Nizami Cəfərov,
akademik
Bağater Arabulinin
oyaq yuxuları
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Allahverdi Təkləlinin tərcüməsində gürcü şairi Bağater Arabulinin “Gündüz yuxulari” şeirlər kitabını nəşr etmişdir. Kitaba ön söz yazmış Rüstəm Kamalın da etiraf elədiyi kimi, azərbaycanlı oxucu iyirmi-otuz ildir ki, gürcü poeziyasının yaşantılarından xəbərsizdir. Və ona görə də sözügedən nəşrin ən azı bu baxımdan maraqla qarşılanacağına heç bir şübhə yoxdur... Lakin kitabla tanışlıq elə ilk səhifələrdən göstərir ki, gürcü poeziyası öz tarixi möhtəşəmliyini, dərin humanist məzmun-mündərəcəsini, milli üslub-intonasiyasını nəinki qoruyub saxlamaqda, eyni zamanda dövrümüzün sosial-mənəvi yaşantılarını, fərdi insan talelərini, hiss və düşüncələrini daha mükəmməl şəkildə əks etdirmək üçün ciddi yaradıcılıq axtarışları aparmağa qadir istedadlı söz sənətkarları yetişdirməkdədir.
Bağater Arabulinin “Gündüz yuxuları”ndakı ideya-estetik miqyas, milli özünəməxsusluqda təzahür edən son dərəcə təbii ümumbəşərilik, eləcə də fərdi hisslərin, düşüncələrin ictimai vüsəti zəmanəmizin ilhamlı olduğu qədər də mütəfəkkir bir şairindən xəbər verir. Və Rüstəm Kamalla razıyam ki, Bağater Arabulinin poeziyası gürcü xalq mədəniyyəti üçün səciyyəvi olan “xor” estetikasının tərkib hissəsi deyil. Ancaq bir məsələ var ki, bu poeziya nə qədər fərdi yaradıcılıq texnologiyalarına malik olsa da, onun mahiyyətində ümumən milli, eləcə də bəşəri ruhun “xor”u var...
Öldü...
Ağladılar...
Ağı dedilər...
Göz yaşıyla
tapşırdılar torpağa...
Yaxınlığındasa
badamlar, gilənarlar
günəş altında
gül açırdı çılğıncasına...
Buradakı “metamorfoza” (elə bu qısa şeirin adı da “Metamorfoza”dır) fərdi düşüncənin məhsulu, yaxud impulsiv kəşf deyil, min illər boyu insanın xəyalında dolaşan, hər kəsin daxilinə hopmuş fərdi “xor”dur.
Bağater Arabulinin güclü poetik yaddaşı ona imkan verir ki, min illərin nəğmələrinə yeni həyat gətirsin:
Qatıbdı bir-birinə ağla qaranı həyat,
Qatıbdı ehtirası eşqlə, zəhəri balla.
Bir ucdan yaddaşına düyür yaşananları,
Gedir sapmadan zaman, gedir getdiyi yolla.
Sevdaya qarışınca başımız İudatək
Alçaqlıq könlümüzə girib pozdu düzəni.
İsanı satan sayaq satdıq bəxtəvərliyi,
Öldürdük içimizdə qənirsiz möcüzəni.
Bəs sabah doğulanlar necə yaşayacaqlar?
Qeybətin çarmıxına çəkir qardaş qardaşı.
İllər baş alıb gedir yenə eyni qaydada,
Yenə eyni cür dönür dövrün dəyirman daşı.
Məsələ onda deyil ki, həmin sözləri bir vaxtlar Homer də deyib, Firdovsi də, Nizami də, Şota Rustaveli də, Dante də, Şekspir də... Əsas odur ki, zəmanəmizin şairi öz dövrünün mənəvi mühakiməsində vicdanla iştirak etməklə dahi sələflərinə hay verir, “bütün həqiqi şairlər bir ananın övladlarıdırlar” müdrik kəlamını bir daha təsdiq edir.
Mükəmməl etnoqrafik təfəkkürə malik şair “Yaddaşsız xatirələr” rekviyemini belə başlayır:
Yadıma salmayın Matsmao dağlarını,
heç matsmaoluları da xatırlatmayın!
Yaddaşın düşkün sükutundan xatirələri çağırıb
o illəri,
o günləri,
o baharları,
o yayları,
o payızları,
o qışları salmayın yadıma!..
Vaxtın dumanı basmış
o qayaları görmək,
o tikanlı yerlərə nəzər salmaq istəmirəm...
Söhbət şairin doğulduğu məkandan gedir. Və bu emosional “hıçqırıqlar” da, bütün paradoksallığı ilə, “yaddaşsızlığ”ın yox, məhz kökü çox dərinlərə işləmiş “yaddaş”ın təzahürüdür... Xaraba qalmış yurd yerlərinin təəssübünü ancaq belə çəkmək olar...
Uşaqlığımın kəndini yadıma salmayın,
artıq yoxdur o.
Evlərimizin yerində dikələn gicitkənlər
düşmən əsgərləridir elə bil.
