Elektron ədəbiyyat və sənət portalı

Hədis ül-Qüds

Bölmə: XİLAS YOLUNUN YOLÇULARI 12.05.2021

 

Nəzərinizə təqdim olunanlar Uca Yaradan tərəfindən İnsana ünvanlanmış müraciətlərdir. Qurani-Kərimin ayrı-ayrı surələrində yer almış bu ilahi göndərişlərin mənası tərcümənin qüdrətsizliyi, yaxud dərgah sirlərinin toxunulmazlığı səbəbindən əsrlər boyu dərkedilməz, izaholunmaz “şifrə” kimi anlaşılmaz qalsa da, XI əsrin əvvəllərində böyük sufi, dövrünün “İslamın sütunu” adını qazanmış İmam Məhəmməd əl-Qəzali tərəfindən ilahiyyat mədrəsəsində oxunan moizələr zamanı açıqlanmışdır.

A. Məsud

 

Yazının əvvəli burada:

https://www.aydinyol.az/newsview/1659/Hedis-ul-Quds

 

İMAM ƏL-QƏZALİNİN MOİZƏLƏRİNDƏN

ÇIXARIŞLAR

Hədis ül-Qüds

Uca Yaradan tərəfindən Məhəmməd əleyhissəlama

nazil olunanlardan

 

Uca Yaradan belə buyurub:

 

Ey Adəm övladı! Mən sizləri elə-belə yaratmadım!

Ey Adəm övladı! Mən sizləri elə-belə yaratmadım!

Mən hər şeydən  məlumatlıyam, sizlər barədə hər şeydən agaham. Məndən ötrü nəfsinizə güc gəlib səbir göstərməsəniz, Məndə olan qismətinizə düşməyəcək.

Mənə itaətdə göstərdiyiniz səbir Sözümdən çıxıb dözəcəyiniz iztirablardan qat-qat yüngüldü. Günah əməllərdən çəkinmək Cəhənnəm əzabından qurtulmaq diləyi ilə Mənə yalvarmaqdan asandı.

Ey Adəm övladı, bil ki, bu dünyada çəkdiyin əzablar o biri dünyanın əzablarından qat-qat yüngüldü.

Ey Adəm övladı! Bil ki, Mənim seçdiklərimdən, seçib haqq yoluna yönəltdiklərimdən savayı, hamınız yolunu azmışlardansınız.

Pis əməllərdən çəkindirdiklərimdən savayı, hamınız pislik yayanlardansınız.

Çəkinin o əməllərdən! Mənə tabe olun. Mən xahiş edirəm sizlərdən.

 

Ey Adəm övladı! Bax gör, ehtiras və nəfslər küləyi nə qədər ocaqlar söndürüb...

Ey Adəm övladı! Bax gör, ehtiras və nəfslər küləyi nə qədər ocaqlar söndürüb… şöhrət, şan azarı nə qədər insanı yolundan azdırıb… mal-dövlət, var hərisliyi nə qədər varlını yoldan çıxarıb… nə qədər kasıbı onun kasıblığı məhv edib… nə qədər sağlamı öz sağlamlığı öldürüb… nə qədər alimi öz biliyi məhv edib… və nə qədər cahili öz cahilliyi yıxıb...

Bilin ki, qarşımda diz çöküb Mənə dua edən qocalarınız olmasaydı, sizlərin göyünü dəmirdən yaradardım, zəmiləriniz qupquru səhralığa, torpaqlarınız külə dönərdi. Göylərdən bir damcı yağış göndərməzdim, torpağınız bircə toxum belə cücərtməzdi.

    

Ey Adəm övladı! İmanınız saf olarsa, əməlləriniz də, qanınız və canınız da saflaşar.

Ey Adəm övladı! İmanınız saf olarsa, əməlləriniz də, qanınız və canınız da saflaşar. İmanınız naqis olarsa, əməlləriniz qüsurlu, qanınız bulanıq, canınız xəstə olar.

Ey insan, özünü insanlara işıq vermək naminə odun əvəzinə yandıranlardan olma! Bu dünyaya olan sevgini qəlbindən çıxar.

Həqiqətən, Mən, Mənə və bu dünyaya olan sevgini bir qəlbdə yerləşdirmirəm.

Dünya malına tamahda həddi aşma. O mal, həqiqətən, artıq çoxdan bölünüb. Tamahkar insan bədbəxtdi, simic – miskin. Allahın onlara rəhmi uzun çəkməz.

Dünya malına görə narahatlıq böyük bəladı. Həyatın sonu haqdı.

Allahın insana bəxş etdiyi ən böyük müdriklik – tövbədi, ən dəyərli var – aza qane olmaq, ən doyumlu ərzaq – Allah qorxusudu.

