Elektron ədəbiyyat və sənət portalı

Dərin hisslərdən doğulan poeziya

Bölmə: Azad ərazi 03.07.2019

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın son illərin seçilən ədəbi hadisəsi kimi diqqət çəkən “Dünya yuxutək əriyir” kitabını rus dilindən Xalq yazıçısı Afaq Məsud tərcümə edib.

“Professional” pedantizmi bir kənara qoyub vəzn-qafiyə oyunları və digər bu kimi forma xırdalıqlarına aludə olmayan tərcüməçi, həmişə olduğu kimi, özünəməxsus peşəkarlıqla ənənəsinə sadiq qalaraq orijinalın məna, məzmun, ideya, bir sözlə, ruhunu verməyi başlıca məqsədə çevirib:

Ne veryu

Plevok v duşu,
Opyat plevok.
Provalilos serdtse
Mejdu slomannıx strok.

Provalilos serdtse,
Qlıbı stav tyajeley.
Boje, kuda mne detsya?
Boje, skaji, pojaley.

 

İnanmıram

Yenə yara vuruldu,
Ruhum soluxdu gültək.
Qırıq misralarımın
İçindən düşdü ürək.

Ürəyim qaya kimi
Çırpıldı uçurumlara.
Sən ruhuma rəhm elə,
İlahi, qaçım... hara?

“Dünya yuxutək əriyir” kitabını mütaliə edən oxucu gənc şairənin fikir və duyğuları, metaforalar aləmi  ilə yaxından tanış olur, onun şair obrazının əsas cizgilərini  görə bilir. Leyla Əliyeva həm də rəsmlər çəkir və onun şeirləri bəzən rəssam işini xatırladır: “Qırıq misralarımın içindən düşdü ürək”... Bu misranı oxuyanda gözümüz önünə bir natürmort gəlir. Özü də bu natürmortun mərkəzi fiquru hansısa meyvə, yaxud gül-çiçək deyil. Bu, əgər belə demək mümkünsə, psixoloji natürmortdur: masanın ortasına qoyulan şam əriməkdədir;  şamın bir tərəfinə  lələk, o biri tərəfinə isə əzik vərəqlər atılıb; yanan şam vərəqlərin ortasında düşüb qalmış ürəyi işıqlandırır; vərəqlərdən şairənin misraları oxunur və bu misralar mürəkkəblə yox, ürək qanı ilə yazılıb...

Leyla Əliyeva poeziyasının ana mövzusu – sevgi, baş qəhrəmanı – ürək, əsas ritmi – şair ürəyinin döyüntüləridir. Mövzusundan asılı olmayaraq bu şeirlərin hamısında mərhəmət və sevgi dolu ürək çırpınır. 

O, bütün qəlbi, varlığı ilə yazır və oxucunu da yaratdığı poeziyanın səmimiyyətinə inandıra bilir. 

Gənc şairənin poetik dünyagörüşünü formalaşdıran əsas amil gümüş dövr rus poeziyası, özəlliklə də Aleksandr Blok, Andrey Belıy və digərləri ilə təmsil olunan simvolistlərin yaradıcılığıdır. Fəlsəfi idealizmə meyil, sənətin məqsədini dünyanı və özünüdərkdə görmək, insanın könül aləmini başlıca bədii araşdırma predmetinə çevirmək, hansısa bir olayın yox, ruhun, fikrin,  duyğunun süjetini vermək, simvolları estetik yox, dini-fəlsəfi planda qəbul etmək kimi məqamlar gənc şairəni simvolistlərə yaxınlaşdırır.  Belə bir yaxınlıq təbiidir: o, Moskvada doğulub, ali təhsilini Avropada alıb, ana dili ilə yanaşı, ingilis və rus dillərini də mükəmməl bilir...

Gümüş dövr rus poeziyası ilə Leyla Əliyevanın şeirləri arasındakı əlaqə ruhi qatda baş verir və demək, təsirlənmə də burada zahiridir. Odur ki  məqalədə əsas vurğunu gümüş dövr rus poeziyasının üzərinə gətirmək fikrində deyilik. Bizi maraqlandıran məsələnin zahiri yox, batini qatı, ilk baxışdan gözlə görünməyən tərəfləridir. Amma fikrimiz mücərrəd olmasın, konkret faktlara söykənsin deyə rus simvolist şeiri ilə Azərbaycan şairəsinin poeziyası arasında paralellər aparmalı olacağıq.

