Qılman İlkin
(1914-2009)
Xalq yazıçısı, kinodramaturq. Əməkdar incəsənət xadimi, M.F.Axundov mükafatı laureatı. “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub. Azərbaycan Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib. Bir müddət Bakı Dövlət Universitetində baş müəllim, daha sonra “Azərbaycan” jurnalının baş redaktoru (1963-1966), daha sonra “Azərnəşr”in direktoru (1966-1971) vəzifələrində çalışıb. “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri” kimi onlarla nəsr kitabının, povest və romanların müəllifidir. Ssenariləri əsasında “Kölgələr sürünür”, “Yenilməz batalyon” və “General” bədii filmləri çəkilib. L.N.Tolstoyun “Kazaklar” povestini, A.P.Çexovun hekayələrini dilimizə çevirib.
İntiqam
Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərəyaxın kəsildi. Xəzəngül elə bil birdən-birə gurultulu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. Qulaqları səs saldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nədir? Hamı qaçıbmı? - fikirləşdi, – tək-tənhamı qalmışıq bu cəhənnəmdə? Yəni camaatın içərisində bir nəfər də tapılmadı ki, məni yada salsın? Yox, bu ola bilməz. Kim bilməsə də, Xeyransa ilə əri gözəl bilirlər ki, mən tərpənə bilmirəm. Yoxsa ermənilər başlarının üstünü elə alıblar ki, hərəsi ağzını bir səmtə tutub, qaçıb? Əlləri heç yerə çatmayıb?” Xəzəngül bunları fikirləşəndə qonşularını o qədər də qınamırdı. Bilir ki, hərəsinin bir çətən uşağı var. Bu mərəkədə hamı öz başının hayında olub.
Boylanıb şüşələri qırıq-qırıq olmuş pəncərədən eşiyə baxmaq istədi. Lakin hələ də qan sızan ayağının yarası elə sızıldadı ki, yerindən tərpənə bilmədi. Başında da bərk ağrı başlamışdı. Çünki bütün gecəni bir dəqiqə belə çimir vurmamışdı. Top mərmiləri evlərinin lap böyründə partlayırdı. Dəqiqəbədəqiqə gözləmişdi ki, onlardan biri də indicə damlarına düşəcək və onu körpəsi ilə birlikdə göyə sovuracaqlar. Zavallı körpə də sübhədək kiriməmişdi.
Üç gün qabaq həyətlərinin ortasında partlamış top mərmisindən yaralanmış ayağının sızıltısı ilə ara-bara vermişdi. Baldırının sallana qalmış ətini yerinə yapışdırıb, üstündən bərk-bərk sarısa da ağrısı kəsmirdi. Qanı hələ də sızırdı. Bu zaman burnuna hardansa yanğın iyi gəldi. Canını dişinə tutaraq, yenə pəncərəyə tərəf boylandı. Dağların başı tüstüdən görünmürdü. Aşağılarda qoşa çinar tərəfdəki bütün evlər alov içində idi. Uçuq daş-divardan qalxan toz-torpaq buludları yanğının tüstülərinə qarışaraq, burula-burula onlara tərəf yayılırdı. Birdən eşiktərəfdən hənirti eşidildi. Səslər getdikcə gücləndi. Xəzəngül yaxınlıqda erməni danışıqlarını aydın ayırd eləyə bildi. Bundan dəhşətə gəldi: “Aman Allah, ermənilər kəndə giriblər”. Bədənini titrəmə bürüdü. Yarpaq kimi əsən əlləri ilə körpəsini beşikdən qaldırıb sinəsinə basdı. Buz kimi soyuq yanaqları ilə süzülən göz yaşları anasını əmməyə başlamış körpənin də sifətini islatdı. Xəzəngülün ürəyi sanki sinəsindən qopub, boğazında çırpınırdı.
Birdən qapıya vurulan təpik onu daha da sarsıtdı. Qapının cəftəsi yerindən qopub düşdü. İki nəfər yekəpər saqqallı erməni içəri soxuldu. Bir
anlığa astanada durub otağa göz gəzdirdilər. Sonra əllərindəki avtomatları düz Xəzəngülə tərəf tuşladılar. Uzandığı yerdə sanki daşa dönmüş Xəzəngülün gözləri bərələ qalmışdı. Qorxudan kirpik də çala bilmədi. yoldaşından xeyli cavan görünən o biri erməninin belindən dəstəyi ceyran ayağından olan bıçaq da asılmışdı. O yoldaşını dümsüklədi:
- Sarkis dayı, bunu, deyəsən, bizə qənimət qoyub gediblər axı. Bunu deyərək, Xəzəngülün yatağına yaxınlaşdı. Bir həmlə ilə əlini uzadıb yorğanı onun üstündən çəkdi. Xəzəngülün sarıqlı ayağını görüb istehza ilə gülümsədi:
- Belə de. Demək, buna görə qaçmamısan.
