Vahid Əziz
(1945)
Xalq şairi, publisist. 1991-1997-ci illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin katibi olub. “Mən küləyi görürəm”, “Aylı pəncərə”, “İllərin baharı”, “Əllərimin kölgəsi”, “Dözmək olmur” kimi şeir kitablarının müəllifidir. Aqostinyo Nettonun “Azadlıq nəğmələri” şeirlər silsiləsini dilimizə çevirib.
Daha yerdə gəzmək olmur...
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim…
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzuları nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim…
Heç bilməzdim daşım belə ağırdır,
Bəxtim belə bicarədir, fağırdır,
Gedəcəyəm, göylər məni cağıdı,
Daha yerdə gəzmək olmur, əzizim…
Kaşki dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə cataydı,
Yaşamağım göz yaşıdır, haraydır,
Göz yaşında üzmək olmur, əzizim…
Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim…
İnanma...
Bir zamanlar ləngiyəndə bircə an
Dönə-dönə səslənərdi: “Yubanma!”,
Söylənərdi: “Nə intizar, nə hicran?”
Mənə inan, ayrılığa inanma!”
Oxuyardı: “Sənə ümid bağlaram,
Təkcə səni ürəyimdə saxlaram,
Unudulsam, elə sellər ağlaram –
Bu cür dəli leysan yağa, inanma!”.
Ovsunladı bir sehirli gülüşnən,
Atıb getdi saçımdakı gümüşnən,
Tox oldusa bir ötəri görüşnən –
Yalvarsan da, qayıtmağa inanma.
Xatırlayıb yalan andlar içəni,
Varaqladım o yağmurlu gecəni;
Görməyincə yar könlünnən keçəni –
Ürəyində saxlamağa inanma...
Kimə çatdı bəslədiyin güllərin
Nə bilərsən həsrətisən kimlərin?
Qəfil gəlib, oxşadığın əllərin
Gözlərini bağlamağa inanma...
Oxşamır...
Səsi elə həzin gəlir;
Amma, kamana oxşamır,
Nədən deyib, nədən dinir? –
Kömək umana oxşamır.
Şumda oldum öküz tayı,
Bu üz bizim, o üz – tayı,
Yaxşılığın ekiz tayı,
Yaman-yamana oxşamır.
Odlananın canı yanar,
Külə dönər damar-damar,
Dövran – kimə desən yanar,
Mənə yanana oxşamır.
Günəş gətirər sabahı,
Doğmuş üfüq hələ zahı!
Qalma burda, söz sərrafı –
sənin yuvana oxşamır.
Qırmaz onu qorxu-hədə
Aşiq qəfəsə düşsə də,
Ürək həvəsə düşsə də,
Könül cavana oxşamır.
Qeydimə qaldığın nədi?
Nə verdin, aldığın nədi?
A dünya, çaldığın nədi –
Köhnə havana oxşamır...