Elektron ədəbiyyat və sənət portalı

Nümayişi qadağan olunmuş filmlər

Bölmə: Art 26.06.2019

Elə filmlər var ki, bir ölkədə nümayişinə qadağa qoyulsa da, digər ölkədə onu şedevr kimi qəbul ediblər. Çünki qadağalar, əsasən, filmin bədii keyfiyyəti ilə deyil, toxunduğu mövzular – daha çox dini, siyasi, tarixi məqamlarla bağlı olub. Beləliklə, həmin filmlərdən bir neçəsini təqdim edirik:

 

“Böyük diktator” (1940-cı il)

Filmin nümayişi yalnız faşist Almaniyasında deyil, əksər totalitar rejimli ölkələrdə qadağan olunmuşdu.

I Dünya müharibəsində uydurma Tomaniya ordusunda xidmət edən, hətta təyyarəçi Şultsu ölümdən qurtaran əsgər vaxtilə bərbər işləyib. O, döyüşlərdən birində yaralanıb yaddaşını itirir və uzun müddət müalicə alır. Artıq onun ölkəsi müharibəni uduzub və hakimiyyətə bu yəhudi bərbərin sanki əkiz oxşarı olan diktator Adenoid Henkel gəlib.

 

“Kanniballar cəhənnəmi” (1979-cu il)

Filmin nümayişi dünyanın əksər ölkələrində qadağan olunmuşdu.

Ekran əsəri Amazon cəngəlliklərinin dərinliklərində yaşayan kannibalların vəhşiliklərindən bəhs edir. Jurnalist ekspedisiyası adamyeyənlər qəbiləsinin həyat tərzini müşahidə etmək məqsədilə yolunu məhz bu əraziyə salır. Amma könüllülər geri qayıtmırlar və xüsusi təyinatlı dəstə professor Harold Monro ilə birlikdə onların axtarışına yollanır.  Dəstə şaman Yakumonun oğlunu əsir götürərkən onun üzərindən itkin düşmüş jurnalist qızın alışqanı tapılır.

 

“Şindlerin siyahısı” (1993-cü il)

Filmin nümayişi İndoneziyada qadağan olunmuşdu.

Ekran əsəri yəhudi əsirlərin Krakov düşərgəsində başlarına gələn real hadisələrdən bəhs edir. Alman əsilli iş adamı Oskar Şindler bu şəhərə gəlir. O, burada dəmir qab-qacaq istehsalıyla məşğul olmağı planlaşdırır və bu məqsədlə yüksək çinli hərbi qulluqçularla razılaşma əldə edib istehsala başlayır. Əslində isə bu iş adamının ən ali məqsədi yəhudi əsirləri ölümdən xilas etməkdir.

 

“Kriminal qiraət” (1994-cü il)

Filmin nümayişi Malayziyada qadağan olunmuşdu.

Bu ekran əsərində anlar bir-birini əvəz edir, zaman sanki sıçrayışla dəyişir, amma sonda qəribə bir tamlıq, bütövlük əmələ gəlir. Gözəl yumor hissi olan rejissor filmdə hərəkətdən çox, dialoqlara yer verir.

Dostlar cinayət dünyasının avtoriteti Marselasa işləyir. Onlar Marselasa borclu olan adamdan çamadanı almalıdır. Culs daha çox dini mövzularla maraqlanır, Vensant isə bu axşam bossun arvadını harada əyləndirəcəyi barədə düşünür.

 

“İsanın əzabı” (2004-cü il)

Filmin nümayişi Küveyt və Bəhreyndə qadağan olunmuşdu.

Ekran əsəri İsa Məsihin həyatının ona sınaq kimi göndərilmiş son 12 saatından bəhs edir. İuda xəyanət edərək İsanı hamıya məlum olan 30 gümüş pulun müqabilində satır. Nəzarətçilər Tanrı elçisini Ponti Pilatın hüzuruna gətirirlər. Əslində, Pilat bir neçə dəfə əzabkeş İsanın azad olunmasını təklif edir, amma kütlə bu müqəddəs varlığı yalnız və yalnız çarmıxda görmək arzusundadır.