Bir cüt qağayıya dönsə əllərim
Bir cüt qağayıya dönsə əllərim
uça bilsə sənə tərəf indi
elə indi...
Ya da ay olsam gecələr
yaşasam gözlərinin quyusunda
heyif ki,
dərinlər yaşamaqçün deyil, sevgili,
dərinlər boğulmaq üçündü.
Tanımadığın ünvanı göstərən
tanımadığın insan qədər güvən mənə
demirəm ki, gözlə, işıq var qaranlıqların ardında
gedək, deyirəm, sevgili
gedək
baxaq nə var orda...
***
Müharibədə ata-anasını itirmiş uşaqlar
Günəşə baxıb gülümsəyəcəklər bir gün
...bütün mərmilərə inad...
Əri çıxıb getmiş o qadın da
yığacaq gözünü yollardan
gətirib güzgülərdəki boşluqlara atacaq...
Bilirəm, çıxacaq divardakı bu fotodan darıxqan qağayılar haçansa
dənizə tərəf uçacaqlar...
Onda evim olacaq mənimdə
və
mətbəxdən başlayacam unutmağa səni
ən əvvəl yağı unudacam ocaqda
sonra dəmi...
bu otağa niyə gəlməyimi...
...ya da çörək almamış qalxacam evə ...
Nə qədər ki, atamı ayaq səslərindən,
anamı nəfəsindən tanıyıram - hələ vaxt var
incit məni bir az daha
noolar, bircə tez unudulma....
* * *
Unutmağa çalışdığımı necə başa salım sənə?!
bax kənddə - babamgildə
həyatla ölüm arasında bircə mərtəbə fərq var -
evin ikinci mərtəbəsi...
erməni snayperindən yayınmaq üçün
pilləkənləri qaça-qaça qalxırlar
orda yaşamırlar - gülləylə yarışırlar
mən də şəhərdə belə keçirəm küçələrdən
xatirələrdən yayınım deyə...
* * *
...əvvəl səsini
sonra gözlərini
sonra da dodaqlarını kəsib atıram yaddaşımdan
unutmaq - adam şaqqalamaq kimidi...