Elektron ədəbiyyat və sənət portalı

Namus qaçağı

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 02.07.2019

 

İsmayıl Şıxlı

(1919-1995)

Xalq yazıçısı. Əməkdar incəsənət xadimi, M.F.Axundov adına mükafatın laureatı. “Qızıl Ulduz”, “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Şöhrət” ordenləri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif edilib. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSR! Yazıçılar İttifaqının katibi (1981-1987) vəzifələrində çalışıb. “Kerç sularında”, “Dağlarsəslənir”, “Ayrılanyollar”, “Dəli Kür”, “Mənim rəqibim”, “Xatirəyə dönmüş illər”, “Məni itirməyin”, “Cəbhəyolları” kimi onlarla digər kitabların müəllifidir. Ssenariləri əsasında “Ayrılan yollar”, “Bizim qəribə taleyimiz”, “Dəli Kür”, “İşarəni dənizdən gözləyin”, “Kürə qovuşan ömür”, “Nəyaxşı ki, dünyada Səməd Vurğun var” və s. bu kimi bədii və sənədli filmlər çəkilib. Gi de Mopassanın novella və hekayələrini, Əziz Nesinin “Futbolkralı” və “Taxtalıköydən məktublar” əsərlərini dilimizə çevirib. Əsərləri bir çox dillərə tərcümə edilib.

Namus qaçağı

O dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü.

Onun toyu idi. Bu axşam mağar başlamalı idi. Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun.

Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü zurnaları qoşalaşdırırdılar. O bılirdi ki, kəndin qız-gəlinləri boğçadakı paltarlarını çıxardıb ora-burasını sığallayır, donların, koftaların qırışını açır, bəzənib-düzənir, qaşlarına, gözlərinə sığal verib, tellərini bururdular. Qış aylarında səhərəcən toyda qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin gətirərdilər.

O sevinirdi. Səhər-səhər sulamağa apardığı at da yəhərin altında oynayır, yüyəni çeynəyib boynunu sağa-sola əyir və qar basmış yollarda cığır açırdı. Elə bil başa düşürdü ki, sahibi böyütdüyü, gözünün ağı-qarası təkcə balası İlyasın əlini başına yığacaqdı. Onun da evinə gəlni gələcək, onun da qara damı silinib-süpürüləcək, taxtın üstündə gərdək qurulacaq, qapısında şax bəzədilib lopa yandırılacaqdı.

Kəndin kənarındakı balaca çayın suyu gecənin şaxtasından sırsıra bağlayıb donmuşdu. Buz layları yatağını aşıb ətrafa yayılmışdı. At yelini saxlamadı. Sahibinin yüyənini çəkməsinə fikir vermədən özünü suya saldı. Buz layları çat-çat olub çilikləndi. Hardasa lap yaxında at kişnədi. İlyas qanrılıb baxdı. Gələn koxalıların Rəşidi idi.

O, İlyasın bərabərində atın başını çəkdi. Hər ikisi bir-birini süzdü. İlyas onun uca boyuna, vəznəli çuxasına, buxara papağına, gümüş toqqalı sallamalı kəmərinə, belindəki xəncərinə baxdı, o da İlyasın məxmərdən tikilmiş qalife şalvarına, zər baftalı nişan dolağına, çəkmələrinə, nimdaş pencəyinə və papağına.

- Deyəsən, toy eləyirsən?

- Bəli.

- Mənim qabağıma keçirsən?

İlyas diksindi. Elə bil güllə kimi açılan bu sərt sözdən at da diksindi. Başını qaldırıb fınxırdı. Onun burnundan fısqıran nəfəs zolaqlanıb havanı yardı. 

- Zöhrə mənim nişanlımdır.

- Elə gözəl qız sənin kim gədaya yem ola bilməz.

- Ağzını təmiz saxla!

Cilovların çəkilməsi ilə atların döş-döşə dayanması bir oldu. Onların nəfəsi bir-birini vurdu. İlyasın əli gödəkcəsinin cibindəki naqanın dəstəyini sıxdı.

Rəşid özündən xeyli cavan olan, üzünə yenicə ülgüc dəymiş İlyası yuxarıdan aşağı, rişxəndlə süzdü. Yüyəni çeynəyən atın başını çəkib qamçını havada oynatdı.

- Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram.

Elə bil İiyasın gözündə hər şey qaraldı. Kəndin üstünə yorğan kimi sərilmiş qar da, şırıltı ilə axan büllur suyun üzünə yayılan buz da, solğun- solğun işıldayıb göz qamaşdıran gün də birdən-birə yoxa çıxdı. İndiyə qədər eşitdiklərinə inanmamışdı. Rəşidin “toy gecəsi qızı onun əlindən alacam, sonra istəsə özünə qaytararam” deməsinə fikir verməmişdi, “ara sözüdür” “ deyə xəbər gətirənləri sakitləşdirmişdi. Bir də Rəşidin arvad-uşağı vardı. O, belə fikrə düşsə, qan su yerinə axardı. Namusu itə veriblər, it də yeməyib. Belə şey olardımı?

