Elektron ədəbiyyat və sənət portalı

Rəqiblər

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 21.06.2019

 

Mehdi Hüseyn
(1909-1965)

Xalq yazıçısı, dramaturq, ictimai xadim. SSRİ Dövlət mükafatı laureatı. Azərbaycan Dövlət Univer­sitetinin pedaqoji fakültəsinin tarix şöbəsini və Moskvanın Dövlət Kinematoqrafiya İnstitutunun ki- nossenari kursunu bitirib. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifələrində çalışıb. Ədəbi yaradıcılığa kiçik hekayələrlə başlayıb. “Vətən çiçək­ləri”, “Bahar suları”, “Xavər” adlı hekayə kitab­larının, “Kin”, “Fəryad”, “Komissar”, “Ürək” povestlərinin, “Tunel”, “Qan intiqamı”, “Daşqın”, “Abşeron”, “Tərlan”, “Yeraltı çaylar dənizə axır” romanlarının, “Cavanşir”, “Nizami”, “Şamil”, “Şöh­rət”, “Alov”, “İntizar”, “Qardaşlar” pyeslərinin müəl­lifidir. Ssenariləri əsasında “Şair”, “Fətəli xan”, “Səhər”, “Vulkana doğru”, “Qara daşlar” filmləri çəkilib.


Rəqiblər

I

Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz? Bəli, soyumaz! Niyə də soyusun? And olsun, əlimə fürsət düşsəydi, onu lap çarmıxa çəkərdim!.. Yox, inan mən bu sözlərin ürəkdən gəldiyinə inana bilmirdim. Amma qəribə idi ki, usta Pirvəli nə əsəbiləşirdi, nə də hissə qapılırdı. Əksinə, həmişəki kimi, yenə də səbirli və soyuqqanlı idi. Eşitmişdim, görməmişdim: acığını üzə vurmayan insanların qəzəbi doğrudan da dəhşətli olurmuş. Usta Pirvəlini tanımayan bir adam bu dəqiqə onun sakit, lakin rəhmsiz baxışlarını görsəydi, düşünə bilərdi ki, bu qoca öz rəqibini çarmıxa çəksə uf da deməz. Elə əslinə baxsan, az qalmışdı mən də onun barəsində fikrimi dəyişim, sanki 156 o, mənim nəzərimdə artıq indiyəcən yaxşı tanıdığım, xətrini istədiyim, hər dəfə görəndə ehtiramla salamladığım məşhur usta Pirvəli deyildi. Sadəliyinə, mehribanlığına və alicənablığına çoxdan bəri heyran olduğum bu insan birdən-birə nə üçün belə dəyişmişdi? Hansı təsadüfi və ya mühüm bir səbəb onu Heybət kimi köhnə bir dostundan üz döndərməyə məcbur eləmişdi? Bu barədə ona sual verməyə hazırlaşırdım ki, o gözləmədiyim halda, geriyə döndü, zorba pəncələrini ağır-ağır döşəməyə basaraq, qapıya doğru addımladı.

- Usta!.. - deyə mən əlimi qeyri-ixtiyari yuxarı qaldırıb, dayanmağını xahiş elədim.

O, çiyni üzərindən mənə baxıb, ayaq saxladı:

- Buyur!

- Buyurmaq yox, ərz eləmək istəyirəm, - dedim. Zahirən çox sakit görünsəniz də nədənsə qəzəblənmisiniz. Bayaqdan bəri danışdığınız sözlər də sizə heç yaraşmır. Nə olub ki?

Yuxusuzluqdan kiçilmiş və qızarmış göz qapaqları büzüşdü. Qalın dodaqlarında kinayəli bir təbəssüm titrədi, mis rənginə çalan, dolğun və ətli yanaqları dartıldı, bütün sifətinə boğuq bir qızartı çökdü, alnının sərt qırışla örtülmüş dərisi xal-xal oldu.

- Hmm... Guya bilmirsən? Lap yaxşı bilirsən, məndən də yaxşı... Ancaq mən qarnım üçün deyiləm, qədrim üçünəm. İndiyənətən belə fikir eləyirdim, Heybət də mənimkidir, ona nə versələr, mənim də payım var. Amma indi baxıb görürəm, yox, məni gözdən salırlar. Bu cəhənnəm, mənim gördüyüm iş də gözdən düşür. Bu ədalətsizlik gərək Heybətin özünü qəzəbləndirəydi. Bir halda ki, o dinmir, deməli vicdanı təmiz deyil!.. 

- Bildim, usta, bildim nə deyirsən.

O, görünür, elə bu sözə bəndmiş. Bir an içində səbri də, təmkini də yox olub getdi. O, səsinə güc verdi:

- Bəs sən rəisimiz deyilsən? Niyə ağzına su alıb oturmusan?

- Usta, - dedim, - ordeni də, fəxri adı da mən vermirəm. Siyahıları mən düzəltmirəm... Özün bilirsən ki...

O, sözümü ağzımda qoydu. Yenə də ağır, amma zəhmli addımlarla stoluma yanaşdı, sağ əlini sırıqlı pencəyinin cibindən çıxartdı, mənə doğru meyilləndi. Düşündüm ki, məni yalançı adlandırıb, vəl tayına bənzəyən zorba və qabarlı əlini çiynimə endirəcək, sümüklərim xurd-xəşil olacaq. Mən o dəqiqə müvazinətimi itirdim və özümü bu təhlükədən qurtarmaq üçün təsirli bir ifadə tapdığımı güman eləyib, kəkələdim:

- Aaa, usta, ömrünüzdə heç adam öldürmüsünüz?

