Əli Vəliyev
(1901-1983)
Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, Lenin, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. 1931-ci ildə Azərbaycan Dövlət Darülfünununun Pedaqoji fakültəsini bitirib. Ədəbi fəaliyyətə tələbəlik illərində başlayıb. 1933-1941-ci illərdə “Şərq qapısı”qəzetinin redaktoru olub. 1950-1954-cü illərdə Yazıçılar İttifaqının məsul katibi, 1959-cu ildə “Azərbaycan” jurnalının, daha sonra “Kommunist” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. “Gülşən”, “Samovar tüstülənir”, “Qarlı dağlar”, “Ürək dostları”, “Cəbhə hekayələri”, “Sübut”, “Bir cüt ulduz”, “Bir cüt tərlan”, “Çiçəkli”, “Anaqız”, “Qənirsiz gözəl”, “Turaclıya gedən yol”, “Durna qatarı”, “Qəhrəman”, “Budağın xatirələri”, “Zamanın ulduzları”, “Narahat adam”, “Ötən günlər” kimi onlarla roman, povest və hekayələr müəllifidir. Əsərləri bir çox dillərə tərcümə edilib. 1950-ci ildə yazdığı “Gülşən” povestinin motivləri əsasında S.Hacıbəyovun bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulub. 1952-ci ildə əsər SSRİ Dövlət mükafatına layiq görülüb.
Vasvası
Əlli beş il əvvəl, yəni on yeddi yaşlı cavan olduğum vaxt başıma gəlmiş əhvalatı danışmaq istəyirəm. Kəndimiz dağların ətəyindəki gül-çiçəyin arasındadır, qabağından Bazar çayı axırdı. Güzəranımız ağır, yaşayışımız çətin olsa da, əkinçilikdən usanmır, çalışmaqdan yorulmurduq.
Əkin üçün yararlı olanlar bunlar idi: öküz, qayış, gavahın. Hər kəsin bir öküzü cütə qoşulurdusa, iki avacası olurdu. Bu o demək idi ki, bir öküzün müqabilində iki gün onun yeri şumlanmalı idi. Dörd boyun öküzə çatan qayış üçün iki avaca düşürdü.
Kəndimizdə yaxşı tanıdığım, xatirimi hədsiz istəyən İsfəndiyar kişi ilə birlikdə cütə gedirdim. İki öküzümüz cütə qoşulur, dədəmin Bakıdan gətirdiyi zəncir qayışı əvəz edir, özüm isə “əlaltı” adlanan öküzlərin boy-nuna minib dörd öküzü vər başına çatdırmaq üçün müxtəlif hərəkətlər edir, cürbəcür mahnılar oxuyur, bayatı və holavar çağırırdım. Müqabilində isə səkkiz avaca qazanıb yer şumladır, toxum səpdirir, qonşudan geri qalmamağa çalışırdım.
Cütçüklükdə belə qayda var idi: kimə işləyirdiksə səhər və günorta yeməyini iş yiyəsi verməli, cütə qoşulan səkkiz öküz üçün dörd bağ yonca kövşənə gətirməli, heyvanlar yeməli idi.
Dədəm Bakıda neft mədənlərində fəhləlik elədiyindən ailəni dolan-dırmaq, çörək qazanmaq mənim üzərimə düşmüşdü.
İsfəndiyar kişiyə “dayı” deyirdim. O, məni “bacıoğlu” çağırırdı. İsfəndiyar kişinin xasiyyəti həlim, danışığı yumşaq, sözləri yatımlı olduğundan sözündən çıxmır, “bəli”, “ xeyr”, “baş üstə”dən başqa cavab qaytarmırdım. İsfəndiyar dayının arvadını Abıhəyat çağırırdılar. Ortayaşlı, təbiətən gözəl, incəbel bir arvad kimi kənddə barmaqla göstərilirdi. Uşaqları südəcər olduğu üçün zarafata salıb, “xəlbiraltılar ara vermədən artır” deyəndə İsfəndiyar kişi söz altında qalmayıb toxtaq-toxtaq cavab qaytarırdı: - Görünür, ərlə-arvad arasında söz birliyi yoxdur.
