“Ən çox bəyəndiyim tərcüməm” rubrikasının müsahibi şair-tərcüməçi Mahir N.Qarayev bizimlə söhbətdə Ernest Heminqueyin “Kilimancaro qarları” hekayəsi ilə bağlı fikirlərini bölüşür:
– Mahir müəllim, dünya ədəbiyyatından bir sıra tərcümələriniz var. Amma ən çox bəyəndiyiniz tərcümə kimi “Kilimancaro qarları”nın adını çəkdiniz...
– Heminquey sevdiyim yazıçıdı. Hekayələrini, “Ya var, ya yox” romanını dilimizə çevirmişəm. Məşhur “Qoca və dəniz”, “Əcəl zəngi” əsərlərinin də tərcümə redaktoru olmuşam. Amma iki hekayəsindən – “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” – aldığım ləzzət tam başqa olub. Ümumiyyətlə, nəsr tərcümələrimin arasında ən çox bəyəndiyim “Kilimancaro qarları”dır. Rusca yazan Aydın Əfəndi adlı bir şair dostumuz vardı – o vaxt mənə Heminqueyin dördcildliyini bağışlamışdı. Sonradan baxıram ki, hələ tələbə ikən hekayənin bir qırağında öz əlimlə yazmışam: “Gələcəkdə bunu tərcümə etməli!”
– Heminquey yaradıcılığına, xüsusən də bu hekayəyə olan sevginizin səbəbi nədir?
– Mənim yazıçıda, ümumiyyətlə, sənət əsərində ən çox qiymətləndirdiyim sənətkarlıq xüsusiyyətidir. Daha doğrusu, mənim üçün əsas olan, yazıçının “nəyi” deməsi yox, “necə” deməsidir. Əsərin məzmunu da vacibdir, amma sənətkarın o məzmunu necə, hansı formada çatdırmağı daha mühümdür. Bu mənada, hesab edirəm ki, Heminquey əsl ustadır. Ola bilər, Heminqueyin hansısa əsəri oxucuya maraqlı gəlməsin, amma o “maraqsız” əsər də ədəbiyyat adamı üçün dəyərsiz deyil. Elə hekayələri var ki, ilk baxışda darıxdırıcıdır, intəhası, o hekayələrdəki sənətkarlıq xüsusiyyətlərinə diqqət yetirəndə, Heminquey öz çağdaşları arasında ən maraqlı yazıçıya çevrilir. “Kilimancaro qarları”na gəlincə, bu əsər Folknerin “Emili üçün qızılgül” və Çexovun “Rotşildin skripkası” ilə yanaşı, ən çox bəyəndiyim üç hekayədən biridir. Burada Heminqueyin sənətkarlığı ən yüksək həddə çatır.
– Tərcümənin tarixçəsindən danışaq. Deməli, hekayəni tələbəlik vaxtlarından çevirmək istəyiniz olub. Bəs konkret işə nə zaman qərar verdiniz və buna nə qədər vaxt sərf etdiniz?
– Sadəcə, bir gün fikrimi qətiləşdirdim. Düzü, əsərdə qəliz yerlər vardı, ona görə tərcüməyə girişmək istəmirdim. Amma canımı dişimə tutub çevirdim. İndi yadımda deyil, ola bilsin, ilk varianta bir həftə vaxtım gedib, ya da 10-15 günə tərcümə etmişəm.
Amma sonra üzərində bir xeyli işlədim. Mən tərcüməni tələsik çapa vermirəm, adətən, onun üzərinə bir neçə dəfə qayıdıram. “Kilimancaro qarları”nın tərcüməsində çalışdım ki, bircə söz belə kənarda qalmasın. Tərcümə zamanı əlavə, yaxud ixtisar etdiyim bir söz belə olmadı.
– Sizcə, “Kilimancaro qarları”nda yazıçının ismarışı nədən ibarətdir?
– Əli Kərimin bir şahanə misrası var: “Nə xoşbəxt imişəm bir zaman, Allah”. Fikirləşirəm ki, dünyadakı bütün insanlar gec-tez gəlib o misradan keçir. Kimisi 30, kimisi 60, kimisi də 90 yaşında bu misranı mütləq özü üçün pıçıldayır. Bu mənada, məncə bütün yazarlar, sənət adamları da nə vaxtsa haqqında danışdığımız hekayədən gəlib keçir. Hekayənin baş qəhrəmanı Harri yaşadığı həyata ömrünün sonuncu günündən baxır. Özü də gözləmədiyi, ağlına gəlmədiyi, qəfil “peyda olmuş” sonuncu gündən... Harri elə bilirdi ki, hər şey qabaqdadır, sona hələ çox var. O sanki eynən Məşhur Amerika yazıçısı Fiscerald kimi varlı və gözəl bir qadınla xoşbəxt həyat sürür. Hər şeyə sahiblənib, bircə yazmaq qalıb. Amma günü-günə sataraq heç nə yazmır. Nəticədə ömür boşa gedir, daha doğrusu, bu həqiqət yazıçı Harrini qəfildən “yaxalayır”, o, bunu qəfildən dərk edir. Heminquey öz cavan prototipini ömrün sonuncu gününə gətirərək, oradan keçmişinə nəzər salır. Harri məğrur, özünü qadın qarşısında sındırmayan biri olsa da, keçmişə boylananda nə qədər vaxt itirdiyinin, yazılası nə qədər əsəri yazmadığının fərqinə varır və bunun dəhşətli acısını yaşayır. Burada Heminquey çox maraqlı bir üsula əl atır – özünün yazmadığı hekayələri Harrinin keçmişinə aid yaşantılar kimi elə yarımçıq şəkildə “Kilimancaro qarları”na daxil edir. Bunlar guya “yarımçıq” yazılardır, əslində isə əsl yazıçı üslubu, Heminquey sənətkarlığının nümunəsidir. Hətta bir yerdə Harri qadından soruşur ki, o, stenoqrafik üsulla yaza bilir? “Yox” cavabı alanda, deyir onsuz bu yolla da çatdırmaq mümkün olmayacaqdı. Daha sonra son çıxış yolu kimi indiyəcən vaxtı ötürüb yazmadıqlarını və bütün yazmaq istədiklərini bircə abzasa sığışdırmaq xəyalına düşür. Əslində bu, Heminqueyin öz arzusu idi. Daha doğrusu, Harrinin keçmişə boylanarkən keçirdiyi yaşantılar Heminqueyin yazmaq istədiyi, lakin yazmadıqlarının ağrısıdır. Sadəcə, izi azdırmaq üçün öz dostu Fisceraldın adını çəkir, çünki Harrinin aqibəti Fisceraldın taleyi ilə oxşardır və Heminquey öz dostundan bir vasitə kimi yararlanır, hətta onu ələ salmaqdan da çəkinmir.