Elə bunu demiş oldum. Qocanın dodaqları səyridi. Nəfəsi daralmış kimi kəsik-kəsik soruşdu:

- Nə?.. Nə?.. Nə dedin?

Mən cavab üçün söz tapmadım. Canımı üşütmə aldı. Udqunmaqdan başqa çarəm qalmadı. O, mənə lap yaxın gəldi. Saysız-hesabsız qığılcım saçan qonur bəbəklərindən gözümü ayırmağa məcbur oldum. Bu dəfə də səsini yavaşıtdı, lakin israrla tələb etdi:

- Bir də de görüm!

Aramızdakı gərginliyə dözmək üçün dəmir əsəb lazım idi. Bir neçə dəqiqə də susub ona cavab verməsəydim, usta Heybətin qisasını məndən alacağına heç bir şübhə ola bilməzdi. Onun hər səsində bir xırıltı da eşitdim:

- Bir də de!

Mən sualımı təkrar elədim:

- Soruşurdum ki, ömrünüzdə heç adam vurmusunuz?

O, gözlərimin içinə rəhmsiz bir hədə ilə baxdı. İki-üç dəfə başını buladı:

- Yox, - dedi. - Sən onu soruşmadın. Niyə belə tez yadından çıxdı.

Artıq hər bir sözümə irad tutduğunu görəndə zorla gülümsədim.

- Usta, - dedim, - axı belə dostluq olmaz. Hər kəlməmdən yapışıb bu cür tərs danışmaq nə üçündür? Birdən-birə xasiyyətiniz elə dəyişdi ki...

Bu sözlərim də xətrinə dəydi. O, aramızdakı dostluq tellərini qırmağa təəssüflənmədən, səsinə daha yabançı bir ifadə verdi:

- Boş danışırsan! Kişinin xasiyyəti dəyişməz. Mən hər gün bir cildə girən, əldəqayırma kişilərdən deyiləm. Sən soruşdun ki, adam öldürmüşəm, ya yox? Doğrudur, sən universitet oxumusan, mən kəmsavadam, ancaq vurmaqnan öldürməyin təfavütünü bilirəm. Söz məsəli, məni heç kim vur-mayıb, amma diri gözlü öldürmək istəyənlər olub... Mən adam vurmağına vurmuşam, ancaq bir Allah bəndəsini öldürmək xəyalına düşməmişəm. Bax. Bunu görürsən? - Usta sağ əlini irəli uzadıb gözümün qənşərində oynatdı. - Vuranda bərk vurmuşam. Mənim düdəmeyi-hindiyəmi yeyən çul kimi yerə sərilib, amma ölməyib... Ölməyini istəməmişəm. Mən sənin üçün nəyəm məgər? Qulduram, yoxsa cəllad?

- Usta, - deyə mən ona cavab verəndə, nə qədər istədimsə, səsimin titrəyişini gizlədə bilmədim, belə görünürdü ki, canımdakı üşütmə hələ tamam yox olub getməmişdi. - Axı mən nə quldur sözünü dilimə gətirdim, nə cəllad...

- Hələ bir gətirmək də istəyirdin?

Gözlərim onun əlinə zilləndi. Çiynimə dəyəcək zərbədən vaxtında yayınmaq üçün bir az da geriyə çəkilmək məsləhətdir. Deyəsən, o qorx-duğumu yalnız indicə hiss eləyib, əlini şalvar cibinə saldı və qəhvəyi rəngli tütün qutusunu çıxardıb, uzun bir papiros bükdü, dodağı ilə kağızı yalayıb, zor-güc yapışdırdı, döş cibindən çıxartdığı patron çaxmaqla papirosunu alışdırdı, qəzet kağızının hisli tüstüsünü havaya buraxdı və yalnız bundan sonra ürəyini boşaltdı.

- Özgə vaxtı haqdan, ədalətdən dəm vurursunuz. Camaat qabağında danışanda, ağzınıza çullu dovşan sığışmır, bəs nə tövr olur ki, birinin haqqını verəndə, o birisi yadınıza düşmür?.. Bax mən deyənə yaxşı mültəfit ol. Ömrümdə şöhrət və mükafat üçün işləməmişəm. Hələ bir yerdə bu barədə danışdığımı da görən olmayıb. Ancaq mənim yüzdən çox şagirdim var. Hərəsi bir peşə sahibidir. Orda-burda pıçıldaşırlar ki, yaxşı işlədik, olduq Pirvəli. Ona nə qiymət qoyublar? İndi gəl əyri oturaq, düz danışaq. Heybət məndən artıq neyləyib? O, əlli buruq qazıbsa, mən altmışını qazmışam. O, qırx il fəhlə olub, mən qırx iki il olmuşam. Dənizdə beş quyusu var, mənimki səkkizə çatır. Bəlkə, uşağı çoxdur? Yox, burda da ondan geri deyiləm, intəhası mənimkilərin üçü qız, biri oğlandır. Heybətinkilərin biri qız, üçü oğlandır. Nə olar ki? İndiki qızların hərəsi bir iyidə bərabərdir!.. Bəlkə, o partiyanı, dövləti məndən çox istəyir. Bunu da deyəmməz!

Mən onun könlünü almaq üçün ürəkdən təsdiq elədim:

- Əlbəttə, usta, əlbəttə! Siz saçınızı xalq yolunda ağartmısınız. Siz bunu deməsəniz də, mən bilirəm!

- Sən bilirsən, görünür bilmiyənlər də var!

- Yox, usta, bu nə sözdür? Siz nə danışırsınız?

