Elektron ədəbiyyat və sənət portalı

Şəppəli

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 10.05.2019

 

İsa Hüseynov
(1928-2014)

Xalq yazıçısı, kinodramaturq. Əməkdar incəsə­nət xadimi. Azərbaycan Dövlət Universitetində və Moskvanın M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redak­toru, “Literaturnıy Azerbaydjan” jurnalında nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, Azərbaycan Dövlət Kine- matoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb. “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Kollu koxa”, “Məhşər”, “İdeal”, “Qəbiristan”, “Saz”, “Cəhənnəm” kimi on­larla nəsr əsərinin, “Bizim qızlar”, “Dan ulduzu” pyeslərinin müəllifidir. Ssenariləri əsasında “Arvadım mənim, uşaqlarım mənim”, “26 Bakı komissarı”, “Nəsimi”, “Nizami”, “Tütək səsi”, “Ulduzlar sön­mür” filmləri çəkilib. Əsərləri bir çox dillərə tərcümə edilib.

 

Şəppəli


Sovxozun direktorundan, baş mühasib Mursaquludan tutmuş fəhlələrə, çobanlara qədər, hamı bilirdi ki, Şəppəliyə işin düşübsə və işin tez düzəlməyini istəyirsənsə, gərək “səlam- məlik”dən də əvvəl doktor Məmməni xəbər alasan, oturub heç olmasa bir- iki dəqiqə Məmmə haqqında yeniliklərə qulaq asasan; məsələn, onun, yəni Məmmənin anası Pəricahanı Bakıya aparmaq, orda anasına yaxşı şərait yaratmaq üçün təzə mənzil tədarükündə olduğuna, professor qızı Zemfiranın öz qayınanasına, yəni Pəricahan arvada şal parçadan paltarlıq göndərdiyinə və sair bu kimi söhbətlərə qulaq asasan və həm də bunların sənə xoş gəldiyini bildirəsən; başqa cür olsa, Şəppəli ilə dil tapa bilməyəcəksən.
Hər kəsin ki, Bakıda “kəndçi balnisəsi”nə işi düşürdü, birbaşa 279 Şəppəlinin yanına gedirdi, doktor Məmmənin kefini-əhvalını soruşub, nəhayət, mətləbini açırdı. Şəppəli isə stolun orta siyirtməsində “xüsusi işlər üçün” saxladığı “yağlı kağızlardan” birini çıxarır, eynəyini alnından bur¬nunun üstünə endirib, qələmi mürəkkəbə batırıb tələsmədən, səliqə-sah¬manla yazmağa başlayırdı: “Əzizim, gözüm Məmmə” ...Əgər “kəndçi balnisəsi”nə işi düşənlərdən birisi səhvən Şəppəlinin öz kefini xəbər alsaydı, bozumtul, seyrək kirpiklər arasında xırdaca gözlərin hirsli baxışı ilə qarşılaşardı. Bu vaxt Şəppəlinin alnında duran eynəyin şüşələri də elə bil qəzəblə parıldayırdı: “Doktor Məmmənin kefi necədir, mənimki də elə!” Di gəl bil görüm necə bilərsən ki, beş yüz kilometrlikdə Məmmənin kefi necədir!..
Baş mühasib Mursaqulu evli-eşikli, arvadlı-uşaqlı adamdı. Düz saat səkkizdə işə gəlir, düz dörddə çıxıb gedirdi. Şəppəlinin isə, tale belə gətirmişdi ki, nə ev-eşiyi vardı, nə də arvad-uşağı. Ta işıqlar yanana qədər stolunun arxasında “çötkə çaqqıldadır” və yalnız kəmərinin altında bağırsaqlarının tərpənişdiyini hiss etdikdə durub aşxanaya gedirdi. Küncün birində oturub “bala-bala araqlayır, pivələyirdi”. Məhz “bala-bala”. Şəppəlinin ifratçılıq elədiyini, küçəyə çıxanda azacıq də olsa səndələdiyini hələ görən yoxdu. Amma dildə-ağızda bir ifadə gəzirdi: “Şəppəlinin balans stəkanı”. Həmin bu “balans stəkanı”nı o, yalnız həftənin axırında, ya da bazar günlərində aşxana bağlanana yaxın doldururdu. Bu vaxt Şəppəli ayağa qalxanda aşxanada hamı əvvəlcədən bilirdi Şəppəli nə deyəcək: “İçirəm doktor Məmmə Orucoğlunun sağlığına!” Bu, o deməkdi ki, kimin içməyə meyili varsa, buyursun hesabdarın süfrəsinə. Sağlıqlar da, həmçinin əvvəlcədən məlum idi: “Məmmənin canı sağ olsun!”, “Məmənin şəfalı əlləri var olsun!”, “Məmmənin anası Pəricahanın sağlığına!”, “Məmmənin nişan¬lısı professor qızı Zemfiranın sağlığına!” Ən axırda: “Məmmənin dostu Şəppəlinin sağlığına!”
Hamı içir, Şəppəli isə, “balans stəkanı” əlində, yorulmaq, usanmaq bilmədən doktor Məmmədən danışırdı.
Hesabdarın sözü-söhbəti nə qədər yeknəsəq, uzun və hətta bezdirici olsa da, bu söhbətlərdən hamını sevindirən bir nəticə çıxırdı: “Kəndçi balnisəsi” deyilən xəstəxanada cavan, gözəl bir həkim var ki, hamı onunla fəxr edə bilər. Məmmə - insanlıq, yaxşılıq timsalı idi. Məmmə - ağıl, istedad mücəssəməsi idi. Nəhayət, Məmmə, böyük şəhərlərdən uzaq, da¬ğətəyi qoyunçuluq sovxozunda, balaca bir otaqda oturub “çötkə çıqqıl- dadan” balaca bir adamın özü üçün yaratdığı dünya idi.
Bir yay səhəri xəbər çıxdı ki, bu dünya uçub-dağılıb: Şəppəlinin mək¬tubu ilə “kəndçi balnisəsi”nə getmiş baş mühasib Mursaqulu sovxoza qayı¬dıb xəbər verdi ki, doktor Məmməni xəstəxanadan qovublar. Nə üstündə? Rüşvət?! Dəhşət!.. Eşidib-bilənlər, qəribədir ki, Məmmənin doğmaca anası Pəricahanın yox, Şəppəlinin haqqında düşündülər: “Şəppəli bu dərdə döz¬məz!”
Bu fikri Şəppəlini hamıdan yaxşı tanıyan iş yoldaşı Mursaqulu da təsdiq etdi; kontorun həyətində, camaatın arasında dedi:
- Şəppəli öləcək.
Mursaqulu qaradinməz adamdı. Camaat içində, iclasda, yığıncaqlarda sözü ondan, necə deyərlər, kəlbətinlə qoparırdılar. Burda isə Mursaqulu könüllü, həm də belə qətiyyətlə fikir söylədikdə, hamı inandı ki, demək, doğrudan da, Şəppəli öləcək.
Tək bir nəfər Mursaqulunun fikrinə etiraz etdi:
- Tələsməyin Şəppəlini basdırmağa, - dedi.
Bu, Şəppəli özü idi. Əlində bir vərəq kağız, eynəyi alnında, üç addım¬lıqda durmuşdu.
- O vaxt ölərəm ki, Məmmə mən deyən Məmmə olmasın.
Yaxınlaşıb əlindəki vərəqi Mursaquluya verdi.
- Qol çək, Bakıya gedirəm. Əgər Məmmə sənin dediyin Məmmə olsa, onda, əlbəttə, daha Şəppəlinin bu dünyaynan işi yoxdu. Bakıdanca bildirə¬cəm, qəbrimi qazıb hazırlayarsınız, gəlib girərəm içinə, torpaqlarsınız, qurtarıb gedər.
Mursaqulu kağıza qol çəkib qaytardı.
Camaat lal-dinməz dayanıb baxırdı.
Doktor Məmmə ilə Şəppəlinin dostluğunun hardan, necə başlandığını və nəyə görə bu qədər möhkəmləndiyini doğru-dürüst bilən yox idi. Bircə bunu bilirdilər ki, Şəppəli Məmməsiz yaşaya bilməz, buna görə də indi, hesabdarın belə təcili getməyini təbii hesab edirdilər.
Şəppəli eynəyi alnından endirdi, illər uzunu kağız üstündə hər şeyi yerində və vaxtında yoxlamağa adət etdiyindən, Mursaqulunun yazdığı dərkənarı burdaca oxudu: “Sentyabrın maaşı verilsin”.
Maaşı aldıqdan sonra Şəppəli, həmişə onun Bakıya hazırlıqlı getməsinə kömək edən aşxana müdirinin, sonra da Pəricahan arvadın yanına dəydi.
- Mursaqulunun çərənləməsinə inanma. Camaatın içində özünü sındırma, Pəricahan! Əgər Məmmə Mursaqulu deyən Məmmə olsa, onda bil ki, mən bu dünyaya eşşək gəlib, eşşək də gedirəm! - dedi və dərhal yola düşdü.
Onu hələ lap gənclikdə, evlənmə ərəfəsində şəppə vurmuşdu. Yəni iflic. Özü dediyi kimi, “ağzı gedib qulağının dibində durmuşdu”. O vaxt, yenə də Şəppəlinin öz dediyi kimi, “dünyanın nadan vaxtı idi”, həkim-filan tapılmırdı.
Qardaşlığı Oruc onu qonşu kəndə - bir mollanın yanına apardı.