 

Ey Adəm övladı!  Yaratdıqlarıma lənət etməyin…

Ey Adəm övladı! Yaratdıqlarıma lənət etməyin, o lənətlər özünüzə qayıdacaq!

Ey Adəm övladı! Göylər Mənim Adlarımdan birinin üstə sütunsuz dayanır, sizlərinsə qəlbi Mənim Kitabımın minlərlə ibrətindən sahmanlanmır ki, sahmanlanmır.

Ey insanlar! Daş sudan yumşalmadığı kimi, sizlərin də qəlbi Mənim öyüdlərimdən yumşalmır.

Ey Adəm övladı! Mənə tabe olmadan necə şəhadət verirsiniz ki, Hamıdan Uca Allahın qulusunuz? Ölümün haqq olduğunu necə təsdiq edirsiniz ki, ondan qorxursunuz, ona nifrət edirsiniz?

Siz bilmədiklərinizdən danışırsınız, bunu xırda və əhəmiyyətsiz hesab edirsiniz və bilmirsiniz ki, bununla Allah qarşısında böyük günah qazanırsınız.

 

Ey insanlar! Sizə Allahınızdan Quran göndərildi... 

Ey insanlar! Sizə Allahınızdan Quran göndərildi ki, inamsızlıqdan zədələnib azara düşmüş xəstə qəlbləriniz şəfa tapsın!

Niyə siz yalnız sizə yaxşılıq edənlərə yaxşılıq edir, yalnız sizlərlə yaxşı davrananlarla yaxşı davranırsınız?

Niyə yalnız sizinlə danışanlarla danışır, sizi yedirənləri yedirir, yalnız sizə hörmət qoyana hörmət edirsiniz? Biriniz ki o birinizdən artıq deyil?! Həqiqətən, möminlər Allaha və Onun rəsuluna inananlardı. Bu o kəslərdi ki, onlara pislik edənlərə yaxşılıq edər, qohumluq əlaqələrini kəsənlərlə özləri əlaqə yaradarlar. O kəslərdi ki, onları bağışlamayanları, istədiklərini verməyənləri bağışlayar, onlara dönə-dönə yalan satanlara dönə-dönə inanarlar. Onlardan üz çevirənləri dindirər, onları alçaldanlara hörmət edərlər.

Həqiqətən, sizləri tanıyan Mənəm.

 

Ey insanlar, bu dünya, həqiqətən, evsizlərin evi, dilənçilərin yurdudu...

Ey insanlar! Bu dünya, həqiqətən, evsizlərin evi, dilənçilərin yurdudu...

Dünya malını ağılsızlar yığar, ona arif olmayanlar sevinər, Allaha tapınmayanlar can atar, biliksizlər tamah salar.

Kim bu ötəri həyatın müvəqqəti rahatlığına can atar, özünü çətinə salar. Bu o dünyadakı həyatlarını unudub bu dünyanın həyatına aldananlardı. Aşkarda və gizlində günaha batanlar da onlardı. Həqiqətən, günahkarlar öz əməllərinin cəzasını o dünyada alacaqlar.

Ey Adəmin övladları! Buyurduqlarıma riayət edin! Mənim Qanunlarıma uyğun hərəkət edin! Saleh əməllər sahibi olun ki, o dünyada mükafatlandırılasınız.

Məndə elə bir şey var ki, onu gözlər görməyib, qulaqlar eşitməyib. Elə bir şey ki, insan təsəvvürü onu dərk etməkdə acizdi.

Mənim xəzinəm azalan, bitib-tükənən deyil.

Təfsir-ül Cəlaleyn (“əl-Ənam” surəsi, 120-ci ayə)

 

Ey Adəm övladı! Mənə, Mənə olan ehtiyacınız qədər can atın!

Ey Adəm övladı! Mənə, Mənə olan ehtiyacınız qədər can atın!

Məni ömrünüzün uzanması, qismətinizə düşən tale, günahlarınızın gizli qalması sizi narahat etməyənə qədər, Cəhənnəm odunun əzablarına dözə biləcəyiniz qədər eşitməyin.

Var olan hər bir şey yoxluğa məhkumdu. Tək bir Ondan savayı. Son qərarı verən Odur və bütün qayıdışlar Onadır.

Təfsir-ül Cəlaleyn (“əl-Qisas” surəsi, 88-ci ayə)

  

 Siz, ey tapınanlar! Niyə özünüz əməl etmədiyinizi o birilərə buyurursunuz?

Siz, ey tapınanlar! Niyə özünüz əməl etmədiklərinizi o birilərə buyurursunuz? Niyə çox danışırsınız və dediklərinizin əksini edirsiniz?   