Bu təsəllim onu daha da haldan çıxartdı. Hirsli-hirsli papirosunu sümürüb, kötüyünü bükmələdi və mənim külqabıma atdı: 

- Nə danışıram? Düz demirəm, vur başımı yar!.. Yoxsa mənə danış-mağı da qadağan eliyəcəksən? Bəlkə, mən yığıncaqlarda az boş-boğazlıq elədiyimə görə günahkaram! Bayram oldu, Heybət tribunada, qurultay oldu, Heybət prezidiumda! Qəzetdə Heybət, jurnalda Heybət, radioda Heybət, kinoda Heybət! Az qalıb ki, televizoru da Heybətin evinə köçürdələr. O gün qarım soruşur ki, “Ay Pirvəli, niyə sənin baxtın gətirməyib? Niyə sənin haqqını alıb, Heybətə veriblər?” Mən də özümdən çıxıb, ona dişimin dibindən gələni dedim... Sonra da peşman oldum. Uzun götür-qoydan sonra gördüm ki, yazıq arvadın heç günahı yoxmuş... Şəxsiyyət, şəxsiyyət deyib durursunuz. Elə o zamandan mənim başım qapazlı olub. Niyə ki, durub filankəsi tərifləməmişəm, deməmişəm ki, sən olmasan, biz batarıq... Görürsən ki, onsuz batmadıq!..

Mən onun sözlərinə qüvvət vermək istədim:

- Axı, ay usta, - dedim, - ancaq o, fikrimi düz başa düşməyib, az qala qışqırdı:

- Sözümü kəsmə! Ömrümdə bir yol da mən boşboğazlıq eləsəm, dünya dağılar?

- Usta, ay usta...

- Görünür, ustalıq azmış, gərək dil ustası olmağı bacarasanmış! - deyə o, yaşına o qədər də uyğun gəlməyən bir çevikliklə döndü və mənimlə vidalaşmadan çıxıb getdi.

 

II

- O günün sabahısı usta Pirvəlinin dəniz buruğuna getməliydim. Ancaq dünənki söhbətimizdən sonra tərəddüd eləyirdim, düşünürdüm ki, indi o, hər sözümdən inciyir və əsəbiləşir. Aradan üç-dörd gün keçsə yaxşıdır, qoy bir az hirsi soyusun, mənim günahkar olmadığımı başa düşsün, görsün ki, mənə o cür ağır cavablar qaytarmaqla o qədər də haqlı deyil. Usta Pirvəli kimi adamlar adətən, hər növ saxta qürur hissindən uzaq olurlar, dünən tutduqları ədalətsiz işin bu gün dərin peşmançılığını çəkirlər, nahaq incitdikləri adamlardan bəzən, hətta üzr belə istəyirlər. Mən buna inandığım üçün, bir qədər səbir eləməyi qərara almışdım, ancaq gündüz növbəsinin qazmaçısı Qürbət Kərim mənə zəng eləyib dedi ki, hələ dünən səhər gətiriləsi hematiti gözləməkdən gözümüzün kökü saralıb, avara-sərgərdan qalmışıq... Mən telefonda danışa-danışa ayrı bir səs də eşidirdim, başa düşürdüm ki, Pirvəli özü onun böyründə dayanıb, diktə eləyir, Qürbət Kərim isə onun sözlərini artırıb-əksiltmədən, tutuquşu kimi təkrar eləyir:

- Qazma idarəsində oturan tiplər, bizim sözümüzü bu qulaqlarından alıb o qulaqlarına verirlər. Siz niyə onlara demirsiniz ki, burdakı camaat öz

atalarının xeyri üçün işləmir? Bax, Pirvəli dayı süründürməçilərin əlindən zəncir çeynəyir. Nə deyirsən, usta?.. Hə, deyir ki, məni cin atına mindirməsinlər, özüm telefonu götürüb, aləmi bir-birinə qataram!..

- Dünəndən bəri mən də bu fikrə gəlmişdim ki, daha bu gündən sonra usta Pirvəli heç nədə güzəştə getməyəcək, əlinə fürsət düşən kimi, buruğun işini bir balaca ləngidənlərin hamısını qılınclayacaq, lap mənim özümə də aman verməyəcək. Qürbət Kərimə dedim ki, bu saat yoxlayım, görüm, nə üçün belə səhlənkarlıq eləyiblər. Dübarə daxili telefonla qazma idarəsinə zəng elədim, bununla da kifayətlənməyib, qayıqlarımız dayanan körpüyə getdim. Fəhlələr başqa avadanlıqla bərabər gematiti də gəmiyə yükləyirdilər. Mən onları salamlayıb gülə-gülə dedim ki, usta Pirvəlini tanımırsınız, niyə dünən söz verib onun yanında bu cür yalançı çıxmısınız? Onların bəzisi gülür, amma çoxusu işdən ayrılmayıb, eyni sürətlə yük qaldıran iri kranın çanağına avadanlıq hissələri bağlayırdılar. Gəminin kapitanı deyəsən, hamıdan çox tələsirdi. Bunun səbəbini özü açıb söylədi:

- Usta Pirvəli mənə ağır söz demir, ancaq elə tərs-tərs baxır ki, atamın goruna söysə, min pay bundan yaxşı olar... Dünən günah bizdə olmadı, yoldaş rəis, gəminin motorunda bir balaca təmirat aparmalıyıq. Pirvəlinin hematitini srağagündən gətirmişdilər. Ondan tək mən qorxmuram, Allah göstərməsin, əlinə girəvə düşsə, əcdadımızı qəbirdən çıxardar...

Mən bir saatdan çox gözlədim. Nəhayət, hər şeyi yükləyib qurtardılar. “Nə olar, olar, cəhənnəmə ki!” - deyib, özüm də buruğa yola düşdüm.