Kənardan baxanda torpaqdan seçilməyən yastı qazma damların ara-sında yeganə insan mənzili kimi görünən, balkonunun dirəkləri və pəncə-rələrinin çərçivələri göy rənglənmiş, divarları və döşəməsi sarı torpaqla suvanmış ev bu gün də Şəppəlinin yadında idi. Çünki o evə o, düz bir ay sərasər ayaq döymüş, bu evdə gündə bir kərə “cəhənnəmi gözü ilə gör-müşdü”.
Hər səhər qapıda onu kök, bəstəboy, ağzı yaşmaqlı, qaradinməz bir qadın qarşılayırdı. Bu, mollanın bacısı idi. Qarşılayıb Orucla Şəppəlini içəriyə, üstünə təzə, əlvan xalı salınmış taxta dəvət edirdi. Hərəsinin dirsəyinin altına bir mütəkkə qoyub, buğlanan samovar, dümağ yuxa, yağ, bal, qaymaq gətirib, xəstəyə yox, elə bil əziz qonaqlarına qulluq eləyirdi. Oruc bu nemətlərdən həmişə iştaha ilə, ləzzətlə yeyirdi, Şəppəli isə könül-süz. Bilirdi ki, səhər-səhər çay qırağında dəstəmaz almağa gedən molla tezliklə gəlib, qolunu çirməyib onu şapalaqlamağa başlayacaq, “yediyini burnundan gətirəcək”. Eynilə bacısı kimi kök, bəstəboy, topqara saqqalı mollanın geniş pəncəli ağır əli, bir də şapalaqları çatıldadıqca qırpılan iri gözlərinin parıltısı bu gün də Şəppəlinin yadında idi.
Molla düz otuz gün hər səhər Şəppəlini şapalaqladı, otuz birinci gün ona bir kasa qızılgül şirəsi tamında “birtəhər su” verdi. Şəppəli bu suyu içib, birdən-birə süstləşdi və yuxuya getdi.
Ayılanda başı üzərində dayanıb gülümsəyən molla ilə əlindəki güzgünü ona sarı uzadan Orucu gördü.
Şəppəli güzgüyə baxdı: ağzı qulağının dibindən qayıdıb öz yerində durmuşdu. Təkcə alt dodağı bir az səyriyirdi. Şəppəli baxıb-baxıb, birdən güldü: “Ay molla, imanına qurban olum, otuz gün məni şapalaqlayanacan bircə kərə o sudan içirdəmmirdinmi ki, bu zülmü çəkmiyəydim!”
Molla onu “naşükür bəndə” adlandırdı. Sonra isə Şəppəlinin üzündə nə gördüsə, bığının altında qımışıb və əyilib qulağına pıçıldadı: “Səni otuz gün şapalaqlamasaydım, dostun Oruc mənə hər gün bir toyuq gətirərdimi? Düzünü de!” Şəppəli dedi: “Gətirməzdi”. Bu, mollanın xoşuna gəldi: “Bir də naxoşlasan birdəfəyə otuz toyuq gətir, əlüstü sağaldım, çıx get”.
Şəppəli sevinclə qəhqəhə çəkdi: “Lotu loğmansan, xoşum gəldi səndən!” - deyib çıxdı. “Bir də naxoşlamaq” təhlükəsi barədə, əlbəttə, heç fikirləşmədi də. Lakin, demə, molla bu sözləri zarafat xətirinə deməyibmiş. Bu hadisədən on il sonra, Şəppəli şəppəsini tamam unudandan sonra onu 282 yenə şəppə vurdu.
Bu, Oruca məhkəmədə on beş il həbs cəzası kəsilən günü baş verdi. Orucla axırıncı dəfə öpüşüb ayrılanda, Şəppəli ətrafdakı adamların ona qəribə, müəmmalı diqqətlə baxdıqlarını hiss edir, amma buna əhəmiyyət vermirdi. Sonra adamların hara baxdıqlarını görüb, birdən təlaşla əlini üzünə çəkdi və dərhal, illərin uzaqlığında qalıb unudulmuş molla yadına düşdü.
Lakin molla çoxdan vəfat etmişdi.
Şəppəli, hər ehtimala qarşı, bazardan bir neçə toyuq alıb, mollanın mülkündə qalmış qoca bacısının yanına getdi. Qarı and-aman eləyib onu inandırdı ki, Molla “şəppə suyunun” sirrini özü ilə o dünyaya aparıb.
Sakit, ilıq yaz səhəri idi. Dağ ətəyində yan-yanaşı tikilmiş daş kahaların qarşısında cığırlarla, yollarla çal-çarpaz doğranmış geniş, yaşıl çəmənlikdə, iki cərgə dayanmış adamların arasında quzular qaçışırdı. Döl qurtardıqdan sonra sovxozun ayrı-ayrı sürülərində quzu sananırdı. Şəppəli də burda idi. Başqaları kimi, o da ovcunda xırdaca hesablayıcı cihaz tutmuşdu. Quyruq¬ları atıla-atıla qaçan quzular gəlib qarşısından keçdikcə, Şəppəlinin bar¬maqları cihazın düyməsini basır, çırıqqaçırıq sürətlə artan rəqəmlər sovxozun təzə ildə dövlətini onun balaca ovcuna yığırdı. Bu dəqiqələr Şəppəlinin elə vaxtı idi ki, necə deyərlər, top atılsaydı eşitməzdi. Buna görə də cəmisi on addımlıqda dayanmış maşının siqnalı ona çatmırdı. Yalnız Mursaqulu kişi dirsəyinə toxunub hesablayıcı cihazı əlindən aldıqdan sonra Şəppəli süd rəngli “Volqa”nı və sükanın arxasında işarə ilə onu çağıran ağbəniz oğlanı gördü.
Maşın, xüsusən “Volqa” görəndə Şəppəli həmişə xoşagəlməz bir əh-valatı xatırlayırdı.
Bir axşam, kontordan hamı çəkilib getdikdən sonra mühasibliyə potaboy, yekəqarın, dombagöz bir adam girdi. Salamsız-kəlamsız yaxın-laşıb, qarnını stola dirəyib dayandı.
Şəppəli stolunun üstündə kağızı dəyişdi, künclərə knopka sancıb, siyirtmədə saxladığı əski parçası ilə mürəkkəbqabının kənarlarını sürtüb təmizləyirdi. Stolun üstünə sərilən kağızı başdan-başa müxtəlif qeydlərlə, rəqəmlərlə dolduran və buna görə də kağızı tez-tez dəyişdirməyi sevməyən Mursaquludan fərqli olaraq, Şəppəli, axşamlar kontorda tək qalanda ayağının altına kətil qoyub şkafın üst gözündən qalın kağız “rulonlarını” endirir, elə bil həyatının yeknəsəqliyinə nə isə cüzi də olsa, bir şey artırmaq niyyəti ilə gündə bir rəngdə - gah ağ, gah göy, gah da çəhrayı kağız seçib stolun üstünə sərir, ovucları ilə sığallayıb-hamarlayır və künclərə səliqə ilə, muncuq kimi qatarla knopka düzürdü. Bu vaxt təsadüfən mühasibliyə gələn olanda Şəppəli çalışırdı ki, başını qaldırmasın. Bilirdi ki, uzun illər ərzində qanun şəklinə düşmüş bu vərdişinə hamı istehza edir. Beş-üç dəqiqəlik işini knopka düzə-düzə və ya mürəkkəb qabını silə-silə uzadırdı ki, gələn adam istehzalı baxışını yığışdırıb, “özündən qanıb” çıxıb getsin.
“Qarın” isə getmədi. Stola dirənib, bir müddət onun əllərinə baxandan sonra sakit, rəvan səslə güldü.
- Nahaq can yandırırsan, Şəppəli, - dedi, - nə qədər sığal versən də, məzmun etibarı ilə bu stol elə hesabdar stolu olaraq qalacaq. Bundansa gəl qulluq göstər, rəhbərlik yanında xətrin xoş olsun.
Şəppəli bu adamı tanımırdı. Rəftarından və sözlərindən başa düşdü ki, kim isə hər halda rayonun “kefi kök” adamlarındandır.
- Nə buyurursunuz?
“Qarının” izahından məlum oldu ki, sovxozun örüşlərini gəzərkən harda isə “Volqa”sını palçığa bulaşdırıb, indi burda - kontorda başqa mü-nasib adam tapa bilmədiyinə görə Şəppəlidən xahiş edir ki, maşını yumağa kömək etsin.
Maşın büsbütün zımrıq içində idi.
Şəppəli, əlbəttə, kömək elədi. Vedrə ilə su daşıdı, təkərlərin “kolpa- çokları” və başqa boyu çatan yerləri yudu, quruladı. Doğrudur, “qarın” özü də işlədi, amma qəribədir ki, gedəndə Şəppəliyə heç olmasa dilucu razılıq da eləmədi. Yenə də həmin sakit, rəvan gülüşü ilə:
- Hə, indi gedib öz stoluna sığal verə bilərsən, Şəppəli! - deyib starteri basdı.
Bunun üstündən neçə illər keçmişdi, amma maşın görəndə Şəppəli istər-istəməz həmişə o “qarını”, o “rəvan zırramanı” xatırlayırdı.
Çəmənlikdə dayanmış süd rəngli “Volqa”nın nikelləri, şüşələri günəşin altında bərq vururdu. Sahibi dirsəyini pəncərədən çıxarıb, göy şüşəli eynə-
yini qolsuz köynəyinin yaxasına taxıb başını azca yana əyərək, çox yumşaq, həlim gülüşdən azca qıyılmış gözlərlə Şəppəliyə baxır, onun yaxınlaşmasını gözləyirdi. Bu, əlbəttə, “qarın” tipli adamlardan deyildi. Üz-gözündən nur yağırdı. Təkərləri göy otluğa batdığı üçün yerə yaşlanmış kimi görünən maşınıtək özü də işıq saçırdı. Şəppəli bircə baxışla onun qiymətini verdi: “Nə yaxşı, göyçək, mədəni oğlandı”. Amma, eyni zamanda Şəppəli bunu da rayonun “kefi kök” işçilərindən hesab etdi və nə isə bir “qulluq göstər¬mək” üçün çağırıldığını güman edib qaşqabağını salladı.