İlyas fikirdən ayılıb özünə gələndə Rəşid uzaqlaşmışdı. İlyas isə hələ də çayın kənarında dayanmışdı. Gözlənilməz zərbədən özünü elə itirmişdi ki, yerindən tərpənə bilmirdi. Atasından eşitmişdi ki, koxalılar tayfası arxalı tayfadı, özləri də mərdimazardırlar. Əllərindən nə köpəkoğluluq desən, gələrdi. Şura hökuməti yeni qurulanda bir az səslərini içlərinə salmışdılar, amma indi, dağda-daşda qaçaq-quldur dəstəsi çoxalır. Onlar da yenidən kəndin ortasında at oynadıb, ona-buna sataşırdılar. Bilirdilər ki, onların kəndi əldən-ayaqdan uzaq yerdədir, dağ gədiklərinin arxasında yerləşən bu kəndə gəlmək üçün bələnlər aşıb, dərələr keçmək lazımdır. Qış aylarında isə yol-iz bağlanır, yaz gəlib dağların qarı tamam əriməmiş divan-dərə adamları buralarda görünmür.

İlyas atını mahmızladı. Özünü nə qədər şax tutsa da, sınmışdı, bayaqkı şuxluğu yox idi, həyətə çatan kimi atası da bunu hiss etdi, gözlərini oğlunun üzündən çəkmədi. Sakitcə atı tövləyə aparan oğluna baxdı. İlyas heç nə olmamış kimi xeyli qapıda hərləndi, mağar yerini yoxladı, tədarük görənlərə baş çəkdi və birdən atasına yaxınlaşıb “Siz işinizdə olun, - dedi - mən axşama qayıdacağam”. Kişi dinmədi. Doqqazdan çıxıb dağlara doğru addımlayan oğlunun arxasınca baxa-baxa qaldı.

O, Zöhrəni ilk dəfə bir yay axşamı bulaq üstündə görmüşdü. Elə o gündən də qızı ürəyi tutmuşdu. Amma ona yaxınlaşa bilməmişdi. Xeyli vaxt uzaqdan-uzağa qızın qarasıyla gəzib, izini izinə qatmışdı. Hiss eləmişdi ki, sinəsi doludur, onun qabağını kəsib bircə kəlmə deyə bilsə, ürəyindəkilərin hamısı gözü açılmış bulaq kimi poqquldayıb qaynayacaq. Evdə-eşikdə qərar tuta bilmirdi. Dolama cığırla dağın döşünə qalxır, ağacların daldasında gizlənir, çaya enir, bulaq üstünü kəsdirir, hər yerdə o qırmızı donlu qızı axtarırdı.

Bir dəfə yenə meşənin dərinliyinə çəkilmişdi. Ürəyi dolu idi, dərdini açmağa bir adam tapmırdı. İstəyirdi ki, özünə bir sirdaş tapsın, hər şeyi ona danışsın ki, bəlkə, yüngülləşə. Heç ömründə oxumamışdı, anıma indi söz sinəsini deşirdi, oxumaq istəyirdi. Birdən papağının dalını qaldırdı, onun səsi şaqqıldayıb meşədə, qarşıdakı qayalarda cingildədi: “Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü”. Elə bil yüngülləşdi. Ürəyini boşaldıb nəfəsini dərdi. Hər şey susmuşdu. Bircə onun qayalarda əks-səda verib təkrarlanan səsindən başqa.

Qaqqıltı qopdu. O, yerindən sıçrayıb dinşədi. Səs aşağıdan gəlirdi, bulaq üstündən. İlyas başa düşdü ki, gülüşən qızlardı. Ona, onun mahnısına gülürdülər. Bədənini soyuq tər basdı, istədi dağyuxarı dırmaşsın, baş alıb bu yerlərdən getsin, ilim-ilim itsin ki, ona gülən qızların səsini bir də eşitməsin. Amma ayaq saxladı. Dinlədi. Gülüş qarışıq bir səs gəldi qulağına:

- Yandıran yansın, ədə, özünə nə divan tutursan?

Ağaclar yenidən səs-səsə verib şaqqıldadı. Yarpaqlar titrədi. Amma bu gülüşlər səngiyəndə o, aydınca bir səs də eşitdi:

- Gədəni niyə utandırırsınız, qoyun oxusun, yaxşı səsi var.

Bu sözləri deyən Zöhrə idi. Onu yandırıb-yaxan, dağlara-daşlara salan Zöhrə!

Bir dəfə ürəkləndi. Bulağın üstünə endi. Qızlar onu görən kimi özlərini yığışdırdılar. Sürüşüb çiyinlərinə düşən kəlağayılanın irəli çəkib saçlarını qulaqlarının arxasına yığdılar. Koftalarının yaxasını, donlarının büzmələrini dartışdırdılar. Bəziləri də həyalı gəlinlər kimi kəlağayılarının bir ucunu ağızlarına yaxınlaşdırıb yaşmaq tutdu. İlyas özünü itirdi. Səhər-səhər bulaq suyunda güzgülənib sığallanan bu qızların hansına yaxınlaşıb nə deyəcəyini bilmədi. Onların lal sükutundan, qayır-qayır qaynayan gözlərindəki bic şıltaqlıqdan qorxdu. Bilirdi ki, bu yerə baxan qızların dilinə düşmək yaman işdir, Allah adamı onların şitliyindən saxlasın. Dili-dodağı təpidi, udqundu və güclə dilləndi:

- Bir içim su verin, nə olar?!