Orada vəziyyət Qürbət Kərimin dediyi kimi deyildi. İşi dayan-dırmamışdılar. Heç kim də avara oturub gematit gözləmirdi. Usta Pirvəli bir növ profilaktik tədbir görmüşdü. Yeni sabah ona gərək olan ağırlaşdırıcı materialı indidən tələb eləmişdi. Bizi qarşılayan Qürbət məni görəndə, pərtləşib gözlərini yerə dikdi. Hələ bir qızardı da... Yəqin ki, yalan danışdığına görə onu danlayacağımı güman eləyirdi. Ancaq mən, bu cür işləyən ustalara ürəyimdə haqq verirəm, çünki qazma sürəti çox vaxt təchizatın gecikməyi nəticəsində azalır. Mən Qürbət Kərimə bir söz demədim. Elə bil aramızda bu barədə heç söhbət olmamışdı.

Qürbət mənə təşəkkür elədi:

- Çox sağ olun, yoldaş rəis, - dedi. - Ehtiyatımız qurtarırdı. İndi ürəyimiz yerinə gəldi.

Usta Pirvəli gözümə dəymirdi. Hesabla gərək mən sevinəydim, ancaq istər-istəməz məndə onu görmək və dünənki söhbətdən sonra yumşalıb- yumşalmadığım öyrənmək arzusu oyanmışdı. Qürbət Kərimdən soruşdum:

- Bəs ustanız hanı?

- Papiros çəkməyə gedib... 

Fikrimə gəldi ki, “Məni uzaqdan görüb, qəsdən gizlənib... Hə, deməli acığı soyumayıb...” Gözlərimi dolandırıb onu axtardım. Yox, görünmürdü. Buruğu gəzdim, fəhlələrlə salamlaşdım, hal-əhval bildim. Deyəsən, burda usta Pirvəlidən başqa hamısı mənim xətrimi istəyirdi. On iki illik təcrübədən bilirdim ki, bilavasitə istehsalatda çalışan fəhlələr arasında yaltaq və riyakar adamların sayı yox dərəcəsində azdır. Əgər onlar sənə “Yoldaş rəis, sağ olun” deyirlərsə, bu yalnız ürəkdən gələn bir sözdür. Bu cəhətdən mən usta Pirvəlinin briqadasını nümunəvi sayıram, burda çalışan fəhlələrin heç biri mənim də, başqa yoldaşlarımın da qüsurunu mərd-mərdanə üzümüzə deməkdən çəkinməz. Buradakıların bəzisi məni çoxdan tanıyır. Ali məktəbi qurtarandan sonra buruq ustası olmuşdum. O vaxt yalnız onlar mənə yox, mən də onlara isinişmişdim. Belə insanların etimadını qazanmaq çətindir, amma hədsiz dərəcədə xoşdur...

Köhnə adətim üzrə, buruqda hər şeyə nəzər saldım. Baltanın qət elədiyi məsafə ilə maraqlandım. Usta Pirvəlinin dili vardısa, dilçəyi də vardı. Bu günün normasından iki yüz metr də artıq qazmışdılar. Buruğun hər səliqə- sahmanı öz yerində idi. Bu cür briqadaları görəndə, adamın yorğunluğu yadından çıxır, papirosu bir-birinin oduna yandırmırsan, iştahan açılır, hər tərəf sənə gözəl, şairanə görünür, insanlara rəğbətin birə on artır. Evə gələndə, arvad-uşaq da kefi kök olduğunu hiss eləyib sevinir.

Mən briqadanın işində irad tutulası heç nə tapmadım. Uşaqdan-böyüyə hamı öz yerində idi. Mexanizmlər yağ kimi işləyirdi. Usta Pirvəlinin məndən küsülü kimi ayrılıb getməyi, indi mənə daha çox yer eləyirdi.

- Sizə baxanda, adamın ürəyi dağa dönür, ay uşaqlar, - dedim. - Bəs usta Pirvəli gecə evinə getməmişdi?

Mən bunu Qürbətdən soruşdum, amma açarçı Yəhya cavab verdi:

- Yox.

- Niyə ki?

- Dünən axşam nəsə çox pərt idi. Gələn kimi hamımızı çağırdı. Cibindən qəzet çıxartdı. İyirmi ikinci qurultayın açılışı gününə dair birinci səhifədə iri hərflərlə yazılmış sətirləri ucadan oxudu. Dedi: “Raport-zad verməyəcəyik. Gurultu-partıltı qoparmayacayıq. Boynumuza öhdəçilik-filan da götürməyəcəyik. Amma qurultay açılan vaxt gərək normamızı ikiqat ödəmiş olaq. Kimin sözü var?”. Biz heç nə demədik. Onun da, bizim də çox danışmaqla aramız yoxdur. Biz həmişə beləyik: Bizim əvəzimizə rəqəm danışır!.. - Yəhya harasa baxdı, dərindən nəfəs aldı; nəyə isə təəssüf eləyirdi. - Bilmirəm, ustaya nə olub, dünən axşamdan qaşqabağı heç açılmır... Elə hey öz-özünə deyinir: “Nahaq, lap nahaq... gərək bu barədə danışmayaydım. Bu cür axmaq iş tutduğum heç yadıma gəlmir”. Bir yol özündən xəbər aldım ki, usta, nə axmaq iş, nahaq nəyə deyirsən? Gözümün içinə baxdı, sonra başını buladı, dedi ki, heç, bir səhv elədim, keçənə güzəşt deyərlər...

Bu söhbət əsnasında buruğa motorlu bir qayıq yan aldı. Hamımız o tərəfə baxdıq. Gələn usta Heybət idi. Ürəyim guppuldadı. Bir yol tapıb, rəqiblərin görüşməyinə mane olmalıydım. Qorxurdum ustalar cavanların yananda savaşarlar. Mən fəhlələrdən aralanıb, usta Heybəti özüm qarşıladım.

