* * *
Ümidlərim tükəndi, yenə bir
qab verərsən... Ehtiyat
yığmaq üçün mənə bir qab
verərsən... Bütün yollar qırılır –
hər tərəf yarımçıqdı...
Yaman tez sürüşürəm,
xəyallarım palçıqdı... Mənə
bir şeir yaz, dost, hopum
hərflərinə...
Bir az ürək-dirək ver, yaz
nisyə dəftərinə...
Ad günüm üçün
Hələ canım üstümdədi, yük
altındayam hələ...
Göy üzü var başım üstdə,
kök altındayam hələ...
Yaşamaq kiminə asan,
kiminəsə zülmdü...
Bu gün ad günüm deyil ki...
Bu gün mənim ilimdi...
Mən öz ömrümün, görəsən,
arasında durmuşam?!
Sərhəddəyəm, iki ilin
arasında durmuşam...
* * *
Zaman heç yana getmir,
elə saatda qalır...
Çünki itirilənlər
həmişə yadda qalır...
Ürəyim nələr çəkir,
nə bilsin ürəksizlər?!
Ha yana gedirəmsə,
bütün atdığım izlər
ayağım altda qalır...
* * *
Ürəyimdə yer yox daha,
otaqlar yaman tünlükdü...
Kirayə qalmaq çox baha,
o da ki, üç-beşgünlükdü...
Yenə nə tappıltıdı bu,
yenə nə hay-haraydı?
Qapılar taybatay açıq,
ürəyim karvansaradı...
Yorulub heydən düşərsən,
getsən bu gedişlə, ürək...
Bu dərdləri hara yığım,
bir azca genişlən, ürək...