– Maraqlıdır, görən, Fisceralddan ədəbi üsul kimi istifadə etməyə gərək var idimi?
– Fiscerald hekayənin yazıldığı ərəfədə çox məşhur idi, amma artıq bir yazıçı kimi tükənmişdi, çətin günlər yaşayırdı. O, əyalətdən çıxmış yazıçı idi, şəhərdə varlı qadınla evlənib tamamilə başqa, “yad” mühitə düşmüşdü. Hekayənin qəhrəmanı Harri də varlı qadınla münasibət qurandan sonra öz həyat tərzini dəyişir, bütün gününü eyş-işrətdə keçirir. Burada Heminquey hekayənin qəhrəmanı olan yazıçı Harrinin vasitəsilə Fisceralda “sataşıb”, göstərmək istəyib ki, Fiscerald pulun qarşısında duruş gətirə bilmədi.
Fiscerald, həqiqətən də, belə bir aqibətlə üzləşmişdi və Heminqueyin doğru yazdığının da, çox güman ki, fərqində idi. Amma bu acı gerçəklik ona bərk toxunmuşdu.
– Yazmaq həm də ağrılı prosesdir. Bəzən yazıçı bu ağrılardan xilas olmaq üçün qələmi bir kənara qoyur. Məgər yazıçının yazmamaq haqqı yoxdurmu? Niyə Heminquey Fisceraldın timsalında buna rişxəndlə baxır?
– Belə şeylər mümkündür. Heminqueyi ən çox maraqlandıran öz əsəridir – yazıçı kimi tükənmiş Fisceralda sataşmaq “yerinə düşsə belə”, o, dostunun inciyib-incimədiyinin fərqinə varmadan öz işini görəcəkdi. Ona qalsa, eyni ədəbi nəsildən olan Folkner müasir Amerika yazıçılarının adlarını sıralayarkən Heminqueyi dördüncü yerə qoymuşdu ki, guya cəsarətsizdi. O mənada ki, Heminquey yalnız lüğətdəki sözlərlə işləyir, çərçivələrdən kənara çıxmağa qorxur. Vulfu isə birinci yerə qoymuşdu və bu da Heminqueyə pis təsir etmişdi. Çünki o zaman Heminquey nəinki Vulfdan, hətta Nobel mükafatını özündən qabaq almış Folknerdən də məşhur idi. Sadəcə, hər yerdə olduğu kimi, ABŞ yazıçılarının bir-birinə münasibətində də müəyyən qısqanclıqlar olub. Eyni münasibəti Folknerlə Heminquey vaxtilə öz ustadları Şervud Andersona qarşı da göstərmişdilər. Amma doğrudur, heç bir yazıçı başqasına yazmamağı irad tuta bilməz. Bununla belə, mən bu məsələdə Heminqueyə ən azı bir fakta görə haqq qazandırıram: Heminquey yeganə yazıçıdır ki, onda heç bir uydurma, heç bir illüziya yoxdur – nə yazıbsa, ancaq gördüyünü yazıb.
– Hekayədə əxlaqsız erməni qadını ilə bağlı bir epizod da var. Bu detal hekayəyə təsadüfən düşüb, yoxsa?..
– Hekayənin lap əvvəlində yazıçı Harri quşlara diqqətlə göz qoyub hərəkətlərini yadda saxlamağa çalışır, fikirləşir ki, bəlkə, onları, hansısa hekayəyə “dürtəcək”. Bax fahişə erməni qadını da bu sıradadır. Bu epizodik obraz çox inandırıcı alınıb Heç şübhəsiz, Heminquey o vəhşi quşlar kimi, həmin qadını da İstanbulda – ovaxtkı Konstantinopolda görüb, müşahidə edib, yeri düşən kimi də hekayəsinə gətirib. Amma bunu Heminqueyin türklərə rəğbəti kimi yozmaq düzgün olmazdı. Belə dəqiq detallar Heminqueyin bütün əsərlərində var və erməni fahişəsi də istisna deyil. Bax epizodik olsa da, obraz yadda qalıb, çünki dəqiq yazıçı müşahidəsinin məhsuludur. Biz o obrazı görə bilirik, çünki Heminquey gördüyünü bizə göstərməyi bacarır.
Elmin NURİ