Elektron ədəbiyyat və sənət portalı

Məşhur yazıçıların stolüstü kitabları

Bölmə: Art 09.06.2019

 

Heç bir anlıq düşünmüsünüzmü, bütün dünyanın pərəstiş etdiyi yazıçılar özləri hansı kitabları oxuyublar? Məsələn, Dostoyevski “Cinayət və cəza”nı yazarkən hansı əsəri oxuyurmuş? Yaxud Tolstoy Yasnaya Polyanada nahardan sonra hansı kitabı mütaliə edirmiş? Heminqueyin ədəbiyyata baxışını köklü surətdə dəyişən hansı əsər olub? Böyük yazıçıların stolüstü kitablarının adlarını təqdim edirik.

 

Lev Tolstoy – Viktor Hüqonun “Səfillər” romanı

Lev Tolstoy Viktor Hüqonun yaradıcılığına böyük dəyər verirdi. “Səfillər” romanını isə fransız yazıçısının əsərləri arasında xüsusi fərqləndirirdi. Hətta diqqətli oxucu bu romanla “Hərb və sülh” arasında – xüsusən də kübar insanların təsvirində müəyyən oxşarlıqlar tapa bilər. Tolstoy deyirdi:

“Viktor Hüqo nəhəng gücə malik yazıçıdı… Doğrudur, onun bütün yazdıqları uydurmadı, amma mən onu sevirəm, ruhunu sevirəm”.

Fyodor Dostoyevski – Migel de Servantesin “Don Kixot” romanı

Fyodor Dostoyevski deyirdi ki, Servantesin, xüsusən də ispan yazıçısının “Don Kixot” romanının onun yaradıcılığına böyük təsiri olub.

Oxucu bu yanaşmadan ilk əvvəl təəccüblənəcək. Satira və ironiya ilə dolu Servantes bədbin və kədərli Dostoyevskini axı necə cəlb edə bilər? Cavab çox sadədir. Belə ki, Don Kixot, əslində, hər an qəhrəmanlıq həvəsiylə yaşayan, ruhən güclü və iradəli bir insanın obrazıdır.

Ernest Heminquey – Lev Tolstoyun “Hərb və sülh” romanı

İlk baxışdan bu iki yazıçı arasında olan yaxınlıq oxucuya təəccüblü görünə bilər. Tolstoy bu əsərində Heminqueyi sosial bəlalara qarşı olan sərt, hətta amansız mövqeyi ilə heyrətləndirmişdi. Və məhz bu yerdə onların fikirləri üst-üstə düşür.

Heminquey ədəbiyyatı boksla müqayisə etməyi xoşlayaraq deyirdi:

“Mən çox ehtiyatla başlayıb cənab Turgenevi əzdim. Sonra çətinliklə də olsa, cənab de Mopassanı uddum. Cənab Stendalla döyüşümüz iki dəfə heç-heçə nəticələndi. Deyəsən, sonuncu raundda xal hesabıyla onu üstələmişdim. Amma heç nə məni Tolstoyla rinqə çıxmağa məcbur edə bilməz”.

Sergey Dovlatov – Anton Çexovun povest və hekayələri

Həyatının böyük bir hissəsini mühacirətdə keçirmiş Sergey Dovlatovun əsərləri bu gün, əsasən, yaşlı nəsil tərəfindən maraqla oxunur. Burada qəribə bir şey yoxdur. Belə ki, onun əsərlərində olan daxili yumor və təhkiyə nə qədər sadə və rəvan təsir bağışlasa da, yaratdığı sadə insanın adi həyatındakı dərin mətləbləri dərk etmək müasir gənclik üçün heç də həmişə asan olmur.

Dovlatov Anton Çexovun yaradıcılığını həmişə özünə örnək hesab edib. Onun yaratdığı obrazların real və maraqlı alınmasında Çexovun povest və hekayələrinin böyük təsiri olub.

Stiven Kinq – Uilyam Qoldinqin “Milçəklər hökmdarı” romanı

Müasirimiz olan Stiven Kinq sevdiyi kitablar arasında Qoldinqin “Milçəklər hökmdarı”nı həmişə xüsusi fərqləndirb və hətta bəzi əsərlərində bu romandan iqtibaslar gətirib. Yazıçı dəfələrlə həmişə “Milçəklər hökmdarı” kimi bir roman yazmaq arzusunda olduğunu etiraf edib.