Elektron ədəbiyyat və sənət portalı

Bir salxım üzüm

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 01.07.2019

 

Süleyman Vəliyev

(1916-1996)

Yazıçı, tərcüməçi. Əməkdar incəsənət xadimi. “Xalqlar Dostluğu” ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub. Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. Ədəbi yaradıcılığa 1932-ci ildə qələmə aldığı “Əmanət kassası” adlı hekayə ilə başlayıb. Bir çox hekayə və povestlərin, “Bığlı ağa”, “Şor cüllütü”, “Səadətyollarında”, “Əncir ağacı”, “Məhəbbət buzu əridir”, “Gül dəstəsi”, “Həyatın dadı”, “Bir səhəng su” adlı nəsr kitablarının, o cümlədən “Mübahisəli şəhər”, “Düyünlər”, “Qanadı sınmış quş da uçarmış”, “Daşlı bulaq” romanlarının müəllifidir. Ssenariləri əsasında “Qara gölün cəngavərləri”, “İlk müjdələr”, “Məhəmməd Füzuli”, “Bizim mayaklar”, “Neft Akademiyası” adlı bədii və sənədli filmlər çəkilib. A.Qaydarın, S.Marşakın, M.Q.Mixaylovskinin, V.Vasilevskayanın əsərlərini dilimizə çevirib.

Bir salxım üzüm

 

Əlcəzairdə nəşr edilən bir qəzetin mühərriri, Anri Rava ilə görüşdükdən sonra dedi: – Dünən sizin “Ana” hekayənizi bir daha maraqla oxudum və öz-özümə dedim:

“Heç rəvadırmı, belə gözəl qələm sahibi olan bir ədib sussun?” Mən bir xeyirxahınız kimi məsləhət görürəm ki, yenə yazıb yaradasınız. Ancaq bilirəm, əvvəlki kimi etiraz edib deyəcəksiniz ki, siyasətlə yoxam. Elədirmi? –Doğru deyirsiniz, hekayələrim sizin qəzetin ruhuna uyğun gəlmir. Mühərrir Anrinin solğun sifətinə, qara və kədərli gözlərinə baxıb ah çəkdi:

- Əzizim, sizin istedadınız başqasında olsaydı...

- Hörmətli mühərrir, onu bilin ki...

Mühərrir Anrinin nə deyəcəyini hiss edib, sözünü kəsdi:

- Səmimiliyinizə inanıram və buna görə də sizə düzünü demək istəyirəm. Qəzetimizin tirajı xeyli aşağı düşüb. Bizə kömək edin. İstəyirsiniz siyasətdən bir kəlmə də yazmayın.

Anri gülümsədi:

- Bu mümkündürmü?

- Əlbəttə. Təbiəti, kənd həyatını təsvir edin. Siz bu barədə heç yazmamısınız. Bax, bu da çıxış yolu.

Anri bir qədər sükutdan sonra dedi:

- Fikirləşərəm.

- Mən bir tövsiyə də edə bilərəm. Filippvilyanın Zümürrüdün kəndinə gedin. Ora “Kəndlər gözəlidir”. Belə təmtəraqlı sərlövhələr oxucuları cəlb edir.

Anrinin sifətində istehzalı bir təbəssüm göründü. O, mühərrirə nə isə demək istədi, ancaq yenə susdu.

- Həmin kənddə yaşayan bağ sahibi Edqar Pino mənimlə tanışdır. Ona “Üzüm kralı” deyirlər. Çox ağıllı və yaxşı adamdır. Kəndin həyatı ilə sizi tanış edər.

Anri Rava Zümürrüdün kəndinə gedib yazmaq üçün söz verdikdə mühərrir şən səslə dedi:

- Mən ona məktub da yazaram, hər işə əncam çəkərəm.

Elə ilk baxışdan Zümürrüdün kəndi Anrini valeh etdi. Bura Filippvilyanın ən səfalı yerlərindən biri idi. Yaşıl bağlarla əhatə olunmuşdu. Elə meyvə yox idi ki, bu kənddə tapılmasın. Deyirdilər elə bir quş olmazdı ki, buraya uçub gəlməsin.

