Edqar Allan Po
(1809–1849)
Amontilyado çəlləyi
(hekayə)
Bu vaxtacan Fortunatonun xeyli haqsızlığına dözmüşəm. Bacardığım qədər dözdüm, təhqirə keçməyə cürət edəndə isə qisas alacağıma and içdim. Lakin sizlər – məni yaxşı tanıyanlar, xasiyyətimə bələd olanlar – nə düşündüyümü, ağlımdan nə keçdiyini, əlbəttə ki, təxmin edə bilməzsiniz. Nəhayət, mənim qisasım alınmalıydı – bu məsələdə qərarım qəti idi. İntəhası qətiyyətin özü risk fikrini istisna edirdi. Mən təkcə cəzalandırmalı deyildim, həm də cəzasız şəkildə cəzalandırmalıydım. Amma əgər qisasçı özü qisasın qurbanına çevrilirsə, deməli, qisas baş tutmayıb. Yəni əgər o, şəri törədənə intiqamı məhz özünün aldığını duydura bilmirsə, deməli, qisas lazımi şəkildə alınmayıb.
Hər hansı hərəkətimlə, hətta bircə sözümlə belə Fortunatoya şübhə üçün əsas verməmişdim. Görüşəndə üzünə gülümsəməyə davam edirdim və ağlına da gəlmirdi ki, indiki bu təbəssüm onu məhv etmək fikrindən doğur.
Fortunatonun bir zəif cəhəti vardı – şərabdan yaxşı baş çıxarmasıyla qürrələnirdi. Dünyada az italyan tapılar ki, nəyinsə xiridarı olsun. Onların həvəsi və marağı əksər halda hansısa britaniyalı, yaxud avstriyalı milyonçunu hərifləmək üçün münasib şəraiti, məlum məqamı gözləməyə hesablanıb. Rəsm əsərləri və bahalı daş-qaşa gəlincə, Fortunato da öz həmvətənləri kimi xalis şarlatan idi. Ancaq məsələ köhnə şərablara çatanda tam səmimi olur, saxtakarlıq etmirdi. Bu məsələdə özüm də ondan geri qalmırdım; yerli italyan şərablarını tanımaqda xeyli təcrübə toplamışdım və əlimə düşən ilk fürsətdəcə əməlli-başlı alış-veriş edir, şansı qaçırmırdım.
Bir axşam hava qaralanda, karnavalın qızğın çağında dostumla rastlaşdım. Məni ürəkdən salamladı, deyəsən, yaxşıca gillətmişdi. Təlxək paltarında idi – əynində zolaqlı kostyum vardı, başına da zınqırovlu qalpaq qoymuşdu.
– Mənim əziz Fortunatom, – dedim, – nə xoş təsadüf! Siz bu gün qiyamət görünürsünüz. Bir çəllək şərab almışam, guya amontilyadodur, amma nəsə, şübhəm var.
– Necə? – soruşdu, – amontilyado?! Özü də bir çəllək?! Ola bilməz! Karnavalın bu şıdırğı vaxtında?!
– Hə, amma nəsə, şübhəm var. Səfehlik elədim, sizinlə məsləhətləşmədən düz bir çəlləyin haqqını ödədim. Sizi heç yerdə tapmaq mümkün deyildi, qorxdum ki, şans əlimdən çıxsın.
– Amontilyado!
– Elədir, amma əmin deyiləm.
– Amontilyado!
– Mən bu şübhənin axırına çıxmalıyam.
– Amontilyado!
– Amma bir halda ki siz harasa dəvətlisiniz, qoy gedim Lukrezini axtarım. Bu dünyada şərabdan baş çıxaran bir adam varsa, o da Lukrezidir. Baxıb mənə deyər...
– Lukrezi amontilyadonu xeresdən ayıra bilmir.
– Nə danışırsız?! Amma bəzi ağzıgöyçəklər deyir ki, guya onun zövqü sizinkiylə eynidir.
– Yaxşı, getdik!
– Hara?
– Sizin zirzəmiyə.
– Yox, dostum, mən sizin comərdliyinizdən sui-istifadə etmək istəmirəm. Görürəm, harasa dəvətlisiniz. Lukrezi...
– Mən heç hara dəvətli deyiləm, gedək!
– Yox, dostum. Lap dəvətli olmasanız da, görürəm, bərk üşüyürsünüz. Bizim zirzəmidə dəhşətli nəmişlik var, hər yerinə şora döşənib.
– Boş şeydir! Gedək! Soyuğa fikir verməyə dəyməz. Amontilyado?! Sizi, heç şübhəsiz, hərifləyiblər.
