Akutaqava Rünöske
Yaponiya
(1892-1927)
Ana
Dəlilər hamısı əyinlərinə siçan rəngində olan eyni formalı xalat geyinmişdi. Odur ki böyük otaq daha boz görünürdü. Bir dəli qadın cidd-cəhdlə fisqarmoniyada himnlər ifa etməyə çalışır, digəri otağın ortasında rəqs edir, daha dəqiq desək, atılıb-düşürdü.
O, alyanaq həkimin yanında dayanıb bu mənzərəyə tamaşa edirdi. On il qabaq öz anası da bu dəlilərdən heç nəylə fərqlənmirdi. Heç nəylə... Əslində, bu dəlilərin iyi ona anasının qoxusunu xatırladırdı.
– Hə, gedək!
Həkim onu dəhlizlə otaqlardan birinə apardı. Otağın bir küncünə içində spirtə qoyulmuş beyinlər olan böyük şüşə bankalar düzülmüşdü. O bu beyinlərdən birinin üzərində ağ ərp gördü. Elə bil beyinin üzərinə yumurta ağı çiləmişdilər. Həkimlə danışa-danışa bir daha öz anasını xatırladı.
– Bu beyinin sahibi elektrik şirkətinin mühəndisi idi. O özünü nəhəng, qara, yaraşıqlı bir maşın hesab edirdi.
Həkimin baxışlarından yayınıb pəncərəyə baxdı. Buradan üstünə şüşə qırıqları səpilmiş kərpic hasardan başqa heç nə gözə dəymirdi. Bu şüşə qırıqları seyrək mamırlara parıltı verirdi.
Tokio
Sumidaqava çayını qatı duman bürümüşdü. O, irəli şütüyən kiçik bərənin pəncərəsindən Mukodzima adasının albalı ağaclarına baxırdı.
Çiçək açmış albalı ağacları ona sanki ipdən asılmış əsgi-üsgülər kimi cansıxıcı görünürdü. Əslində isə o, bir vaxtlar bu albalı ağaclarında – hələ Edo dövründə əkilmiş bu albalılarda özünü kəşf etmişdi.
Mən
Yaşca özündən böyük dostuyla kafedə bir stol arxasında oturub siqareti siqaretə calayırdı. Az danışır, diqqətlə dostuna qulaq asırdı.
– Bu günün yarısını maşın sürmüşəm.
– İşlərin çox idi?
Dostu stola dirsəklənib tam laqeyd bir tərzdə cavab verdi:
– Yox, sadəcə, ürəyimdən maşın sürmək keçirdi!
Bu sözlər onu ayıltdı – onun üçün bu günə qədər tanış olmayan bir dünyaya – tanrılara yaxın “mən” dünyasına qapı açdı. O nəsə bir ağrı hiss elədi və eyni zamanda həm də sevinc hissi duydu.
Kafe çox kiçik idi, Panın təsviri olan şəklin altından boylanan qırmızı dibçəkdəki kauçuk ağacının lətli yarpaqları sallanırdı.
Meyit
Meyitlərin ayaqlarındakı baş barmaqlarından ad və təvəllüd yazılan birkalar asılmışdı. Dostu əyilib əlindəki cərrah bıçağı ilə məharətlə meyitlərdən birinin üzünün dərisini çərtirdi. Dərinin altında sarı piy qatı vardı.
O, meyitə baxırdı. Bu ona novella üçün lazım idi – hadisələrin qədim zamanların fonunda cərəyan edən novella üçün. Çürümüş şaftalı qoxusunu andıran üfunət xoşagəlməz idi. Dostu üz-gözünü turşudub cərrah bıçağı ilə öz işini görürdü. Dostu:
– Axır vaxtlar meyit qıtlığıdı, – dedi.
Dostuna cavabı ürəyində öz-özünə yarandı: “Əgər mən meyit qıtlığı ilə üzləşsəydim, heç bir pis niyyət güdmədən adam öldürərdim”.
Amma, təbii ki, bu sözlər ürəyindəcə qaldı, çölə çıxmadı.
Şəfəq
Hava yavaş-yavaş işıqlanırdı. O, küçənin tinindəki böyük bazara göz gəzdirdi. Bazara toplaşan adamlar və arabalar çəhrayı rəngə boyanmışdılar.
Siqaret yandırıb asta-asta bazarın mərkəzinə doğru addımladı. Birdən qara bir küçük ona hürdü. Amma qorxmadı, hətta bu küçük xoşuna gəldi.
Bazarın düz ortasındaca bir çinar ağacı öz qol-budaqlarını açmışdı. O, ağacın yanında dayanıb budaqların arasından yuxarıya – uzaq səmaya baxdı. Göydə – düz onun başı üzərində bir ulduz parlayırdı.
Bu hadisə ustadıyla rastlaşandan üç ay sonra – iyirmi beş yaşının tamamında baş verdi.
Ustadın ölümü
O, yeni stansiyalardan birinin perronunda gəzişirdi. Yağışdan sonra külək başlamışdı. Hava hələ tam açılmamışdı. Perronun arxasında bir neçə dəmiryolçu külüng döyür və ucadan nəsə oxuyurdu.
Yağışdan sonra qopan külək fəhlələrin oxuduğu mahnını alıb uzaqlara aparırdı. O həm kədərə, həm də xiffətə oxşar bir hiss keçirirdi. Çünki paltosunun cibində teleqram vardı: “Ustad ölüm ayağındadı...”
Matsuyama dağının arxasından tüstü buraxa-buraxa, burula-burula Tokioya şütüyən səhər qatarı ona yaxınlaşırdı.
Kəpənək
Yosun qoxulu havada rəngdən-rəngə düşən kəpənək uçurdu. Cəmi bir anlığa kəpənək qanadlarının onun qurumuş dodaqlarına toxunduğunu hiss elədi. Kəpənək qanadlarının onun dodaqlarına qonan tozu da eynən kəpənəyin özü kimi rəngarəng idi.
Dəlinin qızı
Buludlu günlərdən birində iki rikşa kəndin içindəki boş küçə ilə qaçırdı. Yol dənizə aparırdı. Çünki qarşıdan dəniz küləyi əsirdi. O, ikinci faytonda oturmuşdu. Bu “görüşdə” maraqlı heç bir şeyin olmadığını təxmin edərək onu bura nəyin gətirdiyi barədə düşünürdü. Şübhəsiz ki, bu, sevgi deyildi... Əgər bu, sevgi deyildisə, onda... Cavabdan yayınmaq üçün belə fikirləşdi: “Hər halda, biz bərabərik”.
Birinci faytonda isə dəlinin qızı oturmuşdu. Hələ bu nədir? Bu qızın kiçik bacısı qısqanclıqdan özünü öldürmüşdü.
– İndi heç nə etmək olmaz...
Artıq indidən onda bu dəlinin qızına – canında yalnız heyvani instinktlər olan bu qıza qarşı bir kin vardı.
Bu vaxt rikşalar dəniz kənarındakı qəbiristanlığın yanından keçirdilər. Altını istirdiyyə basmış çəpərdən o yanda başdaşları qaralırdı. O bu başdaşlarının arxasında parıldayan dənizə baxırdı. Və qəflətən ürəyində bu qızın ərinə – onun qəlbini fəth edə bilməyən ərinə qarşı nifrət hiss etdi.
Tərcümə edən: Rövşən Ramizoğlu