- Nə buyurursunuz?
- Salam, dayı.
- Əleykəssəlam.
- Məni tanımadın?
Şəppəli ona baxdı.
- Siz çoxsunuz, mən tək, - dedi.
- “Siz”, yəni kim, dayı?
- Siz, yəni maşında gəzənlər.
Oğlan Şəppəlinin bircə arşın boyunu, bircə əlcə sifətini maraqla süzür və altmış yaşında kişidən çox, elə bil uşaqla danışırdı.
- İstəmirsən maşında gəzən çox olsun?
Şəppəli dikəlib, daha da ciddiləşdi.
- Mən iş adamıyam, - dedi. - Buyur görək, nə qulluq göstərməliyik!
Onun rəftarı, deyəsən, oğlanı təəccübləndirirdi.
- Mən özüm sənə qulluq göstərmək istəyirəm, dayı, - dedi və bununla Şəppəlini tamam çaşdırdı.
- Mənə? Qulluq?!
Oğlan bir daha Şəppəlinin boy-buxununu gözdən keçirdi.
- Sən Mədəd kişi deyilsən?
Sual necə gözlənilməz oldusa, Şəppəli, hətta gözlərini döydü. Lap çox¬dan, “ağzı gedib qulağının dibində durandan” bəri Şəppəlinin əsl adı unu¬dulmuşdu. Yüzdə, mində bir adam onu adı ilə çağıranda Şəppəliyə dünya bağışlanırdı.
O birdən-birə dəyişib, bu ağbəniz, “yaxşı, göyçək” oğlana rəğbətlə, minnətdarlıqla baxdı:
- Mədəd kişiyəm, ay oğul, - dedi. - Ancaq bir balaca düzəlişə ehtiyac var. Nə adım qalıb, nə də kişiliyim. İndi mənə Şəppəli deyirlər. Hesabdar Şəppəli.
Oğlan sakitcə gülümsündü.
- Çoxmu fikir çəkirsən Şəppəli deyilməyindən?
Şəppəli:
- Qulağım dolub, - dedi, amma o dəqiqə də peşman oldu: bu cür nəzakətli oğlanla niyə səmimi danışmasın?
Dərhal səhvini düzəltməyə tələsdi:
- Adım üstümdə olsaydı, yaşayışım ayrı cür olardı, oğul, - dedi.
- İsrəyirsənmi mən sənin adını özünə qaytarım?
Şəppəli diksindi.
- Hə, dayı, niyə dillənmirsən? Adını özünə qaytarsam, nə verərsən? Otuz toyuq əvəzində o quzulardan birini verərsən?
Şəppəli heyrətlə baxırdı. Otuz toyuq?! Bunu bu oğlan hardan bilirdi? Axı, mərhum Orucdan, Pəricahan arvaddan, bir də Şəppəlinin özündən savayı, bu köhnəlmiş, unudulmuş toyuq əhvalatını heç kəs bilmirdi.
Şəppəli kirpik çalmadan, diqqətlə bir xeyli oğlana baxdı.
- Sən kimsən, ay oğul?..
- Yenə tanımadın? - Oğlan güldü. - Ordan bir yaxşı, quyruqlu əmlik seç, gəl otur, gedək!
- Hara?
- Bakıya. Gəlmişəm səni xəstəxanaya aparım.
- Dayan, dayan, oğul... - Şəppəlinin ürəyi çırpınırdı. - Keçmişdə mənim bir dostum vardı, oğul, yaxşı-yaman günümdə böyrümdə hazır olardı. Sən o dostumu yada saldın, əhvalımı dəyişdirdin...
- Mən Orucun oğluyam də!.. Məmməyəm də!.. Bəlkə, təzədən tanış olaq?
Oğlan gözlərindən gülə-gülə qapını açıb düşdü. Əlini uzatdı.
Şəppəli dala çəkildi.
- Tərpənmə!.. Qoy əvvəlcə bir yaxşı-yaxşı tamaşa eləyim... görüm Oruca oxşarın varmı?
Oğlan bu “çudaklığı” tamamilə təbii bir şey hesab edib, itaətlə, öz sakit görkəmi ilə dayanıb səbirlə gözlədi.
Şəppəli isə bir xeyli köksünü ötürə-ötürə onun “eninə-uzununa” tamaşa
etdi.
Kişinin “ürəyi yerindən oynamışdı”. Mərhum dostunun oğlu Məm- mənin tibb institutunu qurtarandan sonra Bakıda işlədiyini bilirdi. Nəinki bilir, hər dəfə Pəricahanla görüşəndə, demək olar ki, ancaq Məmmə barədə danışırdılar. “Soyuyub, qəlbi daşa dönüb sağ olmuşun, elə vaxt olur, heç ildə bir kərə də yanıma dəymir. Gələndə də ayrı sözü yoxdur: “Yığış gedək Bakıya! Yığış gedək!” Daha demir ki, saçımı-birçəyimi Orucun yurdunda ağardandan sonra mən bu yurdu necə boş qoyum?!” - Pəricahan oğlundan
şikayətlənirdi. Şəppəlini isə həmişə bir sual düşündürürdü: “Görəsən, Oruca oxşarı varmı?” İndi, iyirmi ildən sonra mərhum Oruc elə bil möcüzə ilə dirilib qarşısında dayanmışdı. Vaxtı ilə Bakıda kursda oxuyub qayıdanda Oruc da eyni ilə bu cür arıq, zərif, ağbəniz oğlandı. Görəsən, necə olmuşdu ki, Şəppəli bu oğlanı dərhal tanımamışdı?
Kişi o qədər riqqətləndi ki, hətta illərin uzaqlığından Orucun səsini eşitdi: “Bir molla tanıyıram. Adı molladı, özü loğman. Gedək onun yanına. Var-yoxdan çıxsam da səni sağaldacam!” Bunun ardınca, “dirilmiş Oruc” - Məmmə dilləndi:
- Hə, oxşarım varmı, dayı?
Şəppəli ağladı.
- Orucun torpağı sanı yaşayasan, sənə qurban olum!
...Məmmə onu bir ay, ayrıca palatada müalicə etdi.
Hər dəfə palatanın qapısını açanda, eynilə mərhum atası kimi, sakitcə gülümsəyirdi:
- Molla gəlir şapalaqlamağa!
- Gəlsin, gəlsin, mollama qurban olum! - deyə Şəppəli hər dəfə kövrəlirdi. Lakin “molla şapalağı” əvəzində Şəppəlinin üzünə “hallıca-dul- luca bir gəlinin”, olduqca xoşxasiyyət bir şəfqət bacısının “pilətək yumşaq” əlləri dəyirdi; şəfqət bacısı gündə üç dəfə onun sifətini “mazlarla massaj” eləyirdi, “şəppə suyu” əvəzində isə müxtəlif vitaminlər içirirdi.
“B-1” vitamininə Şəppəli “Bəbir” deyirdi, “S-1”-ə isə “Səbir” deyirdi. Məmmə ləzzətlə qəhqəhə çəkirdi.
- Bəs bunların cəmi nədir, dayı?
Şəppəli cavab verirdi ki:
- Bəbirlə səbirin cəmindən kişi törəyir, qurbanın olum! Mədəd kişi! Əlbəttə, heç kəs uzun illərin vərdişini atıb Şəppəlini ayrı cür çağırmadı.
“Ağzı qayıdıb yerində dursa da” adı elə Şəppəli qaldı.
Xəstəxanadan çıxandan çox-çox sonralar, pay-puş yüklənib Məmmənin yanına gedəndə Şəppəli deyirdi:
- Rayondan sovxoza zəng vururlar: “Danışan kimdi?” Deyirəm: “Mədəd kişidir”. Deyirlər: “Mədəd kimdir? Biz elə adam tanımırıq”. Deyirəm: “Hesabdar Mədəd!” Xəbər alırlar ki, “sizi orda təzəmi götürüblər işə?” Axırda əlacım kəsilir, deyirəm: “Danışan Şəppəlidir”. Başlayırlar məzəmmətə ki, “A kişi, bayaqdan belə desənə! Altmış yaşında, durub təzədən özünə ad qoyursan!”
Beləliklə, ad qaldı, “Bəbirlə səbirin cəmindən” tamam ayrı şey - Şəppəlinin “Məmmə” adlı yeni dünyası yarandı. “Balans stəkanı”, sağlıqlar, “kəndçi balnisəsi”nə məktublar... İş o yerə çatdı ki, nəhayət, Məmmə özü  onu ata-baba yurdunda bunca məşhurlaşdırmış Şəppəliyə məktub yazdı, mərhum atasının ən yaxın dostu və özünün ən sədaqətli “pasient”i kimi Bakıya dəvət etdi, məşhur bir cərrahın - professor Məmmədəlinin qızına elçi getməyə çağırdı. Deməyə ehtiyac varmı ki, bu, Şəppəlinin həyatında ən xoşbəxt gün idi!.. Var-yoxunu yığışdırdı. Pəricahan arvadı da götürüb getdi. Burda, professor Məmmədəlinin ailəsi və qohum-əqrabası ilə tanışlıq zamanı Şəppəlini yeni, daha gözlənilməz bir xoşbəxtlik gözləyirdi. Məmmə onu “pasient”i yox, doğmaca dayısı kimi təqdim edəndə, sevincindən Şəppəlinin, eynilə “şəppə vuranda” olduğu kimi, alt dodağı səyriməyə, çimildəşməyə başladı. Ona elə gəldi ki, yenə ağzı gedib qulağının dibində duracaq.