Gümüş dövr poeziyasının ünlü təmsilçilərindən olan Blok özünün ən səciyyəvi şeirlərindən birində yazırdı:

Gecə, küçə, aptek, fanar, 
Zərif, gücsüz, dumanlı nur. 
Min il yaşa – nə xeyri var?
Bir axırı – sonu yoxdur.

Ölüb getsən –
Yönün bir də düşər geri, 
Olar yenə hər şey təkrar:
Kanalın buz ləpələri, 
Gecə, küçə, aptek, fanar.

(tərcümə Cabir Novruzundur)

Burada fanar simvoldur və öz kiçik ağlının nuru ilə varlığın sonsuz qaranlığını işıqlandırmağa gücü yetməyən aqnostik insanı işarələyir. Rus şairinə görə, dünya hər şeyin neçə milyon illərdir ki, anlaşılmaz yerə təkrarlandığı bir labirint, bir fəna mülküdür. Bu labirintdən yalnız və yalnız bir çıxış yolu var – ölüm! Beləliklə, gecədən, küçədən, fanarlardan, aptekdən ibarət adi şəhər mənzərəsi dünyaya rəmzi işarələr sistemi kimi baxan, gerçəkliyi səma amfiteatrından seyr edən Blokda qlobal və bədbin fəlsəfi ovqat doğurur.
Leyla Əliyevanın da eyni mövzuda şeiri var – “Fanarlar”:

Qaranlıq küçədə yanır fanarlar,
Elə bil göylərdə ulduzdur onlar.
Görən gecə boyu nəyi dilərlər?
Bəlkə, fanarlar da sevmək arzular?

Sevgili qəlblərin cüt döyüntüsü
Onların nuruna süzülür, dolur.
Bəlkə, təbiətdən gəlir bu bölgü?
Sevməyən həmişə sevimli olur.

Qaranlıq küçədə yanır fanarlar...
Bu işıqlı nuru unutmaq olmaz.
Onlar ürəklərə nur çilər, ancaq
Öz sınıq qəlbləri heç vaxt ovunmaz.

Burada, göründüyü kimi, Leyla Əliyeva amfiteatrdan parterə enir. O, eyni mənzərəyə yuxarıdan yox, aşağıdan – fanarların yanından baxır. Bəlkə də, bu səbəbdən küçə fanarları – bu adi urbanistik rekvizitlər onun şeirində insaniləşir, cəfakeş, təvazökar, tənha insanın obrazına çevrilir.

Bu iki şeir arasında predmet oxşarlığı var. Amma oxşarlıq bununla da bitir və fərqlər başlayır. Klassik rus şairi idrak, çağdaş Azərbaycan şairəsi isə sevgi haqqında yazıb. Bu, iki şeir arasındakı mövzu fərqidir.

Rus şairinə görə, insan ağlı dünyanı dərkə qadir deyil. Gənc şairə isə əsl aşiqin fədakarlığı, həqiqi sevginin təmənnasızlığından danışır. Bu, iki şeir arasındakı ideya fərqidir.

Rus şairi “küçə” deyəndə ümumən məkanı, “gecə” deyəndə zamanı, “fanar” deyəndə insanı göz önünə gətirir, amma onların adlarını çəkmir. Söhbətin kimdən və nədən getdiyini oxucu özü müəyyənləşdirir. Gənc şairənin şeirində isə fanarlar insana məxsus özəlliklərin daşıyıcısıdır – onların da qəlbi və taleyi var, onlar da sevir və xiffət çəkirlər... Yəni şeirdə insanın adı çəkilməsə də, ona məxsus özəlliklər yüksək bədii ustalıqla əks olunur. Odur ki Blokun şeirindən fərqli olaraq burada fanar və insan arasındakı əlaqə simvolik yox, metaforik xarakterlidir.  Bu isə iki şeir arasındakı bədii-estetik fərqin göstəricisidir.