Anri nəfəs aldıqca özünü yüngül hiss edirdi. O istəyirdi ki, təbiətin bu gözəl guşəsində insanlar da xoşbəxt olsun. Ancaq o, burada bir ərəbin belə üzündə təbəssüm görmürdü. Yalnız bircə şeylə - kəndlilərlə görüşüb onların həyatı ilə tanış ola biləcəyi ilə təsəlli tapırdı.

O, qarayanız, xoşsifət bir adam idi. Ərəb dilində elə sərbəst danışırdı ki, heç kəs onun fransız olduğunu zənn etməzdi.

Anrini bağ sahibi Edqar Pino qarşıladı. Bu, altmış yaşlarında, sağlam, ucaboy bir kişi idi. Anri onun yanında cılız və xəstə bir adam kimi görünürdü. Bağ sahibi qonağın nə məqsədlə gəldiyini əvvəlcədən bildiyindən, ona əlindən gələn hörməti edirdi.

- Əgər sizə ləyaqətlə qulluq etməyi bacarsaydıq, özümüzü çox xoşbəxt hesab edərdik.

Edqar, Anrini gözəl otaqlarından birində yerləşdirib, lazımi şərait yaratdıqdan sonra onu var-dövləti ilə tanış etməyə başladı.

Edqarın ixtiyarında olan üzüm bağının ucu-bucağı yox idi. Buranın bol məhsulu Anrini heyran etmişdi. Sıra ilə əkilmiş, talvarları bürümüş iri meynələr, onların arasındakı zanbaq, qərənfil, gül ləkləri bağın gözəlliyini daha da artırırdı.

Edqar söhbətcil adam idi. Özündən danışıb, başına gələn işləri nağıl etdikcə kefi kökəlirdi. O, bir dəfə şirin söhbət zamanı dedi:

- Mənim həyatımdan böyük əsər yazmaq olar. Əgər bunu etsəniz, sizə ömrüm boyu minnətdar olaram.

O, var-dövləti haqqında söhbət açanda üstüörtülü özünün maharətli, tədbirli bir adam olduğunu da bildirirdi. Danışığından elə çıxırdı ki, əgər o, səy göstərməsəydi Zümürrüdün kəndi belə abad və mədəni olmazdı. O, bağın meynələrini Anriyə göstərib deyirdi:

- Xahiş edirəm üzümü özünüz dərib yeyin. Bunun başqa ləzzəti var.

Bir dəfə qonağın nəzərini hasarın yaxınlığında hər tərəfə qol-budaq atmış böyük meynə cəlb etdi. Ona yaxınlaşmaq istərkən Edqar yavaşdan dedi:

- Oraya getməyin, ilan yuvası var.

Anri meynənin altına baxdı, qumdan başqa heç nə görmədi, çiyinlərini çəkib gülümsədi:

- Qəribədir. İlan gör harada yuva salıb.

- Bəs necə, ilan üzümü çox sevir.

- Elədir, üzümü hamı sevir.

Bağ sahibi, qonaqla birlikdə üzüm yeyə-yeyə alaqapıya tərəf getdi. Bu¬rada onlar qoca və arıq bir qadına rast gəldilər. Qarı salam verib baş əydikdən sonra titrək səslə:

- Ağa, oğlumdan bir xəbər öyrənə bilmədinizmi? - deyə soruşdu.

Edqar ona etinasız cavab verdi:

- Bu barədə şəhərdə də danışdım. Ancaq bir şey öyrənə bilmədim. Sonra üzünü Anriyə çevirib əlavə etdi:

- Bu bədbəxt qarının oğlu itmişdir.

- Necə itmişdir?

- Belə şeylər bəzən olur. Bu saat şəhərdə elə...