Lakin xoşbəxtlikdən, heç nə olmadı: görünür, Məmmə onu lap yerli- yataqlı, həmişəlik müalicə eləmişdi.
Şəppəli təntənəli bir mühitdə, professor qızı Zemfira balanın barmağına üzük taxdı. “Lap elə Məmmənin özü kimicə, cavanca bir adam” olan professor Məmmədəli ilə üz-üzə oturub “nəki var vurdu”, sonra həftənin axırı olduğunu xatırlayıb, qədəhini kənara qoyub stəkan istədi, bir daha Məmmənin sağlığına “balans stəkanı” qaldırdı.
- Şəppəli də adam olur ha!
- Ağzı düzələndən bəri dirçəlir.
- Sulanır!
- Qocalığında göyçəklənir kişi!
Sovxozda belə deyirdilər.
- Məmmənin qiyamət dayısı var.
- Əla kişidi!
Bakıda belə deyirdilər.
Xüsusən “Zemfira bala” “Məmmənin dayısına” vurulmuşdu.
- Kakoy u tebya simpatiçnıy dyadka, Məmmə! Şuplenkiy, dlinnonosıy, vılitıy Buratino!..
Pay-ülüşlə yüklənib Bakıya gedəndə Şəppəli həmişə taksini “Nərgiz” kafesinin yanında saxladırdı, avtomatdan zəng vururdu ki, Məmmə düşüb çamadanları qaldırmağa kömək eləsin. Bu vaxt, kafe ilə üzbəüz binanın ikin¬ci mərtəbəsində pəncərə taybatay açılırdı, Zemfira balanın incə qaməti görünürdü, sevinclə dolu cingiltili qışqırtısı eşidilirdi:
- Dyadya Buratino!..
Bunun üstündə Məmmə həmişə onu məzəmmət edirdi:
- Mən kişinin adını qaytarmaq istəyirəm, sən təzə ləqəb verirsən!..
Məzəmmət etməyinə edir, amma eyni zamanda sakit-sakit gülüm-səyirdi.
Ümumiyyətlə, tanıyanlar arasında elə bir adam vardımı ki, Şəppəlinin adı gələndə dodağı qaçmayaydı, gözləri gülməyəydi? Yoxdu. Bakıda da, sovxozda da. Amma Şəppəliyə görə, onu duymayan, onun adı gələndə gülümsəmək əvəzinə qaşqabaq sallayan tək bir adam vardı ki, o da öz iş yoldaşı - baş mühasib Mursaqulu idi. Uzun-uzun illər ərzində bir otaqda, yanaşı stollarda oturduqlarına baxmayaraq, Şəppəli bu qaradinməz, mısmırıqlı adamla ülfət, ünsiyyət bağlaya bilməmişdi. Bir mühasib kimi, düzlük tərəfdarı, namuslu vətəndaş kimi Mursaqulu, bəlkə də, pis adam deyildi. Amma bir həmsöhbət, ürək-dirək yoldaşı kimi heç nəyə yarayan deyildi. Elə ki Şəppəli başlayırdı Məmmədən danışmağa, Mursaqulunun dərhal sifəti ciddiləşirdi. Doğrudur, nəzakət xatirinə qələmini mürəkkə¬bqabına söykəyirdi, hətta gözlərini Şəppəlinin gözlüyünün şüşələrinə sarı yönəldirdi, ancaq “hə, hm” eləməkdən savayı, bir kəlmə də demirdi. O, Şəppəlidən, işdən başqa həyatın özündə “ümumiyyətlə, ciddi olmağı, ciddi şeylər danışmağı” tələb edirdi. Mursaquludan hər dəfə bunu eşidəndə Şəppəli qəzəblənirdi.
- A kişi, insan bəyəm elektrik hesablayıcısı-zaddımı ki, həmişə ciddi olsun? İnsan insandı! Lap ciddisi də, görürsən, sərsəmləyir. Məsələn, budey, sən özün! Mən sənə Məmmədən danışıram, deyirsən “ciddi ol, ciddi şeylər danış!” Sərsəmləmə deyilsə, bəs nədir bu?!
Şəppəli, onunla “düz sarımayan”, onun adı gələndə mısmırığını sal-layan bu şərti dostunun haqqında çox fikirləşirdi. Mursaqulunun yaşı keçmiş olsa da, Şəppəli onu da özü kimi “düzəldib adam eləmək” istəyirdi. Bunun üçün imkan da vardı, şərait də: imkan - Məmmə, şərait - “kəndçi balnisəsi”.
Bir səhər işə gələndə Şəppəli soruşdu:
- Bura bax, Mursaqulu, çoxdandı xəbər almıram, böyrəklərin yenə in¬cidirmi?
Mursaqulu başını tərpətdi, yəni - hə, incidir.
Hər il avqust, sentyabr aylarında Mursaqulu birdən iki-üç kisə dolusu qarğıdalı saçağı yığırdı və bütün qışı da, yazı da, yayı da çay əvəzində qarğıdalı saçağını qaynadıb suyunu içirdi.
Şəppəli stolunun arxasına keçdi, orta siyirtmədəki “yağlı kağızlardan” birini çıxartdı, qələmini mürəkkəbə batırıb başladı:
“Əzizim-gözüm Məmmə. Bu kişi ki göndərirəm yanına, mənim şefim¬dir. Atan Orucun sağlığında da mühasib idi. Sovxozumuzun bütün ağırlığı bu kişinin çiynindədir. Bir yandan işinin çətinliyi, bir yandan böyrəklərinin ağrısı bunu lap adamlıqdan çıxardıb, özün görəcəksən, üz-gözündən zəhər damır. Göndərirəm ki, bunu da adam eləyib qaytarasan. Səni bağrıma basıb öpürəm. Orucun iyini səndən alan, qolu bağlı qulun Mədəd”.
Mursaqulu düz bir həftə məktubu cibində gəzdirdi. Nə isə çox qəribə, hətta sirli inadla Məmmənin yanına getmək istəmirdi. Bu bir həftədə Şəppəli, demək olar ki, hər gün onu danlayırdı.
Nəhayət, Mursaqulu getdi.
Və dabanı üstə qayıtdı.
- Məmmə orda yoxdur.
- Necə yəni yoxdur?
- Balnisədən çıxardıblar.
- Necə yəni çıxardıblar?
- Qovublar... xəstələrdən pul yığırmış.
- A kişi nə danışırsan!..
Şəppəlinin alt dodağı çimildəşməyə başladı.
Mursaqulu kiminsə, başqa bir həkimin yanında olmuş, özünü müayinə elətdirib, “analiz verib”, çoxlu dərman-dava alıb gətirmişdi.
Stolunun arxasına keçib, ikicə gündə iş üçün darıxmış kimi, dərhal kağızları qabağına tökdü.
Şəppəli isə, əlbəttə, daha işləyə bilməzdi...
Dəhlizə və mühasibliyin kandarına çoxlu adam yığışmışdı. Gah Şəppəliyə, gah da yerə baxır, susurdular. Elə bil hüzrə gəlmişdilər.
Şəppəli ovcunu sol üzünə və dodaqlarının küncünə sıxıb, beləcə qurumuşdu. Ona elə gəlirdi ki, əlini buraxan kimi “ağzı gedib qulağının dibində duracaq”. Amma sonra bunu tamam unutdu.
- A Mursaqulu!.. Bir sualıma cavab, a Mursaqulu!
Baş mühasib gözlüyünün şüşələrini onun gözlüyünün şüşələrinə sarı çevirdi.
Şəppəli udqundu.
- De görüm... o xəbəri sənə kim deyib?.. A qurbanın olum, Məmmə hara, bu xəbər hara?!
Cavab əvəzində gurultu eşidildi.
- Bəsdir! Bəsdir, Şəppəli, bəsdir!.. - Mursaqulu, bəlkə də, ömründə bi¬rinci dəfə belə çılğınlıqla qışqırıb yumruğunu stola döydü. - Nə qədər Məm¬mə, Məmmə demək olar, Şəppəli! Bəsdir, eşidirsənmi?! Daha az qalıb atçot əvəzində Məmmə, Məmmə yazım! Canımız xirtdəyimizə yığıldı daha! Sə¬hər - Məmmə! Günorta - Məmmə! Axşam - Məmmə! Yuxuda da sənin sə¬sini eşidirəm! Ya xətm elə, yığışdır bu Məmməni, ya da bu otaqda ikimizdən birimiz oturacayıq! Ya sən və sənin Məmmən, ya da mən! Eşitdinmi, Şəp- pəli?!
Mursaqulu birdən qışqırmağa başladığı kimi, birdən də susdu. Mühasi- bliyə sükut çökdü.
Mursaqulu bir əlini böyrünə - kəmər yerinin üstünə, o biri əlini alnına sıxıb, donqarlanıb hərəkətsiz oturmuşdu. Quru, göyümtül sifətində, göz¬lüyün şüşələri altında kənarları qırışmış yarımqapalı gözlərində elə ifadə vardı ki, elə bil indicə ağlayacaqdı. Canımı ağrıyırdı, yoxsa otuz il ərzində onunla yanaşı stolda oturan, onun xəstəliyi üçün ürəkdən yanan bir adama belə qəfildən qışqırdığına görə peşman olmuşdu? Hər nə isə, baş mühasib əzab çəkirdi. Şəppəli isə ömründə birinci dəfə öz şərti dostuna laqeyd idi. Daha doğrusu, bir növ kütləşmişdi. “Necə yəni rüşvət?! Necə yəni xəstə¬lərdən pul?!” Bu sualları dönə-dönə beynində dolandırmaqdan savayı, bir kəlmə də düşünə bilmirdi.