Nəhayət, fanarları nəzərdə tutaraq “onlar ürəklərə nur çilər, ancaq öz sınıq qəlbləri heç vaxt ovunmaz” deyən şairə, bəlkə də, intuisiya ilə “çıraq öz dibinə işıq salmaz” Azərbaycan atalar sözünə istinadən şeirin final akkordunu milli bədii düşüncə notları üstündə vurur.

Bu fikirləri Leyla Əliyevanın təkcə bir şeiri yox, təxminən bütün poeziyasına şamil etmək olar. Amma “Fanarlar” şeirində həm gümüş dövr rus poeziyası, həm də milli bədii düşüncə ilə əlaqə özünün daha aydın ifadəsini tapır. Şairənin yaradıcılığında ümumbəşəri və milli bədii düşüncənin vəhdətinə “Fanarlar”ın işığında baxmağımız bu səbəbdən təsadüfi deyil.

Maraqlıdır ki, Leyla Əliyevanın şeirlərinə milli ədəbi qaynaqlara dayaqlanma baxımından yanaşılanda onların mövzu, fəlsəfə, obrazlar sistemi ilə çağdaş şeirimizdən daha çox klassik divan  ədəbiyyatı ilə səsləşdiyini görə bilərik. Və bu, ilk baxışdan qəribə təsir bağışlaya bilər. Müasir düşüncəyə malik gənc şairə və  klassik Azərbaycan şeiri! Çağdaş zamanın başgicəlləndirici sürəti və orta yüzil təkyələrinin səssiz, qaranlıq, dar hücrələrində yaranan sufiyanə idrak! Bu müəmmanı yalnız psixoanalitik yanaşma ilə çözmək olar. Yəni şairənin orta çağ milli şeir və ümumən Şərq poeziyası ilə bağlılığı sadəcə mütaliə yox, genetik və ruhi əlaqə müstəvisindədir. Burada genetik əlaqə şüuraltına, ruhi bağlılıq isə şüurüstünə uyğun gəlir. 

Gənc şairənin klassik şeirlə əlaqəsinin ilk baxışdan gözlə görünməyən bir səbəbi də var. Belə ki, onun poetik dünyagörüşünün formalaşmasına bilavasitə təsir edən gümüş dövr rus poeziyası ilə klassik Şərq şeiri arasında ümumbəşəri doğmalıq mövcuddur. Fransız simvolistləri – Pol Verlen, Artur Rembo, Şarl Bodlerin irsiylə bütün əlaqələrinə baxmayaraq gümüş dövr rus şeiri öz mənşəyi etibarilə Qərb yox, Şərq hadisəsidir. 

Belə ki, rus fəlsəfi-estetik fikrinin patriarxı, ünlü filosof Vladimir Solovyov İlahi çağırışa  cavab olaraq Şərqə üz tutmuş,  “Tövrat” coğrafiyası ərazilərini, xüsusən də Beytül-Müqəddəsi ziyarət etmiş, Misirdə olmuş və bu zaman mistik-səmavi görüntülərlə üzləşmişdi. Gümüş dövr rus poeziyasının fəlsəfi-estetik əsasları məhz bu görüntülərdən yarandı. Odur ki Leyla Əliyevanın şeirlərində Şərq bədii düşüncə elementlərinin varlığı qanunauyğun görünür. Ünlü alman filosofu Osvald Şpenqler yazırdı: “Hər bir mədəniyyətin yalnız bütün ruhu ilə bu mədəniyyətə mənsub olanlara sonacan açılan sirli dünyaduyumu var”. “Dünya yuxutək əriyir” kitabı gənc şairənin Şərq dünya duyumunun sirrinə vaqifliyini göstərir. O, Qərb və rus poeziyasından yaradıcı şəkildə bəhrələnsə də, qəlbi və ruhu ilə Şərqə məxsusdur.* * *

“Dünya yuxutək əriyir” kitabını oxumağa başlayanda qlobal səciyyəli şeirlərlə rastlaşacağımı düşünürdüm və gümanımda yanılmadığımı gördüm. Bu qlobalizm ilk öncə zaman anlayışına yanaşmada özünü göstərir. Kitabın müəllifi hər şeyi aman vermədən vurub keçən, həyatı süni qaçaqaça çevirən zamanın ağrılarını dərindən duyur. O qədər dərindən ki, zaman onun şeirlərində gözlə görünəcək qədər əyaniləşir, əllə toxunulacaq  qədər maddiləşir, həyatın nəsə yardımçı elementi, kənar atributu yox,  canlı subyekti, fəal iştirakçısı, hətta bəzən mənfi qəhrəmanı kimi çıxış edir:

Zamanla döyüşə girirəm yenə

Zamanla döyüşə girirəm yenə,
Xəsis saatları lənətləyirəm.
Qırıb dağıdıram saniyələri,
Qaçır dəqiqələr, yoxa çıxır qəm.