Səhənglərini cərgə ilə düzən qızların arasından bir pıçıltı keçdi və oğlan bulağın novuna əyilmiş Zöhrəni indicə gördü. Qız əlindəki nilufəri dolça kimi su ilə doldurub İlyasa verdi. O, əlləri titrəyə-titrəyə suyu aldı, başına çəkdi və bir də istədi. Zöhrə çiçəyi kənara qoyub dolçanı doldurdu. O, dişi göynəsə də qabı birnəfəsə boşaltdı və yenə su istədi. “Bu yazığın ciyarı yanırmış ki,” - deyə kimsə söz atdı. Qızların bu atmacasına cavab vermədi. Üçüncü dolçanı yarıya qədər içdi və qalanını Zöhrənin yalın ayağına tökdü. 

Qız diksindi, qonur gözlərini İlyasın üzünə zillədi. Bu baxışlarda ani bir qığılcım oynadı, şimşək kimi çaxdı və qızın dodaqları qaçdı. Qızın qımışmağı təzədən onun canına od saldı. Bulaq başından nə vaxt aralandığından, dağa necə dırmaşdığından xəbəri olmadı. Bir də onu gördü ki, iri bir vələsin altında, göy otluqda, çiçəklərin arasında uzanmışdır. Qızların gülüşü yenidən qulaqlarına dolub güyüldədi. Amma ürəyi sakitləşmişdi. Suyu qızın ayağına tökmüşdü. Demək, ürək sözünü demişdi. Bu, dağlarda bir adət idi. Çoxdan, lap dədə-babadan qalma adət. Qız da hirslənməmişdi, əvvəlcə qımışmış, sonra da başını aşağı salıb qızarmışdı. Demək, onun da ürəyi oğlanı tutmuşdu...

Bir gün kənddə yenə toy vardı. Oktyabr bayramının ildönümünü qeyd edirdilər. O vaxt qayda idi: kənd camaatı məktəbin qabağına toplaşardı. Uşaqlar rəngli kağızlardan naxışlar kəsər, zəncir düzəldər və sinif otaqlarını, eyvanları bəzəyərdilər. Kənd cavanları atlarının quyruğunu düyüb cıdıra hazırlaşardılar.

Qulplu qazanlarda xörək bişər, qara zurna dilə gələrdi. Düz nağıllardakı kimi üç gün, üç gecə çalıb-oynayardılar. Hava xoş idi. Elə məktəbin həyətində son bahar yaşıllığının üstünə gəbə-kilim də döşəmişdilər. Kəndin ahıl arvadları, qızları, gəlinləri bardaş qurub oturmuşdular. Zurnaçılar ortada, stulda əyləşmişdilər.

Əvvəlcə cıdırhəngi çalındı, sonra güləşəngi. Cavanlar at çapıb, qurşaq tutub yorulandan sonra oyun başladı. Kəndin gözəlləri qoşalaşdılar.

İlyasın gözü bacısıyla Zöhrədəydi. Onlar yanaşı oturmuşdular. Bu gün hər şey həll olunmalıydı. İlyasın bacısı meydana çıxmalı, ortada bir az hərlənəndən sonra Zöhrəni çağırıb oynatmalı idi.

Zurnaçılara yanaşdı. Qulaqlarına nəsə pıçıldadı. Sümüyə düşən ağır bir hava çalınan kimi İlyasın bacısı ayağa durdu, qollarını qaldırıb bir dövrə vurdu və oynaya-oynaya gedib Zöhrənin qabağında dayandı. Qız əvvəlcə dartındı, oynamaq istəmədi. Onu dümsükləyib ayağa qaldırdılar. Zöhrənin başında bənövşəyi yelinli ağ kəlağayı vardı. Cığaları qıvrılıb yanağına düşmüşdü. Qırmızı koftasının yaxasına pullar düzülmüşdü. Qırçınlı uzun donu topuğuna enirdi. Hiss olunurdu ki, dikdaban çəkməsini yenicə geyinib.

Qol-qola verib ortada süzdülər. Dəfçi nəsə qışqırdı, kiminsə adını çəkdi, “Sağ olsun oynayanlar” - dedi. İlyas bunları eşitmədi. Onun gözü Zöhrə ilə bacısındaydı. Zöhrənin oyunu onu valeh etmişdi. Bu qız nə gözəl oynayırdı, asta-asta, sındıra-sindıra. Dəfçi hər dəfə çomağını dəfə endirəndə qızın qolları tərpənirdi buğum-buğum.

İlyasın bacısı oyununa ara vermədən hərləndi və sezilmədən Zöhrənin kəlağayısının yelənli ucunu ələ keçirdi. Zöhrə gözünü yumub-açınca ovcundakı pulu kəlağayının ucuna düyünlədi. Bu qızı bəlləmək deməkdi.

Əgər qız dartınsa, pulu açıb atsa, demək razı deyil. İlyas gördü ki, qız qıpqırmızı oldu və dartındı. Ancaq bacısı qızı tərpənməyə qoymadı, qucaqlayıb üzündən öpdü. Zöhrə başını aşağı salıb yerinə keçəndə dəfçi yenə qışqırdı:

- Sağ olsun oynayan nişanlısıynan...