Əynimə kip oturan plaşa bürünüb qara ipək maska taxdım. Qulluqçulardan heç biri evdə yox idi, karnavalı yaxşıca bayram etmək üçün hərə bir yana getmişdi. Demişdim, ertədən tez qayıtmayacam, özlərinə də bərk-bərk tapşırmışdım ki, evi boş qoymasınlar. Yaxşı bilirdim ki, bu göstərişlər tamamilə yetərli olacaq – ayağımı qapıdan bayıra qoyan kimi hamı aradan çıxacaq.
Qəndildən iki məşəl çıxarıb birini Fortunatoya verdim və onu zirzəmiyə aparan otağın çıxışına yönəltdim. Özüm qabağa düşüb uzun, dolama pilləkənlə düşürdüm. Arada geri qanrılıb xahiş etdim ki, ehtiyatlı olsun. Nəhayət, axırıncı pilləyə çatdıq – indi biz Montrezor ailəsinin katakombasında, yaş torpağın üstündə dayanmışdıq.
Dostum inamsız addımlarla düşürdü, hər addımı atdıqca başındakı qalpaqdan asılmış zınqırovun cingiltisi eşidilirdi.
– Bəs çəllək hardadı? – soruşdu.
– İrəlidədir, amma siz bir divarlardakı ağ naxışlara fikir verin, – dedim.
Fortunato mənə tərəf dönüb içkidən dumanlanmış gözləri ilə üzümə baxdı.
– Şoradır? – soruşdu.
– Şoradır, – dedim. – Siz çoxdan belə öskürürsünüz?
Yazıq öskürəyin şiddətindən bir neçə dəqiqə cavab verə bilmədi. Handan-hana özünü toparlayıb dilləndi:
– Eybi yoxdur, keçib-gedər.
– Yox, – qətiyyətlə bildirdim, – yaxşısı budur, geri qayıdaq. Sizin sağlamlığınız daha vacibdir. Siz varlısınız, qarşınızda baş əyirlər, sizə hörmət edirlər. Sizi hamı sevir, xoşbəxt adamsınız. Bir vaxtlar mən də beləydim. Sizi itirmək böyük itki olardı. Mən – başqa məsələ. Geri qayıdaq, yoxsa naxoşlayarsınız. Şəxsən mən belə bir məsuliyyətin altına girə bilmərəm. Lukrezi...
– Di yaxşı, kifayətdir! Öskürək boş şeydir. Qorxma, məni öldürməz.
– Hə, bax bu, düzdür! O da doğrudur ki, sizi boş yerə narahat etmək niyyətində deyildim. Amma gərək siz də ehtiyat tədbirləri görəydiniz. Bax bu, baldan çəkilib, bircə qurtum kifayətdir ki, özünüzü rütubətdən qoruyasınız. – Nəm torpağın üstündə sırayla düzülmüş çaxır şüşələrindən birinin qapağını açıb ona uzatdım. – İçin!
Fortunato mənə çəpəki baxıb içkini dodaqlarına yaxınlaşdırdı. Sonra dostyana başını yellədi və bu vaxt zınqırovun cingiltisi eşidildi:
– Bunu içirəm burda uyuyanların şərəfinə!
– Mənsə sizə uzun ömür arzulayıram!
Yenə əlimdən yapışdı və yolumuza davam eləyib irəli yeridik.
– Nəhəng zirzəmidir, – Fortunato dedi.
Cavab verdim ki, Montrezorlar böyük nəsil olub.
– Amma gerbinizi unutmuşam, – dedi.
– Mavi fonda qıvrım ilanı tapdalayan ayaq – qızıldan tökülmüş nəhəng insan ayağı.
– Bəs deviz?
– “Nemo me impune lacessit”[1]
– Əladır, – dedi.
İçki gözlərini parıldatdı, başındakı qalpaqdan asılmış zınqırov cingildədi. Bu vaxt mənim düşüncələrim də canlanıb dirçəldi – bal arağı öz təsirini göstərirdi. İrili-xırdalı çəlləklərin arasıyla irəli addımladıq, sümük qalaqlarının, divarların yanından keçib katakombanın axırına gəlib çatdıq.
– Baxın, – dedim, – şora getdikcə çoxalır. Biz indi çaylağın altındayıq. Gəlin qayıdaq, nə qədər gec deyil, qayıdaq. Sizin öskürəyiniz.
– Öskürək boş şeydir, – Fortunato dediyindən dönmədi. – Haydı, getdik, irəli! Amma əvvəlcə bir az da içək.