Dağıdıb yüzlərlə daş divarları,
Yaxşı, buraxıram mən səni, Zaman!
Amma yeni günü, yeni sabahı
Bil ki, gözləyirəm mən usanmadan!

Gənc şairənin poeziyasında məkan da  qlobaldır – dumanlı London, qədim Roma, doğma Bakı, yəni bütöv bir planet: “London yorulmayıb, sükut içində səslənir...”, “Romada bulaşıq bir skamyada...” və sair kimi fərqli şeirlərdən gətirdiyimiz bu misralar da fikrimizi təsdiq edir. Amma bütün planetarlığına baxmayaraq şairənin poeziyasının ana məkanı məhz Bakıdır:

Bakı

Xəzərin qoxusu, İçərişəhər...
Abşeron bürküsü, xəzri, gilavar...
Qəfil qonaqların səsi, hay-küyü...
Mənim doğma Bakım,
Darıxdım yaman...
Hər nələrin varsa, onlardan ötrü...

Göründüyü kimi, Leyla Əliyevanın qlobalizmi daha çox görüntüdür. Gənc şairənin poeziyasının batini qatında təkcə məkan yox, zamana münasibət də milli və Şərq poeziyası ənənələri ilə səsləşir. 

Zaman fasiləsiz dövr edir və şairlər həmişə bunu onun dönüklüyü kimi qavrayıb, sonsuz dövretmələrdən qurtulmanın yolunu əbədi dəyişməzliyin hökm sürdüyü metafizik aləmə, Tanrıya sığınmaqda görüblər. 

Zamanın dövr etməsi ölüm, bu dövriyyədən çıxmaq əbədiyyət kimi anlaşılır. Leyla Əliyevanın şeirləri üçün səciyyəvi olan metafizik aləmə meylin əsasında əzəli insani istək – əbədiyyət duyğusu dayanır. Bu duyğu olmayan yerdə isə hansısa ciddi sənətdən danışmaq ümumən mümkünsüzdür.

Afaq Məsud “Dünya yuxutək əriyir” kitabına yazdığı “Buludlardan yuxarı” adlı ön sözdə Leyla Əliyevanın şeirlərinin əsas qəhrəmanının Yer üzünə atılmış tənha mələk olduğunu yazır.  İstər mələk, istər insan olsun, bəli, bu qəhrəman tənhadır, çünki cismən bu dünyada, ruhən metafizik aləmdə yaşayır. Lakin mənəvi tənhalıqdan, daxili yadlıqdan, ekzistensial ögeylikdən doğan  bütün kədəri ilə birlikdə  o, bədbin deyil. Çünki onun üz tutduğu son ünvan, söykəndiyi istinad nöqtəsi var. Bu, Tanrıdır...

Gecə Günəş səni tərk eləyəndə...

Bu kiçik dünyada tənha da olsan,
Qalsan da dalanla yolayrıcında,
Görsən kimsə yoxdu, 
bomboşdu dünya,
Bil ki, tək deyilsən, O var yanında.

Tənhalıqdan çıxış üçün içindəki ilahi zərrəyə qovuşmalısan. O zərrə apriordur, yəni əzəldən insanın ruhuna qoyulub. Bu zərrəni taparkən hamıyla və hər şeylə bir olduğunu anlayırsan, çünki o hamıda və hər şeydə var. Lakin bu zərrəni rasional məntiqlə dərk etmək, adi gözlə görmək olmaz. Bunun üçün irrasional məntiqə keçməli, gözlərini dünyaya  qapamalısan. Yalnız bu zaman könlünün gözü açılar, ilahi zərrəni görə bilərsən:

Gözlərim kor olub

Tutulub gözlərim... amma görürəm,
Hansı parlaq rəngdi, hansıdı qara.
Görmürəm... həm də çox yazığım gəlir
Qəlbləri kor olmuş bu insanlara.