İndi o, dizinə qədər qara bata-bata, ağacların budağından yapışa-yapışa dağa qalxır, meşənin dərinliyində özünə məskən salmış Qaçaq Süleymanın yanına gedirdi. İlyas qaçaqların harada gizləndiyini təxminən bilirdi. Eşitmişdi ki, Süleymanın dəstəsi əzgilli taladan bir az o yana, Sarı qayanın alt tərəfində yerin altında lağım atıb, özlərinə sığınacaq düzəldiblər. Bura əlçatmaz bir yer idi. Qışda orada daldalanır, yaz-yay aylarında bir az da yuxarı qalxırdılar. Yuxarı qalxdıqca qar daha da qalınlaşır, sazaq adamın iliyinə işləyirdi. Onun qaşı, kirpikləri buz bağlamışdı. Papağının sallama qulaqları donub quş qanadları kimi havada qalmışdı.

İlyas Qaçaq Süleymanı bircə dəfə görmüşdü. Düz iki il bundan əvvəl, belə qarlı bir gündə, qaçaqlar atlarını çapıb kəndə doluşdular. Boğazına kəndir saldıqları bir adamı atın yedəyində darta-darta məktəbin qabağındakı meydana gətirdilər. Hamı tamaşaya yığışdı. İlyas boğazı kəndirli adamı tanıdı. Müəllim idi. Şəhərdən gəlib qonşu kənddə dərs deyirdi. Onun paltosunu çıxartmışdılar. Bircə köynəkdə idi. Dizə qədər qara batmışdı.

Qaçaqlardan biri qaşqa kəhər atını məhmizləyib qabağa çıxdı. İlyasın nəzərinə ilk çarpan onun çatılmış qaşları altında parıldayan qan sağılmış gözləri oldu. Kişinin üzündəki tüklər də biz-biz idi. İribədənli, enlikürəkli, genişsinəli bu adam yəhərin üstündə qırğı kimi oturmuşdu. Kürkünün üstündən bağladığı onaçılan, çiynindən aşırılan çalın-çarpaz qoltuqaltılar, yəhərin qaşından asdığı beşaçılan onun zəhmli sifətini daha müdhiş göstərirdi.

- Camaat, bilirsinizmi bunun günahı nədir?

Heç kəsdən səs çıxmadı. Hamı dönüb qarın içində başı, sinəsi açıq dayanan müəllimə baxdı. Onun sifəti, qulaqları şaxtadan göyərmişdi.

- Bu bizim namusumuza toxunub. - Elə bil camaatın üstünə su ələndi.

Bunu hiss edən qaçaq sözünü tamamladı, - qızları başına yığıb teatr çıxardıb.

Kəndin ağsaqqallarından biri çiyninə saldığı kürkünün yaxasını çəkib düzəltdi və bir-iki addım irəli yeridi.

- İndi fikrin nədi, ay oğul?

- Gözünüzün qabağında bunun başını kəsəcəm.

- Əl saxla, a bala, adam hər şeydən ötəri qan tökməz. Görmürsənmi fağırın biridi, çevir balalarının başına, burax getsin.

Qaçaq Süleymanın üzü əsdi. Qamçısı ilə papağını alnından geri itələdi.

Onun gözləri kişinin üzünə zilləndi.

- Yəni deyirsən, namusumuzu ayaqlar altına ataq?

- Kim deyir onu, a bala, namussuz yaşamaqdan ölmək yaxşıdır. Qaçaq Süleyman inadından dönmək istəmədi. Amma kənd camaatı ondan əl çəkmədi. Əl-ayağına düşdülər, yalvar-yaxar edib qaçağı yumşaltdılar.

- Yaxşı, anan namaz üstündəymiş, qurban ol bunlara. Səni buraxıram, amma burdan elə əkilərsən ki, heç izin-tozun da qalmaz. Bir də gözümə dəysən böyük tikəni qulağın boyda eləyəcəm.

Müəllimin boynundan kəndiri açdılar. Paltosunu verdilər və dağlardan arana enən cığırla yola saldılar.

Qaçaq Süleyman kənddən getməzdən əvvəl atının cilovunu çəkdi.

- Camaat, - dedi - yadınızda saxlayın, məni çöllərə salan elin na-musudur.

Nə qədər sağam, qoymaram bu mahalda bir adamın namusuna toxun- sunlar!

İlyas səhər çay kənarında Rəşidlə sözləşəndən sonra bunları yadına saldı və dağlara üz tutdu. Onun gözünə heç nə görünmürdü. Nə şaxtanı hiss edir, nə də qaranlığa düşüb qurd-quşa yem ola biləcəyini ağlına gətirirdi. Onun beynində bircə fikir dolaşırdı: harda olsa, Qaçaq Süleymanı tapmaq, ürəyindən keçənləri düz gözünün içinə demək.

O bilirdi ki, qaçaq öz adamlarına tapşırıb onu tikə-tikə doğratdıra bilər, ya da özü əli titrəmədən onaçılanın tətiyini sıxar və həddini aşmış bu cavanı bir andaca yox edər. İlyas bunların hamısını ürəyində ölçüb-biçmişdi və necə deyərlər, kəfəni boynuna dolamışdı. Yəqin etmişdi ki, bu yoldan sağ- salamat qayıtmayacaq, amma fikrindən dönməmişdi.

- Dayan, kimsən?