O, Xəzəngülün açıqda qalmış dizlərini ehtiraslı gözləriylə süzəndə Xəzəngül güc-bəla əyilib, yorğanı sinəsinədək yuxarı çəkdi. Erməninin saqqallı sifətində yenə iyrənc bir istehza duyuldu:
- Ay yazıq, niyə gizlədirsən? Onsuz da bir matah deyilsən. Dişə dəyən olsaydın, çoxdan qaçıb getmişdin.
Sonra avtomatlarını çiyinlərindən çıxarıb, otağın künc-bucağını axtarmağa başladılar. Hər yeri eşib tökdülər. Yoldaşının “Sarik” çağırdığı yaşlı erməni dedi:
- Levon, sən bunların dilini yaxşı bilirsən. Soruş ki, qızıl və bəzək şeylərini harada gizlədib.
Cavan oğlan yenə Xəzəngülə yaxınlaşıb amiranə bir tərzdə soruşdu:
- Axçi, de görüm, qızıllarınızı harada gizlətmisən?
Gözləri hələ də bərələ qalmış Xəzəngüldən səs çıxmadı. Dinə bilmirdi. Sözlər elə bil boğazında ilişib qalmışdı.
- Hə, dinsənə, cavab ver.
Xəzəngül, nəhayət, səsi boğazından tıxana-tıxana dedi:
- Bizim qızılımız yoxdur.
- Yalan deyirsən. Qızılların yerini de. Görürəm, sırqalarını da çıxarıb gizlətmisən.
- Bizim qızılımız yoxdur, - Xəzəngül yenə təkrar etdi, inanmırsan axtar bax.
Yoldaşı soruşdu:
- Hə, nə deyir?
- Deyir ki, qızılımız yoxdur.
- Zərər yoxdur. Özümüz axtarıb taparıq. Müsəlman ola, qızılı olmaya. Gəl bəri, özümüz taparıq.
Levon Xəzəngüldən uzaqlaşanda onu hədələdi:
- Heç eybi yoxdur. Bunun əvəzində gör sənin başına nə oyun açacağam.
Onlar yenə də otağı eşələməyə başladılar. Bütün boğça-bağlamalar açılıb, evin içərisinə səpələndi. Əllərinə qiymətli bir şey keçməyəndə burunlarının altında ev sahibinin ünvanına söyüş yağdırdılar. Quldurların hündürdən danışmalarından körpə ağlamağa başladı. Anası onu hər vasitə ilə sakitləşdirməyə çalışırdı. Ermənilər otaqda bir şey tapmadıqda aynəbəndə çıxdılar. Bir azdan orada sındırılan qab-qacaq səsindən körpə daha da vahimələnib, səsini ucaltdı. Oradan cavan erməninin səsi eşidildi:
- Axçi. Ay it qızı, onun səsini kəsə bilmirsən?! Bacarmırsansa, bu saat gəlib bir güllə ilə susduraram.
Bu sözlərdən bütün otaq Xəzəngülün başına hərləndi. Ona elə gəldi ki, quldur indicə içəri keçərək, balasını qanına qəltan edəcəkdir. Əlləri əsə-əsə körpəsinin ağzını yumdu. Balası isə nəfəsi darıxdığından ayaqlarını çırparaq, ağlamağında davam edirdi. Çarəsi kəsilən ana təzədən döşünü onun ağzına saldı. Körpə axır ki, içini çəkə-çəkə anasını əmməyə başladı.
