Məmməd Rahim
(1907-1977)
Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. Bir sıra məsul vəzifələrdə çalışıb. 1930-cu ildə “Arzular” adlı ilk kitabı nəşr olunub. “Partizanın tüfəngi”, “Vətən sevgisi”, “Səhərin nəğməsi”, “Leninqradgöylərində”, “Məhəbbətin baharı”, “Dayağım” kimi, onlarla kitabın müəllifidir. Şiller, Petefi, Beranje, Puşkin, Lermontov, Nekrasov, Blok, Taqor kimi sənətkarların əsərlərini dilimizə çevirib.
Sevgilim
Bizim yerdə bu adətdir əzəldən,
Hörmət olar sənətkara, sevgilim.
Mən dönmərəm sənin kimi gözəldən,
Qaşlar qara, gözlər qara, sevgilim.
Siyah tellər gərdənində görünür,
Könlüm kimi həsrətinlə sürünür.
Can sarayı nəşələrə bürünür,
Sən çıxanda çəmənzara, sevgilim.
Şimşad baxar həsrət çəkər əlinə,
Əttar aşiq mixəyinə, hilinə,
Qənd heyrandır şirin, şəkər dilinə,
Dağ çəkirsən dağda qara, sevgilim.
Qulac-qulac hörüklərin ilandır.
İncimərəm, sal boynuma dolandır,
Biz gedərik, qoca dünya qalandır,
Rahim qurban nazlı yara sevgilim.
Deyə bilmirəm
Deyirəm ki, səni gördüyüm zaman
Üstünə gül-çiçək səpəcəyəm mən.
Deyirəm ki, səni görəndə, canan,
Söz açaram təmiz məhəbbətimdən.
Sən, bahar çağında yaşıl çəməndə,
Ətir saçan zaman qızılgül kimi,
Coşmaq istəyirəm fərəhlə mən də
Baharın aşiqi şən bülbül kimi.
Elə ki, qarşımda görürəm səni,
Tutuluram yaman niyə, bilmirəm?!
Nədənsə bu sadə bircə kəlməni –
“Sevirəm” sözünü deyə bilmirəm.
Qoşma
Gözəlim, başına dönür fələklər,
Sevgi dünyasında sultansan, nəsən?
Ətrin məst eləyir aşiqlərini,
Yoxsa qızılgülsən, reyhansan, nəsən?
Nədir bu gözəllik, nədir bu camal?
Üzünü görəndə utanır hilal.
Sən bu lətafətlə, a dəryakamal,
Sirlər xəzinəsi ümmansan, nəsən?
Sakit sular kimi bəzən axırsan,
Canlar yandırırsan, canlar yaxırsan,
Bəzən tavuz kimi süzüb baxırsan,
Yoxsa öz-özünə heyransan, nəsən?
Məcnunun Leylası neylər yanında?
Başqa lətafət var şirin canında.
Eşqin bu varılmaz asimanında,
Belə ki, süzürsən, tərlansan, nəsən?
Sənsən gözəllərin başının tacı!
Aşiqlər hüsnünün olmuş möhtacı,
Rahimin dərdinin sənsən əlacı,
Özüm de, bilmirəm loğmansan, nəsən?
Azərbaycanım mənim
Dünyada ölkələr var,
Biri-birindən qəşəng.
Doğma yurdum, şən diyar,
Çəmənlərin rəngbərəng.
Sən hər yerdən gözəlsən,
Bir işıqlı əməlsən.
Qoy dolanım başına,
Torpağına, daşına
Qurbandır canım mənim,
Azərbaycanım mənim.
Dünyanın çox çayı var,
Kim deyər ki, tayı var
Kürümün, Arazımın.
Baharımın, yazımın
Gülşəni Odlar eli.
Babəkin, Koroğlunun
Vətəni Odlar eli.
Sənin sahillərində
Xəyallara dalmışam,
Baxıb çinarlarına
Çinartək ucalmışam.
Suların can dərmanı.
Qonaqcıllar içində
Sənin bənzərin hanı?
Dinim, imanım mənim,
Azərbaycanım mənim.
Dünyanın çox dağı var –
Əzəmətli, vüqarlı,
Yaxını, uzağı var,
Başı daima qarlı.
Zirvəsindən bir dəfə
Xəbər belə verən yox,
O yerlərə qalxmağa
Əsla yol göstərən yox.
Uca deyil gözümdə
Heç biri Şah dağımdan,
Öz ana torpağımdan
Qəşəng diyar bilmirəm,
Bəlkə də, var, bilmirəm.
Sənin əzəmətini
Dünyada tək sanıram.
Vüqarını dağlardan
Daha yüksək sanıram.
Ölməz ad-sanım mənim,
Azərbaycanım mənim.
Doğma yurdum, de, sənin
Qucağında nə yoxdur?
Xəzinənə çatası
Zəngin xəzinə yoxdur.
Sənsən bu yer üzünün
Ən nadir məmləkəti.
Millətimin şöhrəti,
Arzum, gümanım mənim,
Azərbaycanım mənim.
Dünyanın dənizləri
Ümmanları az deyil,
O qədər gölləri var,
Üz qayıqla ilbəil.
Fəqət deyin hansı göl
Gözəldir Göy gölümtək?
Hansı dənizdir qəşəng
Mənim Xəzərim kimi?
Sinəsində od yanıb
Deyin hansı şəhərin
Mənim şəhərim kimi.
Gül açmış qucağında
Arzum, hissim, niyyətim.
Get işıqlı günlərə,
Azad cümhuriyyətim,
Bu günündən sabahın
Daha da uğurludur.
Dünya bunu bilir ki,
Gələcəyin nurludur.
Mənə səadət dolu
Qızıl bir cam vermisən,
Gözəllikdən yazmağa
Bitməz ilham vermisən.
Vətən eşqini duyan,
Sözlərimi oxuyan
Bilir nədən gözəlsən.
Məndən ötrü nə üçün
Hər ölkədən gözəlsən,
Şöhrətim, şanım mənim,
Azərbaycanım mənim!