Anri onun sözünü kəsib üzünü qarıya çevirdi, ürək-dirək verdi:

- Xala, dərd çəkmə, oğlun tapılar.

- Allah ağzından eşitsin. O, mənim yeganə oğlumdur, canım-ciyərimdir.

Qarı bağlamasından bir şəkil çıxarıb Anriyə göstərdi:

- Baxın, oğlumun şəklidir. Bəlkə, sizə rast gəlib?

Anri bu sadəlövh suala cavab vermədi, şəkli alıb diqqətlə baxdı. Oğlanın girdə sifəti, iri, qara gözləri Anrinin xoşuna gəldi: “Gözəldir, kim bilir şəhərdə hansı dövlətli xanımın yanındadır”.

- Xala, oğlun evlidirmi?

- Hələ ki, yox. Ay parçası kimi gözəl nişanlısı var. Eh, onları gözə gətirdilər.

Gözəllik də başa bəla imiş. Kim bilir, bəlkə. – Qarı üzünü təkrar Edqara çevirdi: – Ağa, əgər istəsən oğlumu ancaq sən tapa bilərsən. Doğrudur o, bəzən sənə qulaq asmırdı, üzünə ağ olurdu. Cavandır, bilmir ki, indiki zamanda düzünü demək olmaz. Amma, ağa, sən gərək rəva bilməyəsən ki...

Edqar söhbətin uzandığını görüb qarıya dedi:

- Allah səbir versin.

Bu söz qarını qılınc kimi kəsdi:

- Nə dedin? Allah səbir versin?! Demək oğlum sağ deyil? Yox, sən məndən nə isə gizlədirsən. Gözlərimə düz baxmırsan... Ağa, sənə yalvarıram, mənə düzünü de. Bəlkə, oğlum, dünyadan kamını almayan əziz- xələfim... - Qarı ağlamağa başladı. – Yox, mən bu dərdə tab eləmərəm. Kim oğlumu əlimdən alıbsa, onun görüm evi yer ilə yeksan olsun. Onu görüm...

Edqar üz-gözünü turşutdu:

- Ay arvad, sakit ol. Qarğış eləmə, Allaha xoş getməz.

Qarı əllərini göyə qaldırdı:

- İlahi, onu əlimdən almısansa, məni də öldür! Məni də!..

Qarı birdən susdu, Edqara yavaşdan nə isə deyib tez uzaqlaşdı.

Edqar qonağa baxdı.

- Deyəsən, qarının başına hava gəlib. Yazıq...

- Sizcə, oğlu sağ deyil?

- Nə deyim? Eh, bütün bəlalar içkidən törəyir. Bəlkə, şəhərə kef çəkməyə gedib, orada da onu bir təhər eləyiblər. Kefinizi pozmayın, həyatda hər şey ola bilər. Kim bilir, bəlkə də, partizanların yanına qaçıb. Onun başından belə fikirlər keçirdi. Özü cəhənnəm, qalan ərəbləri də təsiri altına alıb, tətil düzəltmək istəyirdi.

- İndi ərəblər hər yerdən baş qaldırmağa başlayıblar.

- Elədir. Mən öz işçilərimə inanmıram. Onlar indi zahirən sakit görünsələr də, ürəklərindən başqa fikirlər keçir. Onu bilin ki, əgər partizanlar buraya hücum etsələr, hamı onlara qoşulub bizi də o saat dar ağacından asacaqlar. Odur ki, əzizim, onlara yazığınız gəlməsin. Bilirəm, siz yazıçısınız, qəlbiniz həssasdır. Mən sizə öz həyatımdan elə hadisələr nağıl edəcəyəm ki, lap mat qalacaqsınız.

Anri bağ sahibini dinləyirdisə də, fikri qarının yanında idi. Onun ah-naləsi başından çıxmır, şəkildə gördüyü oğlanın iri gözlərini unuda bilmirdi.

- Mən kəndə xoşbəxtlik gətirmişəm, ərəblər isə nankordur. Mən bu təsərrüfatla məşğul olmasaydım, onlar acından ölmüşdülər.