- Hara belə, usta?

- Yüz doqquza gedirəm. Dedim, bir Pirvəlinin də qulluğuna salam verim, ürəyimi boşaldım.

Mən özümü bilməməzliyə vurdum.

- Nə barədə?

Heybət mənim böyrümdən adlayıb, fəhlələri salamladı:

- Ə, ağıllı ustanız hardadır? - dedi və mənə tərəf döndü... - Ay yoldaş rəis, gəl, sən də şahid ol. Pirvəliyə bir neçə yağlı sözüm var... Ə, hanı bu Pirvəli ağa?

Bu anda qoca usta elə bil yerin dibindən çıxıb, Heybətin qabağında dikəldi:

- Əleykəssalam, mən burdayam, - dedi. - Ağıllı, ya dəli, olanım budur. Mənə çoxdan ağalıq verilib.

Cavanlar gülüşdülər. Ustalarının hər sözündən xoşlandıqlarını görməmək mümkün deyildi. Deyəsən, onlar bu söz güləşdirməkdə usta Pirvəlini qalib sayırdılar. Heybət də bunu görüb, azca tutulan kimi oldu. Pirvəlinin qolundan bərk-bərk yapışıb, mədəni budkaya doğru çəkdi, bir- iki addım gedib, yenə mənə sarı boylandı:

- Gəl, sən də şahid ol!.. - dedi.

Mən onların söhbətindən xeyir gözləmirdim. “Savaşsalar aralaşdı- raram” fikri ilə mən də getdim. Yaxşı ki, növbənin fəhlələri o saat dağılış-dılar və ustaların görüşünə maraq göstərmədilər.

Taxta divarları qəzet və jurnallardan kəsilmiş rəngbərəng şəkillərlə bəzədilmiş budkanın sağ küncündə, divara yaxın döşəmədə elektrik sobası qoyulmuşdu. İçəri isti idi. Üstünə qalın abı kağızdan süfrə salınmış balaca stolun qırağında elektrik çayniki pıqqıldayırdı. Lüləsindən fışqırtı ilə çıxan buxar, divarın kağızında əl boyda yeri islatmışdı. Usta Pirvəli çaynikin qapağını götürdü. Buxarın istisi üzünü yandırmasın deyə, başını yana sarı əydi. Sobanın böyründəki əl çantasından çay çıxartdı və bir ovuc götürüb, çaynikə atdı, yenə qapağı örtdü. 

- Buyurun, bəyəndiyiniz yerdə oturun, - deyə stolun arxasındakı skamyada əyləşdi.

Mən də usta Heybətlə yanaşı onunla üzbəüz oturdum.

Söhbəti usta Heybət başladı:

- Orda-burda niyə kölgəmi qılınclayırsan, balam? Nə vaxtdan bəri dalda danışmağa öyrəşmisən?

Usta Pirvəli özünü eşitməzliyə vurdu. Aşağı əyilib, çantasından təzəcə ütülənmiş, sarı haşiyəli çay dəsmalını götürdü və səliqə ilə qatlayıb, çaynikin üstünü örtdü. Mənə elə gəldi ki, qonaqlarına çay verməmiş söhbətə girişmək heç könlündən deyildi. Ancaq Heybət tələsirdi. O, heç birimizə müraciət eləmədən, yenə eyni incik halda soruşdu:

- Bilmək olmaz ki, mənim günahımın adı, nədir? Yaxşı, bu çayniki az qurdala. Mən bura çay içməyə gəlməmişəm, termosum doludur...

- Mən çayı özüm üçün qoymuşdum, sənə zorla içirtməyəcəyəm!.. - deyə Pirvəli də rəqibinin üzünə baxmadan tütün qutusunu çıxartdı, kəhrəba rəngli saçaqlı tütündən bir xışma götürüb, qəzet kağızında uzun və yoğun bir papiros eşdi. - O ki qaldı kölgəni qılınclamağıma, bu barədə tamam yanılmısan, özün dura-dura kölgəni niyə qılınclayıram?

- Niyə axı, nə səbəbə?

- Tələsmə, bu saat hamısını deyəcəyəm. - Pirvəli, qəsdən ağır-ağır, təmkinli bir əda ilə danışırdı, elə bil bununla da usta Heybətin səbir kasasını daşdırmağa çalışır və bundan qəribə bir zövq almaq istəyirdi. Papirosunu çaxmaqla yandırıb, iki-üç dəfə dərindən qullab vurandan sonra, yenə eyni arxayınlıqla sözünə davam elədi: - Bilmirəm sənə kim nə deyib, amma öz dilimdən eşitsən yaxşıdır.

Mən özümdən arxayındım. Usta Pirvəli ilə söhbətimizin məzmununu ona deməyə nə imkan tapmışdım, nə də belə bir fikrim vardı.

- Mənə xəbər verən öz qarın olub... Dünən zəng eləmişdim, deyirdi ki, radioda yüz yol səni tərifləyəndə, bir yol da Pirvəlini tərifləsələr, Allaha xoş getməz. Sonra da başladı ki, axırda bir-birinizə düşmən olacaqsınız... Əgər evdə bu barədə söhbətiniz olmayıbsa, qarın dünyasında belə deməzdi... Mənə hər dəfə ordendən, addan veriləndə, hamıdan əvvəl sən gələrdin, lap dənizdə də olsaydın, telefonla təbrik eləyərdin... On gündür poçtalyonlar evimin kandarını ağardıblar. Bəs niyə səndən səs çıxmır?