Kandarda kim isə köksünü ötürdü.
- Fikir eləmə, Şəppəli. Çıxardıblar, canı sağ olsun, sənətini də əlindən almayacaqlar ha?! Oturar evində çastnı işlər, neynək!..
Pəncərədən Şəppəlinin stolunun üstünə şüa düşüb tər-təmiz silinmiş mürəkkəbqabını və knopkaları parıldadırdı. Şəppəli gözlüyünün altından gözlərini bu parıltılara dikib, duruxub qalmışdı.
Haçandan-haçana başını qaldırdı. Günəş şüasının içərisində də xırda- xırda parıltılar vardı: tozcuqlar, zərrəciklər sakit-sakit fırlanıb işıldaşırdı. Şəppəli şüanın arxasında - kandarda dayananlara və ona təsəlli verənin kim olduğuna diqqət yetirmədən, işıldaşan zərrəciklərə baxa-baxa ağır-ağır dilləndi:
- Mənim gözüm çox şey görüb, - dedi. - Bu stolun üstündə haqq-hesab çəkdikcə ağlayanlar, gülənlər görmüşəm. “Elə yazma, belə yaz”, - deyib ayağıma yıxılanlar görmüşəm. Orucdan sonrakı direktorlar ilbəil “katibin pulunu ver” - deyə-deyə hər il balans vaxtı bizi çarmıxa çəkəndə, ikimiz də zar-zar ağlamışıq bu kabinetdə... Belə rəzillik görə-görə mən insanlıq aşiqi olmuşam...
Mursaquluya sarı çevrilib, birdən səsini qaldırdı:
- İndi mən necə Məmmə, Məmmə deməyim, a Mursaqulu?! Necə yəni yığışdır bu Məmməni?! Sən mənə de görüm, hansı dili qurumuş deyib sənə o xəbəri?! Məmmə hara, bu xəbər hara, a Mursaqulu?!
Baş mühasib cavab əvəzində qeyri-müəyyən bir tərzdə “hm!” eləyib ayağa qalxdı, hər iki əli böyrəklərinin üstündə, qaməti əyili, qapıya doğru addımladı. Kandarda toplaşanlar çəkilib hörmətlə baş mühasibə yol verdilər, sonra bir-birinə baxıb onun arxasınca çıxdılar.
Bir az sonra kontorun həyətində, camaatın arasında Mursaqulu, bayaqkı qışqırtısının əksinə, hüznlü, dərdli səslə deyirdi: - Şəppəli dözməz bu dərdə... Şəppəli öləcək...
... Telefonda əvvəlcə Zemfira balanın səsi eşidildi. Şəppəlinin ürəyi çırpındı: “Şükür! Şükür! Dar gündə Məmmənin yanındadı!..”
- Zemfira bala! Ay mənim gözəl gəlinim! Şirin gəlinim! Tanımadın?! Dyadya Buratinodu də!..
Zemfira bala susurdu. Niyə?..
Dəstəkdən Məmmənin səsi gəldi:
- Dayı, hardan danışırsan?
Şəppəli təəccübləndi.
- Necə hardan, ay oğul? Həmişəki yerdən, “Nərgiz”in yanından!
- Gəl, dayı, gözləyirik.
- Bıy... - Şəppəli mat-məəttəl qaldı. O tərəfdə isə dəstək asıldı: “Düt- düt!..”
Şəppəli budkadan çıxdı. İkinci mərtəbədə taybatay açıq, gur işıqlı pəncərələrə, sonra nübar yemişlərlə dolu iki səbətə və içərisində erkək cəmdəyi olan taxta çamadana baxdı. Bu nə müsibət idi cavanlar göstərdilər? Necə yəni “gəl, gözləyirik?” Şəppəli dayanıb, bir müddət gözlərini pəncərələrdən ayırmadı. Orda heç kəs görünmürdü.
Kafe ilə evin arası iyirmi addım olmazdı. Amma meydançanı keçənə qədər kişinin nəfəsi qaraldı.
Kəmərini səbətlərin qulplarına keçirib çiyninə almışdı. Çamadan əlində idi. Bir tərəfdən çiyni üzülürdü, o biri tərəfdən qolu. Qıçları titrəməyə başla¬yırdı.
Bir dəfə, haman dağətəyi daş kahaların qabağında, haman çəmənlikdə ətlik üçün tərəzidə qoyun çəkiləndə çobanlar bir-birinə göz elədilər, Şəppəlini götürüb tərəzinin üstünə atdılar. Azca əvvəl burmabuynuz bir qoçun çəkisi qırx kilo gəlmişdi. Şəppəlininki otuz kilo gəldi və Şəppəli bun¬dan çox məyus oldu. O, öz cürəfəsizliyini, əlbəttə, bilirdi. Amma ömründə bir dəfə də tərəziyə qalxmadığından, bunca vəznsizliyindən xəbəri yoxdu. Buna görə də məyus oldu. Bəraət üçün “stol adamıyam, qardaş. Stol canımı alıb” - dedi. Bəraət üçün dedi, amma əslində bu həqiqət idi: Şəppəlinin bədəni, demək olar ki, əzələdən məhrum idi. Bu əzələsiz bədənin indi təxminən yetmiş kilo, yəni özündən iki kərə ağır yükü qaldırması möcüzə idi. Amma Şəppəli bu barədə fikirləşmirdi. Orda, mənzildə nə isə ciddi bir şey olmuşdu. Əgər Zemfira bala pəncərədə görünüb “dyadya Buratino!”- deyə qışqırmırdısa, yəni sevinmirdisə və əgər Məmmə qarşılamağa, kömək eləməyə çıxmırdısa, demək, nə isə bir hadisə baş vermişdi.
Meydanca, nəhayət, qurtardı.
Şəppəli səki boyunca düzülmüş cökələrin altındakı yaşıl ot zolağını - “qazonu” da müvəffəqiyyətlə keçdi. Ayağını səkiyə qaldıranda isə birdən
xırp dayandı: nə kökə düşmüşdüsə, kişinin cəmi bir qarış hündürlüyə qalxmağa taqəti çatmadı. Beləcə, bir ayağı “qazon”da, o birisi səkidə ilişib qaldı.
Məmmənin pəncərələri lap yaxında, onun başının üzərində idi. Amma Şəppəli Məmməni çağırmadı. Əvvəla, çağırmaq istəsə də səsi çıxmazdı. İkin¬cisi də, tamamilə mübaliğəsiz demək olar ki, öz qeydinə qalmırdı, beynində yalnız bayaqkı fikir dolanırdı: Orda - yuxarıda nə isə olmuşdu. Məmmə gör nə halda idi ki, qarşılamağa çıxmırdı.
Şəppəlini təpədən-dırnağa tər basdı. Gözləri qaraldı. Çamadan əlindən düşdü.
Birtəhər əyilib səbətləri də səkiyə qoymaq, tezcə yuxarı qalxmaq, nə baş verdiyini öyrənmək istədi. Bu vaxt Məmmənin “paradnısından” kim isə səkiyə çıxdı. Dayanıb Şəppəliyə baxdı. Sonra arxasınca çıxan “zənən’in qolun¬dan tutub, sürətlə addımladı.
Şəppəli bu bəstəboy, şlyapalı adamı professor Məmmədəliyə - “Məmmənin özü kimicə, cavanca qayınatasına” oxşatdı. Amma buna inanmadı. Daha doğrusu, inanmaq istəmədi ki, professor onunla üz-üzə gəlib, dindirməyib, heç olmasa dilucu salam verməmiş gedə bilər. Şəppəli zənənə diqqət yetirdi və... əhvalı nə qədər xarab olsa da, o zənənin gözəl, zərif qamətini tanımaya bilmədi. Bu professor Məmmədəli olduğuna şübhəsi qalmadı.
- Professor!.. Ay oğul!..
Səbətlər aşırılıb düşdü, yemişlər dığırlanıb səkiyə dağıldı. Amma Şəppəlinin gözünə yemiş-zad görünmürdü:
- Zemfira bala!.. Ay oğul!.. A qohum!..
Sürətlə uzaqlaşıb, elə bil nə isə qorxunc bir təhlükədən qaçan qohumlarından Şəppəlinin yadında həmişəlik olaraq iki şey qaldı: parça mağazasının vitrininin işığında, professorun əsəbi əlində parıldayıb gözlərini qapayan qara sağanaqlı, tutqun şüşəli gözlük, bir də gedə-gedə dönüb “dyadya Buratino”ya baxan Zemfira balanın yanağında yaş damlası.
