, onu indiyəcən həbs etməmələri əbəs deyildi). Üstəlik, indi qardaşlar geyimlərinə görə də fərqlənirdilər: Xuan Tomasın əynində həmişə köynək, qırmızı qalstuk, qara gödəkcə, əlində portfel olurdu, tələbə sərbəstliyinə sadiq qalan Pedro Luis isə həmişə cins şalvarda və sviterdə gəzir, çiynindən də yol çantası asırdı.

Hadisə şənbə axşamı baş verdi.

Həmin gün Pedro Luis dərsliklərin üzərində xeyli baş sındırıb yorulmuşdu. Odur ki dadlı nahardan sonra (şorba, ravioli, üstündən də pivə) bir hovur yatıb yuxusunu almaq istədi. Fikirləşdi ki, saat üçə qədər, yəni bircə saat dincəlsə, bəsidir, sonra durub yoldaşlarının yanına, iclasa gedər. Amma saat altı tamamda güclə yuxudan oyandı – başı az qala çatlayırdı. İclasa gecikmişdi, rədd olsun iclas! Üzünü qırxıb duş qəbul etdi. Dolabı açanda gördü ki, orada nə cins şalvarı, nə sviteri, nə də yol çantası var. İldırım sürətiylə beynindən bir fikir keçdi: “Bu köpəyoğlu mənim pivəmə nəsə qatıb!”

O bu dəqiqə Xuan Tomasın iştirakıyla iclas keçirən, ən vacib informasiyaları öz əlləri ilə nimçənin içindəcə gətirib onun yaramaz qardaşının qabağına qoyan yoldaşlarını gözünün qabağına gətirdi. Harasa qaçmaq, kimisə xəbərdar eləmək artıq gec idi. Olan olmuşdu, fəlakət baş vermişdi!

Pedro Luis qapıdan yel kimi çıxıb birbaşa Xuan Tomasın otağına cumdu. Paltar dolabını açıb qardaşının köynəyini, qırmızı qalstukunu, qara gödəkcəsini və portfelini öz yerində görəndə qətiyyən təəccüblənmədi. Cəld geyindi, portfelin içindəkiləri yoxlayandan sonra evdən güllə kimi çıxıb küçəyə cumdu, heç qocalarla da sağollaşmadı.

Taksi onu Xuan Tomasın idarəsinə çatdırdı. Girişdə dayanan polislər Luislə öz adamları kimi salamlaşdı. Luis onlara göz vurub keçdi. Növbəti dəhlizdə qarşısına çıxan pəzəvəngin biri işin necə bitdiyini xəbər aldı, Luis də cavabında “Hər şey qaydasındadır” deyib yoluna davam etdi.

Qara gödəkcə geyinmiş başqa bir polis bağlı qapını göstərib “Şef səni gözləyir” deyəndə Luis özünü toparlayıb qapını ehmalca döydü. Qapı arxasından kimsə onu içəri dəvət etdi. Tər içində olan pencəksiz şef kabinetdə iki nəfərlə nə barədəsə danışırdı. Luisin içəri girdiyini görəndə söhbətini bir anlığa kəsib soruşdu:

– Hə, necə oldu?

Pedro Luis də qısa cavab verdi:

– Yaxşı, həmişəki kimi.

– Mən bu dəqiqə qurtarıram, – şef sevincək dilləndi. – Gözlə, indi hamısını danışarsan.

Pedro Luis kənara çəkilib arxasını pəncərəyə tərəf çevirdi.

Şef təlimatlarını tez-tələsik verdi. Aydın görünürdü ki, yaxşı xəbərlər eşitmək üçün bu tipləri başından tezcə rədd eləmək istəyir. Pedro Luis düşündü ki, gərək səbirli olsun, portfelin ağzını tələsik açmasın. Portfelin içində isə Xuan Tomasın vahiməli parıltısı olan otuz səkkiz kalibrli uzunlülə tapançası vardı.

 

Tərcümə edən: Mahir N.Qarayev