Eldar Baxış (1947-1996)
Şair, tərcüməçi. “İydə çiçəyi”, “Üçtəpə bayatıları”, “Allı qız, ballı qız, xallı qız”, “Ağ saçların işığı”, “Qara ilə Qaracanın nağılı”, “Deyə bilmədiyim sözlər”, “Atlı oğlanlar” kitablarının müəllifidir. Əsərləri bir sıra dillərə çevrilib. “Məlikməhəmməd” uşaq pyesi Praqada tamaşaya qoyulub. A.S.Puşkin, R.Rojdestvenski və V.Şukşinin əsərlərindən nümunələri dilimizə çevirib.
Sərçə balası
Qәlәm
Olanım qәlәmdi vardan, dövlәtdәn,
Dövlәtdәn uzağam, vardan uzağam.
Özüm öz nökәrim, özüm öz bәyim,
Özüm öz qulluqçum, özüm öz ağam.
Qaşımı qaldırıb baxan deyilәm,
Dövlәt sümürәnә, var udana mәn.
Yemәyә bir loxma çörәk tapanda
Min şükür deyirәm yaradana mәn.
Qızılla, gümüşlә, ipәklә, tüllә
Xurcunum, fәrmәşim basılı deyil.
Asılı deyilәm mәn bir adamdan,
Bir adam da mәndәn asılı deyil.
Mәni düz yolumdan döndәrә bilmәz
Beş adam, on adam, yüz adam, canım.
Uçan bulud kimi, axan su kimi,
Әsәn külәk kimi azadam, canım.
Elә bu azadlıq bәsimdi mәnim,
Neynirәm dövlәti, neynirәm varı?
Neynirәm dilimi gödәk eliyәn
Qızılı, gümüşü, malı, davarı?
Bәsimdi, şeytana demәli sözü
Şeytanın üzünә şax deyirәmsә.
“Hә” demәli işә “hә” deyirәmsә,
“Yox”demәli işә “yox” deyirәmsә.
Mәnә qәlәm verib bu azadlığı,
Elә bu әlimdә tutduğum qәlәm.
Hәrdәn qadın kimi, hәrdәn qız kimi
Dizinә baş qoyub, yatdığım qәlәm.
Qәlәmin dizindә yata-yata mәn
Yuxular görmüşәm, dürlü yuxular.
Köhnә qala kimi, qalaca kimi
Sehrli yuxular, sirrli yuxular.
Ruhum uçub mәnim, ruhum qovuşub
Avara, Xәzәrә, Huna, Oğuza.
Qәlәmә demişәm dәrdim olubsa,
Qәlәmim dә açıb, deyib kağıza.
Qәlәmim olanda güclü oluram,
Çaşmayan adamı mәn çaşdırıram;
Bu gidi dünyanın pişiyini mәn
Ağaca, divara dırmaşdırıram.
Qәlәmim olanda qorxu bilmirәm,
Niyә qorxmalıyam mәn axı, niyә?
Olanım qәlәmdi vardan, dövlәtdәn,
Onun da qiymәti otuz qәpiyә.
Nә yaxşı ki, qәlәm otuz qәpikdi,
Nә yaxşı ki, deyil od qiymәtinә.
Nә yaxşı ki, qәlәm bazarda getmir
Maşın qiymәtinә, at qiymәtinә.
Axı otuz qәpik otuz min deyil,
Kimәsә borclu da qala bilәrәm.
Bu yazdığım qәlәm әlimdәn çıxsa,
Gedib ayrısını ala bilәrәm.