Elektron ədəbiyyat və sənət portalı

Buz heykəl

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 24.06.2019

 

Ənvər Məmmədxanlı

(1913-1990)

Xalq yazıçısı, kinodramaturq. Əməkdar incəsə­nət xadimi. Moskva Ali Kinematoqrafiya İnstitutun­da təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin müdiri vəzifəsində çalışıb. Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. “Burulğan”, “Bakı gecələri”, “Ayna”, “Qərbə atəş”, “Analar və yollar”, “Dirilik çeşməsi”, “And” kitablarının, “Şər­qin səhəri”, “Şirvan gözəli”, “Od içində” pyeslərinin müəllifidir. “Şərqin səhəri” pyesi SSRİ Dövlət mükafatına layiq görülüb. Ssenariləri əsasında “Babək”, “Bəxtiyar”, “Fətəlixan”, “İntizar”, “Leyli və Məcnun”, “Sovqat” adlı bədii və sənədli filmlər çəkilib. A.S.Puşkinin “Kapitan qızı”, L.N.Tolstoyun “Canlı meyit”, E.Zolyanın “Dəyirmanın müha­sirəsi”, M.Qorkinin “Özgə qapılarında” və “Uşaq­lıq” əsərlərini dilimizə çevirib.

 

 

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır,tikan kimi boğazda qalır. Və indi ağappaq bir zülmət içində günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir.

O, gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır. Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük torpağa tərəf gedir.

Qarşıda sahilləri meşəlik böyük bir çay var, cəbhə xətləri o çay yaxasından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.

Və ana tələsir, hava işıqlanmamış o özünü cəbhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına - azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istisi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.

Ana nəfəsini dərmədən gedir, yıxılır, qar içində batıb qalır, çırpınır, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.

Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılınc kimi kəsir və anaya elə gəlir ki, bu qılınc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacalanmış gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.

Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır, ana o ağaclara doğru gedir, qucağındakı körpəsi ilə o ağaclara söykənib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyəsə istinad etmək üçün bu sonsuz qarlı çöllərdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur...

Şaxta isə buzlu bir alov kimi ananın üz-gözünü qarsır və ana ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir - körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sinəsi üstünə buz bağlamış bir dünyanın ağırlığı çökəcək...

Lakin ana ürəyində ağlayan qorxuya üsyan eləyir - qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə də ana ürəyinin hərarəti sönməyəcək və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!

Və ana kəskin bir hərəkətlə əynindən yun jaketini çıxardır və bərk- bərk körpəsini büküb bürgələyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca iliklərinə işləyən soyuqdan vücudu tir-tir əsib titrədikcə anaya yenə elə gəlir ki, bu donan, bu titrəyən körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini büküb- bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.

İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa gümanı yoxdur və istinadı yalnız budur ki, söykəndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əlilə əynindən nəsə qopardır və bir əlilə əynindən nə qopardırsa hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtür - qorxma tifilim, qorxma, ufacığım, son nəfəsimin istisi də sənindir.

Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür ana şaxtanın buz zəncirilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır. Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur...

***

Ovxarlanmış bir qılınc tiyəsi kimi kəskin işığı ilə göz qamaşdıran şaxtalı bir səhər açılmışdır.

Və iki ağ sütun kimi göyə ucalan qoşa ağcaqayın ağacları qarşısında çiyinləri ağxalatlı üç nəfər dayanmışdır.

Onlar gecə kəşfiyyatından qayıdan üç nəfər gənc döyüşçüdür, indi hər üçü başlarını açıb yerlərindən qımıldanmadan, gördükləri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıqları bu mənzərəni unutmayacaqlar...

Bu, donmuş gənc bir qadının buzdan tökülmüş buz heykəlidir.