- Qəzet mühərriri sizin haqqınızda yaxşı fikirdədir.

Bu sözlərdən sonra Edqar onunla elə açılışdı ki, hətta özünün bəzi sirrlərini də gizlətmədi.

- Mən vaxtilə xalqıma az xeyir verməmişəm. Şəhərdə baş verən üsyandan, yəqin, xəbərdarsınız. Onun yatırılmasında böyük fəaliyyət göstərmişəm. Mən üsyançıları öz əlimlə güllələmişəm. Daha qocalmışam. Özümü bu sakit guşəyə çəkib dincəlirəm. Ancaq indi də dostlarıma əlimdən gələn köməyi əsirgəmirəm. Yeri gəlmişkən var-dövlətimlə də dostlarıma kömək edirəm, özümü tərifləmək olmasın, əliaçıq adamam. Necə deyərlər, malından keçən canından da keçər. Mən keçən il bizim hərbçilərə hədiyyə olaraq iki ton üzüm göndərmişəm.

O, qocalara xas olmayan bir cəldliklə yönəlib şkafından bir kağız çıxartdı.

- Baxın. Bu təşəkkürü fransız generalı öz əli ilə yazıb. Hərbçilərimizə yaxından kömək etdiyim üçün təşəkkürünü bildirir.

Anri kağızı oxuduqdan sonra Edqar ona bir dəftər də verdi:

- Burada yazılanlarla da tanış olun. Üsyançılarla apardığım mübarizə təsvir olunub. Bu dəftəri özünüzlə apara bilərsiniz. İstifadə etdikdən sonra mənə qaytararsınız. Bilirəm ki, siz əsl fransızsınız. Hökumətinizin etibarlı adamısınız.

Anri acı-acı gülümsədi! “Etibarlı adam. Çox qəribə bir vəziyyətdəyəm. Dırnağından başının ağ tüklərinədək nifrət etdiyim bu adamla şirin söhbət etməli və gülüb danışmalıyam. Böyük cəza deyilmi?”

Edqar nə qədər səy etmişdisə də, bağda məhsul yığıb səbət-səbət meyvə daşıyan, cırcındır içində, ayaqyalın, skelettək qupquru ərəbləri qonağından gizlədə bilməmişdi. Anri fürsət düşdükcə onlarla söhbət edir, qeyd dəftərinə nə isə yazırdı. Ona əvvəllər elə gəlirdi ki, yalnız zavodlarda, mədənlərdə işləyən fəhlələr arıq və solğun olurlar. Bəs belə səfalı bağda, üzümün bol yerində çalışan adamlar niyə zəifdilər? Görünür, təkcə təmiz hava və üzüm yemək kifayət deyilmiş.

Axırıncı gün üzüm yığan arıq bir qoca Anrinin nəzərini cəlb etdi. Ona yanaşıb dedi:

- Allah bərəkət versin.

Qoca başını qaldırdı:

- Sağ olun. Allah varlıların da ürəyinə rəhm versin.

Anri bu kinayəli sözə gülümsündü:

- Düz deyirsiniz. Rəhmsiz adamlar da az deyil.

- Bədbəxtlər daha çoxdur.

- Siz itən oğlanı tanıyırsınızmı?

- Bəs necə? Onunla bir yerdə işləyirdik. Nəcib insan idi. Cavan da olsa hamımızdan ağıllı idi. Bütün kənd onun başına and içirdi. Nə desəydi camaat onun sözündən çıxmazdı. Görünür belə adamın sağ qalması məsləhət deyilmiş.

- Demək, o, sağ deyil?

- Allah bilir... Biz kasıblar heç nə bilmirik. Bir fikrimiz varsa, o da çörək fikridir.

- Bilirəm. Siz üzüm yeyirsinizsə...

Qoca, Anrinin sözünü kəsdi:

-Xeyr, üzümü də qurd-quş, yadellilər yeyir. Biz ona həsrətlə baxırıq.