Sanki cəngəlliyin dumanı bürümüş daş-kəsək
güllələnmiş insan yığınıdı...
Şairin bir neçə şeir-pritçası da var ki, fikrimizcə, burada da yaddaş motivi aparıcıdır. Eyni cinsdən olan itlə qurdun fərqi özünü onda göstərir ki, birincisi “yaddaş”ını itirib insanın köləsinə çevrilib, ikincisi isə “yaddaş”ının sahibi olduğuna görə azaddır. Və şair inanır ki, itin canavar “yaddaş”ı qayıda bilər...
Harasa getdi hamı,
ev boş, qapı bağlı qaldı.
Min cür xırdavat götürdülər özləriylə,
təkcə qocalıb-qartımış iti unutdular...
Səmada fil dişi kimi parıldayırdı Ay...
İtin zingiltisi duman kimi yayıldı ətrafa,
sonrasa Adəmin nəslinə lənət oxuyub,
meşədə – canavarların yanında
sığınacaq tapdı özünə.
Şair inanır (və inandırmağa çalışır) ki, yaddaş – tale, yaddaşsızlıq isə talesizlikdir. Həm itin-qurdun, həm də insanın və cəmiyyətin tərcümeyi-halında...
Bağater Arabuli özünü “arxeoloq” – ötüb-keçmışlər, unudulmuşlar üzrə mütəxəssis adlandırır...
Mən zaman arxeoloquyam...
Əsrlərin qaranlıq süxurları içində –
illərin, günlərin, saatların
arasında məhəbbət axtarır,
pıçıltılarla ehtirasların alıram tozunu.
Mən zaman arxeoloquyam...
Gecələrin, səhərlərin mamır bağlamış sükutunda
fikir, ümid, arzu, iman axtarıram...
Zamanın arxaik dərinliklərinə bu cür ehtiraslı maraq nə qədər poetik və ya estetik təsir bağışlasa da, mahiyyətcə fəlsəfidir. Və bu fəlsəfədə, doğrudur, ilk növbədə, hisslər hökm edir, lakin kim etiraz edə bilər ki, hisslərin səmimiyyətinə tabe olmayan ağıldan çox şey gözləmək olmaz...
Dəqiqələrin, saniyələrin
qaranlıq xarabalıqlarında
göz yaşları və qan izləri axtarıram mən.
Ağrı, şəfa, xəyanət,
vətən üçün fədakarlıq,
mərdlik, sədaqət axtarıram bir də.
Döyüşlərin səs-küyünü,
Qaliblərin nəğməsini,
yaralıların ağrı-acısını,
anaların ağrılarını axtarıram zaman içində.
Ağılla hissin “dialoq”undan doğulan bu şeiri sonsuzluğa qədər davam etdirmək, Zamanın (və Bəşər Tarixinin) “süxurlar”ını qaldıra-qaldıra hər cür təfsilata, təfərrüata varmaq olardı. Əslində, şeirin ideya-estetik məramı da bundan ibarətdir ki, həmin “arxeoloji” sonsuzluğun heç bir məntiqə sığışmayan, ancaq öz-özlüyündə hansısa transsendent, absurd bir məntiq pıçıldayan “zənginliyi”ni təsəvvürdə canlandırmaqla “arxeoloq”dan daha çox, “arxeologiya”nın obrazını yaratsın... Hətta şair:
Mən zaman arxeoloquyam...
Zamanda zaman axtarıram,
“dəfn olunmuş” əsrləri, günləri, saatları,
dəqiqələri;
dəqiqələr içindəki saniyələri axtarıram...
Şair “zaman arxeoloquyam mən” – deyə diqqəti nə qədər “arxeoloq” üzərində cəmləsə də, şeirin ruhu “arxeoloji”dir...
Mənə elə gəlir ki, Bağater Arabulinin poetik üslubu üçün ən səciyyəvi əlamətlərdən biri, bəlkə də, birincisi formanı yox, məzmunu kəşf etməkdən ibarətdir. Və baxmayaraq ki onun şeirlərində forma da az mükəmməl deyil, ancaq məzmun, ideya daha önəmli olub poetexnologiyanı öz ardınca aparır... Elə bunun nəticəsidir ki, şairin üslubunda təhkiyənin tükənməzliyi təsəvvürü ona gətirib çıxarır ki, sanki şeir bitmir, qurtarmır, bədii texnikanın hüdudlarını aşıb “formasız məkan” axtarır...
Biz gün-günorta əlvan yuxular görürük,
qatı bir duman içində
oyağıq, lakin yenə də
qəribə yuxular görürük hər gün...
Dərələrə, təpələrə qar yağır,
susur sükut içində meşə.
Biz hələ də yaşıl bahar nazlanan yerdə
gözəl yuxular görürük...
Duyğu-hiss, fikir-düşüncə assosiasiyaları törəyə-törəyə, miqyasını genişləndirə-genişləndirə xəyalların amorf dumanından sıyrılıb çıxmaq, bitkin bir təəssürat yaratmaq istəyir. Və şeir qurulmur, doğulur...
