Con Qolsuorsi
(1867–1933)
Qadın baxışı
(hekayə)
Tissa qəbiristanının qoca direktoru hər şeyin hazır olduğunu öyrənmək məqsədilə evdən çıxdı. Sərəncamındakı bu torpaq indiyəcən çoxlarını udmuşdu – onların arasında tanış-bilişləri, rastlaşarkən adəti üzrə salamlaşdığı adamlar da vardı, qəti tanımadıqları da. Direktor üçün ölüm – gündəlik iş idi. Bununla belə, ölümlə həyatın bitib-tükənməz oyunu olan dəfn mərasimlərindən hər biri vaxtın nə qədər tez ötməsini bir daha bütün kəskinliyi ilə ona xatırladaraq qocanı əməlli-başlı həyəcanlandırırdı.
Onun ən yaxın dostu, dəlisovluğuna rəğmən həm də romantik bir adam olan, adı dillərdə zərb-məsələ çevrilib haqqında məftunluqla danışılan həkim Septimus Qodvinin ölümündən düz iyirmi il keçirdi. İndi isə onun oğlunu dəfn edəcəkdilər!
Dostunun vəfatından sonra direktor onun dul qadınını bir dəfə də görməmişdi. Çünki qadın tezliklə şəhəri tərk edib getmişdi. Ancaq direktor həmin o tünd-qara saçlı, qonur gözlü, qədd-qamətli ucaboy qadını çox yaxşı xatırlayırdı. O, doktor Qodvinin ölümündən cəmi il yarım əvvəl ona ərə gəlmişdi və kişidən xeyli cavan idi. Ərinin dəfni zamanı qadının qəbrin yanında necə dayandığı indiki kimi yadındaydı. Qadının üzünün ifadəsi onu elə heyrətləndirmişdi ki, qoca həmin ifadəni hələ də unutmamışdı. Bu ifadə... bir sözlə, bu çox qəribə ifadə idi!
Qoca direktor ensiz cığırla köhnə dostunun qəbrinə tərəf addımlaya-addımlaya yenə bu haqda düşünürdü. Bura qəbiristanın ən gözəl yeri idi – təpənin ağımtıl yamacı, bir də aşağıda axan çay buradan bütün füsunkarlığı ilə göz oxşayırdı. O, dəmir barmaqlıqla çəpərlənmiş məzarın yanındakı kiçik sahəyə yaxınlaşdı. Barmaqlıq təzə rənglənmişdi və onun balaca qapısı ağzındakı əklillər növbəti tabutu gözləyirdi. Hər şey yerli-yerindəydi. Direktor sərdabəni öz açarı ilə açdı. Qalın şüşə döşəmədən atanın tabutu görsənirdi – daha aşağıda isə oğlu basdırılacaqdı. Arxadan zəif bir səs eşitdi:
– Cənab, deyə bilərsizmi, mənim köhnə həkimimin məzarı ilə neyləmək fikrindədilər?
Direktor arxaya qanrılanda qarşısında tanımadığı yaşlı bir xanımın dayandığını gördü. Xanımın üzü çox məlahətli idi – yanaqlarının rəngi solğun qızılgülün ləçəklərini xatırladırdı, enli şlyapanın altından isə gümüşü saçları görünürdü.
– Bu gün burada dəfn mərasimi olacaq, xanım...
– Demək belə! Yəni doğrudanmı onun arvadı?
– Oğlu, xanım. İyirmiyaşlı gənc.
– Oğlu? Dəfn saat neçədədi?
– Günortaüstü, saat ikidə.
– Təşəkkür edirəm. Siz çox nəcib insansınız.
Direktor şlyapasını azca yuxarı qaldırıb uzaqlaşan qadının ardınca baxdı.
Dəfn təntənəli keçdi və direktor həmin axşam öz dostunun evindəki şam yeməyində bir həkim tanışından soruşdu:
– Siz bu gün təsadüfən buralarda ağsaçlı bir qadına rast gəlmədiniz?
– Rast gəldim, – deyə ucaboy, sarısaqqal həkim oturduğu kətili ocağın yanına, ona yaxın elədi.
– Elə isə, deyin görüm, siz onun gözlərinin ifadəsinə fikir verdinizmi? Onun gözlərinin çox qəribə ifadəsi vardı. Sanki... necə deyim axı? Bir sözlə, çox qəribə ifadə idi! O kimdi? Mən onu səhər qəbiristanda gördüm.
– O ifadə mənə qəribə görünmür, – həkim başını buladı.
– Nə demək istəyirsiz? İzah eləyin, görüm! Xahiş edirəm, oxu atıb yayı gizlətməyəsiz...