Bayırdakı yanğının isti nəfəsi içəri dolub, onların nəfəsini tıxayırdı. Görünürdü ki, yanğın onlara lap yaxınlaşıb. Xəzəngül başa düşdü ki, yanan onlarla qapıbir qonşu olan Səfər kişinin ikimərtəbəli mülküdür. “Görünür ki, - fikirləşdi, – bizi də evqarışıq yandırmaq niyyətindədirlər”. Ancaq bununla belə təskinlik verirdi ki, ermənilər tez evdən çıxıb getsələr, birtəhər sürünüb, körpəsi ilə birlikdə eşiyə çıxa bilər. Quldurlar aynabəndi axtarandan sonra təkrar otağa qayıtdılar. Otağı yenə ələk-vələk elədilər. Bir yer qalmadı ki, burunlarını soxmamış olsunlar. Birdən gözləri üstünə köhnə palaz parçası salınmış oturacağa sataşdı. Bu, əslində köhnə bir sandıqdı. Əri Cahangir Gədəbəyə getməmişdən qabaq ondan oturacaq kimi istifadə edirdi. Belə baxanda heç kəs deməzdi ki, köhnə palaz parçasının altında kətil deyil, sandıqdır. Xəzəngül bütün pal-paltarını onun içində saxlayırdı. Orada elə bir paltar vardı ki, heç qatı açılmamışdı. Bir dəfə də olsun, əyninə geyməmişdi. Yaşlı erməni oturacaqdan şübhələnib, yaxınlaşdı. Köhnə palaz parçasını çəkib yerə saldı. Onun altındakı sandığı görüb, sevincək qapağını qaldırdı. Sandığın içindəkiləri görəndə gözləri bərələ qaldı.
- Levon, buraya gəl! Xəzinə tapmışam.
Sandıqdakı pal-paltarı bir-bir çıxarıb, otağın içərisinə səpələdilər. Cavan erməni üzünü Xəzəngülə tərəf keçirib dedi:
- Ay it qızı, belə pal-paltarı olanın qızılı olmaz?! Sənin dərini soyacağam qızılların yerini deməsən. Heyif qızlığın əlimə keçməyib, başına bir oyun açardım ki, gözlərin kəllənə çıxardı. İndi isə elə kifirsən ki, heç üzünə tüpürmək istəmirəm.
Yaşlı erməni dinmədən tələsik yerə sərilmiş pal-paltarı, Xəzəngülün qəddi açılmamış donlarını, koftalarını, baş yaylıqlarını kisəyə doldurdu.
Bayırda maşın səsi eşidilən kimi kisəni dalına alıb çıxdı. Cavan erməni isə hələ də axtarırdı. Avtomatının qundağı ilə divarları, döşəmənin taxtalarını döyəcləyir, hər yerdə qızıl axtarırdı.
Sonra yaxınlaşıb Xəzəngülün başı üstündə ağac kimi bitdi. Ehtiraslı gözlərini onun sinəsinə zilləyib, beləcə durdu. Xəzəngül yorğanını bir az da yuxarı çəkib, sinəsini örtdü.
- Aç sinəni. Matah şeyin var ki, bir gizlədirsən də.
O, əlini atıb, yorğanı güclə onun sinəsində aşağı çəkdi. Sonra yanındakı körpəni qaldırıb, onun ayaqları altına atdı.
Xəzəngüldən acı bir fəryad qopdu. Bayırdakı erməni həyəcanla içəri girdi:
- Levon, nə eləyirsən? - soruşdu.
- Heç. Sən işində ol. Mən onun dilini açacağam.
Yaşlı erməni yerdə qalan süfrə və dəsmalları və Xəzəngülün heç geymədiyi iki cüt ayaqqabını və başqa xırım-xırda şeyləri də kisəyə doldurub çıxdı. Xəzəngülün ayaqları altına atılmış körpə az qala özünü yırtırdı. Ana əyilib onu qaldırmağa cəhd etsə də, bacarmadı. Levon əmr etdi ki, tərpənməsin. Birdən nə fikirləşdisə, əlini atıb Xəzəngülün əynindəki köynəyi iki yerə parçaladı. Qadının açıq döşləri aşkara qaldı. Xəzəngül qollarını sinəsində çarpazlayıb, döşlərini örtdü.
- Qızılların yerini deyəcəksən, ya yox?
- Dedim ki, bizim qızılımız yoxdur.
- Yalan deyirsən!
- Allah haqqı, düz sözümdür.
- Sizin Allahınızı da... indi deyərsən.
O, kəmərə bağladığı bıçağını çıxarıb yorğanın üstünə atdı.
- Al, öldür körpəni öz əlinlə. Ya qızılların yerini deyəcəksən, ya onu öz əlinlə öldürməlisən. Boğazını üzməlisən.