- Bura bax, a kişi... gəlsənə qanımı qaraltmayasan. Qara məni basınca, mən qaranı basım, buna deyiblər, ha... Nə düşmüsən üstümə?

Usta Heybətin sümükləri çıxmış yanaqları kül rənginə çalırdı. O, tez- tez müsahibinin sözünü kəsməyə meyillənir, amma, deyəsən, yalnız mənə hörmət üçün güclə özünü saxlayıb, barmaqlarını stola döyə-döyə yumru və qabarıq gözlərini rəqibinə zilləyərək, tez-tez hülqumunu qıldırıb-salırdı. Usta Pirvəli isə qərarından keçməyib, papirosunu bir də sümürdü:

- Bilirsən niyə məndən səs çıxmır? Ürəyimdən deyil, ona görə!..

- Paxıllıq eləyirsən? Deməli belə? Yaman tərs başlamısan!

- Tərs niyə? Bu saat lap düzünəqulu deyim, sən də eşit...

- Eşidirəm.

- Davanın vurhavur vaxtında dənizdəki buruğun güclü fontan vurdu, on gün keçməmiş “Qızıl Bayraq” ordeni aldın. Düzdür?

- Düzdür.

- Mənim də buruğum bütün Bakıya səs saldı-salmadı? Bəs mən nə aldım? Heç nə. Düzdür?

Heybətin gözləri aşağı dikildi. O, cavab verməyə söz tapmadı, əlini çəkib dizinin üstünə qoydu.

- Hə, niyə dinmirsən?

- Yaxşı, düzdür... Orden vermədilər. Kalan mükafat aldın. Əsginas!..

- Mən pul gözləmirdim. Qara günü üçün ehtiyat görən köpək oğlanlarından zəhləm gedir. Nə qədər mənim hökumətim var, mən kefin istəyən qədər qazanacağam. Mən də orden gözləyirdim. Başa düşdün, ya yox?

Pirvəli dirsəklərini stola söykədi və stol əlinin çeçələ barmağını qatladı:

- Deməli bu bir... Ondan bəri dörd quyu sən qazmısan, hamısının dərinliyi üst-üstə doqquz min metrdir, mən də dördünü qazmışam, dərinliyi on iki min metrdir. Bunlardan birini hematitsiz qazımışam. Düzdür?

- Düzdür, - deyə Heybət dodağının ucu ilə təsdiqlədi.

- Eşitmədim, bir az ucadan de!

- Canım-gözüm, düzdür! Mən bunu danmıram ki?

- Səni Sosialist Əməyi Qəhrəmanı elədilər. Döşünə “Lenin” ordeni, üstəlik də “Qızıl ulduz” taxacaqlar. Mənim adımı it dəftərinə salmadılar. Düzdür? - Usta Pirvəli o biri barmağını qatladı: - Bax, bu da iki... Düzdür, düz deyil?

Usta Heybət müsahibinin doğru ittihamlarına dözə bilməyib, nəhayət, bozardı.

- Əşi, bu adı mən verirəm? Nə düşmüsən mənim üstümə?

- Sən vermirsən, doğrudur. Amma de görüm harda, kimin yanında demisən ki, haqsız iş görürsünüz? Deməmisən ki?.. Yox, deməmisən! Yaxşı, bundan sonra sənin kişiliyinə inanmağa mənim nə haqqım var?

- Bura bax, Pirvəli, mən indiyənətən səni tanımamışam. Nə yaman şöhrətpərəstsənmış, buynuzun içindəymiş... - deyə Heybət nazik dodaqlarını bir-birinə bərk qısaraq başını buladı. 

Bu anda Pirvəlinin üzünə baxmaq və heç olmasa bircə dəqiqə ondan göz çəkməmək hər oğulun hünəri deyildi. Onun sir-sifəti, iynədən də bərk sancan gözləri od tutub yanırdı, hətta iri əlləri də xəfif titrəyirdi, mənə elə gəlirdi ki, o ordenlə təltif olunmamağından və şərəfli ada layiq görülmə- məyindən daha artıq Heybətin axırıncı sözlərindən incimişdi. Yox, onun şöhrətpərəstliyi haqqında deyilən sözlər, ədalətdən çox-çox uzaq idi və mən açıq-aydın hiss eləyirdim ki, usta Pirvəlini bu dəqiqə haqsız ittihamdan qorumasaydım, mən özüm də ədalətsiz iş görmüş olacaqdım.

- Yox, ay usta, - deyə mən söhbətə qarışdım və əlimi Heybətin çiyninə qoydum. Siz haqsızsınız. Tamamilə haqsızsınız. Dünən usta Pirvəli gözəl bir söz dedi: “Mən qarnım üçün yox, qədrim üçünəm”. Mən inanıram ki, bu doğrudan da belədir.

Görünür, mənim bu cür müdafiəm də usta Pirvəlini razı salmadı. O, sönmüş papirosunu qabağındakı külqabına basıb, nə isə birdən kövrələrək, daha doğrusu, qəhərlənərək dedi:

- Yox, oğul, mən qədrim üçün deyiləm. Onu deyirəm ki, məndən cavan fəhlə yoldaşlarım var, şagirdlərim var. Onlar mənə baxanda, işdən soyuya bilərlər, belə fikir eləyərlər ki, bütün ömrünü camaat yolunda qurban verən bu kaftarın qədrini nə bildilər ki, bizim də yaxşı işimizə nə qiymət qoysunlar. İndi başa düşdün, bu qoca vaxtımda mən niyə xərifləmişəm?.. - Usta Pirvəli armudu stəkanlara çay tökdü. - Əşi, bu qan qaraldan söhbətləri buraxın, getsin...