Anri bir an duruxdu.

- Gizlin necə? Yeyə bilmirsiniz?

- Üstümüzdə göz var. Qorxuruq. Təəccüb etməyin, sizin çox şeydən xəbəriniz yoxdur. Əzizim, o bizimlə sizin yanınızda belə rəftar eləyir. Kaş sizin kimi qonaqlardan tez-tez gələydi. Getməyə tələsməyin, bağı yaxşı gəzin, hər meynədən bir üzüm yeyin.

- Axı hər meynəyə yanaşmaq olmaz.

Qoca heyrətlə qonağa baxdı. Qonaq hasarın yanındakı böyük üzüm meynəsini göstərdi:

- Orda ilan yuvası var, elə deyilmi?

Qoca bu gözlənilməz sualdan diksindi. Sonra güldü:

- Edqarın qorxusundan oraya ilan gələr?

Qonaq uzaqdan Edqarın “Anri” deyə çağırdığını eşitcək, donuxdu, dili pəltək vurdu:

- Siz fransızsınızmı? Ah, mən nə etdim? Sizi ərəb bilib ürəyimi açdım.

- Heç narahat olma!

- Sizi and verirəm ən istəklinizin xatirinə, bu sözlərin birini də o bilməsin, yoxsa qoca vaxtımda başıma oyun açar, uşaqlarım acından qırılar.

Anri bu söhbət haqqında bir kəlmə də Edqara söyləməyəcəyini deyib qocanı arxayın etdi:

- Mən sabah yola düşməliyəm, - dedi. - Gedəndə sizinlə görüşmək imkanım olmayacaq. Sizə hədiyyə vermək istəyirəm. - O, cib saatını çıxarıb qocaya uzatdı.

Qoca gözlərinə inanmırdı. Saatı əlinə alıb heyrətlə qonağa baxdı.

- Bunu mənə verirsiniz?

- Bəli, bir yadigar kimi.

Qocanın gözləri yaşardı:

- Ağa, siz doğrudanmı fransızsınız?

- Fransızam. Ancaq ağa deyiləm.

Qoca əllərini göyə qaldırıb Allaha dua etdi. Edqar yaxınlaşdıqda Anri təbəssümlə ona dedi:

-Bu qoca sizi çox tərifləyir. Edqar gülümsədi:

- O ən yaxşı işçimdir.

Qocanın gözləri səmimiyyətlə gülümsədi.

Bu səhər də Edqar qonağın necə yatdığını soruşduqda Anri zarafatla dedi:

- Yaxşı yatmışam. Ancaq ilan yuvası olan meynə yuxuma girib, oradan çoxlu üzüm dərmişəm...

- Əzizim, üzüm göz yaşıdır.

- Bəs ilan?

- Siz onu necə görmüsünüz?

- Görmüşəm ki, məni çalmaq istəyir, mən isə onu öldürürəm.

- Bu yaxşıdır. Demək, əvvəl bir az əziyyət çəkəçəksiniz, sonra isə xoşbəxtlik üzünüzə güləcək. Yuxunu düzmü yozdum?

Anri cavab vermədi: “Taleyindən son dərəcə razı - “Üzüm kralı” adlanan bu adamın yalnız bircə şeyi çatmır. Bütün ölkədə şöhrət qazanmaq, tarixə düşmək. Mən də onun arzusunu yerinə yetirib “tarixə” salacağam. Ha, ha...”. Demək, yenə siyasət. Doğrudur, mühərrir belə yazını çap etməyəcəkdir. Ancaq bu mövzu mənim üçün böyük kəşfdir...

Anri öz səfərindən razı qalmışdı. Vaxtilə dumanlı görünən çox məsələlər indi ona aydın idi. Yalnız ilan yuvasının olduğu yerin sirrini heç vəchlə öyrənə bilməmişdi. O, indi şəhərə qayıdarkən ancaq bu barədə düşünürdü.