İlyas fikirdən ayılanda sinəsinə tuşlamnış lüləni gördü və anladı ki, qaçaqlara rast gəlib. Sevindi.

- Məni Qaçaq Süleymanın yanına aparın.

- Aldatdım deməzsən ki?

- Doğru sözümdür. Vacib işim var.

- Ə, sənin onnan nə işin ola bilər?

- Olmasa, bu boranda, qarda bələnlər aşıb buraya gəlməzdim ki? İlyasın sərt cavabı qaçağı bir az çaşdırdı. Tüfəngi aşağı salıb ona yaxınlaşdı.

Diqqətlə üst-başını süzdü və arxaya keçdi.

- Düş qabağıma! Onsuz da buradan salamat qayıtmayacaqsan.

- Qayıtmayanda da qayıtmaram, məni niyə qorxudursan?

- Yekə-yekə danışma, düş qabağıma.

O, içəri girəndə Qaçaq Süleyman qara damın küncündə, peçin yanına qoyulmuş taxtın üstündə, mütəkkəyə dirsəklənərək uzanmışdı. Çəkmələrini soyunsa da yarağını çıxartmamışdı. Qoltuqaltıları çiynində, tüfəngi yanında, onaçılan qarnının üstündəydi. İlyası görəndə dikəldi, ayaqlarını taxtdan sallayıb oturdu və qan sağılmış gözlərini onun üzünə zillədi. İlyas bu zəhmli baxışlardan sarsılmadı, əksinə, sakitləşdi. Əslinə baxsan ona elə gəlirdi. O bilmirdi ki, keyləşib. Qulaqları heç nə eşitmir, gözləri gözlərinə sancılmış gözlərdən başqa, heç nə görmür, harada olduğunu, kiminlə üz-üzə dayandığını belə ayırd edə bilmirdi.

- Xeyir ola, komsomol, niyə gəlibsən?

Bu səs onu ayıltdı. Beyninin uğultusu, qulaqlarının güyültüsü bircə anda yoxa çıxdı və qaçağın özü də elə bil dumandan sıyrılıb bütün aydınlığı ilə önündə dayandı. İlyas qurumuş dodaqlarını dili ilə islatdı və düz onun gözünün içinə baxdı.

- Sənin üzünə tüpürməyə.

Bircə an, yalnız bircə an ortalığa sükut çökdü. İlyas elə bil çiyinlərini ildırım daşıtək basıb əzən yükün altından çıxıb yüngülləşdi. Ona elə gəldi ki, sinəsi genişləndi, nəfəsi açıldı. Və birdən qan sağılmış gözlərin sərt baxışlarını üzündə hiss etdi. Bu baxışların üzünə sancılması ilə qollarının daldan qanrılıb burulması bir oldu. Onu sürüyüb bayıra atmaq istədilər.

Qaçaq Süleymanın zəhmli, amiranə səsi eşidildi:

- Buraxın, qoyun sözünü axıracan desin. Niyə mənim üzümə tüpürürsən, bala?

- Ona görə ki, yalançısan, hər yerdə namusdan danışırsan, amma sənə arxalananlar namussuzluq eləyirlər. Toy günü gəlini nişanlısının əlindən almaq istəyirlər.

Kişini elə bil ilan çaldı. Yerindən sıçrayıb dik atıldı.

- Kimdi o biqeyrət?

- Koxalıların Rəşidi.

Qaçaq Süleymanın qaşlarının çatıldı. Üzünün tukləri biz-biz oldu. İlyas gördü ki, kişinin geniş sinəsi körük kimi qabarıb endi. Bir xeyli fikirli-fikirli ortada hərləndikdən sonra taxtın üstünə uzanıb mütəkkəyə dirsəkləndi.

İlyasın sözü onu yaman tutmuşdu. Doğrudan da, onu çöllərə salan nəydi? Neçə il idi ki, evindən-eşiyindən niyə didərgin düşmüşdü? Kim idi onu yuvasından hürküdən? Süleymanın atası da, özü də, elə qohum-qar-daşları da şura hökuməti qurulanda hamıdan çox sevinmişdilər. Yenicə ayrılan açılıb, dirçəlmişdilər. Onların nəsli kasıb dolanmışdı, amma heç kəsin qabağında əyilməmişdilər. Atası həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusdur.

Gərək təkcə öz namusunu yox, qonum-qonşunun, el-obanın da namusunu qoruyasan. Kişi olan başqasının qız-gəlininə xain gözlə baxmaz.

Bu sözlər uşaqlıqdan onun beyninə həkk olunmuşdu. Sonra böyüyüb kəndin dəliqanlılarına qoşulanda da, toyda-mağarda cıdıra çıxıb at çapanda da, kəndin cavanları ilə qurşaq tutub güləşəndə də atasının sözləri qulaqlarından getmirdi. Onu barmaqla göstərirdilər. Kürəkləri enli, beli nazik idi, az qalırdı üzükdən keçsin. Ona gözü düşənlər çox idi. Bilirdi ki, kəndin qızları onun dalınca həsrətlə boylanırdılar və az qalırdılar ki, qabağa düşüb ürəklərini açsınlar, altdan yuxarı üzünə baxıb həyadan pörtə-pörtə “Noolar, mənciyəzi al” desinlər. Ona söz atan gəlinlər də olurdu. Amma Süleyman onlara gözünün ucuyla da baxmırdı. Kəndin ağsaqqalları “halal olsun, kişinin oğluna” - deyib, onunla qürurlanardılar.