Uzun və yorucu sükut zamanı aşağıdan dəniz ləpələrinin şırıltısı eşidildi.

- Doğrudan da xərifləmişəm, - deyə usta Pirvəli yenə əyildi və çantasından qənd qutusunu çıxardıb ortaya qoydu. - Buyurun, için. Hava soyuqdur, canınız qızsın...

Usta Heybət məyus-məyus dilləndi:

- Mən bura sənnən dalaşmağa gəlməmişdim. Yarış müqaviləsi bağ-lamaq istəyirdim.

Pirvəli stəkanını ovcunun arasına aldı, ağzına yaxınlaşdırdı:

- Yox, bağlamayacağam, - deyib, bir qurtum çay içdi. Mən təəccüblə soruşdum:

- Niyə ki, usta?

- Çünki mən ondan çox irəlidəyəm. Mən - yəni briqadam. Müqavilə bağlamaq üçün elə bir tayımız da yoxdur. Ancaq biz yarışmağına yarışırıq.

- Gəl indi bu tapmacanı tap... - deyə Heybət, yəqin ki, qeyri-ixtiyari stəkanı özündən araladı.

- Sən buna tapmaca deyirsən, ancaq mən demirəm. 

Doğrusu, usta Pirvəlinin sözləri mənə də tapmaca kimi görünürdü. Deyəsən, o, baxışlarındakı sualı oxuyub, bu dəfə çox mülayim halda Heybətə üz tütdü:

- Get, briqadanı yığ. Hamını başa sal ki, Pirvəli heç kəslə də müqavilə bağlamaq fikrində deyil... - O yenə bir qurtum çay içib, mənə müraciət elədi. - Bilirsən niyə, yoldaş rəis? Ona görə ki, mənim müqaviləm yetmişinci ilnəndir... Hayıf ki, texnikamız mən deyən kimi işləmir, yoxsa lap səksəninci ilnən yarışaram... - Bayaqkı ağır söhbəti tamam unutmuş kimi qəribə və səmimi bir təbəssümlə usta Heybəti dürtmələdi. - İndi başa düşdün ya yox, ay adlı-sanlı qəhrəman?

Usta Heybət birdən ayağa qalxdı:

- Belə görünür ki, məndən çox yanıqlısanmış, - dedi. Az qala qanımı içməyə hazırsanmış.

Bu sözləri deyə-deyə qapıya yaxınlaşanda, usta Pirvəli, yenə qaşqabağını töküb, çox dəyişmiş, bir qədər tutqunlaşmış səsi ilə onu çağırdı:

- Ay Heybət, başqasına mən bu sözləri deməzdim. Bir rəisimizə, bir də sənə deyirəm, daha bundan sonra bir daş altda, bir daş üstə... Gəl çayını iç. Getmə. Qayığın balacadır, tufan qalxar, bir xata çıxardar...

O, geriyə baxmadan:

- Nə olar, olar... Hələlik!.. - deyib qapının ardında görünməz oldu. Usta Pirvəli isə gözlərini yerdən qaldırmır, iştahı küsmüş kimi çayını könülsüz içir, təkdənbir bumunu çəkir, deyirdi:

- Sən də deynən, nahaq gedir. Mən bilirəm, bu dəniz neçə qudur-ğandır...

III

Biz mədəni budkadan çıxanda, soyuq xəzri hər an şiddətlənir, dalğalar köpüklənməyə başlayırdı. Usta Heybətin qayığı isə buruqdan xeyli aralanmışdı. Pirvəli papağının qulaqlarını aşağı saldı, sırıqlı pencəyinin düymələrini bağlaya-bağlaya, qayığın dalınca baxdı:

- Lap nahaq getdi, - dedi. - Biz sahildən o qədər uzaqda deyilik. Amma yenə də tufan olanda burda qalmağa ehtiyat eləyirik, gör indi onun buruğunda nə qiyamət qopacaq. Ağlı olsa, gedib çatan kimi camaatını yığıb geri qayıdar.

- Nə bilmək olar, usta, - dedim. - Bir də görürsən külək xırp kəsdi, tez qayıtdığına da peşman oldun...

Usta Pirvəli başını buladı, deyəsən, ürəyinə nə isə dammışdı. Buruğa tərəf gedə-gedə, gözlərini üfüqdə qaralan qayıqdan ayırmırdı.

Doğrudan da on dəqiqə belə keçməmiş xəzri tamam çılğınlaşdı. Sahildən cəmi-cümlətanı bircə kilometr uzaqda, yəni usta Pirvəlinin buruğunda işi dayandırmalı oldular. Uzaqdan bəriyə doğru şütüyəndə dağ kimi ucalan dalğalar buruğu kökündən qoparmaq dərəcəsinə gəlirdisə, deməli, 109-cu quyunun vəziyyətini yalnız təhlükəli saymaq azdı. Böyrümüzdən keçib sahilə tərəf üz qoyan digər qayıqların dalğaları necə çətin yararaq irəlilədiyini və az qala suyun tərkinə düşüb gözdən itdiyini görəndə bunu daha aydın başa düşürdüm.

Artıq mən də həyəcan içində idim. Dəniz buruqlarından fəhlələri sahilə daşıyan qayıqlara baxdıqca, usta Heybətin taleyini daha çox düşünürdüm. Adətən, beş baldan artıq külək əsəndə mexanizmləri dayandırmalı, fəhlələri dərhal sahilə daşımalı idilər. Keçən il baş vermiş təbii fəlakətdən sonra bu barədə xüsusi bir əmr də verilmişdi.

