Bəxtiyar Vahabzadə
(1925-2009)
Xalq şairi. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü. “Mənim dostlarım”, “Aylı gecə”, “Etiraf’, “Şəbi hicran”, “İnsan və zaman”, “Bir ürəkdə dörd fəsil”, “Dörd yüz on altı”, “Muğam”, “Vətən ocağının istisi”, “Axı dünya fırlanır” kimi 50-dən çox poetik toplunun, 20-dən artıq poemanın müəllifidir. Pyesləri Azərbaycanda və xarici ölkələrdə səhnəyə qoyulub. A.S.Puşkinin şeirlərini, A.Dementyevin poemalarını dilimizə çevirib. SSRİ Dövlət mükafatına, Rumıniyanın “Komandor” ali ödülünə layiq görülüb.
Vətən var
Hardaysa bu
dəmdə
Dəryada batan var.
Vardırsa köməksiz
Fəryada çatan
var.
Dünyada alandan
Əvvəlcə satan var.
Atəş öz-özündən
Birdən-birə
yanmır.
Bir şey bu cahanda
İzsiz və səbəbsiz
Bihudə
yaranmır.
Vardırsa, yaranmış,
Mütləq yaradan var.
Varsansa…
özündən
Əvvəlcə atan var.
Dünya quru bir səs,
Qəm
çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min-bir də bitən var.
Şükr
eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var…
Vicdan şahidliyi
Hərdən əzab satar, qəm alar məni
Mənim bu dünyada çox xatam olub.
Səhvlər, qüsurlar, xatalar məni
Yenidən yaradan öz atam olub.
Xatalar üstündə boy atmışam mən,
Özümü yenidən yaratmışam mən.
Səhvimə, xatama hamıdan qabaq
Şahid də, hakim də vicdandır ancaq.
Belə bir məqamda vəkil lal olur,
Haqq kəsir, yalansa payimal olur.
Şahidim, vəkilim, hakimim də mən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?
Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!
Vicdan şahidliyi! Bir hökmdar tək
Özünə çəkdiyin öz sinə dağın.
Vicdan şahidliyi! Özünü görmək,
Özünün özünə təslim olmağın.
Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?
Ürək
Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.
Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!