Onu kənddə yenicə düzəlmiş komsomol özəyinə katib seçdilər. Cavanları başına topladı, əkinə-biçinə, məktəbə, savad kurslarına kömək elədi. Dəstə getdikcə böyüdü, Süleymanın sorağı da böyüdü, ətraf kəndlərə də yayıldı.

Onların kəndində Əbdürrəhman adında bir bəy də vardı. Əzazilin  biriydi, boylu arvadlar onu görəndə uşaq salardılar. Şura hökuməti quru-landa başına dəstə toplayıb bir neçə il heç kəsi tanımaq istəməmişdi. Atını çapıb hamıya bildirmişdi ki, buraların ağası mənəm, başqa xəyala düşməyin. Bir dəfə də Süleymanın qabağını kəsib hədələmişdi. “Deyəsən, çox əllaməlik eləyirsən, bala, ağır otur, batman gəl, başın bədəninə ağırlıq eləməsin”. Hətta bir dəfə üstünə tüfəng də çəkmişdi. Güllə Süleymanın papağını silib keçmişdi.

Bir gecə “Gepo”nun adamları sakitcə gəlib, Əbdürrəhman bəyi də, oğlanlarını da apardılar. Onların evini idarə elədilər. Üst gözdə kənd şurası, firqə özəyi yerləşdi. Bir otaq da komsomola verdilər. Arvad-uşağı isə aşağı, zirzəmiyə oxşar yerə köçürdülər.

Bəyin bir cüt maral kimi qızı vardı, abırlı, həyalı. Kəndin arasına az- az çıxardılar, ataları tutulandan sonra isə heç gözə görünmədilər. Süleyman göz qoyardı, qızlar zirzəminin qaranlıq küncündə bir-birinin qoynuna qısılıb oturardılar. Oduna, suya da qarı ilə bəyin arvadı gedərdi. Atası bir dəfə Süleymanı bir küncə çəkdi. “Oğul, - dedi - bilirəm komsomolsunuz, bəylərlə vuruşursunuz, yaxşı eləyirsiniz. Amma arvadda, uşaqda işiniz olmasın. Qulağıma pis sözlər gəlir. Deyəsən, Keçəl Xondulu dinc durmur. Yadında saxla, elin namusu bizim namusumuzdur. Təmiz adımızı ləkələməyin”. Atasının sözündən sonra Süleyman yoldaşlarına göz qoydu. Tapşırdı ki, farağat otursunlar.

Bir dəfə gecədən xeyli keçmiş idarədən işıq gəldiyini gördü. Qanrıldı. Elə bildi ki, rayondan təhkimçi gəlib, nə isə vacib bir işi var. Qapının ağzına çatanda heyrətləndi. İçəridən taqqıltı gəlirdi. Elə bil süpürüşürdülər. Kimsə hıçqırırdı. Süleyman çiynini qapıya verdi və ona elə bir güc gəldi ki, zirzəmi yerindən oynadı. İçəri girəndən gözlərinə inanmadı. Əbdürrəhman bəyin qızları küncə qısılmışdılar. Üst-başları cırıq-cırıq idi, saçları üzlərinə dağılmışdı. Keçəl Xondulu porsuq kimi qızarmışdı. Qollarını çirməmiş, köynəyinin yaxasını açmışdı. Şalvarının üstündən tumanbağısı sallanırdı. Gözləri pişik gözü kimi parıldayırdı. Qapı açılanda boynunu içəri çəkib belini donqarlandırdı və qan hərisi vəhşiyə dönərək yay kimi gərildi. Bircə atı da keçsə, irəli atılacaqdı. Süleymanın beyni uğuldadı və gözlərinə qan sağıldı. Naqanı çıxartmağı ilə tətiyi çəkməyi bir oldu. Şaqqıltı qopdu. Dalbadal, altı dəfə...

Bayırda at fınxırdı. Ayaq tappıltıları və qarışıq səslər eşidildi. Sonra qara damın qapısı cırıltı ilə açıldı. Qapı aralanan kimi içəri soxulan işıq zolağı damın yarıqaranlıq havasını qılınc kimi doğradı, divarda süründü və taxtın üstündə uzanmış Süleymanın üstünə düşdü, qapı örtülən kimi də yox oldu. İlyas dik atıldı. Qarlı havadan sonra gözü qamaşan və evin ortasında dayanıb boylanan Rəşidi görəndə qan beyninə sıçradı. Amma Qaçaq Süleyman yerindən tərpənmədi. Gözü qaranlığa alışandan sonra qollarını açıb üstünə yeriyən Rəşidə əhəmiyyət vermədi. Mütəkkəyə dirsəkli halda uzandı, bir azca ayaqlarını yığıb, taxtın aşağı tərəfində ona yer elədi. Rəşid pərt olsa da, üstünü vurmadı, ayaq tərəfdə oturdu. Onlara çay gətirdilər. Yalnız bundan sonra Qaçaq Süleyman başını qaldırıb qonağın üzünə baxdı:

- Kürkünü soyun, soyuq dəyər.