İsfəndiyar kişinin kövşənində yer əkirdik. Sübh tezdən öküzləri dəhmərləyib “Əkinlər düzü” deyilən yerə apardıq. Kəhər madyana səkkiz bağ yonca yükləyib yedəyimizə aldıq. Birbaş əkin yerinə gəldik. Macəl və hodaqlar işə başladı. Hodaqlar öküzləri qoşdular. Macəl gavahını yerinə salıb, iri daşla bir neçə dəfə vurub bərkitdi.
Cütə səkkiz qoşulur. İki öküzə “bir boyun” deyirlər. Səkkiz öküz dörd boyun sayılır və qoşulanların yerə görə adları olur. Lap qabaqdakılara “qabaq”, ikinci cərgədəkilərə “əlaltı”, üçüncü cərgədəkilərə “sazik”, dördüncü cərgədəkilərə “ambul” deyirdilər.
Gün çeşt yerinə qalxanda yerin yarıdan çoxunun boz rəngini qaralt- mışdıq. Hodak Abbasla elə ürəkdən və ucadan səs-səsə vermişdik ki, tora- ğayl arın nəğməsi eşidilməz olmuşdu. Ambul ilə saziki Abbas, əlaltı ilə qabağı mən sürürdüm.
Yenə də vəri kefisaz başa vuranda İsfəndiyar dayı mənə üz tutdu...
- Bacıoğlu! Yəqin ki, acmısınız.
Mən dinməyəndə o, əlavə elədi:
- Abbasla mən birtəhər işlərik. Zəhmət çək, qalx kəhər madyanın belinə, sür evə. Abıhəyat xalan çörəkdən-sudan versin, götür tez qayıt. Elə get-gəl ki, günorta yeməyinə gecikməyək.
Mart ayının axırları idi. Kəndimizi aralığa almış dağlardan gələn küləklər buraya sərinlikdən çox, soyuq gətirmişdi. Əyin-başım yuxa olduğundan üşüyürdüm.
Kəhər madyanı qəlbi bir daşın böyrünə çəkib üstünə qalxdım. Yarım saat çəkmədən Daşlı dərədən sağa buruldum. Gilliyin döşü ilə gedib birbaş İsfəndiyar dayının həyət qapısında atın başını yığdım. Sarıbaş ənik bağlı idi. Atlını görən kimi qışqır-bağır salıb dartındı, bağlandığı dirəyin o tərəf- bu tərəfinə tullandı. Haçandan-haçana Abıhəyat xala göründü. Qapını açıb məni içəri çağırdı, atdan düşüb ev yiyəsinin arxasınca getdim. Abıhəyat xala əvvəl “xoşgəldin” elədi... Dədəmi soruşdu. Anamı, bacılarımı xəbər aldı. Tez-tez içəri girib, çölə çıxan arvad arabir mənə deyirdi:
- Tələsmə, südlü aş hazır olan kimi səni yola salacağam.
Mən eyvanın məhəccərinə söykənib həyətə baxır, azca aralıdakı gilənar ağaclarına nəzər salır, “sarıbaş” əniyin yal yediyi daş yalaqdan gözümü çəkmir, buxarının qırağındakı sacayağını hədəf eləyir, çəpərə söykənmiş çalğının sarıqlarını sayır, ev yiyəsinin hərəkətlərindən bir an belə ayrıla bilmirdim.
Südəcər uşaqlar gözə dəymir, xəlbiraltılardan səs-soraq eşidilmirdi.
Abıhəyat xala eyvana naxışlı küçə salıb üstünə dəstərxan sərdi. Su səpib bir-birinin üstünə yığdığı lavaşları ayırıb bükümlədi. Köhnə qoyun qarnına xeyli üzlü pendir yığıb ağzını bağladı. Üç mis kasa, üç ağac qaşıq gətirib xırda bir ağ torbaya yığdı. Çörəklə pendiri iri dəstərxana bükdü. Südlü aş qazanının ağzına dəmkeşi üzüqoylu çevirib əvvəlcə qırağına yaşıl köbə tikmiş süfrəyə bükdü. Sonra tərk xurcununun gözünə qoyub, başqa şeyləri də üstdən yığıb sanballadı.
