“Aydinyol.az” saytının suallarını yazıçı-kinodramaturq Orxan Fikrətoğlu cavablandırır…
– Orxan müəllim, bilmək maraqlı olardı: Fikrət Sadığın bir ata kimi sizin ədəbiyyata gəlişinizə nə kimi təsiri olub?
– Gəlin daha uzaqdan – Teymurləngdən başlayaq. Çünki nəslimiz Azərbaycana Teymurla gələnlərdəndi. Bizi Şamaxıda “teymurilər” adlandırırlar. Qənaətlərimə görə, biz o dönəmdə Şirvana akın mədəniyyəti ilə gəlmiş bir qoluq. Əmim rəhmətə gedəndə ilk dəfə hüzr mərasimində iştirak edirdim. Onuncu sinfə qədər idmançı olmuşam və sonra Moskvaya getmişəm. 10 il də orada oxumuşam. Nəinki Şamaxı, Bakıda da az olmuşdum. Deməli, Şamaxıda əmimin dəfnində 11 qız bayatı deməyə başladı. Bizdə “yuğlama” adəti var. Rəhmətə gedəni yuğlayır, onun bütün ömrünü danışırlar. Fikrət Sadıq da həmin ənənədən gəlir. Mənim babam Abbas Sadıqov Şamaxı, Yevlax, Xızı və digər bölgələrdə katib işləyib. O, 1937-ci ildə həbs olunub. Fikrət Sadıq uşaq evində böyümüş, texniki peşə məktəbində oxumuşdu, amma həmin o kökdən gələn işıq, zehniyyət onu Fikrət Sadıq etmişdi. Üç dili mükəmməl bilirdi. Evdə bəzən dediklərini anlamayaq deyə anamla ərəb, fars dilində danışırdı. Formalaşmağımda, təbii ki, ilk növbədə, Fikrət Sadığın böyük rolu olub. Amma anam da çox maraqlı hekayələr yazıb. Sadəcə, Azərbaycan mentallığıdır: atam ona ədəbiyyatla ciddi məşğul olmağa icazə verməyib. Bu gün də yazır. Anamın artıq 80 yaşı var, amma yazdıqlarının biri də dərc olunmayıb. Mən də atamın istəyinin əleyhinə getmək istəmirəm. Mənim nəslimdə Aqşin Babayev, Akif İslamzadə, digər tanınmış adamlar var.
– Necə oldu ki, yazmağa başladınız?
– Beşotaqlı mənzilimiz kitabla dolu idi. Atam xaricə gedəndə gözləyirdik ki, bizə oyuncaq gətirər, ancaq o, kitab gətirirdi. Mən nadir hallarda kitab oxuyurdum, ciddi şəkildə idmanla məşğul olurdum. İdman internatında oxuyurdum. Təbii ki, atam mənim bu seçimimi qəbul etmirdi. Biz buna görə həmişə konfliktdə idik.
Bir gün ona dedim, mən də yaza bilərəm. Və o, əksinə getmədi. Bəli, Fikrət Sadıq həyatımda olmasaydı, bir cümlə də yazmazdım. Mənim ədəbiyyat, efir, kino fəaliyyətim hamısı atama görədir. İstəyirdim, atam mənimlə fərəhlənsin.
İlk hekayəm “Kirpi” jurnalında dərc olunmuşdu. Sonra yazılarımı Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutuna göndərdim və orada bəyənildi. İlk yazılarımı rus dilində yazmışdım. Kinostudiyada işləyəndə ilk sürrealist hekayəmi yazdım. “Kafe” adlı hekayəm Məmməd İsmayılın “Gənclik” jurnalının ilk nömrəsində çap olundu. Atam dedi, bu, ədəbiyyat deyil. Sən Dostoyevski, Tolstoy kimi yazmalısan. Türkiyədə, Rusiyada kitablarım çap olunanda isə mənimlə razılaşıb dedi ki, bax bu, oturuşmuş nəsrdir.
– Kiçik hekayələrdən sonra romana keçməyiniz zərurət idi, yoxsa daxili istək?
– Nəsrdə ən çətini kiçik hekayələr yazmaqdır. Gəldiyim qənaətə görə, məndə hekayələr romandan yaxşı alınır. Çünki nəsrdə çox danışmağı, mənzərə yaratmağı, uzun, ətraflı yazmağı xoşlamıram. Yağışın yağmağını səhifələrlə təsvir eləmək olar, ədəbiyyat isə, ilk növbədə, fəzanı yaratmaqdır...
– Əslində, müasir oxucu da uzunçuluğu sevmir...