Başı dumanlı, yenidən yüklənib ikinci mərtəbəyə qalxanda, qapını açan kimi danışmağa başladı:
- Professornan gəlinimin elə getməyi belimi sındırdı. Aranızda nəsə olub. Ancaq hələ onu xəbər almıram, o qoy dursun. Əvvəlcə mənə de görüm, dayıyın Məmməsisən, yoxsa Mursaqulu deyən Məmmə?! Bax, nəm- nüm eləmə, baş-ayaq vurma, sənə qurban olum. Birdəfəlik açıqca de ki, ya birdəfəlik ölüm, ya dirilim. Bu saat mən yarımcanam!.. Birbaşa, açıqca!.. Mursaqulu o xəbəri deyib-deməyib, yenə dodağım çimildəşir. Əgər sən
təmizsənsə, düz yolun yolçususansa, ağzımı-burnumu yox, istər var bir şaqqamı şəppə vursun, vecimə almaram, başın haqqı, indiyəcən necə yaşamışamsa, indən belə çalışıb birə beş qat artıq kefnən yaşayacam! Yox, əgər ürəyin ləkəlidisə, onu da, dediyim kimi, lap açıqca, utanıb-eləmə, birbaşa de, mən də işimi bilim, oğul, xəbər verim sovxoza, qəbrimi qazıb hazırlasınlar, gedim girim içinə, uzanım, torpaqlasınlar üstümü, qurtarsın getsin. Onsuz da, yaranıb-yaranmamışam, fələkdən şapalaq yemişəm. Bir dəfə, lap cavan vaxtımda, təcrübəsizliyimin üzündən haqq-hesabı dolaşıq salmışdım, məni silistə çəkdilər, dedilər, “sosialist əmlakını dağıdırsan”. Bir onda fələyin şapalağı dəydi, ağzım əyildi, öz doğmaca əmim qızı - nişanlım məndən üz döndərdi. O əyrimi Oruc düzəltdi. Sonra da sən düzəltdin. Məni yaşadan sənsən, sənə qurban olum! Sən mənim işıqlı dünyamsan! Əgər dilim qurusun, belə deyilsənsə, daha mənim yaşamağımın nə mənası var?!.
Şəppəli Məmmədən pis cavab eşitmək qorxusu ilə, özü də hiss etmədən vaxtı uzadırdı. O, divanda, Məmmə isə divanla üz-üzə divarı başdan-başa tutmuş kitab rəflərinin tən ortasından yataq otağına açılan qapının arasında, alçaq kürsüdə oturub, başını sinəsinə əyib, aramsız siqaret tüstülədirdi. Onun böyründən yataq otağında üstünə yaşıl ipək çəkilmiş qoşa taxt, bir açıq jur¬nal və Zemfira balanın rəngli portreti görünürdü. Əvvəllər Bakıya gələndə və Zemfira balanı burda tapmayanda, onun əvəzində Şəppəli həmin bu rəngli, elə bil canlı portreti öpürdü, “gəlininin” çiyinlərinə dağılmış sarı saçları arasında tamam gözlənilməz təsir bağışlayan zil qara, gülümsəyən gözlərinə baxıb başını bulayırdı: “Ay kələkbaz şeytan!..” Bu sözləri o, heç də nə isə demək xatirinə demirdi. Bu sözlərin arxasında böyük bir aləm vardı.
Professorun ailəsi ilə ilk tanışlıqdan cəmi bir həftə sonra Zemfira bala sovxoza, “dyadya Buratino”nun üstünə məktub yazmışdı. Şəppəli məktubu Pəricahana göstərdi, tərcümə edib başa saldı ki, Zemfira bala Məmmə ilə zaksa getmək üçün onlardan, yəni Pəricahanla Şəppəlidən izin istəyir.
Pəricahan gələcək gəlininin tamam ayrı bir aləmin adamı olduğunu lap ilk baxışdan hiss etmişdi. Zemfiranın qayınanası ilə öz dilində sərbəst danışa bilməməsi, çox zaman Məmmənin tərcüməçilik eləməsi bir yandan, gəlinin musiqi məktəbində “artistlik oxuması”, qaynanasının qabağında “üzü o yana oturub” “dalını dingildədə-dingildədə” pianoda öz “saçinennisini” çalması da bir tərəfdən Pəricahanı açmırdı. Ancaq sonralar, Məmmənin “Zemi’ni çox istədiyini nəzərə alıb hər şeyi qəbul etdi. Bir dəfə Şəppəli ilə Zemfira haqqında danışanda, hətta gülümsədi də: “Şirin şeydi”, - dedi. “Təki oğlum xoşbəxt olsun, mən gəlinimin dilini qanmasam da dözərəm”, - dedi.
Şəppəli hiss edirdi ki, arvad “dili qanmamağa” hünərlə dözürdü.
Məktub və zaks söhbətinə isə dözə bilmədi. Heyrət nişanəsi olaraq dırnaqlarını üzünə çəkdi: “Allah, mənə ölüm ver! Bu nə təhər gəlindi?! Bircə həftə bundan qabaq barmağına üzük taxmışıq, hələ heç nişan toyunu da eləməmişik, bu nə üznən zaks istəyir?! El nə deyər bizə! Bir də, niyə Məmmə özü yox, bu yazır sənə, a kişi?!”
Nə üçün Məmmənin yox, gəlinin yazdığını Şəppəli də başa düşmürdü. Amma zaksın nəyə lazım olduğunu bilirdi, bu barədə məktubda yazılmışdı, hələ Şəppəli o yeri tərcümə etməmişdi. Pəricahana izah etdi ki, Bakı Sovetində Məmmənin adına birotaqlı mənzil yazıblar. Həm də şəhərdən kənarda, “lap biyabanda”, beşinci mikrorayon deyilən yerdə vermək istəyirlər, cavanlar isə, Zemfira balanın yazdığı kimi, “Baksovetə kələk gəlmək”, kəbin kağızını təqdim edib ikiotaqlı mənzil almaq istəyirlər. Zem- fira bala yazırdı ki, “kəbin şəhadətnaməsi əlimdə olsa, Məmmənin qolundan tutub özüm gedərəm Baksovetə, lap pul da verərəm”.
Zemfira bala məktubun bir yerində yazırdı: “Çox çətinliyə düşsəm, deyəcəm hamiləyəm. Bununçün də kəbin lazımdır”. Şəppəli əvvəlcə nəzər¬də tutmuşdu ki, bu sözləri Pəricahana çatdırmasın. Amma özü də bilmədən, məktubun ahənginə qapılıb “deyəcəm hamiləyəm” sözlərini də tərcümə etdi və bununla da Pəricahanı dəhşətə gətirdi.
Arvad bütün gecəni söyləndi, “ağzı əppək kəsməyən, qeyrətsiz” oğlunu asıb kəsdi.
Şəppəli bərk peşmanlamışdı. Axı, necə oldu ki, məktubun “o yerini” də tərcümə etdi? İndi neyləsin, nə çıxış yolu tapsın?.. Əgər Məmmə ilə Zem- fira bala əvvəlcədən geniş mənzil almağa çalışırdılarsa, bununçün kimə isə “bir balaca kələk gəlmək” istəyirdilərsə, burda böyük qəbahət yoxdu, bunu onlara bağışlamaq olardı. Əgər Zemfira bala bu qədər açıq-saçıq yazırdısa, bunu da bağışlamaq lazımdı, çünki axı Zemfira bala, ümumiyyətlə, açıq təbiətli qızdı. Bəs bunları Pəricahara necə başa salasan?..
Şəppəli poçta getdi. Professorun evinə zəng vurub Zemfira balanı tele¬fona çağırdı, dedi ki, Bakı Sovetindən savayı, Pəricahan anaya da “kələk gəlməsələr, iş düzəlməz”, yəni kəbini kəsdirib Pəricahan anadan gizlin saxlamalıdırlar.
Kəbin də kəsildi, mənzil də alındı, professorun puluna cehiz - “stolovı” və “spalni” də alındı. Amma Zemfira bala, Şəppəlinin dediyi kimi, “Pəricahan anadan bir balaca sızdı”. Məhz “sızdığına”, yəni qorxduğuna görə idi ki, “dyadya Buratino”nu qarşılayıb, onun boynuna sarılıb öpüşəndən sonra, göz vurub birinci növbədə soruşurdu: “Kələyimizin üstü açılmayıb?..” Şəppəlinin hər dəfə Bakıya gələndə gəlinini mənzildə tapmayıb portreti öpəndə dediyi: “Ay kələkbaz şeytan” sözlərinin arxasında belə bir aləm gizlənirdi.
Cavanların xoşbəxtliyi üçün “bəqədri qüvvə” “azdan-çoxdan bir iş” görə biləndə, Şəppəli ürəyində indiyə qədər duymadığı hisslər duyurdu. Bu hisslərdən bəzən kövrəlib gizlincə gözlərini silirdi. Bəzən isə hisslərini bölüşmək üçün adam axtarırdı. Tapmayanda əlacsız qalıb üzünü şərti dosta tuturdu:
- Bəri bax, a Mursaqulu, bilirsənmi nə fikirləşirəm?.. Ailə, oğul, uşaq, hamısı yalan söhbətdir. İnsan insana yaxşılıq eliyəndə, baxırsan ki, lap yadın yadı da gəlib sənnən dost-doğmaca canbir qəlbdə oğul-uşaq olur! Məsələn, Zemfira bala mənim nəyimdi? Heç nəyim! Amma di gəl sən məhəbbətə bax!..
Şərti dostun “hə”, “hm” - qeyri-müəyyən mızıltılarından bezikəndə, vaxt tapıb Pəricahan arvadın yanına gedirdi.
- Bizim Mursaquluya söz danışanacan bir kor quyuya danışasan! - deyib söhbəti burda təzələyirdi: - Mənim əqidəm belədir ki, Pəricahan, insan insana pasiban olmalıdır. Onda həyat bal dadır, Pəricahan! - deyirdi.
Bu hisslərini Bakıda Məmmənin özü ilə də bölüşürdü:
- Sən yaxşı yol tutubsan, sənə qurban olum. Bu qədər ki, sən yaxşılıq eləyirsən adamlara, məktubla üstünə göndərdiklərimin hamısını ki, belə can- dildən çalışıb, sağaldıb qaytarırsan, bir vaxt gözünü açıb görəcəksən, bütün el-oba, hamı sənin can-ciyərindi! Özgə nə lazımdı insana, hə?! Düz demirəmmi, a qurban olum?..