Bu dəfə “Vin de Graves” şüşəsini götürdüm, qapağını açıb ona uzatdım. Fortunato şüşəni başına çəkib hamısını birnəfəsə içdi. Gözlərində qığılcımlar parıldadı. Qəhqəhə çəkib şüşəni mənasını anlamadığım xüsusi jestlə yuxarı tulladı.
Ona təəccüblə baxırdım, Fortunato isə məzəli hərəkətlərini təkrar edirdi.
– Siz məgər nə etdiyimi anlamırsınız? – soruşdu.
– Yox, – cavab verdim.
– Belə, deməli, siz qardaşlığa mənsub deyilsiniz?
– Necə?
– Soruşuram ki, mason deyilsiniz?
– Hə, hə, – tez dilləndim, – hə, hə!
– Doğrudan? Ola bilməz! Siz masonsunuz?
– Masonam, – cavab verdim.
– İşarə! – dedi.
– Bu da işarə! – deyib plaşımın altından balaca bir kürək çıxardım.
– Deyəsən, zarafat edirsiniz! – bir neçə addım geri çəkildi. – Yaxşı, göstərin görək öz amontilyadonuzu.
– Yaxşı!
Balaca kürəyi plaşın altına soxub yenə əlimi ona uzatdım. Fortunato bütün ağırlığını qoluma saldı və beləcə amontilyadonun axtarışıyla yolumuza davam etdik. Alçaq tağların uzun cərgəsini keçib aşağı endik, daha bir neçə addım atıb yenə aşağı düşdük. Dərin sərdabənin yanına çatanda buranın natəmiz havasından məşəllərimiz zorla işıq salırdı.
Xeyli aralıda ondan kiçik olan başqa sərdabə görünürdü. Bura divarları tağa qədər qalaqlanmış sümüklərlə doluydu. Parisin nəhəng katakombalarını xatırladan bu sərdabənin üç tərəfi beləydi, dördüncü tərəfdə isə sümüklər ora-bura səpələnmiş, torpağın üstünə səliqəsiz halda töküldüyündən bir yerdə hətta təpəcik əmələ gəlmişdi. Sümüklərdən təmizlənmiş divarda dərinliyi dörd, eni üç, hündürlüyü altı-yeddi fut olan daha bir çuxur gördük. Görünür, bu hansısa xüsusi tələbat üçün nəzərdə tutulmamışdı, sadəcə katakombaların tağlarını saxlayan iki nəhəng dirək arasında aralıq idi və sərt qranitdən tikilmiş əsas divarlardan birinə birləşirdi.
Zorla közərən məşəlini yuxarı qaldırıb çuxurun dərinliyinə baxmağa çalışan Fortunatonun cəhdləri əbəs idi – zəif işıq bizə quyunun dibini görməyə imkan vermirdi.
– Gəlin gedək, – dedim, – amontilyado bax burdadır! O ki qaldı Lukreziyə…
– Lukrezi qanmazın yekəsidir, – inamsız addımlarla irəli getməyə can atan dostum sözümü kəsdi. İndi mən onunla daban-dabana gedirdim. Dəliyin axırına çatanda qəfildən divara toxunub çaşqın halda ayaq saxladı. Daha bir an – və mən onu sıxıb qranitə yapışdırdım. Divarın yuxarısına bir-birindən iki futluq məsafədə bir cüt dəmir həlqə bənd olunmuşdu: birindən zəncir sallanırdı, o birindən asma qıfıl. Zəncıri Fortunatonun belinə dolayıb həlqələrə keçirmək və qıfıllamaq bir neçə saniyənin işi idi. Fortunato elə bir heyrət içindəydi ki, müqavimət göstərməyə imkan da tapmadı. Mən açarı çıxarıb bir neçə addım geri atdım.
– Əlinizi divara sürtsəniz, soranın necəliyini biləcəksiniz, – dedim, – mümkün deyil ki, bunu hiss etməyəsiniz. Doğrudan bura çox nəmişlikdir. İcazə verin, geri qayıtmağınızı bir daha xahiş edim. Yox? Onda məcburam ki, sizi burda qoyum. Ancaq əvvəlcə sizə bacardığım bütün diqqəti göstərməliyəm.
– Amontilyado! – dostum heyrətdən özünə gəlməmiş qışqırdı.
– Elədir, – dedim, – amontilyado.
Bunu deyib haqqında qabaqcadan danışdığım sümük topasına girişdim; hərəsini bir kənara tullayıb qumdaşı və əhəngin üstünü açdım. Bu materialların, həmçinin kürəyin köməyi ilə divardakı oyuğun girişini bağlamağa başladım.
