Elektron ədəbiyyat və sənət portalı

Müharibə mövzusunda yazılmış 8 məşhur əsər

Bölmə: Art 08.05.2019

 

Müharibə haqqında çoxlu bədii əsərlər yazılıb. Yaddaşlarda dərin iz buraxmış bu ədəbi nümunələr oxucunun keçmiş və gələcək, olum və ölüm, sülh və müharibə barədə düşüncələrinə aydınlıq gətirir.

9 May – Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsindən bəhs edən 8 məşhur əsərin adlarını xatırlatmaq qərarına gəldik.

 

  1. “İnsanın taleyi”

Mixail Şoloxovun “İnsanın taleyi” hekayəsi real hadisələr əsasında qələmə alınıb. Belə ki, 1946-cı ildə yazıçının təsadüfən rastlaşdığı bir döyüşçü ona öz həyat hekayətini danışır. Şoloxov həmin insanın taleyindən o qədər təsirlənir ki, bunu yazıya köçürmək qərarına gəlir.

 

  1. “Dirilər və ölülər”

Oxucular Konstantin Simonovu daha çox şair kimi tanıyırlar. Onun “Gözlə məni” şeiri dillər əzbəridir. Əslində, Simonovun nəsri heç də poeziyasından geri qalmır. Onun ən güclü nəsr əsəri isə, heç şübhəsiz, “Dirilər və ölülər” hesab olunur. Şair, yazıçı və publisist kimi nadir istedada malik müəllif bu trilogiyada şəxsən özünün Berlinə qədər keçdiyi döyüş yolunu qələmə alıb.

 

  1. “Vasili Tyorkin”

Aleksandr Tvardovskinin “Vasili Tyorkin” poeması hələ ilk hissələri ordu qəzetində dərc olunarkən böyük maraqla qarşılanmışdı. Döyüşçülər tezliklə əsərin baş qəhrəmanını örnək kimi qəbul edib ona bənzəməyə çalışdılar. Vətənini ürəkdən sevən gənc Tyorkinin simasında kimsə səngər yoldaşını, kimsə köhnə dostunu, kimsə özünü görürdü. Yəqin, bu səbəbdən də sonralar müxtəlif müəlliflər tərəfindən bu poemaya xeyli nəzirələr yazıldı.

 

  1. “Əsl insan haqqında povest”

Bu əsəri qələmə alan Boris Polevoy Böyük Vətən müharibəsinin ilk günlərindən son günlərinəcən “Pravda” qəzetinin hərbi müxbiri olub. Müəllif arxa cəbhədə partizanlıq etmiş, qanlı Stalinqrad və Kursk döyüşlərində vuruşmuşdu.

Müəllif bu əsərində döyüş zamanı təyyarəsi vurularkən hər iki ayağını itirmiş, amma özündə güc və iradə taparaq yenidən cəbhəyə qayıtmış təyyarəçi Aleksey Meresyevin həyatını dolğun boyalarla təsvir edir.

 

  1. “Adı siyahıda yoxdur”

Boris Vasilyevin bu povestinin qəhrəmanı son nəfəsinəcən döyüşərək qəhrəmancasına həlak olmuş bütün naməlum əsgərlərin rəmzi hesab olunur.

 

  1. “Qaynar qar”

Yuri Bondarevin bu romanındakı hadisələr də real həyatdan götürülüb. Leytenant Drozdovskinin həyatının bir gününün təsvir olunduğu əsər 1942-ci il Stalinqrad döyüşünün bütün dəhşətlərini oxucunun gözləri qarşısında canlandırır.

 

  1. “Lənətlənmiş və öldürülmüş”

1942-ci ildə könüllü cəbhəyə yollanan Viktor Astafyev bu romanda müharibəni – “insanlıq adına ləkə” kimi qiymətləndirir. Müharibənin törətdiyi dəhşətləri bütün təfərrüatları ilə təsvir edən müəllif məqsəd və məramından asılı olmayaraq onu insanlığa qarşı ən böyük cinayət adlandırır.

 

  1. “Üfüqlər burada sakitdi…”

Bu romandakı hadisələr də real tarixi faktlara söykənir. Böyük Vətən müharibəsi zamanı yeddi cəsur döyüşçünün Murmanska silah-sursat daşıyan qatarı partlatmağa cəhd göstərən alman diversiya qrupunu məhv etməsi geniş rezonans yaratdı. Bu hadisəni qələmə alarkən isə müəllif real kişi qəhrəmanları romanda qadın qəhrəmanlarla əvəz etmişdi.