Mən usta Pirvəlidən ayrılıb, geriyə döndüm, mədəni budkaya getdim, 167 radist ilə usta Heybətin buruğunu tutub radioqram verdim: “Adamları bu dəqiqə sahilə çıxardın!”

Lakin yenə də ürəyim sakit olmadı. Budkadan usta Pirvəlinin yanına gələnəcən, iki yerdə külək az qala məni vurub dənizə salmışdı. Ağac məhəccərdən ikiəlli yapışmasaydım, kos kimi suya düşməyim labüd idi.

Qoca usta işi dayandırmışdı. Tez-tez uzaqlara baxır, dodağının altında, pıçıltı ilə, bəlkə də, ixtiyarsız olaraq “nahaq getdi, lap nahaq” deyib, astadan köksünü ötürürdü. O, birdən həyəcanını biruzə verdi:

- Camal, oğul, - deyib mənə üz tutdu. - Mənim məsləhətimə qulaq as, əmr elə, qoy onun dalınca “Bakı fəhləsi” katerini yollasınlar.

Onun fikrini başa düşmək çətin deyildi. Demək istəyirdi ki, indi xırda- xuruş qayıqlara buruğa yan almaq olmaz. Fəhlələr ölüm-zülüm bu qayıqlara minə bilsələr də, sağ-salamat üzüb sahilə çıxa bilməzlər.

- Düz buyurursan, usta, - dedim. - Tez olun, yığışın, gedək, təcili tədbir görək.

Hamımız qayığa doluşduq və kapitanı tələsdirib, sahilə yola düşdük.

Biz hələ mənzilə çatmamış, körpüdən yüz əlli, iki yüz metr bəridə “Bakı fəhləsi” ilə qarşılaşdıq. Görünür, qazma idarəsinin işçiləri bizdən cəld tərpənib, uzaqdakı buruqlara təcili kömək yollamışdılar...

Bu dəmdə mən istər-istəməz usta Pirvəliyə baxdım. Onun qaşqabağı daha yerlə getmirdi. Hətta arabir gülümsəyirdi.

- “Bakı fəhləsi” gedəndən sonra daha qorxusu yoxdur... Xəzərin öhdəsindən bircə o gəlir!.. 

IV

Usta Pirvəlinin də, mənim də sevincim yersizmiş. Dəniz son iyirmi beş ildə görünməmiş bir fəlakət törədib, açıq dənizdəki buruqlardan bir neçəsini, o cümlədən də usta Heybətin 109 nömrəli kəşfiyyat buruğunu uçurmuşdu. Hava xidməti idarəmizdən alınan məlumatda deyilirdi ki, külək on üç bala çatır, “Bakı fəhləsi”ndən göndərilmiş radioqram daha dəhşətli idi: Usta Heybətin briqadasından iki nəfər ölümcül yaralanmış, özü isə həlak olmuşdu...

Bu xəbər tək məni yox, bütün qəsəbəni, çox keçməmiş bütün Bakını sarsıtdı.

Ustanın cənazəsini, yaralıları və o biri fəhlələri gətirən “Bakı fəhləsi” körpüyə yaxınlaşanda mən də sahildə idim. Dəniz qırağında iynə salmağa yer yox idi. Heybətli səslə uğuldayan Xəzərdə sanki yerlə göy birləşirdi, amma qəsəbə sakinləri ardı-arası kəsilməyən bir izdiham kimi sahilə axışırdılar. Qazma idarəsinin əməkdaşları, rayon rəhbərləri, evlər yıxan küləyə sinə gərərək gözlərini yavaş-yavaş körpüyə yan alan gəmiyə zilləmişdilər.

Bu səhnəyə ürək ağrısı duymadan tamaşa eləmək çətindi. Elə bil hamının qəddi bükülmüşdü. Ancaq hələ də çoxları usta Heybətin ölüm xəbərinə inana bilmirdilər. Əllərində xərək, bir-birinin ardınca gəmiyə ad-layan sanitarlar, əvvəlcə yaralıları, sonra, lap axırda üz-gözündə qan laxtalanmış və gözlərini əbədi yummuş usta Heybəti gətirməsəydilər, yəqin ki, sahildəki izdiham, qocanın ölüm xəbərini adi bir şayiə sayacaqdı.

- Ə, bir yol verin!.. - deyə camaatı aralayıb, axırıncı xərəyə doğru yönələn adamı tək mən yox, sağımda, solumda dayanmış o biri yoldaşlar da gördülər. Nəfəs-nəfəsə kütləşmiş yüzlərcə insanı asanlıqla yarıb irəliləyən, burdakıların hamısından iki daban uca, bahadır cüssəli kişini qəsəbə sakinləri usta Heybətdən az tanımırdılar. O, məndən də qabağa keçdi və xərəyin önünü kəsdi:

- Dayanın! - dedi.

Sanitarlar bu əmrdən çıxa bilməzdilər. İrəlidə dayanmış nazik, uzun sanitar, ehtiramla, yalvarış dolu bir nəzərlə onun üzünə baxdı və yalnız özünün eşidə biləcəyi pıçıltı ilə xahiş elədi:

- Pirvəli dayı, yol ver!

Lakin o, yol vermədi. Sanitarlar xərəyi yerə qoymağa məcbur oldular.

Hamının gözü Pirvəliyə zillənmişdi. Nə isə deyəcəyini gözləyirdilər. Lakin usta Pirvəli heç nə demədi, xərəyin yanında diziüstə qapandı, rəqibinin cənazəsini qucaqladı və tük ürpərdən bir səslə hönkürdü.

Bu vaxt bütün izdihamdan şivən qopdu.

Adətdir... pəhləvanlar ağlayanda, bütün el-oba ağlayır.