Açılan səhərə qarışıb yox oldu bu gecə də...
Necə ki bir çaylaq böyük bir çaya qovuşub
yadına düşmür heç kəsin.
Necə ki ulduzlar Günəşin işığını görüb
toz kimi gözdən itirlər...
Kartlinin düzənliklərini əsrarəngiz həsrətlə
dolduran Ay da
söndü dağların başında.
Açılan səhərə qarışıb yox oldu bu gecə də...
Gecənin açılan səhərə qarışıb yox olması öz-özlüyündə miqyasını genişləndirəcək bir təəssüratın ideya-estetik “enerji mənbəyi”, təxəyyülün “start nöqtəsi”dir. Sonra “necə ki” ilə başlanan iki müqayisə gəlir ki, əslində, həmin müqayisələrin miqdarını hər bir oxucu həm şeirdən aldığı impuls, həm də öz subyektiv bədii zövqünün, ovqatının imkanları hesabına “tamamlaya” bilər... Kartlinin düzənliklərini əsrarəngiz həsrətlə dolduran Ayın sönməsinə gəldikdə isə bu, təxəyyülü müqayisə gücünə, yəni sintaqmatik deyil, paradiqmatik və ya assosiativ planda yürütməklə, əgər belə demək mümkünsə, ona (təxəyyülə) perpendikulyar istiqamət verir. Və nəticə etibarilə şeirin (təəssüratın) “koordinasiya sistemi” ilk misranın eyni zamanda son misraya çevrilməsilə formal olaraq qapanır... Ancaq bu “qapanma” – koordinasiya (və sistem!) şərtiliyi yalnız ona görədir ki, hiss-düşüncə axınlarını nizama salsın, modelləşdirsin. O həddə qədər ki, bu, ümumiyyətlə, mümkündür...
Bağater Arabulinin poetik təfəkkütündə öz Ayı, Ulduzları ilə böyük hərflə yazılmalı, hər cəhətdən düşündürücü, duyğusal bir Gecə obrazı var...
Ay görünür qorxudan ağarmış bir qız kimi –
Rübəndinin ucunu qaldırdığı gecədə.
Şəhər qaranlığında veyil-veyil gəzərkən
Baxıram ki, gecənin könlü gülür necə də.
Bərq vurur göy üzünün ulduz boyunbağısı,
Yorğun işiq karvanı sel kimi axıb gedir.
O işıq çox soyuqdu, çox soyuqdu buz kimi,
Öz iti nizəsini könlümə çaxıb gedir.
Ey mənim Allahım, ey gözəlliyi yaradan,
Buz bağlamış ürəklə yalvarıram mən sənə:
Bir cüt ulduztək götür gözlərimin nurunu,
Rəngi qaçmış göy üzü, bəlkə, nura bələnə.
Burada Gecə bədii təəssüratın predmetindən daha çox, onun kontekstidir. Aşağıdakı misralar isə Gecələrin bilavasitə “tale”yindən bəhs edir:
Şəhəri gecələrin qaranlıq hasarı əhatə edir,
uzaq meşələrə həsrətlə baxan
gecələrin hasarı...
Heç bir gecə qalmaq istəmir bu dünyada...
Küçələrin, prospektlərin
reklam həzzindən
bezib gecələrin hamısı.
Hər səhər gecələrin mühacirəti başlanır...
Təbiət etüdləri, dəyişən fəsillərin bahardan – gənclikdən qışa – qocalığa doğru “yürüşü”nün yaddaqalan mənzərələri yalnız öz-özlüyündə təsirli olaraq qalmır, həm də şairin yaradıcılığının xarakterini müəyyənləşdirəcək əlamətlər kəsb edir:
Qocalıb göz yaşı tökür qış qarı...
Çən-çisək bürüyür göyün üzünü.
Alça çiçəkləri təbəssümüylə
Bələyir işığa çölün düzünü.
“Yürüşü” başlayır yaşıl otların,
Başlayır yenə də düzənliklərə...
Bağater Arabulinin qarlı, yağışlı, küləkli, gecə-gündüzlü poeziyasında gürcü xalqının özünəməxsus (və özünəməxsus olduğu qədər də qeyri-adi, metaforik!) həyat tərzi də əks olunur ki, buraya oğlu çayda boğulduğuna görə su içməkdən imtina edən Buba, bir kimsəsi qalmadığına görə yasını ölməmişdən əvvəl özü verən Apareka, yeddi oğlunu itirdikdən sonra nəvələrini də itirəcəyindən qorxub onları qudalarının evinə aparıb soyadlarına keçirən Betsitsura haqqındakı şeirlər daxildir.
Heç şübhə etmirəm ki, görkəmli gürcü şairinin şeirləri azərbaycanlı oxucunun, sadəcə, könlünü oxşamaqla qalmayacaq, onu düşündürəcək, ruhlandıracaq, mənən daha da zənginləşdirəcək... Kim şirin “yuxular” görmək istəməz ki...