Onun sakit, amiranə səsi Rəşidi çaşdırdı. Gözü Süleymanın üzündə qımışa-qımışa kürkünü çıxartdı.

- Deyirlər kəndinizdə toy var?

Qəfil sualdan Rəşid diksindi. Stəkanı nəlbəkiyə qoyub qaçağın üzünə baxdı. Bilmədi nə desin.

- Niyə dinmirsən?

Rəşid tələsik cavab verdi:

- Var.

- Kimin toyudur?

- Murad kişinin dığası İlyasın. - Rəşid elə bil dirçəldi. Qaş-gözünü oynadıb sözünə davam etdi. - İndi hər qor-qoduq adam olub ortaya düşüb. Başın haqqı ona dağ çəkəcəm.

İlyas dözmədi. Küncdən çıxıb irəli gəlmək istədi. Amma Süleyman gözünü ağardıb onu yerində oturtdu. Deyəsən, Rəşid heç onu görmürdü.

- Fikrin nədir?

- Elə bu gecə qızı onun əlindən alacam.

- Araya qan düşməyindən qorxmursan?

- Nədən qorxacam? Dalımda dağ kimi dayanıbsan.

Qaçaq Süleyman papağını çıxardıb dizinin üstünə qoydu. Fikirli-fikirli başını ovxaladı. Ortalığa çökən sükut xeyli çəkdi. Birdən onun qaqqıltısı divarda şaqqıldadı. Rəşid də ona qoşuldu, Gözləri yaşarıncaya qədər güluşdülər. 

- Ağzıyın dadını yaman bilirsən ha.

- Bə nə. Gərək bu gəda-güdələrın anasını ağladasan.

- Bə qorxmursan?

- Nədən?

- Xam qızla yatmaqdan.

- Arxayın ol, hələ canım suludu.

İlyas küncdəcə dayanıb söhbətin hayana səmt alacağını gözləyirdi. Dişi bağırsaqlarını kəssə də susurdu. Başına nə iş gələcəyini bilmirdi. Bircə onu hiss edirdi ki, Qaçaq Süleymanın səsi titrəyir, qaşları çatılır və üzünün tükləri biz-biz olur.

Süleyman papağını başına qoydu. Ayaqlarını taxtdan sallayıb oturdu. Əvvəlcə peçin yanında quruyan çəkmələrini geyindi, sonra ayağa qalxıb kürkünü, onaçılanı belinə bağladı, qamçısını əlinə aldı. Rəşidin çaşdığını görüb dilləndi:

- Dur gedək. - Onlar qapıya yaxınlaşdılar. Qaçaq Süleyman Rəşidi qabağa salıb geri dondü. - Komsomol, sən də dur. Rəşid qanrılıb İlyasa baxmaq istədi, ancaq Süleyman itələyib onu bayıra çıxartdı.

Hava ayazımışdı. Gün işıldasa da soyuq idi. Meşəyə, talalara sərilmiş qar adamın gözünü qamaşdırırdı.

- Atları bəri çəkin!

Qaçaqlar bir göz qırpımında tövlədə saxladıqları yəhərli-yüyənli atları gətirdilər. Qaçaq Süleyman ayağını üzəngiyə qoyan kimi sıçrayıb atın belinə qalxdı. O biriləri də atlandılar. Yalnız bu zaman İlyas özünü itirdi. Buraya gəldiyinə peşman oldu, özünü danladı.

Qaçaq Süleyman bu saat iki il bundan əvvəl müəllimin boğazına kəndir salıb kəndə gəldiyi şəklə düşmüşdü. Qaşları çatılmış, üzünün tükləri biz- biz olub kirpi tikanına dönmüşdü. Beşaçılanı yəhərin qaşından asılmışdı, çalın-çarpaz bağladığı qoltuqaltıları, onaçılanı yerindəydi.

İlyas gözlədi ki, bu saat onun paltarını soyunduracaqlar, boğazına ip salıb atın döşünə qatacaqlar, dərə aşağı sürüyüb kəndə aparacaqlar və kim bilir başına daha nə kimi oyunlar açacaqlar. Ürəyində özünü yaman danladı, uşaqlıq elədiyini başa düşdü. “Özüm heç, bir can borcluyam, öldürərlər cəhənnəmə öldürsünlər, amma el-oba biabır olacaq.”

Rəşid atın üstündən dönüb rişxəndlə ona baxanda az qaldı ürəyi partlasın.Qaçaq Süleyman cilovu gəmirən atın başını dartdı.

- Təzə bəyə də at verin.

Rəşid təəccübləndi:

- Onu da aparaq?

- Bə nə. Heç bəysiz də toy olar?

İlyasa at gətirdilər. Oğlan duruxdu. Gözlərini Qaçaq Süleymanın qan sağılmış gözlərinə zillədi və ilk dəfə bu gözlərdə mehribanlığa bənzər bir işartı gördü. Deyəsən kişinin sifəti də işıqlanmışdı. Dodağında təbəssümə bənzər bir şey sezilirdi.

- Min, bala, səni toya piyada aparmayacağıq ki? Eldən ayıb olar.

İlyas bu sözlərin arxasında dərin, gizli bir kinayə olduğundan şübhələnsə də, sıçrayıb atın belinə qalxdı. Qaçaqlar atları mahmızlayıb özlərinin tanıdıqları kəsə yolla dərəyə endilər.

