Elektron ədəbiyyat və sənət portalı

Əsir Azərbaycanım

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 20.06.2019

 

Almas İldırım

(1907-1952)

Şair, ictimai xadim. Sovet rejimi dövründə təhsil aldığı Azərbaycan Dövlət Universitetindən xaric olunub, Dağıstana, sonra Türkmənista­na sürgün edilib. 1930-cu ildə “Dağlar səslənər­kən” adlı şeirlər kitabı işıq üzü görüb. 1934-cü ildə Türkiyə vətəndaşlığına qəbul edilib. Qəzet və məcmuələrdə dərc olunan şeirləri ilə istiqlalçı şair kimi tanınıb. 1994-cü ildə Bakıda şeir və poemalarının toplandığı “Qara dastan” kitabı, 2004-cü ildə “Seçilmiş əsərləri” nəşr olunub.

 

Əsir Azərbaycanım

Nerdə məni gül qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə “layla balam” çağıran,

Azərbaycan, mənim baxtsız anam, oy,

Neçə bir il həsrətinlə yanam, oy?..

 

Salam desəm, rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa, oy!..

Hökm etsə, bu sərsəm gediş dursa, oy!..

 

Xəbər alsam Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adı dilimdən,

Azərbaycan, mənim eşsiz yurdum, oy!..

Ölməz eşqim, içimdəki dərdim, oy!

 

Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz nedəm qürbət eldə günü mən,

Sənsiz nedəm Allahı mən, dini mən,

Azərbaycan, mənim tacım, taxtım, oy!

Oyanmazmı kor olası baxtım, oy?!.  

 

* * *

 

Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva,

Bir millətin fərdiyim, mənim də bir səsim var.

Dağlan al qanımla boyanmış bir ölkədə,

Anlasan yaşamaqçın nə qədər həvəsim var...

 

Onun “rus” dediyi yer torpağımdır, daşımdır,

Onun başındakı tac mənim dövlət quşumdur.

Jenevdə sunduğu mey, o mənim göz yaşımdır,

Eh, bilsəydin başımda nə bəlam, nə yasım var.

 

Bakı. O mənim Kəbəm, o mehrabım, o yurdum,

Yolunda qanlı çara illərcə qarşı durdum.

Rus zəncirini ilkin mən çeynədim, mən qırdım,

Dünyaya müjdə yazdım: azad bir Qafqasım var.

 

Bir gün bir “dost” göründü, bizə bir badə sundu,

Sundu da, başımıza “tülkü” getdi, “qurd” qondu.

Yandı əməlim, eşqim, vətənim, oda yandı…

Ortada qan, püxtə leş, atəş, kül, duman qaldı.

 

Tfu…tarixə tfu...tərsinəmi dolandı?

Ölkəmiz parçalandı, bağrına od qalandı,

Millətlərin naminə zəngin ellər talandı.

Dağlara əks edən səs: yalnız ah, aman qaldı…

 

Artıq o nazlı eldə tütəcək bir ocaq yox,

Annələrin göz yaşı azmayan bir bucaq yox,

Eyvah ki, baş qoyacaq nə bir diz, nə qucaq yox,

Anladıq ki, dünyada yaxşı yox, yaman qaldı…

           

* * *

 

Dinlə, sən ey dünyanın haqq arayan dik başı,

O bir vəhşi hökmdar, içdigi qan mənimdir.

Bir quldur bir zənginin olurmu arxadaşı?

Sana bir can verirsə, əlbət, o can mənimdir.

 

Mənimdir o saçdığı altun, para, çalınmış...

Məclisdə haqqım diyor, o haqq məndən alınmış,

“Moskov” deyib keçməyin, ayaqlara salınmış,

Varı-yoxu talanmış Azərbaycan mənimdir.

 

Dünya bilir bu haqqı, neçin nədən danılır?

Onun çapqın olduğu həp içindən tanınır.

Millətlərin düşməni bir dövlətmi sanılır?

Ona qarşı hər zaman kəskin üsyan mənimdi

 

Dinlə, sən ey cahana haqqı göstərən masa,

Dağıstanlı, gürcülü hakim bizik Qafqasa.

Aləmə xəbər olsun, o gər bizim olmasa,

Yolunda töküləcək son damla qan mənimdir.

 

Verin mənə yurdumu olsun cənnət bucağı,

Bir dövlət qurayım ki, sülhün doğma ocağı.

Başında dalğalansa üç boyalı bayrağı,

O zaman zənn edərəm bütün cahan mənimdir.

 

Buraxın qoca Şərqi bir az da yaşasın hürr,

Yetər ki, əsrlərin altında oldu əsir,

Dünya istiqlal deyir, bu onun da haqqıdır.

Bu uğurda yenilməz qüvvət, iman mənimdir.

 

Buraxın parçalansın zülmün haqsız yapısı,

Silinsin yer üzündən kommunizmin kabusu,

Millətlərə açılsın öz yurdumun qapısı,

İnsanlara hürriyyət! Bu dilək, şan mənimdir!!

 

Dost

 

Bir gülşən yaptım, gülünü el aldı,

Bir tək qönçəsini dərmədim, a dost!..

Bir bağça saldırdım, gəldi sel aldı,

Amma meyvəsini görmədim, a dost!..

 

Canana can dedim, uzağa düşdüm,

Dosta bel bağladım, tuzağa düşdüm,

Əfsunlanmış qızıl bir ağa düşdüm,

Birlik diləyinə ermədim, a dost!..

 

Mən baxarkən o sevdiyim doğuya,

Sən ortak ol bu içdiyim ağuya,

Orda bir gəlin var, qaldı yağıya,

Onu bir doyunca sarmadım, a dost!..

 

Bu çarpan qəlb onun, bu tək can onun,

Damarlarımdakı axan qan onun,

Könlümü coşduran bu iman onun,

Mən özgəyə könül vermədim, a dost!..