Həkim əvvəl tərəddüd eləyən kimi oldu. Qrafini götürüb həmsöhbətinin qədəhini doldurandan sonra dedi:
– Yaxşı, siz Qodvinin, necə deyərlər, ürək dostu idiniz, ona görə xahişinizi yerə salmayıb onun ölümü haqda sizə danışacam. Yadınızdamı, o vaxt siz yol üstdəydiniz...
– Danışın, söhbət ikimizin arasında qalacaq.
– Qodvin cümə axşamı saat üçdə canını tapşırdı. Məni saat ikidə çağırmışdılar. Mən gələndə onun halı xarab idi, ancaq hərdən huşu özünə qayıdırdı. Onun... ancaq siz hər şeyi müfəssəl bilirsiz, o şeylərdən danışmağı lazım bilmirəm. Deməli, otaqda məndən başqa bir arvadıydı, bir də ayaqlarının altında büzüşən sevimli teryeri. Yəqin, xatırlayırsız, onun teryeri çox qəribəydi. On dəqiqə keçməmişdi ki, qulluqçu içəri girib sahibənin qulağına nəsə pıçıldadı. Missis Qodvin qulluqçuya çox əsəbi tərzdə cavab verdi:
– Onu görmək istəyir? Gedin ona deyin ki, nahaq yerə belə bir vaxtda bura gəlib.
Qulluqçu qız çıxdı, amma az sonra təzədən qayıdıb gəldi ki, bəs o qadın, heç olmasa, bircə dəqiqəliyə missis Qodvini görmək istəyir. Missis Qodvin isə cavab verdi ki, ərini belə bir vəziyyətdə tək qoya bilməz. Qulluqçu qapıdan bir az narazı çıxdı, ancaq dərhal yenə qayıtdı.
– Xanım dedi ki, doktor Qodvini hökmən görməlidir, bu, ölüm-dirim məsələsidir.
– Ölüm-dirim?! Sən həyasızlığa bir bax! – missis Qodvin hiddətlə çığırdı. – Ona çatdır ki, əgər elə bu dəqiqə, təcili çıxıb getməsə, polis dalınca adam yollayacam.
Zavallı qız çarəsiz halda üzümə baxdı. Mən aşağı düşdüm və onunla danışası oldum. Yemək otağında dayanmış bu xanımı dərhal tanıdım. Adını çəkməyəcəm, yalnız onu deyə bilərəm ki, buradan yüz millərlə uzaqda yaşayan, adlı-sanlı bir ailənin övladıdı. Öz gözəlliyi ilə ad çıxarmış o qadının həmin gün ümidsizlikdən siması az qala tanınmaz hala düşmüşdü.
– Tanrı xatirinə, həkim! Azacıq da olsa ümid varmı? – soruşdu.
Mən hansısa bir ümidin qalmadığını deməyə məcbur idim.
– Elə isə onu görməliyəm! – qadın ucadan dedi.
Ondan rica etdim ki, yaxşı-yaxşı düşünsün, o isə əvəzində mənə möhürlü üzük uzatdı. Özünüz də təsdiq edərsiniz ki, bu sayaq bayronizm Qodvinə çox uyğun gəlir, elə deyil? Qadın sözünə davam eləyib bildirdi ki, bəs Qodvin bu üzüyü ona bir saat əvvəl göndərib.
– Biz çoxdan şərtləşmişik ki, o bu üzüyü nə vaxt göndərsə, mütləq onun yanına gəlim. İş yalnız mənlik olsaydı, əsla bu qədər təkid etməzdim. Qadın xeylağı nəyə desən dözər! Ancaq axı o bu fikirlə ölə bilər ki, bəs mən gəlmək istəməmişəm. Amma mən onun yolunda həyatımdan belə keçməyə hazıram.
Bilirsiz ki, ölənin son istəyi müqəddəsdir. Qodvini görəcəyini ona vəd edib dalımca gəlməsini xahiş etdim, ancaq dedim ki, kişi özünə gələnə qədər qapının arxasında gözləsin. Hələ ömrümdə o qadın qədər mənə minnətdar olan ikinci adama rast gəlməmişəm. Özüm yataq otağına keçdim. Qodvin hələ də huşsuz halda uzanmışdı, teryeri də astadan zingildəyirdi. Qonşu otaqda uşaq ağlayırdı – bu gün torpağa tapşırdığımız həmin o gənc oğlan. Missis Qodvin can üstə olan ərinin çarpayısının yanında dayanmışdı. Mən bu qadını görməyin Qodvinin öz istəyi olduğunu ona dedim. Ancaq missis Qodvin qışqırdı ki, bəs o bu yaramaz qadının burada olmasını istəmir! Yalvardım ki, bir qədər sakitləşsin, ərinin can üstə olduğunu unutmasın. “Axı mən onun arvadıyam!” – missis Qodvin yenə bərkdən çığırdı və otaqdan çıxdı.