Sazaq başlamışdı. Atların ayaqlarının altında qar xarıldayırdı. Ağacların budaqları şaxtadan çatlayıb qırılırdı. Orda-burda qarğalar qarıldaşırdı. İlyası fikir götürmüşdü. Qaçaq Süleymanın sözlərini bir yana yoza bilmirdi. “Təzə bəyə at verin!”, “Səni toya piyada aparmayacağıq ki?” Bunlar nə demək idi? Yoxsa məni ələ salırdılar? Görəsən, atam indi neyləyir? Yəqin, damın üstünə çıxıb-düşməkdən, yollara baxmaqdan gözünün kökü saralıb. Barı anama heç nə deməyəydi, yazıq arvadın bağrı çatlayar. Görəsən, qız evinin qulağına bir şey çatmayıb ki? Zöhrə indi mənim harada olduğumu bilirmi? Bilirmi ki, qaçaqların yanındayam, ondan ötəri gəlib buralara çıxmışam. Özümü də işə salmışam, onu da. Bəlkə, heç buraya gəlməyəydim, Rəşid mənə neyləyə bilərdi ki? Heç camaat qoyardımı ki, kənddə namussuzluq ola. Nəysə... Özü yıxılan ağlamaz, Allaha pənah...

Onlar dərənin aşağısı ilə axan çayın sahilinə çatdılar. Su buz bağlayıb ağız-ağıza qovuşmuşdu. Qaçaq Süleyman cilovu çəkib buzun altında axan suyun həzin şırıltısına qulaq asdı. Sonra qamçı ilə yoldaşlarına nəsə işarə etdi. İki nəfər atdan düşdü. Buzun üstü ilə çayın ortasına qədər getdilər. Tüfəngin qundağı ilə buzu sındırdılar. Quyunun ağzı boyda dəyirmi yer açdılar. Qaçaq Süleyman üzünü Rəşidə tərəf tutub gülümsündü:

- Çimməklə aran necədir?

- Bu soyuqda?

- Bəli. Deyirlər soyuq su adamın belini bərkidir.

Rəşid döyükdü. Süleymanın üzünə baxdı. Bilmədi gülsün, yoxsa ciddiləşsin.

- Zarafatı burax.

- Zarafat niyə, düz sözümdür, axşam qız yanında olacaqsan.

Rəşid atın cilovunu çəkib qaçağın üzünə bozardı:

- Başına at təpibdir, nədir, məni ələ salırsan?

- Dedim ki, çiməcəksən!

O, əlini naqana aparmaq istədi. Elə bu an qamçı Rəşidin üzündə şaq- qıldadı və Qaçaq Süleymanın hirs dolu boğuq səsi eşidildi:

- Atdan düş, oğraş!!!

Onu sürüyüb yerə saldılar. Kürkünü, şalvarını, pencəyini çıxartdılar.

Bircə tuman-köynəyinə dəymədilər. Qolundan yapışıb darta-darta suyun ortasına gətirdilər. Çapalamasına, yalvarmasına fikir vermədilər. Suya basıb çıxartdılar. Bircə anda bədəni qıpqırmızı oldu. İslaq tuman-köynək ətinə yapışdı. Çənəsi şaqqıldadı. Buna fikir vermədilər, yenidən qolundan yapışıb buzun sınıq yerinə saldılar. Onun söyüşlərini, iniltiyə çevrilən yalvarışlarını eşitmədilər. Başçı “bəsdi” deyənə qədər çimizdirdilər. Axırıncı dəfə başıaşağı suya salıb kənara atdılar. Rəşid şappıltı ilə buzun üstünə sərildi. Onu geyindirib atın belinə atdılar. Şallaqdan hürkən at, baş götürüb dərə aşağı çapdı.

İlyas cınqırını çıxartmadan, heyrət və sevinclə gördüklərinə tamaşa edirdi. O, özünü elə itirmiş və elə keyləşmişdi ki, Qaçaq Süleymanın səsini eşitmədi:

- A bala, get arxayın toyunu başla, bir köpəkoğlu sənə söz deyə bilməz. Bəlkə, özüm də gəldim.

İlyası iki atlının müşayiəti ilə yola saldılar.

Həmin axşam iki yerdə səhərəcən işıq yandı. Biri Murad kişinin həyətındə, o biri isə Rəşidin evində. Murad kişinin həyətində yanan lopa idi, Rəşidin evində otuzluq lampa. Murad kişinin tərtəmiz silinib-süpürülmüş və palaz döşənmiş samanlığında mağar idi - çalıb-oynayırdılar, Rəşidgildə isə sətəlcəmdən od tutub yanan kişiyə küpə salır, üstünü yorğanla bərk-bərk örtürdülər.

Səhər tezdən zurnaçılar damın üstünə çıxıb “atdandırma” çalanda bir dəstə atlı dağlara qalxdı. Cağ yerinə qədər ot döşənib üstünə gəbə, yorğan- döşək salınmış arabada bəzəkli bir gəlin üzünə salınmış duvağı aralayıb göz qamaşdıran qarda cığır salan təkərlərin izi ilə evlərinə baxıb kövrələ-kövrələ Murad kişinin qapısına gəldi.

Kəndin aşağısında, koxalılar tərəfdənsə ağlaşma səsi ucaldı.