Xəzəngül qulaqlarına inanmadı. Ayaqları altında ağlamaqdan səsi xırıldayan körpəni görməsəydi, ona elə gələrdi ki, yuxu görür. Yox, yox. İnsan övladı bu sözləri dilinə gətirə bilməz. Bu, ancaq heyvan bağırtısıdır. O, cəhənnəmdə idi. Ona əmr eyləyənsə Əzrayıl idi. Aman Allah, kaş onun özünü öldürəydi. Körpəsinin qətlini gözləri ilə görməyəydi. Kin, qəzəblə dolu quldur gözləri ilə, mərhəmət gözləyən kövrək yalvarışlarla cilvələnən ana gözləri bir-birinə zillənmişdi. Biri qana hərisdi, o birisi isə məsum bir körpənin keşiyində durmuşdu. Kim kimi yeyəcəkdi?
Araya çökən sükut erməninin səbrini tükəndirdi. Əlini uzadıb, Xəzəngülün döşlərini örtmək üçün sinəsində çarpazladığı qollarını araladı.
- Deyəcəksən, ya yox?”
Xəzəngül var gücü ilə çırpınıb, erməninin əlindən xilas oldu və ağzını doldurub, onun üzünə tüpürdü.
- Alçaq! - dedi.
Erməni tövrünü pozmadan üzünü sildi.
- Gördün ki, mən sənin hərəkətini necə qəbul eylədim. İndi görək sən də mənim hərəkətim qarşısında belə sakit dura biləcəksən. Götür bıçağı.
Xəzəngül onun niyyətini qabaqcadan başa düşdü. Körpəsini öz əlilə ona öldürtmək istəyirdi. Buna görə ona yalvarmadı, qürurunu pozmadı. Bıçağı əlinə alıb, öz hökmünü verdi.
- Körpəni ver mənə. Mən əyilə bilmirəm.
Erməni onun belə qətiyyətinə məəttəl qaldı. Qaşlarını çatıb, diqqətlə ona baxdı.
- Niyə durmusan? Uşağı mənə ver. İndi görərsən ki, mən səndən də sakit duracağam. Onu necə sakit doğmuşamsa, eləcə də sakit öldürəcəyəm.
Levon uşağı götürmək üçün Xəzəngülün ayaqlarına tərəf dartınarkən, Xəzəngülün qarşısında qəribə bir mənzərə açıldı: erməninin kürəyi Xəzəngülün gözlərində ani olaraq elə böyüyüb açıldı ki, sanki geniş bir meydandır. Ürəyində Allahı köməyə səslədi və bir anı belə itirmədən bıçağı elə bil hardansa qüvvə almış əli elə düşmənin kürəyinə elə sancdı ki, erməni heyvan kimi bağırıb, üzüüstə düşdü. Sonra bıçağı kürəyindən çıxarmağa çox cəhd etdisə də, bacarmadı. Kürəyindən qan fəvvarə vururdu. Axırda üzüüstə Xəzəngülün yorğanı üstə düşüb hərəkətsiz qaldı. Bıçaq düz ürəyinə sancılmışdı. Xəzəngül donub qalmışdı. İnana bilmirdi ki, bu işi o tutmuşdur. Belə bir gücü o hardan ala bildi? Bir azdan yaşlı erməni yüyürə-yüyürə içəri girdi.
- Levon, nə olub? - soruşdu.
Levonun kürəyinə sancılmış bıçaqla üzüüstə düşdüyünü görüb, bir anlığa özünü itirdi. Yoldaşına kömək eyləyib, kürəyinə sancılmış bıçağı çıxarmaq əvəzinə bayıra yüyürdü. Xəzəngül isə daş heykəl kimi donub qalmışdı, nə bir şey duyur, nə də bir şey eşidirdi. Ağlamaqda davam edən körpəsinin səsinə də sanki biganə kəsilmişdi. Ancaq onu hiss etdi ki, əlində avtomat içəri girən qoca onu nişan alıb atəş açdı. Bundan sonra araya sükut çökdü. Yaşlı erməni Livonun yanına yüyürdü. Xəncəri onun kürəyindən çıxartdı. Bütün üst-başı qana bulaşdı. Sonra Levonu nə qədər çağırdısa, ondan cavab çıxmadı. Ayağa qalxıb papağını çıxardı və xaç vurdu. Bir an keçmədi ki, ikinci bir güllə də açıldı. Lakin bu güllənin səsini Xəzəngül daha eşitmədi.