Mənə müraciətlə dedi:
- Zəhmət çək, çıx sürahının üstünə, min ata.
Dediyinə əməl elədim.
Abıhəyat xala tez xurcunu atın üstünə aşıra-aşıra dedi:
- Sən sol ayağını xurcunun boş gözünə sal, var gücünlə saxla, atı birbaş sür “Yamac bulağa”. Mən sənəyi bulaqdan doldurum, gətirib salım xurcunun boş gözünə, atın başın boşla, bir də görəcəksən, əkinlərin düzündəsən. Bu sözləri deyə-deyə o, bulağa sarı getdi, mən atı yavaş-yavaş onun dalınca sürdüm.
Gün xeyli qalxmışdı. Yəni kəndə gəldiyimdən azı bir saat ötmüşdü. Çox keçməmiş öküzlərə ot verməli, cütcülər günorta yeməyinə başlamalı idilər.
Bizim kənddə bulaq çoxdur, hamısının da adı vardır. Məşhurlarının, suyu loğman olanlarının adını çəkəcəyəm. Yeddi Novlu, İki Gözlü, Güllü Cahan, Əlimərdan bulağı, Arzu bulağı, Soyuq bulaq, Yamac bulaq, Qay-nama bulaq.
Kəndimizin əbədi keşikçisi sayılan Qızıl qayanın döşündən çıxıb kənd aşağı cövlan edən - Yamac bulaq gur sulardan sayılır. Su qayanın altı ilə gəlib sal daşların üstündən töküləndə rənginə baxmaq, səsini dinləmək, şırıltısından həzz almaq istəyirsən.
Abıhəyat xala mis sənəyi həmin bulaqdan doldurub qayıtmalı, dolu sənəyi xurcunun boş gözünə qoyub məni yola salmalı idi.
Yayda naxırı kövşəndən kəndə gətirib həmin bulaqdan suvarar, yaxındakı söyüd ağaclarının altında gün əyilənə qədər saxlardıq. Söyüd ağacları ilə bulağın arasına daşdan hasar çəkildiyindən, mən söyüdlərin böyründə gözləyirdim.
Abıhəyat xaladan səs-soraq eşidilmirdi. Qıçımı xurcunun gözünə salıb var gücümlə ayağımı xurcuna dirəmişdim.
Az qalırdı qıçım qırılsın. Gün günorta yerinə qalxdı. Acından sərfəm qarışırdı. Başım bərk ağrıyırdı. Tərslikdən bu arada adam gözə dəymir, gedib-gələn qəhətə çıxmışdı.
Bulaq məndən aralı idi. Çağırsaydım, səsim çatmazdı. Birincisi, aramız uzaq idi, ikincisi də suyun səsi ətrafa yayılmışdı.
Altımdakı heyvan da bir yerdə çox dayandığından cana doyub hərdən ayaqlarını yerə döyməyə başladı.
Səhər ertə hava soyuq idi. Sonra əməlli-başlı düzəldi. İndi isə hava yenə də sərinləməyə başlayır. Çünki gün günortadan əyilirdi.
Kəndimizin qabağındakı “Tənəzzül dağının” kölgəsi “Ağ düz” deyilən yerə adlayırdı.
Fikir məni aparmışdı: “Birdən arvadın başına bir iş gələr”.
İstədim yerə enəm. Ayağımı tərpədəndə az qaldı xurcun düşsün.
Dərhal ayağımı yerinə qoyub əvvəlki vəziyyətdə saxladım.
Yəqin ki, kəndə gəldiyim vaxtdan dörd-beş saat keçmişdi.
Fikrimə gəldi ki, bəlkə, Abıhəyat xalanı gözləməyib çıxım gedim. Cəsarətim çatmadı. Gözlədim, ancaq gözləmək nə qədər uzanar?
