Elektron ədəbiyyat və sənət portalı

Biri vardı, biri yox...

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 04.06.2019

 

Nüsrət Kəsəmənli
(1946-2003)

Şair, publisist. Respublika Komsomolu mükafatı laureatı (1982). C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redak­toru (1985) vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında İdarə Heyətinin üzvü, poeziya şurasının sədri seçilib. “Sevirsənsə”, “Gözlərimin qarası”, “Özümə bənzədiyim günlər”, “Gümüş yuxular”, “Tək­likdə danışaq” adlı şeir kitablarının müəllifidir. Ssenariləri əsasında “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizə”, “Ənbizlərin keşiyində”, “Azərbaycana səyahət” adlı sənədli, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmləri çəkilib.

 

Getmək istəyirsən, bəhanəsiz get


Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir,baxışın ögey
Gedirsən səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır
Saxta məhəbbətin,saxta sənəd tək
Nə vaxtsa üstünə tutulacaqdır.

Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət pul deyil,
Nə məndə dilənçiyəm əl açım sənə.

Döşənim yollar tək ayaqlarına 
Sənə yalvaıim mən, bu mümkün deyil. 
Qoymaram qəlbim tək vüqarım sına 
Alçalıb yaşamaq ömur-gün deyil.

Getmək istəyirsən o yol o da sən 
Bir cüt göz baxacaq arxanca sənin. 
Getdinmi geriyə dönmək istəsən 
Tikanlı yasıiğa dönəcək yerin.


Getmək istəyirsən nə danış nə din
Yaxın yol uzaqlar,dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə…


Getmək istəyirsən bəhanəsiz get 
Oyatma mürgülü xatirələri. 
Səsi həmin səsdir baxışın ögey 
Gedirsən səsin də yad olsun barı.

 

Biri vardı, biri yox...

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.

Mən orduya nələr görüb getmidim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox!"

 

Daha nağıllara inanmıram mən

Çapıb öz atını Ağatlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdli nağıllar,
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən.

Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən...

“Sim-sim”i sözlə yox, zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him-cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram nəm.

Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən.

Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən.

Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi,
Gözlədim göylərdən alma düşmədi,
Daha nağıllara inanmıram mən!..