Daş hörgünün birinci cərgəsini təzəcə bitirmişdim ki, gördüm Fortunatonun dəmliyi xeyli azalıb. Bunun ilk əlaməti çuxurun dərinliyindən yayılan boğuq, acizanə qışqırıq oldu. Bəli, bu, sərxoş adamın çığırtısı deyildi. Sonra uzun, israrlı bir sükut çökdü. İşimə davam eləyib daşın ikinci cərgəsini düzdüm, sonra üçüncü, dördüncü cərgəni hördüm. Bu vaxt zəncirin bərk-bərk, dəlicəsinə silkələnməsini eşitdim. Səs bir neçə dəqiqə davam etdi, mən isə onu böyük məmnunluqla dinləmək üçün işimə ara verib sümük topasının üstündə oturdum. Nəhayət, kəskin cingiltilər səngidi, kürəyi təzədən əlimə alıb beşinci, altıncı və yeddinci cərgəni hörüb qurtardım. Divar artıq sinəmlə tən idi. Yenə işə ara verdim, məşəli daş tikilinin üzərinə qaldırıb içəriyə məhkum edilmiş fiqurun üzərinə bir neçə dəfə zəif işıq şüası saldım.
Zəncirlənmiş kabusun boğazından qəfil qopub çıxan güclü, kəskin qışqırıq məni dəhşətli bir həmlə ilə geri atdı. Bir anlığa tərəddüd keçirdim – içimi həyəcan bürümüşdü. Sonra əlimi katakombanın sərt divarının üstünə qoyub əsl məmnuniyyət hissi duydum. Ardınca öz tikintimə yaxınlaşdım və qışqırıqçının vay-şivəninə cavab verdim. Mən xalis əks-səda kimi idim – onun ağzını əyirdim; mən onu gücdə də, hönkürtünün davamlılığında da üstələdim. Hə, mən bu cür elədim, onu bu cür yendim və axırda qışqırıqçı susdu.
Artıq gecənin yarısıydı, işim sona yaxınlaşırdı. Səkkizinci, doqquzuncu və onuncu cərgəni hörüb qurtardım. Sonra on birinci cərgənin əsas hissəsini və sonuncu cərgəni tam başa çatdırdım. İndi yalnız bir daşı yerinə bərkidib suvamaq lazım idi. Daşı çətinliklə qaldırdım, yerinə düz oturtdum. Ancaq bu vaxt quyunun dərinliyindən başımın tüklərini biz-biz edən dəhşətli bir gülüş, ardınca da səs eşidildi – bu qəmgin səsin Fortunatoya məxsus olduğuna inanmaq çətin idi. Səs deyirdi:
– Ha-ha-ha! Hi-hi-hi! Yaxşı zarafatdır, doğrudan əla zarafatdır. Palatsoya qayıdanda şərabdan gillədib buna yaxşıca gülərik. Hi-hi-hi!
– Amontilyado! – dedim.
– Hi-hi-hi! Hi-hi-hi! Hə, amontilyado! Amma necə düşünürsünüz, artıq gec deyil? Bizi palatsoda gözləyirlər. Sinyora Fortunato indi ordadır, başqaları da bizi gözləyir. Gedək!
– Hə, – dedim, – gedək.
– Tanrı eşqinə, Montrezor!
– Hə, elədir, – dedim, – Tanrı eşqinə!
Əbəs yerə cavab gözləyirdim; cavab gəlmədi. Hövsələm tükənmişdi, səbirsizlik bütün varlığıma hakim kəsilmişdi.
Var səsimlə çağırdım:
– Fortunato!
Yenə cavab gəlmədi. Bir də səslədim:
– Fortunato!
Heç bir cavab gəlmədi. Məşəlin birini açıq qalmış yarıqdan içəri soxdum və onu çuxurun dərinliyinə atdım. Oradan yalnız zınqırovun səsi eşidildi. Ürəyim sıxıldı – katakombanın havası çox boğanaq idi. İşimi başa çatdırmağa tələsdim. Axırıncı daşı yerinə bərkidib suvağını vurdum. Təzə hörgünün qarşısında sümüklərin köhnə divarını yenidən bərpa etdim. Üstündən yarım əsr keçsə də, bir Tanrı bəndəsi onları narahat etməmişdi. In pace reauiescat![2]
Tərcümə edən: Mahir N.QARAYEV
[1] Məni təhqir edən heç kəs cəzasız qalmaz (lat.)
[2] Yeriniz rahat olsun (lat.)