Elektron ədəbiyyat və sənət portalı

Dahilərin qəribəlikləri

Bölmə: Mərkəzin Efiri 02.07.2019

Dünyaya böyük kəşflər, nailiyyətlər, yeniliklər bəxş edən dahi insanlar həm də qəribəlikləri ilə diqqət mərkəzində olublar. Onlar təkcə əməlləriylə deyil, yaşam tərzləri, baxışları, davranışlarıyla da başqalarından seçiliblər...

 

Aleksandr Suvorov

Rusiyanın ən böyük sərkərdələrindən sayılan Suvorov apardığı bir döyüşü belə uduzmayıb. Hər dəfə də rəqib say etibarilə onun ordusundan qat-qat artıq olub. Suvorov qəribə vərdişləriylə də məşhurdur; məsələn, o, həmişə axşam altıda yuxuya gedib düz 8 saat yatar, oyananda mütləq soyuq suyun altına girib xoruz kimi banlayarmış. Ordusuna hücum əmrini də bu səslə verərmiş. Suvorov yalnız saman üstə yatarmış.

Lüdviq van Bethoven

Dahi bəstəkarın üzü həmişə tüklü olarmış. Belə hesab edirmiş ki, bu, adamda yaratmaq eşqinə kömək olur. Musiqi bəstələməyə başlamazdan əvvəl başına bir vedrə soyuq su tökərmiş. Onun fikrincə, bu, beyinin fəaliyyətini stimullaşdırmağın ən yaxşı üsulu idi. Yaratdıqlarını nəzərə alıb bu qənaətə gəlmək olar ki, bəstəkar heç də səhv etməyib.

Aleksandr Puşkin

Dahi rus şairi misilsiz şeirlərini yaradarkən onun üçün xüsusi reseptlərlə hazırlanmış limonadı içməyi xoşlayarmış. Kamerdinerinin sözlərinə görə, şair gecə işləməli olanda əvvəlcədən mütləq içki tədarükünü görməliydi. Mövhumata inanan şair onun gələcəyi barədə deyilmiş sözlərə, o cümlədən dueldə öləcəyinə əmin idi.

Lev Tolstoy

Dahi rus yazıçısı qraf olsa da, ən ağır kənd işlərini görməkdən həzz alardı.  Torpağı kotanla şumlamaq, dəryazla ot biçmək, odun doğramaq onun ən sevimli məşğuliyyətlərindən idi. Bir gün hərəkətsiz qalanda özünü pis hiss edər, yuxusuzluqdan əziyyət çəkərdi.

Viktor Hüqo

Dahi fransız yazıçısı yazı masası arxasında oturmazdan öncə çıl-çılpaq olub əynindən çıxardığı bütün paltarları qulluqçuya verərdi. Hesab eləyirdi ki, bu cür vəziyyətdə işini yarımçıq qoyub küçəyə çıxa bilməz. Yalnız nəzərdə tutduğu səhifələri yazıb bitirəndən sonra paltarını geyinərdi.

Onore de Balzak

Dahi fransız yazıçısı bütün gün boyu içdiyi qəhvənin hesabına vaxtını düz 48 saat fasilə vermədən yazıya həsr edə bilərdi. Yəqin, bu səbəbdən də onun əlyazmalarının üzərində xeyli qəhvə ləkələri görmək olar. Həkimlərin qənaətinə görə, yazıçının ölümünə səbəb də əndazəsiz dərəcədə qəhvə içməsi olub.

Fridrix Şiller

Dahi alman şairi və filosofu Fridrix Şiller əsərlərini yaradarkən mütləq yanında çürük alma olmalıydı. O, çürük meyvənin qoxusundan ilhamlanır və yaradıcı ovqata düşürdü.