– Oxucu rəyi mənim üçün meyar deyil. Ədəbiyyatın öz yolu, öz qanunları var. Bu günün oxucusu sosial şəbəkə oxucusudur. Çox təəssüf ki, belədir. Mənə elə gəlir, dinlərin, sivilizasiyanın tənəzzülü, insanın təsnifat olaraq dəyişməsi, robota çevrilməsi, informasiya mühitində yaşaması – bunların hamısı siyasi texnoloqların düşündüyü, yaratdığı bir mənzərədir. Təbii ki, bu, ədəbiyyata da təsir edir. Mənim “Ölü mətn” adlı romanım, son kitabım olan “Tülu” o haqdadı. Bu mənada sualınıza cavab kimi roman yazmağımın zərurət olduğu qənaətindəyəm.
– Hekayələrinizdə vizuallıq, kino elementləri qabarıq nəzərə çarpır. Siz həm də dramaturqsunuz. Ssenari ilə nəsrin sərhədlərini necə müəyyən edirsiniz?
– Bəziləri düşünür ki, nəsr, dramaturgiya da poeziya kimidir. Amma yox, ilhamla nəsr yazmaq olmaz. Kinossenari sxemdir, dəqiq hesablanmış riyaziyyatdır. Nəsrə gəlincə, məsələn, mən sonu əvvəlcədən bilmədən hekayə yazmıram. Ədəbiyyat nəzəriyyəsini bilmədən, konstruksiyanı, dialoqları düzgün qurmadan ədəbiyyat yaratmaq olmaz. Nəsr hamı üçün əlçatan olmalıdır. Sən elə bir mənzərə yaratmalısan ki, azərbaycanlıya da, rusa da, ingilisə də maraqlı olsun.
– Siz həm də müxtəlif telelayihələrin müəllifi kimi tanınırsınız. Azərbaycan telekanallarında müəllif verilişlərinə nadir hallarda rast gəlinir. Verilişlər, əsasən, monoloq yox, dialoqlar üzərində qurulur. Sizcə, buna səbəb nədir – tamaşaçı belə istəyir, yoxsa?..
– Artıq bir ildi, İctimai Televiziyada çalışıram, müəllif verilişi aparıram. Harada ki müstəqil deyiləm, orada olmuram.
Hər verilişin öz dramaturgiyası olur. Amma bizdə verilişlərin əksəriyyətinin süjeti yoxdur. Aparıcı, hətta onun qonağı da bilmir, nədən danışır. Amma həmin verilişin reytinqi olur. Bu reytinq məsələsi nəyə, kimə lazımdı?! Biz vətəndaş yetişdirməliyik.
– Müasir ədəbi tendensiyalar sizi qane edirmi?
– Ədəbiyyat da dil, təfəkkür kimi təbii prosesdi. Biz ona müdaxilə edə bilmərik. Çox təəssüf ki, sosial şəbəkələr siyasi texnoloqların təpkisi ilə idarə olunur, dünyada məqsədli şəkildə şüursuz nəsil yetişdirilir. Mən təxmin edirəm ki, bunun axırı yaxşı olmayacaq. Zövqsüz, ədəbi, mədəni dəyərləri bilməyən düşüncəsiz kütlə nə edə bilər? O ədəbiyyat ki eyni vaxtda həm ölüm, həm də həyatı yaratmır, ümumiyyətlə, ədəbiyyat deyil. Bir də öncəgörənlik var – Dostoyevskidə, Tolstoyda, Akutaqavada, Coysda, Prustda... Ona görə də illər uzunu onlar oxunub və sevilib. Bu günü və dünəni yazmağa nə var ki? Əgər cəmiyyətin hara istiqamətləndiyini fəhminlə və sənə verilən verginlə hiss edib yaza bilirsənsə, bax bu artıq əsl ədəbiyyatdır.
– Orxan müəllim, sonda yenicə çapdan çıxmış və geniş təqdimatı olmuş kitabınızdan danışaq. İlk növbədə, adı maraq doğurur…
– Bu, bir marketinq gedişi deyil. “Tülu” günəşin yenidən doğmasıdır, Nəsiminin, Fikrət Sadığın sözüdür. Bu sözü Süleyman Sani Axundov, Bəxtiyar Vahabzadə və başqaları da işlədib. Azərbaycandakı kitab işi mənə zəif təsir bağışlayır. İllərlə oturub kitab yazırsan və bundan heç bir fayda görmürsən. Bir dostum bu işi öz üzərinə götürdü və kitabımın təqdimatında cəmi 6 satılmayan kitab qaldı. Məncə, yazıçının işi ancaq hansısa əsəri yazıb oxucuya təqdim etməklə bitməməlidir. Gərək kitabın gələcək taleyini də düşünəsən.
Söhbətləşdi: Sevinc Fədai