Həkim susdu. Sonra köks ötürüb təzədən sözünə davam etdi:
– Bacarsaydım, onun nifrətini soyudardım. Qapı arxasında hər iki qadının səsi eşidilirdi. İlahi, onlar bir-birinə nələr demədi. İçəridə isə, həmişəki kimi, gözəl Qodvin hərəkətsiz uzanıb qalmışdı – qara saçları çöhrəsinin solğunluğunu daha qabarıq nəzərə çarpdırırdı. Sonra hiss etdim ki, huşu özünə qayıdır. Bu vaxt qadınların səsi təzədən eşidildi – əvvəl sahibənin qaba və kinli, sonra isə digər qadının asta və qırıq səsi gəldi. Qodvin əlini bir qədər yuxarı qaldırıb qapını göstərdi. Mən tez çölə çıxıb qadına dedim ki, Qodvin sizi görmək istəyir, rica edirəm, özünüzü ələ alasınız. Biz dərhal otağa keçdik, missis Qodvin də arxamızca gəldi. Ancaq bu vaxt tərslikdən Qodvin təzədən bayıldı. Qadınlar hər ikisi kirimişcə əyləşdi.
O səhnəni indiki kimi xatırlayıram. Qadınlar əlləri ilə üzlərini qapayıb hərəsi çarpayının bir tərəfində, Qodvinin böyründə kirimişcə oturublar və hər biri öz rəqibinin varlığından əzilmiş halda sanki özünün qəhr olmuş məhəbbət payına olan haqqına sahib çıxmaq, bu hüququ müdafiə etmək istəyir. Onların nə əzab çəkdiklərini təsəvvür eləmək mənə qəti çətin deyildi! Bütün bu müddətdə isə, divarın o üzündə bu qadınlardan hansınınsa dünyaya gətirdiyi uşaq ağlayırdı və sirr deyil ki, həmin uşağı tamam başqa bir qadın da doğa bilərdi.
Həkim bir müddət susub danışmadı, qoca direktor isə ağ saqqallı çəhrayı sifətini elə bir ifadə ilə ona sarı çevirdi ki, elə bil qaranlıqda əl havasına yeriyirdi.
– Yadımdadı, – həkim yenə danışmağa başladı, – nikah mərasiminin bitməsi münasibətilə qonşuluqdakı müqəddəs Cud kilsəsinin zəngləri çalınmağa başladı. Deyəsən, məhz bu zəng səsləri Qodvini huşa gətirdi. O, gözlərini açıb qəlb sıxan qəribə və yazıq bir təbəssümlə bu qadınlara baxırdı. Qadınlar gözlərini ona zilləmişdi. Hərəkətsiz oturmuş missis Qodvinin üzü həddindən ziyadə sərt idi, elə bil daşdan yonulmuşdu. O biri qadına gəlincə, sizdən nə gizlədim, doğrusu, onun üzünə baxmaq istəmədim. Qodvin işarə ilə məni yanına çağırıb nəsə pıçıldadı, ancaq kilsə zənglərinin sədası onun səsini eşidilməz etdi. Bir dəqiqə sonra isə o artıq meyit idi. Bəli, həyat çox qəribədir! Səhər oyanıb sanki öz pilləndə möhkəmcə qərar tutursan, az sonra – yüngülcə bir təkan və aşağıya yuvarlanırsan. İnsan şam kimi əriyib gedir. Və xoşbəxtlik ondadır ki, səndən sonra yalnız bir qadının həyat şamı sönsün.
Qadınlar ağlamadı. Missis Qodvin mərhum ərinin yanında qaldı, o biri qadını isə mən küçəyə qədər ötürdüm. Hə, deməli, bu gün o da burada imiş... Düşünürəm ki, o qadının diqqətinizi cəlb etmiş gözlərinin ifadəsinin səbəbi artıq sizə aydın oldu.
Həkim susdu. Direktor kirimişcə başını yellədi. Bəli, artıq bu yad qadının baxışı ona tam aydın idi – dərin, qəribə baxışı. İndi ona Qodvinin arvadının iyirmi il əvvəl dəfn mərasimində gördüyü və heç cür unuda bilmədiyi gözlərinin qəribə ifadəsi də çox yaxşı tanış idi! Direktor kədərli nəzərlərlə:
– Elə bil hər ikisi ürəyinin bir yerində bu ölümə sevinirdi, – dedi və qocalara xas vərdişlə dizlərini ovxaladı.
Tərcümə edən: Mahir N.QARAYEV