Sənsizliyin portreti
Otağın yaxasından asılan pəncərə
Yenə həzin-həzin titrədir küçə fənərlərini.
Peşmanlığını da götürüb
Skamyada oturan adamın
Öz yanında durmağa səbri catmır.
O, mənə özümü xatırladır.
Otaqda var-gəl edən səssizlik
Heç cür qovub cıxara bilmir
Sənsizliyi otaqdan....
Pərdənin qoynuna girən külək əsnədikcə
Rəqəmləri fırlanğıcında yelləyir saat.
Çarpayımda oturan yorğunluq
Başımı dizlərinə alıb "ya sus, ya da danışma" deyə
düyünləyir sozlərimi.
Gecə hisslərimdə gecələyir.
Gözlərim də
Qapaqlarını örtüb üstünə
Çoxdan yatıb...
Bircə yuxum oyaqdı,
Səni mənə gətirsin deyə.
Onda
Onda...
hələ heç nə kəsmirdi ağlım...
Kiçik evciklərimiz vardı;
ürəyimiz boyda ucsuz-bucaqsız...
uşaqlıgımın tavanı alın yazım idi,
doşəməsi həsir.
Qollarını yelləncəklə bağladığımız
tut agacının kölgəsində
sac qutabı bişirərdi nənəm...
Babamı gəzdirən əlağacını
onda babam gəzdirərdi...
nənəm qoxuyardı təndir çörəkləri.
Onda belə rəngsiz deyildi
Həyatımdakı fon.
Onda belə bərkdən susmamışdı
qarajdakı qrammofon.
Şəhər uşaqlarıydıq...
Onda günəşə bərabər gülümsəyirdik,
dərisini günəş qaraltmış,
qır çeynəyən kənd uşaqlarıyla...
Novruz axşamlarında
şamların isığı yetərdi sevincimin
gözünü qamaşdırmağa.
Onda ölüm qoxumamışdı babamın nəfəsi,
onda sınmamışdı uşaqlığımın səsi.
Onda kürt yatmamışdı toyuq
Nənəmin saçında.
Onda kəsilməmişdi
Kötüyündə odun doğranan tut agacı da...
Onda hələ heç nə kəsmirdi ağlım...
dəcəl olmağım xatirəyə dönməmişdi
alnımdakı çapıqda.
Qafiyə xətası və...
Əllərim…
Rəngsiz…
Qafiyyəsiz xatrlayırdı
Ovuclarımın Alın yazısını…
Gözdən itənəcən
baxmışdı arxanca əllərim.
Kövrəlmişdi yay yağışının
torpaq qoxulu gedişinə…
Pəncərədə nəfəsimin üstünə
darıxmağın rəsmini çəkmişdi-
cırmaq-cırmaq…
Yumruq olmağı öyrənmişdi-
barmaq-barmaq…
Sığal olmuşdu
təqvimlərin rəqəm yaddaşına…
Savab olmuşdu günahlarıma,
çətir olmuşdu göz yaşlarıma,
qılınc olmuşdu hisslərimə,
qalxan olmuşdu tənələrə,..
Əllərim
pərdə olmuşdu qorxularıma,
kabus olmuşdu qandal yuxularıma…
Ana olmuşdu,
ata olmuşdu,
övlad olmuşdu,
yar olmuşdu,
qabar olmuşdu ...
Əllərim
qadın olmuşdu ,
doğman olmuşdu,
yadın olmuşdu…
Hər şey olmuşdu,
təkcə
xoşbəxt ola bilməmişdi əllərim…