İyunun 5-də Ukraynanın paytaxtı Kiyevdə yerləşən Taras Şevçenko parkında “Kyiv East Fest” adlı Şərq mədəniyyəti festivalı keçirilib.
“Report”un verdiyi məlumata görə, festivalın təşkilində məqsəd kiyevliləri və şəhərin qonaqlarını Şərq xalqlarının mədəniyyəti ilə tanış etmək, müxtəlif mədəniyyətlər və xalqlar arasında tanışlıq və qarşılıqlı anlaşma üçün zəmin yaratmaq olub.
Festival çərçivəsində tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun Ukrayna dilinə tərcümə edilərək 2017-ci ildə Kiyevdə nəşr olunmuş “Azadlıq” kitabının təqdimatı keçirilib. Təqdimatda Avropa Elm, İncəsənət və Mədəniyyət Akademiyasının Beynəlxalq əlaqələr üzrə katibi cənab Dmitri Çistyak iştirak edib.
Tədbirə təşrif buyurmuş qonaqlar qarşısında Ukraynanın Xalq artisti Qurban Abbasov, müğənni Natalya Kudryaşova, həmçinin Nicat Mirzəyevin rəhbərliyi altında “Qafqaz” ansamblı musiqi nümunələri ilə çıxış ediblər.