Könlün gözünün açılması ilahi sevginin oyanmasıdır. Bu oyanışla möcüzə baş verir – ilahi zərrə qopub gəldiyi başlanğıcı duymağa başlayır, insan özünü dünya, kosmos, Tanrı ilə vəhdətdə görür:

Onlar hiss etməzlər, 
heç vaxt duymazlar
Sevgi  nəfəsinin oyanışını.
Tutulub gözlərim... amma olur ki,
Görürəm dünyanın lap o başını.

Allaha lap yaxın olan vaxtlarda
Göyləri ovcumla sığallayıram.
O an unuduram hiss-həyəcanı,
Möcüzə olanı mən anlayıram.

Şeir klassik irfan poeziyasının ana mövzusu olan bəsirət gözünün açılması, özünü və Tanrını dərkə həsr olunub.  Ünlü bir aforizmdə deyildiyi kimi, özünü dərk et ki, Tanrını da dərk edəsən. Bu proses üç əsas mərhələdən keçir: cəmiyyətlə olmaq; özünlə olmaq; Tanrıyla olmaq. “Gözlərim kor olub” şeirindəki  insan  artıq cəmiyyətdən ayrılıb, amma hələ Tanrıya da qovuşmayıb. O, indi özü ilə  dialoqdadır və Tanrıya ən qısa yol məhz buradan keçir. Rus filosofu Vasili Rozanovun dediyi kimi, “təklik xoşdur, çünki tək olanda Tanrıyla oluram”.

Bu mənada istənilən istedadlı çağdaş şairin, o cümlədən Leyla Əliyevanın klassik mövzulara, eləcə də daxili məniylə dialoqa müraciəti milli poeziya tariximizin inkişaf məntiqi ilə təsdiqlənir. 

* * *

Eşq insanın içindəki ilahi zərrənin oyanışıdır və bu üzdən onun subyektinin ilahiləşdirilməsi məntiqidir. Eşq möcüzədir və bu üzdən “niyə”, “nəyə görə” tipli məntiqi-rasional suallar çərçivəsinə sığmır. Eşq alın yazısıdır və bu üzdən hər cür fərdi seçimin xaricindədir. Eşq şüuru rədd edir və bu üzdən aşiqin “sevgi şərbətindən sərməst” olması təbiidir. Bütün bu özəlliklər gənc şairənin sevgi şeirlərini klassik eşq poeziyası ilə doğmalaşdırır:  

Sənə vurulmuşam

Bütün varlığımla sevirəm səni,
Axı nəyə görə... demə nahaqdan.
Sənə ilk baxışdan vurulmuşam mən
,
Başqa cür vurulmur insana insan.

İstəyirsən ağla, mən də ağlayım,
Gülmək istəyirsən, birlikdə gülək.
Sevgi  şərbətindən sərxoşam indi,
Zülmətdən həzz alan süd rəngli Aytək.

Leyla Əliyevanın orta çağ poeziyası ilə ortaq və fərqli cəhətləri “Pərvanə” şeirində daha qabarıq görünür. 

Pərvanə klassik Şərq şeirinin gül, bülbül, şam və sair kimi ən səciyyəvi obrazlarından biridir. O özünü sevgisi uğrunda oda yaxan fədakar aşiqin rəmzidir. Çağdaş şairənin də şeirində pərvanə  və onun fədakarlığı belə təsvir olunur. Dəyişən sadəcə insan və onun münasibətidir. O bu fədakar aşiqi öz təhlükəli sevdasından əl çəkməyə çağırır:

Dayan, dur, pərvanə, qanad saxla bir!
Niyə can atırsan sən o işığa?..
Geri dön, pərvanə, qorx ki o səni
Sübh açılanacan yandırıb
-yaxa.

Qanadların ipək, incə məxmərdən,
Görənlər vurular, heyran qalarlar.
İşıq məkrlidi bu dünya kimi,
Bizi həm yaradar, həm də yandırar.

Klassik düşüncə ilə müasirimiz arasında pərvanəyə münasibətdə ən böyük fərq şeirin son bəndində üzə çıxır. Gənc şairə min illərin aşiqi olan pərvanəni öz sevgisini yaradıcı enerjiyə çevirməyə çağırır.