Nəhayət, tab gətirməyib atın başını geri çevirdim. Söyüdlərin üst tərəfi ilə uzanmış arxın qırağı ilə gedib el yolunun yoxuşuna dırmaşanda gördüm İsfəndiyar dayı ilə Abbas öküzləri qatıb qabaqlarına, məlul halda mənə sarı gəlirlər.
Utandığımdan nə deyəcəyimi bilmirdim. Bu səbəbdən də atın başını yığıb saxladım. Öküzlər böyrümdən ötdü. Abbas mənə yaxınlaşıb eyhamlı şəkildə dedi:
- Çox sağ ol!
Özümü günahkar bilməsəm də, cavab qaytarmadım. İsfəndiyar dayı atın cilovundan tutub yavaşca dedi:
- Bacıoğlu! Bütün günahlar məndədir. Gərək səni kəndə göndərəndə arvadımın xasiyyətini deyəydim.
Mən bir şey başa düşmədim. İsfəndiyar dayı xəbər aldı.
- Abıhəyat xalan bulağa gedib?
Dilimi yox, başımı tərpətdim.
İsfəndiyar dayının dodağı qaçdı. Bığları tərpəndi. Astaca deyindi:
- Zalım qızı, yəqin, sənəyi yuyub suya çəkir.
Abbas öküzləri bulağa sarı sürdü. İsfəndiyar dayı atın cilovundan yapışıb yedəyinə aldı, birlikdə həyətlərinə getdik.
İsfəndiyar dayı xurcunun dolu gözündən yapışıb dedi:
- Düş aşağı.
Atdan düşdüm, addım ata bimədim, qıçım keyimiş, heydən düş-müşdüm.
İsfəndiyar dayı gülümsəyib dedi:
- Get, xalanı çağır, gəlsin.
Ayaqlarımı ağır-ağır atıb getdim. Bulağa yaxınlaşanda gözlərimə inanmadım: Abıhəyat xala mis sənəyi doldurub-boşaldır, sənəyin qulpunu, tıxacını yuyur, gövdəsini narın qumla sürtürdü.
Lap böyründə gedib astadan öskürdüm. Eşitmədi, bərkdən çağıranda dik atıldı. Üzümə baxıb qərarından dönmədi. Soyuqqanlılıqla dedi:
- Demədim gözlə, bu saat gəlirəm?
Birdən qazan yadına düşdü, məni sorğu-suala tutdu.
- Qazanı kimin ümidinə qoyub gəlmisən?
- İsfəndiyar dayı gəlib çıxıb.
Abıhəyat xala elə bil yuxudan ayıldı. Tələsdiyindən sənəyi doldur-mayıb ağzını qapadı. Çiyninə alanda boş olduğunu duyub yerə qoydu. Tez doldurub götürdü, bir yerdə getdik.
Mən ciddi fikirləşdiyim vaxt Abıhəyat xala dedi:
- Bir tikə boyunla utanmırsan yalan danışırsan? Bəs hanı kişi? İndi də anan yaşda arvada kələk gəlməyə başlamısan?
Mən dinib-danışmırdım. Abbasla öküzlər yanımızdan ötəndə Abıhəyat xala gördü. Abbasdan soruşdu:
- Bəs kişi hanı?
Abbas narazı halda cavab verdi:
- Getdi evinizə.
Abbas öz öküzlərini, mən özümüzküləri evimizə apardıq.
Anam məni görcək təşvişlə sual elədi:
- Bu nə sir-sifətdi düşmüsən?
Mən əhvalatı təfsilatı ilə danışdım.
Anam başını bulaya-bulaya dedi:
- Yazıq vasvasıdır.
Mən dedim:
- Mis sənəyin tıxacını yumaq, gövdəsini qumla sürtmək təmizlikdir! Anam razılaşmayıb izah elədi:
- Təmizlik sağlamlıq, vasvasılıq xəstəlikdir.
Bir neçə gündən sonra öyrəndim ki, Abıhəyat xalanın adı üstündə imiş: “Vasvası Abıhəyat”.