Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 20.06.2019

 

Məhəmmədhüseyn Şəhriyar

(1906-1988)

 

Azərbaycan şairi. Təbriz şəhərinin Bağ-meşə bölgəsində dünyaya göz açıb. Hafizin və Füzulinin təsiri altında qələmə aldığı qəzəl və qəsidələri, lirik poemaları erkən yaşlarından onu İranda, Azərbaycanda, eləcə də digər şərq ölkələrində tanıdıb. İlk kitabı Tehranda, üç mütəfəkkir şairin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddiməsi ilə nəşr olunub. Sonrakı illər Təbrizdə, Tehranda, Bakıda dərc edilən şeir kitabları ilə məşhurlaşıb.

 

Azərbaycan

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

 

Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.

 

Bütün dünya bilir - sənin qüdrətinlə, dövlətinlə

Abad olub, azad olub mülki-İran, Azərbaycan.

 

Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad

Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.

 

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.

 

Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını,

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.

 

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,

Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

 

İgidlərin İran üçün şəhid olub, əvəzində

Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

 

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

 

Bəsdir fəraq odlarından kül ələndi başımıza,

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

 

Şəhriyarın ürəyi də səninkitək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

 

Türkün dili

 

Türkün dilitək sevgili, ehsaslı dil olmaz,

Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

 

Öz şerini farsa, ərəbə qatmasa şair,

Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

 

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,

Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

 

Sözlər də cəvahir kimidir, əsli bədəldən

Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

 

Şair ola bilməzsən, anan doğmasa şair,

Missən, a balam, hər sarı köynək qızıl olmaz.

 

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,

Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

 

Ansan odu tutsun bu zəlil xalqın əlindən,

Allahı sevərsən, belə insan zəlil olmaz.

 

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur,

Bal ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,

Ərbablarımızdan da qarınlar təbil olmaz.

 

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,

Bir dəfə bunu qan ki, ipəkdən qızıl olmaz.

 

Düz vaxtda dolar taxta-tabaq ədviyyat ilə,

Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

 

Fars şairi çox sözlərini bizdən aparmış,

Sabir kimi bir süfrəli şair pəxil olmaz.

 

Türkün məsəli, folkuloru dünyada təkdir,

Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,

Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

 

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,

Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

 

Heydərbabaya salam

(poemadan parça)

 

Heydərbaba, ildırımlar şaxanda,

Sellər, sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun şövkətüzə, elüzə,

Mənim də bir adım gəlsin dilüzə.

 

Heydərbaba, kəhliklərin uçanda,

Kol dibindən dovşan qalxıb qaçanda,

Bağçaların çiçəklənib açanda,

Bizdən də bir mümkün olsa yad elə,

Açılmayan ürəkləri şad elə.

 

Bayram yeli çardaxları yıxanda,

Novruzgülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir dad eləyən sağ olsun,

Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

 

Heydərbaba, gün dalıvı dağlasın,

Üzün gülsün, bulaqların ağlasın,

Uşaqların bir dəstə gül bağlasın,

Yel gələndə, ver gətirsin bu yana,

Bəlkə, mənim yatmış bəxtim oyana.

 

Heydərbaba, sənin üzün ağ olsun,

Dörd bir yanın bulaq olsun, bağ olsun,

Bizdən sora sənin başın sağ olsun,

Dünya qəzov-qədər, ölüm-itimdi,

Dünya boyu oğulsuzdu, yetimdi.

           

Heydərbaba, yolum sənnən kəc oldu,

Ömrüm keçdi, gələmmədim gec oldu,

Heç bilmədim gözəllərin nec oldu,

Bilməz idim döngələr var, dönüm var,

İtkinlik var, ayrılıq var, ölüm var.

***

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,

Damənindən yapışım, mən də kəlisayə gəlim.

 

Ya sən islamı qəbul eylə mənim dinimə gəl,

Ya da təlim elə mən məzhəbi-İsayə gəlim.

 

Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,

Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.

 

Sən yatıb cənnəti röyadə görəndə gecələr

Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.

 

Sən də səhrayə marallar kimi bir çıx, nə olur,

Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.

 

Allahından sən əgər qorxmayıb olsan tərsa,

Qorxaram mən də dönüb dini-Məsihayə gəlim.

 

Şeyx Sənan kimi donquz otarıb illərcə,

Səni bir görmək üçün məbəde-tərsayə gəlim.

 

Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,

Buraxım məscidimi, sənlə kəlisayə gəlim?!

 

Gəl çıxaq Ture-təcəllayə, sən ol celveye-Tur,

Mən də Musa kimi, o Turə təcəllayə gəlim.

 

Şirdir Şəhriyarın şeri, əlində şəmşir,

Kim deyir mən belə bir şir ilə dəvayə gəlim?