Qonağını yola salandan bir neçə gün sonra Edqar maşına minib Əlcəzair şəhərinə yola düşdü. Maşın böyük səbətlərdə əla və az tapılan üzümlə dolu idi. O, bunları Anri üçün aparırdı.

Edqarın insanlar haqqında öz mülahizəsi vardı: “Elə adam tapılmaz ki, hədiyyədən xoşlanmasın. Əgər sən rüşvət verməyə nail olmamısansa, demək bacarmırsan, qarşındakının damarını tapa bilməmisən”.

Maşın şəhərə yetişdikdə gün batmışdı. Dükanların qapı-pəncərələri bağlanır, küçələrdə gediş-gəliş azalırdı.

Edqar şoferə dedi:

- Tez sür, yoxsa qaranlığa düşərik.

Bir neçə kilometr getdikdən sonra şəhərin böyük məscidi, çox mərtəbəli evləri geridə qaldı. Alçaq daxmalar, dar küçələr bu yerləri kəndə oxşadırdı. Maşın irəlilədikcə daxmalar da kiçilirdi.

Edqar maşını saxlatdırıb bir nəfərdən gedəcəyi küçəni soruşdu:

- Kasıblar məhəlləsinə gedin.

-Bəs bura kasıblar məhəlləsi deyil?

- Xeyr, ağa, bir az da o yana gedin. Edqar üzünü şoferə çevirdi:

- Quruyub qalmışam. Yazıçı, qəzet mühərriri burada niyə yaşayır?!

- Yəqin, burada bizim bilmədiyimiz bir sirr var.

- Ola bilər. Onlardan nə desən gözləmək olar. Bu zaman Edqar iki polisin bir dustağı qabaqlarına salıb apardıqlarını görcək dedi:

- Buralarda görünür, qarma-qarışıqlıqdır. Ərəblər, bəlkə, yenə üsyana hazırlaşırlar.

- Yəqin, yenə qırılmaq istəyirlər.

- Mən onlara yaxşı bələdəm. Vaxtında birinin başını əzmədinsə, həşərat kimi artacaqlar. Belə şeydə bizimkilər gərək zirək tərpənsinlər.

Bir az da irəlilədikdən sonra şofer dedi:

- Ağa, bəlkə, ünvanı səhv salmışıq? Edqar cibindən kağızı çıxarıb baxdı:

- Biz altıncı dalanı axtarmalıyıq.

- Lənət şeytana!..

Maşın dalana yetişdikdə iş daha da pis gətirdi. Bura çox dar olduğundan maşın keçə bilmədi. Şofer dedi:

- Mən gedim yazıçını bura çağırım.

- Yox, onda hədiyyə ləzzət eləməz. Mən istəyirəm onu birdən, gözlənilmədən sevindirim.

- Bəs səbətləri necə daşıyaq?

- Mən də sənə kömək elərəm...

- Ağa, sənin üçün yaxşı deyil.

- Eybi yoxdur, qoy zəhmətimi görsün.

Onlar səbətin qulplarından tutub döngə ilə bir qədər irəlilədilər. Səbət o qədər ağır idi ki, tez-tez durub nəfəslərini dərirdilər. Palçıqlı yerə yetişdikdə vəziyyətləri daha da ağırlaşdı.

Edqar hövsələdən çıxdı:

- Allah evini yıxsın, yazıçı! Bu cəhənnəmə hardan gəlib çıxmısan!

- Ağa, bizim kənddə belə yerə rast gəlməzsən. Sən olan yerdə...

Şofer öz ağasının xasiyyətini bilirdi. Hiss edirdi ki, belə tərif indi, bu ağır vəziyyətdə onun xoşuna gəlir. Ağası bu sözlərə papiros çəkmək kimi alışmışdı.

Bataqlığı da keçib Anrinin yaşadığı binaya yetişəndə səbəti yerə qoydular. Bərkdən it hürdü. Edqar qapını döyməyə macal tapmamış bir kişi yoğun səslə soruşdu:

- Kimdir?