Nə çox qadağalar qoyursunuz, özünüz isə qoyulmuş qadağaları pozursunuz? Nə çox əmrlər verirsiniz, özünüz isə sizə verilən əmri icra etmirsiniz?

Yeyə bilmədiklərinizdən nə çox yığırsınız? Tövbələrinizi günü günə, ili ilə dəyişə-dəyişə uzadırsınız? Sizlərə borc əvəzi vaxt veriləcəyinə əminsinizmi? Yoxsa ölümə zəmanətinizmi var? Yoxsa Cəhənnəmdən qurtulmağa bəraətiniz var? Ya, bəlkə, canınızı Cənnətlə xilas edəcəyinizə əminsiniz, Uca Rəhimlinin sizə mərhəmət göstərəcəyinə razılığını almısınız, bəlkə?

Rəhm və nemət bolluğu sizləri yolunuzdan azdırıb, özünə bədgüman edib. Uzun ömür sürəcəyinizə əminliyiniz sizləri aldadır.

Artıq sağlam deyilsiniz, günləriniz, alıb-verdiyiniz hər nəfəsiniz çoxdan hesablanıb. Artıq payınıza düşən vaxtdan istifadə edirsiniz.

Ey Adəm övladı! Sənin həyatın ana bətnindən çıxan gündən damla-damla axıb yoxa çıxmaqda, sən günbəgün öz qəbrinə yaxınlaşmaqdasan. Pis əməllərindənsə əl çəkmirsən ki, çəkmirsən.

Sənin həyatın – balın başına hərlənib sonda içinə düşən milçəyin uçuşuna bənzəyir.

 

Ey Adəm övladı! Sənə buyurduğum kimi yaşa... 

Ey Adəm övladı! Sənə buyurduğum kimi yaşa, özünü sənə yasaq etdiklərimdən qoru! Onda Mən səni əbədiyaşar edərəm və sən insanların qəlbində əbədi yaşayarsan.

Əbədi və ölməz olan Mənəm!  Nəyə “Ol!” deyərəmsə, olar!

Ey Adəm övladı! Əgər sözlərin gözəl, əməllərin eybəcərdirsə, sən ikiüzlülük sultanısan. Əgər zahirin yaraşıqlı, qəlbin çirkindirsə, bil ki, məhv olmuşlardansan.

Onlar elə zənn edirlər ki, Allahı aldadırlar. O isə hər şeydən agah olandı. Onlar bilmirlər ki, özləri özlərini aldadırlar.

Ey Adəm övladı! Bil ki, Cənnətə yalnız Mənim qüdrətim qarşısında diz çökən, gününü Məni anmaqla keçirən, nəfsindən və ehtiraslarından Mənə görə çəkinən daxil olacaq!

Mən qəribə sığınacaq verənəm! Kasıbı dolandıran, yetimi ucaldanam. Onlara rəhimli atadan rəhimli olan Mənəm.

Dul qadınlara həssas, qayğıkeş ər olan Mənəm.

Məni kim çağırarsa, ona cavab verərəm, Məndən nə istəyərsə, ona istədiyindən artıq verərəm.

Təfsir-ül Cəlaleyn (“əl-Bakirə” surəsi, 9-cu ayə)

 

Ey Adəm övladı! Sən Məndən kimə gileylənirsən… 

Ey Adəm övladı! Sən Məndən kimə gileylənirsən ki, Mənə tayı-bərabəri olan yoxdu?

Nə vaxta qədər Məni xatırlamayacaqsan? Mən ki bunu səndən tələb etmirəm?!

Nə vaxta qədər sən Mənim rəhmimə şükür etməyəcəksən?

Nə vaxta qədər Mənim Kitabıma məhəl qoymayacaqsan? Mən ki səni əziyyətə salmıram.

Nə vaxta qədər Mənə etinasız olacaqsan? Axı sizlərin Məndən savayı pənahı yoxdu?!

Xəstələnəndə sizləri Məndən başqa hansı həkim sağaldacaq?

Məndən gileylənirsiniz, Mənim hökmümə qeyzlənirsiniz, amma sizlərə rəhm edib torpaqlarınıza bol yağışlar göndərən Mənəm.

Deyirsiz, bu yağışları sizlərə hansısa ulduzlar bəxş edir. Amma o yağışları sizlərə Mən öz mərhəmətim müqabilində, lazım olan qədərində, zəruri miqdarlarla göndərirəm.

Biriniz ərzağı üç günlük veriləndə: “halım pisdi, heç yaxşı deyiləm” deyirsə, Mənə, Mənim rəhmimə şükür etmək istəmir.

Kim ki mülkünə görə zəkat vermir, demək, Mənim Kitabıma məhəl qoymur. Kim ki namaz vaxtının çatdığını bilir və buna vaxt ayırmır, o, həqiqətən, Məni unudub.

(ardı var)