Şəppəli belə danışanda, qəribə idi ki, şərti dost kimi Məmmə də susurdu. Yalnız hərdən, Şəppəli “düz demirəmmi?” - deyə təkidlə xəbər alanda Məmmə sakitcə gülümsəyib təsdiq edirdi və bu vaxt kişi özünü saxlaya bilməyib onu qucaqlayırdı. “Mənim doktorum! Mənim balam! Gözümün işığı!..” Nəhayət, Məmməni də kövrəltdiyini görəndə daha dözməyib yaxasından əl çəkirdi...
Bu gün onlar bu hisslərdən uzaqdılar. Birisi divanda, o birisi kürsüdə oturub mətbəxə qədər hər yerin pəncərələrinin taybatay açıldığına baxma-yaraq, havası tərpənməyən mənzildə “təmizlik”, “ləkəlilik” haqqında düşü¬nürdülər. Məmmənin susqunluğu, yorğun və qapalı görkəmi getdikcə Şəppəlini daha çox qorxudurdu. Məmmədən pis cavab, Mursaqulunun sovxo¬za apardığı xəbərə uyğun bir bəd kəlmə eşitsə, bütün həyatının birdən mənasızlaşacağını, “Məmmə” adlı işıqlı dünyasının qaralacağını fikirləş¬dikcə Şəppəlinin səsi titrəyirdi.
- Atan rəhmətlik, bədbəxt Oruc o boyda sovxoz yaratdı. Fəhlələrnən bərabər, toz-torpağın, palçığın içində tütün şitili əkə-əkə, on-on iki sırxananı böyük sovxoza çevirdi, dördcə yüz qoyunu gətirib iyirmi minə çatdırdı. Dələduz, yırtıcı köpək uşaqları dolaşdırıb gudaza verməsəydilər, mən
inanıram ki, atan günü bu günəcən təmiz adnan, şan-şöhrətnən qulluq elərdi. Sən Orucun oğlusan! Mən inanmıram ki, sən əyri yola getmiş olasan. Rüşvət hara, sən hara, a sənə qurban olum?! Rüşvət elə zəhrimardı ki, adamın yerişinəcən, otruşuna-duruşunacan dəyişiklik eləyir. Bəs nə! Adamın baxışınacan dəyişdirir o zəhrimar! Otuz ildə mən başımın tükü sanı görmüşəm o cür dəyişirik olanları!.. Biri vardı, əvvəl tanımırdım mən onu, dombagöz, yekəqarın adamdı, bir dəfə xahiş elədi, maşınını yudurtdu mənə, sonra gedəndə ikicə kəlmə “sağ ol” da demədi. Baxdım dalınca, Mursaqu- luya dedim: “Kimdisə, bu adamyeyən adamdır”. Mursaqulunun mənə acığı tutdu, dedi: “Məsələ qarında deyil”. Məni yaman yandırmışdı o adamın mənnən rəftarı. Harda maşın görürdüm, o saat gəlib dururdu gözümün qabağında. Bildirrəri, bir də görürəm Mursaqulu gəlib dayanıb stolumun qabağında, altdan-altdan mənə baxıb başını sambayır. Deyirəm nə olub, başını niyə sambayırsan, a Mursaqulu? Nə desə yaxşıdır? “O adam ki, o illəri sənə maşın yudurtmuşdu ha, o adam, doğrudan da, yeyənmiş, a Şəppəli! Sənin gözün nə yaman itiymiş, a Şəppəli!” Demə o adam Mur¬saqulunun dost-doğmaca əmisi nəvəsiymiş. Gedib onun yanına ki, bəs əminəvəsi, rayonda adın tutulur, hörmətin var. Zəng elə, mənə bir yaxşı yerə bir yaxşı putyovka versinlər, gedim böyrəklərimə bir əlac eləyim. Əvvəl bir söz deməyib, götürüb zəng vurub putyovkanın yerini eləyib. Sonra deyib: “Çıxart ver iki yüz qırx manat. Yüz iyirmisi putyovkanın qiyməti, yüz iyir¬misi də mənə əlxərci”. Sonra, deyir, əminəvəsi başladı ki, mən bəyəm putyovkanı yox yerdən düzəldirəm? Gərək putyovka verən adamı, onun böyründə bir-ikisini qonaq eləyim!.. Nə isə...
Şəppəli dərindən nəfəs alıb bir az susdu.
- Allah heç kəsə qismət eləməsin o cür adamlıqdan çıxmağı! - deyə yanıqlı, düşüncəli əlavə etdi: - Qonaqlıq da olar. Ağız şirinləmək, bir töhvəynən könül ovlamaq da olar. Biz də adam içində yaşayırıq... Mən özüm məktub yazıram, sənin yanına xəstə yollayıram, burdan - Bakıdan qayıdanda bir kilo qənfetlə adımı anan olanda mən də xoşhal oluram. Ancaq o cür rəzillik eləmək, xəstədən pul istəmək?! Mən bilmirəm, hansı dili qurumuş deyib o xəbəri Mursaquluya, nə əsasla deyib. Bircə onu bilirəm ki, Orucun oğlu o yola qulluq eləməz! Mənim Məmməm xəstənin xirt¬dəyindən yapışıb “ver” deməz! Deməz!.. Səhər evdən çıxanda Pəricahana dedim: “Mursaqulunun çərənləməsinə inanma. Camaatın arasında sınıq gəzmə!” Nədən ki, Oruc sarıdan anan çox sınıq gəzib. Sən sağ ol, yerindən qalxalı şəhərdə, oxumağında olubsan, bir mən görmüşəm yazıq anan nələr çəkib! Orucun belinə bir milyon rastrata qoydular, özün bilirsən, neçə kərə danışmışam. Rayondan da yox, birbaş Bakıdan kəmisə çağırdılar, kağız- kuğazı, nə vardı, hamısını surğucladılar. Mursaquluyla biz sonra bildik ki, kəmisyədəkilər o dələduzların öz adamlarıymış. Surğucladılar, sonra da aləmi elə qarışdırdılar, nəinki Mursaqulu, heç fələk də baş açmazdı. Bircə milyonu qoydular Orucun belinə, hamı da dedi ki, yeyib, dağıdıb, cana- varıymış, yırtıcıymış. Rəhmətə gedən günəcən məktubu uc-uca calayırdı ki, qayıdıb düzlüyümü sübuta yetirəcəm, adımı-sanımı qaytaracam!.. Orucun bircə dərdi vardı, o da sən idin, sənə qurban olum, qorxurdu ki, atayın başına gətirilənləri fikirləşib sınarsan, əyri yola gedərsən. Məktubun əvvəlində də yazırdı: “Məmmə əmanəti!”, axırında da yazırdı: “Məmmə əmanəti!” “Məmmənin ürəyini qoruyun!” - deyirdi. Heyif, görmədi! Məmməsinin nə təhər şəfalı, şöhrətli doktor olduğunu heç olmasa eşitmədi də bədbəxt Oruc! Ancaq Orucun ruhu hər şeyi görür! Görür, Məmmə! Başını qaldır, üzümə bax, deynən eşitdiyin yalandır, Mədəd dayı. Mursaqulunun dediyi yalandır!.. Mən bilirəm, əlbəttə yalan olmağına yalandı. Mən bilmək istəyirəm, görüm səni doğrudanmı çıxardıblar işdən, çıxardıblarsa, nəyin üstə? Mən gərək öyrənim, hər şeyi yerli-yataqlı bilim ki, gedim sovxozda camaatı yığım danışım, sənin işıqlı adıyın üstə kölgə düşməsin...
Məmmə dillənmirdi.
- Görürəm, olmağına nəsə olub, Zemfira bala gözüyaşlı getdi... Özün də belə susqun, elə bil heç o Məmmə deyilsən... - Şəppəli yenidən başlayıb, kim bilir hələ nə qədər danışacaqdı. Birdən burnuna pis qoxu dəydi. Pəncərələrin arxasında çinarların yarpaqları xışıldadı, mənzildə hava tərpəndi və dərhal, səhərdən çamadanda qalmış ətin qoxusu içəri yayıldı. Şəppəli Məmmədən eşidə biləcəyi qorxunc cavabı bir az da ləngitməyə fürsət tapmış kimi, tez qalxıb, bayaqdan dəhlizə atılıb qalmış çamadanı mətbəxə apardı, təxminən iyirmi kiloluq cəmdəyin tamam göyərib zay olduğunu görəndə, bu onda heç bir təəssüf doğurmadı. Bu saat özünün sovxozdakı təkotaqlı mənzilindəki “var-yoxdan” da, son bir neçə ildə “Məmmənin istirahəti üçün” əkib-becərdiyi bağ-bağçadan da, “Məmmənin xeyir işi üçün” bəslədiyi erkəklərdən də, qısası, dünya malı adlanan hər şeydən keçərdi, təki Məmmə “Mursaqulunun dediyi Məmmə olmayaydı!”.
O, mələfəyə bükülü cəmdəyi çiyninə atıb həyətə düşdü, evin meydan və kafe tərəfindəki gur işığın, təmizliyin əksinə, yarımqaranlıq, çirkli həyətdə gözünü ətrafına dolandırdı ki, münasib yer tapıb cəmdəyi atsın. Burda, heç gözlənilmədən, Şəppəlinin başına bir iş gəldi.
O, cəmdəyi zibil yeşiyinə atanda, birdən nəhəng bir qadın peyda oldu.
- Kişi! Bu nədir atdığın, nə pis iy verir!
Deyəsən, dalandardı:
- Ət?!. İti-pişiyi bura yığmaq istəyirsən?! Çuma yaymaq istəyirsən?!
Bu sayaq sözlərə ara vermədən, cəmdəyin qıçından yapışıb, dartıb,
oradakı kağız-kuğuzla, zir-zibillə bir yerdə çıxarıb, şappıltı ilə Şəppəlinin belinə yüklədi, sonra kişinin yaxasından bərk-bərk tutub qaranlıq bir yerə apardı.