- Anri burada olur?

- Olurdu. Yarım saat bundan qabaq onu tutub apardılar, yolda rast gəlmədinizmi?

Edqarın səsi titrədi:

- Demək, gördüyümüz dustaq o imiş...

- Nə üçün tutublar?

- Üsyançı ərəblərə tərəfdar olduğu üçün.

- Vay... Bəs mən, mənim qeyd dəftərim?..

Edqar daha danışa bilmədi. Gecə onun gözünə daha da qaranlıq göründü.

Anri yarım il həbsdə olub azadlığa çıxdıqdan sonra Zümürrüdün kəndinə həsr etdiyi hekayəsini yazıb qurtarmaq üçün təkrar ora getdi. Ancaq indi burada vəziyyət tamam dəyişmişdi. Onun təsvir etdiyi yerlər – təbiətin gözəl guşələrindən biri Əlcəzairin azadlıq ordusu tərəfindən azad edilmişdi. Ərəblərin üzü gülürdü.

O, kəndi gəzib-dolaşdıqdan sonra Edqarın bağında üzüm yığan qocanı axtarıb tapdı. Qoca bərk xəstə idi, yerindən dura bilmirdi, güclə danışırdı. Ancaq Anrini görən kimi tanıdı, dirsəklənib oturdu.

- Səni heç vaxt unutmamışam. Mənə verdiyin cib saatını da indiyəcən saxlayıram.

- Əmi, itkin oğlandan bir xəbər çıxdımı?

Qocanın dodaqları əsdi, bir an sükutdan sonar dedi:

- O oğlanın qanı batdı, anası da öldü. Allah bu zülmü yerdə qoymaz. Yadındadırmı, o zaman bağda “ilanlı yer” barədə söhbətimiz oldu.

Qoca əli ilə başını tutdu:

- Bu sirr heç mənə dinclik vermirdi. Gecələr yata bilmirdim, çünki günahkaram. Ancaq indi o dünyaya üzüqara getmək istəmirəm. Bu sirri sən də bil.

Qoca dərindən ah çəkdi, gözlərini Anrinin gözlərinə zilləyib dedi:

- Edqar o bədbəxt oğlanı bircə salxım üzümün üstündə öldürüb həmin meynənin dibində basdırıb.

- Bir salxım üzüm üstə?

- Əlbəttə, yox, - qoca, Edqarın bu sözləri eşidəcəyindən qorxurmuş kimi səsini alçaltdı: - Mən sənə onda demişdim, o çox mərd oğlan idi, bizi üsyana çağırırdı. Bunu Edqar duymuşdu. Onu aradan götürmək üçün çoxdan bəhanə axtarırdı. Bu hadisənin yeganə şahidi olduğum üçün mənə dedi: “Onu oğurluq üstündə öldürdüm. Ancaq bunu da bildirmək istəmirəm. Sən də sus. Əgər bu sirri açsan, sənin taleyin də belə olacaq”. Qoca yenə bir an susub sözünə davam etdi: - Həmin axşam meyiti gizlətməyə macal tapmadı, elə meynənin altındaca basdırdı. Ürəyi xoflu idi, ona görə də “ilanlı yerdir” deyə, bəhanə edib heç kəsi meynəyə yaxın düşməyə qoymurdu. Eh, nə isə...

Qocanın üstündən elə bil dağ götürüldü, həmişə kədərli görünən gözləri gülümsədi, xəstəliyini belə unutdu.

- Əmi, bu sirri hamı bilməlidir, - deyə Anri fikirli halda dilləndi. - Edqar şəhərə qaçıb orda özünü ərəblərin dostu kimi qələmə verir. Mən onu ifşa edəcəyəm. Qoymayacağam ərəb balasının qanı batsın!

Anri öz dediyinə əməl etdikdən sonra Zümürrüdün kəndi haqqında yazdığı hekayəni təzədən işlədi, adını da “Bir salxım üzüm” qoydu.