Sən gəl ayrı səmtə qanad çal, dostum,
Bilsən də, canını alov yaxacaq.
Bizə misra dolu şeirlər bəxş et,
Məxmər qanadını qırma sən ancaq.

Bu sublimasiya baş tutsa, təbii instinkt etik don geyər, sivil forma alar, fərdi olay ictimailəşər, ölüm təhlükəsi aradan qalxar, nəticədə pərvanə daha özünü oda yaxmazdı. Lakin bu qazancın itkisi də ola bilər. 

Hər şeyin simulyakra, yəni gerçək əsası olmayan sözə çevrildiyi postmodern erada pərvanəlik də sadəcə oyuna dönər, əgər özünü oda yaxmasa, sadəcə sənət faktına çevrilərdi. O daha şamın alovu yox, şairənin gecə lampasının başına fırlanacaq, özünü oda yaxmaq istəsə belə, hər dəfə lampanın ipək örtüyünə dəyib yerə düşəcək və hər şey yenidən başlayacaq.***

Alman filosofu Vilhelm Dilteyin fikrincə, poeziyanın vəzifəsi metafizika ilə cəmiyyət arasında körpü salmaqdır. Metafizik sirlərin sosial təcəllası baxımından Leyla Əliyevanın “Romada” şeiri daha səciyyəvidir. 

“Pərvanə”də cəmiyyətə çıxış sənət, bu  şeirdə isə həyat faktı hesabına baş verir:

Romada bulaşıq bir skamyada
Səssiz oturmuşam noyabr günü.
Böyrümdə əyləşib miskin bir səfil,
Görən, nədi üzən onun könlünü?

Skamyanın bulaşıqlığı burada təsadüfi olmayıb klassik şeirdəki “külxən”, yəni küllük obrazına uyğun gəlir. 

Külxən maddi dünyanın acınacaqlı aqibətini, fənanı işarələyir. O hər şeyin sonu, dünyanın dibi, axır məkandır. Hadisənin məhz noyabr günü baş verməsini də eyni məntiqlə  yozmaq olar – payız  ilin sonudur.

Beləliklə, adi bir payız günü, adi bir skamyada baş verən bu görüşdə esxatoloji ruh, qiyamət havası, nəsə qeyri-adi sirr var. Qiyamət ölüm yuxusundan ayılmaq və öz əbədiyyətini görməkdir.  Romadakı görüşün başlıca sirri də məhz bundadır. 

Görüşün məhz Romada baş tutması da təsadüfi deyil. Antik dövrdə özünü əbədi tanrılar şəhəri elan edən Roma, orta çağda dünyanın minillik külxəninə çevrilmiş və İntibah səməndəri bu küllükdən baş qaldırmışdı. Yəni Romanın bulaşıq skamyası dünyanın yuxarısı ilə aşağısının, bəqa ilə fənanın vaxtaşırı görüş yeridir. Necə deyərlər, bütün yollar Romaya apardığı kimi, həm də Romadan keçir.

Əski inanca görə, sözün sirri onun anaqramında gizlənib. “Roma” sözünün anaqramı “amor”, yəni sevgi deməkdir. Belə çıxır ki, “bütün yollar Romadan keçir” ifadəsinin bir mənası da “bütün yollar sevgidən keçir” kimi anlaşıla bilər. Sözün anaqramında gizlənən sirrin həqiqiliyi məsələsində israrlı deyilik. Amma Leyla Əliyeva poeziyasının sevgidən keçməsinə şübhə yoxdur.  Bu poeziyada hər şey – anilik və əbədiyyət, ölüm və həyat, iblis və mələk, şam və pərvanə... kimi əks qütblər və bütün bunların vəhdəti kimi Tanrıya gedən yol yalnız sevgidən keçir. Yəqin, elə bu səbəbdən də gənc şairənin kitabı “Mənə güc ver, İlahi! Güc ver, insanları, hamını sevim” misraları ilə başlayıb, “həyatı sevirəm... dəlicəsinə” sözləri ilə sona çatır. Sevginin və şeirin isə heç vaxt sonu olmur...

Əsəd Cahangir