Qadın hey ötürdü, ütülü, səliqəli parusin kostyumda, boğazı qalstuklu, gözləri gözlüklü kişinin heç də kəndliyə oxşamadığına baxmayaraq, hansı bir əlamətindənsə onun məhz “kənddən gəldiyini” müəyyənləşdirib, “qan¬maz, nadan kəndçilərə” vur-hay söyüş yağdırırdı.
Əvvəllər Şəppəlini “ayağı yerə dəyməyə qoymayan” Şəppəli mənzilə gələn kimi onu “vannaya basıb”, “yoldan gəlmisən, çim rahatlan”, - deyə nəzakətlə qayğı göstərən, Şəppəli yuyunub çıxana qədər çay dəmləyən, “stoliçnı” araq, yanında da “balans stəkanı” qoyub öz əli ilə süfrə hazırlayan Məmmə, indi, Şəppəlinin cəmdəyi çiyninə alıb çıxdığını elə bil heç görməmişdi. Parusin pencəyin yaxasını qalstukla birgə ovcuna yığışdırıb çəkən qadının ardınca qaranlığa gedəndə də, cəmdəyi quyutək gumbultu ilə udan dərinliyə atıb həyətə qayıdanda da, o, kürsüdə hərəkətsiz oturub siqaret çəkən Məmməni görür, “nadanlar, eşşəklər!” - deyə ötən qadın onun qulaqlarında milçək vızıltısıtək səslənirdi. Gör bir Məmmənin çiynində necə dərd yükü vardı ki, yol yorğunu kişinin üstəlik də burda zəhmət çəkdiyinə diqqət yetirmirdi!
- Ey, sən kimin adamısan?!
Şəppəli bayaqdan bəri, burda birinci dəfə bu qadının üzünə baxdı və qəribədir ki, onun sualı əvəzində, gözlərinin altından asılmış tuluqlara diqqət verdi: “Hə, bildim, böyrəkləri zaydı, onçun belə zəhər tuluğudur”. Sonra yenə tamam ayrı fikir: “Bu böyrək naxoşluğu gör nə bəladı ki, bizim şərti dost kimi adamın da xasiyyətini zay eləyib. Bu səhər necə qışqırdı üstümə! Ömrümdə birinci dəfədi mənə qışqırırlar, bircə bu gün. Səhər Mursaqulu, indi də bu heyvərə! Nə istəyir bu məndən? Cəmdəyi o yana at dedi, atdım...”
- A kişi, karsan, lalsan, nəmənəsən?! A kişi!.. - Qadın pencəkdən necə dartdısa, Şəppəli daha dözə bilmədi:
- Nə istəyirsən, ay arvad?!
- Dilin varmış... Mənə de görüm, hansı mərtəbəyə çıxırsan?
- Tutaq ki, ikiyə. Sonra?
- İkidə kimin kvartirasına?
- Sənə nə var, nə zəhləmi tökürsən, arvad?!
- Bilmək istəyirəm: rüşvəti kimə gətirmisən?
- Nə rüşvət?! Başına at təpib?!
Qadın əllərini belinə qaldırdı.
- O doxdur, Orucoğludur, nədir, kababının tüstüsündən gözümüz kor olub! Özü də süpürgə çöpü, napnazik, bilmirsən harasına yeyir!..
Şəppəli özünü içəri salıb bayaqkı yerində - divanda oturmuşdu, dalan¬dar isə hələ də danışırdı.
- Məmmə, qurbanın olum, mən daha dözəmmirəm! Başını qaldır mənə bir kəlmə de!
- Mən başa düşəmmirəm, dayı.
Şəppəli buna təəccüb elədi:
- Nəyi?.. Nəyi başa düşəmmirsən, a qurbanın olum?
- Mənim rüşvət yediyimi indi bilmisən?
Məmmə yenə siqaretini sümürdü. Tüstü dağıldı. Amma Şəppəli hamanca, illərlə alışdığı, ağbənizli, sakit baxışlı, zərif, göyçək Məmməsini gördü. Ən dəhşətlisi bu idi ki, Məmmə həmişəki kimi gülümsəyirdi.
Şəppəli udqundu.
- Yalandır!
- Nədir yalan olan, dayı?
- Sən alan adama oxşamırsan!..
- Oxşamaq üçün necə olmalıyam ki?
- Mən sənə dedim, haram yeyən adam dəyişirik olur. Yerişinəcən, oturuşuna-duruşunacan, gözünün içinəcən!
- Məndə dəyişiklik görmürsən?
- Görmürəm!
- Bir yaxşı-yaxşı bax.
- Görmürəm! - deyə Şəppəli inadla təkrar edəndə Məmmə köksünü ötürdü.
- Görmürsənsə, demək, dəyişiklik mənim içərimdədi, dayı. Buna nədir sözün?
- Sözüm əvvəlkidi: inanmıram! Necə ola bilər ki, sən elə şey eliyəsən, mənim xəbərim olmaya?!
- Məni təəccübləndirən də elə odur də, dayı. Bir saatdı danışırsan, baxıram ki, görəsən, nə olub bu kişiyə. Birinci rüşvəti mənə sən özün verməmisən?
- Mən?! Sənə - rüşvət?!
- Birinci dəfə sən mənə quzu vermisən. Yadındadır? Sonra da ki, erkəklər!
- A sənə qurban olum, məni niyə öldürürsən! Mənnən belə zarafat eləmə!.. Quzu! Erkək! Hı!.. Mənə de görüm, hansı dili qurumuş deyib, nə
təhər olub Mursaqulu elə xəbərnən gedib sovxoza? Səni doğrudanmı çıxardıblar işdən?
- “Çıxarıblar” yumşaq sözdü, dayı. Qovublar.
- Nə üstə?
- Rüşvət üstə.
- Səni böhtana salıblar?
- Yox, dayı. Böhtan deyil.
- İnanmıram!.. Dünya dağılsa da inanmaram!
- Çox nahaq... Sürdüyüm maşını da bax o televizoru... soyuducunu da bu evdə nə görürsən, bax bu padpisnoy kitablaracan, hamısını rüşvətnən almışam. Maaşla yaşayan kimdir indi, dayı? Dolanmaq olmur... İçərim də¬yişib, dayı. Çox dəyişib...
- A sənə qurban olum, bu evdəkiləri mənim öz gözümün qabağındaca, qayınatayın puluna almadınmı?! Niyə zülm eləyirsən mənə?! Zemfira balanın cehizi deyilmi bunlar?!
- Yox, dayı. Adını cehiz qoymuşam.
Şəppəli son dəfə:
- İnanmıram! - dedi. - Rüşvətxorun bax burasında - qaşqasında möhür olur! Əlini alnına vuranda ovcu qəribə, qatı tərə bulaşdı. Yenə də alt dodağı çimildəşirdi. - Səndə mən möhür görmürəm!
Məmmə nəyə isə təəssüflənən kimi, yenə köksünü ötürdü.
- Möhürü mənim əmək kitabçama vurublar, dayı. - dedi. - “İşdən kənar edilsin”. İmza. Möhür.
Şəppəli onda təzə sezdiyi laqeyd - soyuq görkəmlə:
- Siqaret çəkməkdən dilimə zəhər çöküb, - dedi, - yemişlərin şirindirmi, dayı?
Şəppəlidən səs çıxmadı. İndi o da ayaq üstə idi. Məmmə mətbəxə keçib nimçə, çəngəl, bıçaq gətirəndə də, yemək otağına qayıdıb yemiş kəsəndə, səliqə ilə doğrayıb “hava yaman istidir, amma sən istiyə baxan deyilsən, içəndə içirsən”, - deyib soyuducudan araq çıxaranda da Şəppəli uşaq kimi addım-addım onun arxasınca yeriyir, birdən-birə dəyişmiş - donuq, demək olar ki, tamamilə ifadəsiz gözlərlə onun hərəkətlərini izləyirdi.
Məmmə iki qədəhə araq süzdü. Öz qədəhini götürdü.
- İçək, dayı... Yayda mən dilimə içki vurmuram. Amma sən gəlmisən, içməmək olmaz... Bəlkə, aclığın var? İstəyirsən bir yana gedək? Parka? “Drujba”ya! Hə?
Şəppəli dillənmirdi. Daha hər şeyi dərk etmişdi. “İşıqlı dünyasının” qaraldığını, yox olub, nağıla, əfsanəyə çevrildiyini başa düşmüşdü. Məmməyə yox, indi Şəppəli elə bil boşluğa, heçliyə baxırdı.
- Getmək istəmirsən?.. Di qaldır! Sənin sağlığına, dayı. Nə qədər qəribə, oriyinal kişisən, bir o qədər də etibarlı, sədaqətli adamsan. Mənim pis günümdə ki, gəlmisən, bu sənin Mədəd kişi olduğunu təkrar sübut eləyir.
Sənin sağlığına!
Mursaqulu kişi necə demişdi, elə də oldu: Şəppəli dözmədi. Sovxoza qayıdıb, aşxanada oturub, “balans stəkanı”nı içəndən sonra:
- Gəlirəm, ay Oruc. Bu dünya mənim yerim deyil, sənin yanına gəlirəm, - dedi və başını stola endirib, elə qəribə - sakit, rahat öldü ki, oturduğu yerdəcə yatdığını güman eləyib, aşxana bağlanana qədər, öldüyünü bilmədilər. Biləndə isə təəccüblənmədən, həyəcanlanmadan, - həəə, qur¬tardı... qurtardı. Şəppə də belə getdi, - dedilər.
Tək bir adam - şərti dost ağladı:
- Aləm idin... dünyaydın, ay Mədəd!.. Ay Mədəd kişi!.. - dedi.